14 Mart 2025

Cümə, 20:54

GÜRCÜSTAN DƏRSLƏRİ

Rusiya-Gürcüstan münaqişəsi dünyanın geosiyasi düzənini dəyişdirdi

Müəllif:

01.10.2008

Abxaziya və Cənubi Osetiya ətrafındakı qarşıdurma o mərhələyə çatıb ki, artıq ilkin nəticələr çıxarmaq, hadisələrin bundan - sonrakı inkişafı ilə əlaqədar müəyyən proqnozlar vermək olar. Gürcüstan-Rusiya münaqişəsinin vacib faktorlarından biri bu məsələdə fəallıq göstərən ayrı-ayrı düşərgələrin konkret mövqelərinə aydınlıq gəlməsidir. Onlardan ikisi radikal mövqe tutur. Üçüncünün mövqeyini isə şərti olaraq, "mülayim" adlandırmaq, onu "real siyasət"in tərəfdarı saymaq mümkündür.

 

Üç düşərgə

Düşərgələr arasında ilk yeri məğrur, lakin təklikdə olan Rusiya tutur. Çünki onu dəstəkləyən Nikaraqua, HƏMAS və "Hizbullah" Qərb tərəfindən ciddi qəbul edilmir. Lakin son vaxtlar Qərbin nümayiş etdirdiyi "güclü haqlıdır" prinsipini əsas götürən Rusiya artıq öz oyun qaydalarını diktə edir. Doğrudur, artıq "atla gediş" etmiş Moskva indi bütün səylərini öz mövqeyini müdafiə etməyə yönəldib. Çünki bundan sonra onun manevr imkanları xeyli daralıb. Lakin istənilən halda, Rusiya tədricən öz düşərgəsini genişləndirir və bunun ilkin əlamətləri artıq görünməkdədir. Hələlik söhbət ABŞ-ın rəqiblərinin, ilk növbədə, son illər nəzərəçarpacaq qədər "solçu mövqelərin" gücləndiyi Latın Amerikasının səslərinin satın alınmasından gedir. Hadisələrin inkişafı göstərir ki, Nikaraquanın Moskvanı dəstəkləməsi və Gürcüstanın qiyamçı bölgələrinin müstəqilliyini tanıması əbəs yerə deyilmiş. Artıq sentyabrın ikinci yarısında belə məlumat yayıldı ki, Rusiya Nikaraquaya transokean kanalının tikintisində yardım etməyə söz verib. Mütəxəssislərin hesablamalarına görə, məşhur Panama kanalına ciddi rəqib olacaq yeni kanalın tikintisi 18 milyard dollara başa gələcək. Nikaraqua rəhbərliyi hesab edir ki, kanal Çin və Latın Amerikası ölkələri arasında ticarət dövriyyəsinin artması hesabına dolacaq. 

Bundan başqa, Venesuela lideri Uqo Çavesin ölkəsinin neft ixracını ABŞ-dan Çinə istiqamətləndirmək istəyində olması da nəzərə alınır. Odur ki Venesuela neftini nəhəng tankerlərlə daşıya biləcək Pekinin də kanalın tikintisinə vəsait yatırmağa hazır olduğu bildirilir.

Bunun ardınca Nikaraqua prezidenti Daniel Orteqanın Latın Amerikasının digər ölkələrinin rəhbərləri ilə danışıqlar apardığı, onları da Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırdığı bəlli olub. Hələlik, buna nə qədər vaxt, səy və vasitələrin "xərclənməli" olduğunu söyləmək çətindir. Lakin Rusiyanın düşərgəsinin konturları artıq bu gün sezilməkdədir.

İkinci düşərgə Rusiyanın addımlarına qarşı sərt tədbirlərin görülməsinin tərəfdarlarıdır. Bu, ABŞ, Böyük Britaniya, Baltikyanı dövlətlər, Şərqi Avropa, həmçinin Ukraynadır. İlk iki dövlət istisna olmaqla, yerdə qalanlar hesab edirlər ki, Rusiya onlar üçün də ciddi hərbi təhlükədir.

Üçüncü düşərgə isə məşhur məsəldə deyildiyi kimi, "pulsuz balıq istəyən"lərdir. Bunlar əsasən iqtisadi baxımdan (daha doğrusu enerji məsələsində) Rusiyadan asılı, lakin siyasi baxımdan Qərb demokratiyasının tərəfində olan ölkələrdir. Burada əsasən Almaniya, İtaliya və müəyyən qədər Fransanın adlarını çəkmək olar.

Hazırkı şəraitdə Abxaziya və Cənubi Osetiya separatçılarının müstəqilliyini tanımış Rusiyanın mövqeyində hər hansı dəyişiklik gözlənilmir. Bunu bir müddət əvvəl -  fransalı həmkarı Nikolyə Sarkozi ilə danışıqlarından dərhal sonra - prezident Dmitri Medvedev də bəyan edib. Təbii ki, son addımları ilə ətrafdakıları qorxutmağa nail olmuş (Moskva son illərdə məhz buna çalışırdı) Rusiyanın mövqeyindən geri çəkiləcəyini gözləmək məntiqsizlik olardı. Xüsusilə, BMT tərəfindən təcili və təsiredici mexanizmlərin olmadığı bir şəraitdə bu, ümumiyyətlə gözlənilən deyil. 

Üstəlik, Moskva ilə müharibə etməyi də heç kim düşünmür. Axı radikallardan ibarət olan ikinci düşərgə hansısa konkret addım atmaq iqtidarında deyil. Bunun üçün ümumi Qərbin birliyi lazımdır ki, bu da yoxdur və yaxın gələcəkdə də olmayacaq. Hələ ki əməlli-başlı formalaşmamış Avropa İttifaqı son dərəcə amorf və təsirsizdir. BMT Təhlükəsizlik Şurası isə Rusiyanın "barmağı altında olan" "veto düyməsi"ndən asılı vəziyyətdədir və s. 

Bundan başqa, qeyd olunan düşərgənin əsas "solisti" olan ABŞ-ın seçkiqabağı gərgin dövr yaşaması ilə əlaqədar olaraq, orada da hələlik hər şey tam aydın deyil. Düzdür, Ağ evin rəhbəri postunu tutmağa əsas namizədlər sərt bəyanatlar səsləndirirlər. Amma hamı yaxşı başa düşür ki, ABŞ-da seçkiqabağı bəyanatlar və vədlər bir, onların həyata keçirilməsi isə başqa məsələdir. Bir sözlə, verilən istənilən vədə baxmayaraq, amerikalıların mövqeyində köklü dəyişikliklər gözlənilmir. Yeni prezidentin seçilməsindən sonra xarici siyasətin əsas vektorlarında köklü dəyişikliklər olmur, sadəcə, bu siyasətin əsas istiqamətlərindən olan antirusiya mövqeyi nisbətən zəifləyə və ya əksinə, güclənə bilər.

Bundan başqa, artıq uzun illərdir ki, ABŞ-ın hakimiyyət strukturu iki "dev"dən -  hərbi-sənaye və enerji kompleksləri kimi "boz kardinallar"dan asılıdır. Son dövrlərdə isə Amerika siyasətinə ciddi təsir imkanında olan bu iki komponent arasında münasibətlər kəskinləşib. Müşahidə olunan açıq-aşkar qarşıdurmanı Qərb siyasətçiləri və politoloqları da təsdiq edir. Lakin bu iki cəbhənin heç biri Vaşinqtonun Moskva ilə bərabərhüquqlu əməkdaşlığının tərəfdarı deyil.

Gürcüstana gəlincə. Rəhbərliyinin uzaqgörən fəaliyyəti nəticəsində öz müstəqil səsini qoruyub-saxlamış və neytral xarici siyasət yürütməkdə davam edən Azərbaycandan fərqli olaraq, Tbilisi qarşı-qarşıya duran qüvvələrin əlində manipulyasiya alətinə çevrilib.

Bütün bunlarla yanaşı, yaranmış situasiyanın doğurduğu təhlükəni hiss edən üçüncü düşərgə, rəsmən olmasa da, öz daxilində etiraf edir ki, adekvat addımlar atılmayacağı təqdirdə/, Kosovonun artıq Gürcüstana gedib-çatmış "əks-sədası"nı hələ çox eşidəcəyik. Beynəlxalq normalara etinasızlığın sanki adətə çevrildiyi hazırkı şəraitdə isə nəticələr daha faciəvi ola bilər.

Lakin bir tərəfdən enerji, daşıyıcılarının idxalından asılılıq, digər yandan isə ABŞ-ın yumşaq desək, son dərəcə aqressiv siyasətindən (sonuncunun tam dominantlığı və diktəsi ilə) uzaqlaşmaq istəyi öz işini görür. Bu iki faktor artıq ona gətirib çıxarıb ki, köhnə qitə, hətta özü üçün prioritet elan etdiyi məsələlərdə belə, beynəlxalq normaların pozulmasına təmkinlə yanaşmağa və ölçülüb-biçilmiş addımlar atmağa çalışır.

 

Gizli kartlar

Qərbin əksər dövlətlərinin Kosovonun müstəqilliyini tanıdığı vaxt Rusiya buna adekvat cavabın olacağını bəyan etmişdi. Elə həmin vaxt çoxları Moskvanın nəyi nəzərdə tutduğunu yaxşı anlayırdı. Sonradan Kremlin Gürcüstan ərazisindəki separatçı rejimlərə verdiyi dəstək bu gümanları doğrultdu.

Bəs görəsən Rusiya dayanacaq, yoxsa daha da "irəli" gedəcək? Məsələn, Ukrayna hər an "partlaya biləcək" Krım ilə əlaqədar narahatlığını gizlətmir. Görəsən, Rusiya Ukraynanın bu yarımadasını zor gücünə Kiyevdən ayıra bilərmi?

Son vaxtlar yaşanan hadisələrə nəzər salanda anlayırsan ki, Rusiya siyasətçilərindən hər şey gözləmək olar. Lakin güman ki, yaxın perspektivdə bu baş verməyəcək.

Birincisi, Moskva hələ də Gürcüstanda törətdikləri ilə bağlı Qərbin cavabını gözləməkdədir. "Qələbə eyforiyası"na baxmayaraq, hazırda Kreml yaranmış vəziyyətdən razıdır və hələlik bununla kifayətlənə bilər.

İkincisi, Ukraynada hazırda elə siyasi proseslər yaşanır ki, onun nəticəsinin nədən ibarət olacağını söyləmək çətindir. Və bu ölkədə hadisələr Moskvanın güc tətbiqi olmadan belə, Kreml üçün arzuolunan sonluqla bitə bilər: axı Ukraynanın qərbpərəst düşərgəsi, yəni hazırkı hakimiyyət daim titrəyir və laxlayır.

Üçüncüsü, Rusiya ordusunu Gürcüstan ərazisinə yeritməklə öz iqtisadiyyatiına elə ciddi zərbə vurub ki, bundan nəticə çıxarmaya bilməz: qiymətli kağızlar bazarında yaşanan böhran, kapitalın kütləvi şəkildə ölkədən "qaçması", ölkə iqtisadiyyatının asılı olduğu neftin qiymətində ciddi eniş və s. Gürcüstan hadisələrinin yenidən, tutalım, Ukraynada təkrarlanacağı təqdirdə, Rusiya hökumətinin artıq öz əhalisinə pensiya və maddi yardımların ödənməsi üçün belə vəsait çatışmazlığı ilə üzləşməyəcəyinə heç kəs zəmanət vermir. Sosial böhranın hansı nəticələrə gətirib çıxara bildiyini isə Rusiyada yaxşı xatırlayırlar.

Bütün bunlarla yanaşı, dünya artıq anlayıb ki, "yatmış ayının oyanması" ən dəhşətli hadisələrə yol aça bilər. Çünki tərəzinin bir gözündə çörək, digərində isə "böyük fövqəldövlətin nüfuzu" dayandığı halda, həmişə ikinciyə üstünlük verilir - hətta bu, birincinin çatışmazlığına səbəb olsa belə.

Qərb artıq bir şeyin şahidi olub ki, Moskva ilə güc dili ilə danışmaq istənilən nəticəni gətirməyəcək. Odur ki hazırkı mərhələdə Gürcüstan Qərb üçün olsa-olsa, yalnız nüfuz məsələsidir. Lakin Tbilisinin şahmat qambitində yekun qələbə üçün qurban verilən fiqura çevriləcəyi də istisna deyil. Xüsusən də, nəzərə alsaq ki, Gürcüstan ətrafında yaşanan son siyasi gərginlik zamanı bir daha aydınlaşdı ki, Qərbin Rusiyaya təzyiq göstərə biləcəyi yeganə vasitə iqtisadiyyatdır.

Və prosesə artıq start verilib. ABŞ-ın dövlət katibi Kondoliza Raysın Marşal Fondundakı çıxışı zamanı bu məsələyə açıq şəkildə toxunması da təsadüfi deyildi: "Rusiyanın tam inkişafı üçün onun dünyanın iqtisadi və siyasi münasibətlər sisteminə inteqrasiyası vacibdir. Lakin bu gün Rusiya bu inteqrasiyanın yalnız yarısını reallaşdıra bilib. Əgər Moskva sadəcə enerji təchizatçısı olmaqla kifayətlənmək istəmirsə, o, acı reallığı dərk etməlidir: o, dünya ictimaiyyətindən asılıdır və bu asılılıqdan qaça bilməz".

Düzdür, hələ ki heç kəs Rusiyadan enerji asılılığını aradan qaldıra bilməyib. Lakin məhz həmin "asılı" dövlətlərin sayəsində Kreml bu gün öz hərbi-sənaye kompleksinin gücləndirməsi perspektivinə nikbinliklə yanaşır. Axı Rusiyanın dövlət büdcəsi məhz həmin dövlətlərdən gələn vəsait hesabına doldurulur. 

Neftin qiymətində azalmanın müşahidə olunduğu son tendensiya düşünmək üçün ciddi əsaslar verir. Bu, daimi prosesə çevrilə, nəticədə Rusiyanın dünya sistemində özünün siyasi qütbünü bərpa etmək üçün son arqumenti və ümidlərini də itirə bilər.

Təsadüfi deyil ki, bir çoxlarının fikrincə, neftin qiymətindəki eniş məntiqi görünmür və bir çox ekspertlər baş verənlərdə Sovetlər dövrünün məşhur ifadəsi olan "imperializm barmağı"nı görür.

Qərbdən, faktik olaraq, "soyuq müharibə"nin bərpası çağırışını almış Rusiya SSRİ-nin dağılması ilə nəticələnmiş hadisələri - silahlanma yarışı və neftin qiymətinin kəskin ucuzlaşması dərsini unutmamalıdır. Bunların nə ilə nəticələndiyini bilmək üçün 1991-ci ilin Belovejsk razılaşmasını xatırlamaq kifayətdir. Axı Rusiyanın federativ quruluşu və onun çoxmillətli tərkibi keçmiş Sovet İttifaqı modelini çox xatırladır...

ABŞ-ın dövlət katibi Marşal Fondundakı çıxışında diqqəti cəlb edən daha bir fikir səsləndirib: "İstənilən halda, indi ölkənin hansı istiqamətdə irəliləməsindən asılı olmayaraq, hazırkı Rusiya Sovet İttifaqı deyil - nə ərazisinə, nə qüdrətinə, nə məqsədlərinə, nə də mövcud rejiminə görə. Bugünkü Rusiyanın liderləri ideologiyalarının universal olduğunu iddia etmir, demokratik kapitalizmə alternativ ortaya qoymur, sputnik-dövlətlər və rəqib təşkilatlar kimi paralel sistemlər yaratmaq iqtidarında deyillər. Sovet sisteminin əsasları artıq mövcud deyil".

Bəli, bunların hamısı həqiqətdir. Amma bugünkü Rusiyada SSRİ-nin qüdrətinin olmadığını vurğulayan K.Rays eyni zamanda faktiki olaraq bir məsələyə də eyham vurur - Rusiyadan qat-qat qüdrətli dövlət olan SSRİ-nin taleyi göz qabağındadır...

 

"Proses başladı..."

Hazırda Gürcüstan və Ukraynanın NATO-ya qəbulunun lazım, hətta mümkün olub-olmamasına dair ciddi müzakirələr aparılır. Qərbdə, demək olar ki, əksəriyyət buna "hə" desə də, eyni zamanda bu addımın hələ çox tez olduğunu düşünənlər də az deyil.

Birincisi, Gürcüstan NATO üzvü olan dövlətlərin əsas meyarlarına - xüsusilə Abxaziya və Cənubi Osetiyada baş verənlərdən sonra - uyğun gəlmir. 

İkincisi, Ukraynanın gələcəyi ilə bağlı hələ tam aydın fikir söyləmək mümkün deyil. 

Üçüncüsü, Qərbdə yaxşı anlayırlar ki, Rusiyanın qalibiyyət eyforiyasında olduğu, onların isə status-kvonun bərpası yollarını tapa bilməməsi fonunda, açıq şəkildə NATO-nun genişlənməsinə qarşı çıxan Moskvanın daha da qıcıqlandırılmasına ehtiyac yoxdur. Axı ona cavab vermək mümkün olmayacaq - nüvə müharibəsini isə heç kim istəmir/...

Bir fakt ortadadır ki, əgər NATO-nun son sammitində Kiyev və Tbilisiyə mütləq alyansa üzvlük vəd edilirdisə, artıq indi onların sadəcə üzvlüklə bağlı fəaliyyət planına qoşulmasından danışılır. Üstəlik qurumda təmsil olunan fövqəldövlətlər bildirir ki, bu proqrama qoşulmaq hələ ölkənin mütləq NATO üzvü olacağı demək deyil. Çünki sözügedən plan ona qoşulmuş dövlətlərin qarşısına çoxsaylı çətin şərtlər qoyur. Ukrayna, xüsusilə Gürcüstan isə həmin şərtlərə əməl etmək iqtidarında olan ölkə təsiri bağışlamır.

Odur ki, əvvəla, Qərbin mövqeyindən geri çəkilməsi açıq hiss olunur. İkincisi isə Kiyevlə Tbilisini, illər boyu Avropa İttifaqının kandarında qalmış Türkiyənin aqibəti gözləyə bilər. Axı Türkiyənin Aİ-yə üzvlüyü qarşısında maneə qoyan hansısa avropalı məmur heç vaxt bunu açıq şəkildə etiraf etmir və bütün iradlara bir cavab verir: "...Heç kəs Ankaranın Avropa İttifaqına qəbul edilməyəcəyini söyləmir ki...".

Odur ki Qərb Rusiyaya qarşı yeganə vasitə olan iqtisadi təzyiqdən istifadə etməklə, asta-asta, lakin inadla işləyəcək. Bu tədbirlərin Moskva üçün nə dərəcədə acınacaqlı olacağı onların inadkarlığından və davamlılığından asılıdır.

Bütün bunlarla yanaşı, bir "əmma" var: Qərbdə "real siyasət"in tərəfdarları da var və onlar bir-iki ildən sonra hamını inandıra bilər ki, Gürcüstan kimi dövlətlər xatirinə əsəbləri korlamağa dəyməz. Bu, xüsusilə antirusiya düşərgəsinin avanqardında olan ABŞ-ın dünyada dominatlıq mövqelərinin zəifləməsi fonunda daha inandırıcı görünür.

Amma Moskvanın hərəkətlərinə bundan sonra göz yumulmayacaq. Əlbəttə ki, Rusiya özü də bunu gözləmir və buna çalışmır: Rusiyanın elektoratı baş verənlərin Kreml üçün törətdiyi nəticələrdən asılı olmayaraq, yaranmış durumdan tam razıdır. Son illərin təcrübəsi isə göstərir ki, Rusiyada yaxın perspektivdə nələrin baş verəcəyi çox az adamı narahat edir. Burada qələbə gətirən qısamüddətli taktika uzunmüddətli strategiyanın hazırlanmasından daha vacib sayılır...

Amma istənilən halda, SSRİ-nin son prezidentinin dediyi kimi, "proses başladı". 

Bizə isə onun nə ilə nəticələnəcəyini gözləmək qalır... 


MƏSLƏHƏT GÖR:

353