14 Mart 2025

Cümə, 21:49

QƏRBLƏ ŞƏRQ ARASINDA

YTB-regionlar partiyası ittifaqı - yadplanetlilərin oyunu, dövlətə xəyanət, yoxsa məcburi addım?

Müəllif:

15.09.2008

Ukraynada yaşanan siyasi böhranı izləyən şərhçilərin ən çox ehtiyatlandığı hadisə baş verdi - prezident Viktor Yuşşenko və baş nazir Yuliya Timoşenko, axır ki "narıncı" koalisiyanı parçaladılar. Bu iki siyasətçinin qarşılıqlı ədavətinin uzun tarixcəsi var - Timoşenko və Yuşşenko artıq neçə ildir ölkədə hakimiyyəti tam ələ almaq üçün bir-biri ilə mübarizə aparır. Sentyabrın əvvəllərində isə baş nazir rəqibinə elə bir zərbə vurdu ki, bu, prezident üçün sonuncu və həlledici zərbə də ola bilər. 

Sentyabrın 2-də Yuliya Timoşenkonun Bloku (YTB), Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyası və Kommunist Partiyası bir araya gələrək, prezidentin əleyhinə olan qanun layihələri paketinə səs verdilər. 

Qeyd edək ki, 450 üzvü olan Ali Radada YTB və "regionçular"ın birlikdə 300-dən artıq səsi var, bu isə onlara Ukrayna Konstitusiyasına dəyişiklik etmək və prezidentin vetosunu üstələmək imkanı verir.

Nazirlər Kabineti haqda yeni qanuna 363 deputatın səs verməsindən (halbuki sənədin qəbulu üçün 226 səs də kifayət idi) sonra, baş nazir beynəlxalq danışıqlar aparmaq, həmçinin prezidentin aktlarını nəzərə almadan razılaşmalar imzalamaq hüququ əldə etdi. Bundan başqa, yeni qanunvericiliyə əsasən, Ukrayna hökumətinin başçısı xarici işlər və müdafiə nazirlərini vəzifələrindən kənarlaşdıra bilər. 

Sənəddən baş nazirin prezidentin aktlarına məcburi qaydada əməl etməli olması və dövlət başçısının müraciətlərini cavablandırmasına dair öhdəliklər də çıxarılıb.

Yeni qanuna əsasən, prezidentin səlahiyyətli nümayəndələri hökumət komitələrinin toplantılarında iştirak edə bilməzlər. Bundan sonra Nazirlər Kabineti prezidentin aktları olmadan qərar və sərəncamlar verə bilər. Dövlət başçısı isə öz növbəsində Nazirlər Kabinetinin aktlarının hazırlanması və qəbul etməsi ilə əlaqədar təşəbbüs göstərmək hüququnu, həmçinin hökumətin toplantısının stenoqramını dinləmək hüquqlarını itirir.

Qeyd edək ki, bu qanunun qəbulundan əvvəl yenə də 363 deputatın "hə" deməsi ilə parlament prezidentə impiçment elan edilməsi prosedurunu xeyli sadələşdirib.

Baş verənlərə cavab olaraq, prezident V.Yuşşenko ölkədə dövlət çevrilişinin həyata keçirildiyini bəyan edib. Prezidenti dəstəkləyən "Bizim Ukrayna" partiyası isə Ali Radada "yeni Kremlpərəst çoxluğun yarandığını" əsas gətirərək YTB ilə koalisiyadan çıxdığını açıqlayıb. 

Qeyd edək ki, "Bizim Ukrayna" "Xalq Özünümüdafiə" ilə birlikdə koalisiyaya daxil olmaqla "BU-XÖ" ("Bizim Ukrayna-Xalq Özünümüdafiə") fraksiyasını yaratmışdı. Lakin XÖ-dən olan deputat qrupu silahdaşlarının təşəbbüsünə dəstək verməyərək, YTB ilə koalisiyadan çıxmaqdan imtina edib. "Xalq Özünümüdafiə"nin bəyanatında bildirilir ki, başda hərəkatın lideri, xarici işlər naziri Yuri Lutsenko olmaqla, onun deputatlarının heç biri koalisiyadan çıxmaq barədə qərara səs verməyib, koalisiyanın dağılması haqda qərar isə "maxinasiya yolu ilə qəbul edilib" və nəticədə "prezident katibliyinin intriqasına dəstək verən "Bizim Ukrayna", faktik olaraq, öz seçicilərinə xəyanət edib".

Qeyd edək ki, XÖ-nün deputat qrupuna cəmi 17 nəfər daxildir. "BU-XÖ"  fraksiyasında isə 72 deputat təmsil olunur ki, onlardan 39-u YTB ilə koalisiyadan çıxmaq qərarına səs verib.

Yuşşenkonun tərəfdarları qərarlarının doğru olduğuna tam əmindirlər. Onların fikrincə, parlamentin qəbul etdiyi yeni qanunlar dövlət başçısına impiçment elan edilməsinə aparan yoldur. Yuşşenko özü isə bu hadisələrdən dərhal sonra televiziya ilə xalqa müraciət edib: "Parlamentdə ölkədə siyasi və konstitusiya çevrilişi prosesinə başlanılıb. Antikonstitusiya və antiukrayna qanunları qəbul edilib. YTB, Regionlar Partiyası və kommunistlərin əli ilə hökumət haqqında antikonstitusion qanun bərpa edilib. Xatırlatmaq istəyirəm ki, 2007-ci ildə məhz bu qanun parlament böhranı və növbədənkənar parlament seçkisinə səbəb olmuşdu. Bu qanun baş nazirin diktatura yaratmasına imkan verir: hökumət başçısı konstitusiyadan kənar təyin edilir, prezidentin sərəncamları, həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarları nəzərə alınmır. Konstitusiya Məhkəməsi haqqında qanuna dəyişikliyin edilməsi hökumətin qeyri-konstitusion əməllərindən şikayət edilməsinə imkan vermir. Hökumət tam nəzarətdən çıxır, Ukrayna hakimiyyətində elementar balans pozulur".

Prezidentin sözlərinə görə, Nazirlər Kabineti və Ali Radanın qeyri-effektiv fəaliyyəti korrupsiya ilə mübarizəyə, yerli özünüidarəetmə orqanlarında, silahlı qüvvələrdə, torpaq bazarında islahatlara mane olur. 

Yuşşenko ölkədə inflyasiyanın yüksək həddə çatmasında da Timoşenkonu günahlandırıb.

Prezident katibliyinin rəhbəri Viktor Baloqa isə hesab edir ki, YTB və Regionlar Partiyası əvvəlcədən planlaşdırılmış dövlət çevrilişi həyata keçirirlər. Onun fikrincə, plan Leonid Kuçmanın dövründə Prezident Administrasiyasının rəhbəri işləmiş Viktor Medvedçuk, həmçinin "Moskvadakı ideoloqlar və himayədarlar" tərəfindən hazırlanıb.

"Ukrainskaya pravda"nın yazdığına görə, Baloqa baş nazir Yuliya Timoşenkonu ona sui-qəsd hazırlamaqda da ittiham edib. "Etibarlı mənbələrdən aldığım məlumatlara görə, Prezident Katibliyinin rəhbəri kimi mənim fiziki məhvimə hazırlıq görülür. Məndə olan informasiyalara əsasən, qətlimi nəzərdə tutan konkret planın təşəbbüskarı və sifarişçisi baş nazir Yuliya Timoşenkodur", - deyə Baloqanın Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Valentin Nalivayçenkoya ünvanladığı rəsmi məktubda bildirilir. Məktubda ona qarşı reallaşdırılacaq sui-qəsdin mümkün ssenariləri də göstərilib: zəhərlənmə, yol qəzası və ya odlu silah, yaxud partlayıcıdan istifadə etməklə həyata keçirilən sui-qəsd. Bununla yanaşı, Prezident Katibliyinin rəhbəri hesab edir ki, artıq parlamentdə YTB və Regionlar Partiyasının qərarlara yekdil səs verdiklərini nəzərə alaraq, Ali Radada bu iki qüvvənin yaratdığı koalisiyanın fəaliyyət göstərdiyini söyləmək mümkündür.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, koalisiyanın tam qurulması üçün 10 gün vaxt verilir. Bu, baş verməzsə, o koalisiya tam buraxılmalı və konstitusiyaya əsasən, 30 gün ərzində yeni koalisiya yaradılmalıdır. Əks halda, prezidentin Ali Radanı buraxmaq hüququ var ki, bu da növbədənkənar parlament seçkisinin keçirilməsini zəruri edir. Lakin qanunvericiliyin digər normasına əsasən, Ali Radanı yalnız onun fəaliyyətə başlamasından 1 il sonra buraxmaq olar. Hazırkı parlament isə, məlum olduğu kimi, 2007-ci ilin noyabrından fəaliyyət göstərir.

Prezident V.Yuşşenko parlamentdə baş verənlərlə bağlı fikirlərini belə davam etdirib: "Hüquqi nöqteyi-nəzərdən Ukrayna parlamentində baş verənlərə yeni parlament koalisiyasının yaradılmasının formal başlanğıcı kimi baxıram. Ukraynanın əsas qanunvericiliyində nəzərdə tutulmuş müddət ərzində deputat fraksiyalarının koalisiyası yaradılmazsa, mən Ali Radanı buraxmaq hüququmdan istifadə edərək növbədənkənar seçki elan edəcəyəm".

YTB isə öz növbəsində demokratik koalisiyadan başqa koalisiya görmədiyini bəyan edib. Bununla yanaşı, o, prezidenti satqınlıqda da günahlandırıb. "Yuşşenko artıq Demokratik koalisiyanı 2 dəfə satıb: "2005-ci ildə Yuliya Timoşenko hökumətini istefaya göndərəndə və bir də indi. Bu dəfə o, demokratik koalisiyanı elə yarandığı ilk dəqiqələrdən parçalamağa başlamışdı".

Yuşşenkonun YTB-nin parlament koalisiyasına qayıtması üçün ultimativ şərt irəli sürməsinə cavab olaraq, baş nazirin dövlət başçısına ünvanladığı məktubda deyilir: "YTB prezidenti dəstəkləyən "Bizim Ukrayna - Xalq Özünümüdafiə" Bloku ilə yaratdığı koalisiyanı tərk etməyib və etməyəcək".

Xatırladaq ki, Yuşşenko YTB-nin "BU - XÖ" ilə koalisiyaya qayıtmasını mümkün edəcək bir sıra şərtlər irəli sürüb: gürcü-osetin münaqişəsinə aydın qiymətin verilməsi və parlamentin qəbul etdiyi son qərarların ləğvi. 

Buna cavab olaraq, Timoşenko prezidentə Konstitusiya Məhkəməsinə müraciət etməyi məsləhət görüb. Baş nazir onu da əlavə edib ki, o, "dövlət maraqlarını yox, qarşıdan gələn prezident seçkisini düşünsəydi, özü Yuşşenkoya qarşı yüzlərcə ultimatum səsləndirə bilərdi".

Regionlar Partiyasının lideri V.Yanukoviçə gəlincə, o, YTB ilə koalisiya yaratmalarının tamamilə mümkün olduğunu bildirib. Yanukoviç qarşıdan gələn prezident seçkisində qələbə qazanacağı təqdirdə, Timoşenkonun baş nazir postunu tutmasına etiraz etmədiyini də açıqlayıb.

Bütün baş verənlər fonunda sentyabrın əvvəllərindən etibarən Ukraynada hadisələrin inkişaf istiqamətləri ilə bağlı müxtəlif variantlar müzakirə edilir: "narıncı" koalisiyanın bərpası, yenisinin yaradılması, parlamentin buraxılması və hətta prezidentə impiçment elan olunması. "Narıncılar"ın barışması mümkün olarsa, onun 2010-cu ildə keçiriləcək prezident seçkisinədək yaşamaq şansı yaranacaq. Hadisələrin ən pis variantda inkişafı reallaşsa isə, artıq gələn ilin martında növbədənkənar prezident (impiçment vasitəsilə) və parlament seçkiləri keçirilə bilər. 

Parlamentdə koalisiya yaradılmadan çoxluğun mövcudluğu variantı da mümkün sayılır. Yəni formal olaraq parlamenti buraxmaq iqtidarında olan prezident bu hüququndan istifadə etmir.

Bununla yanaşı, ən maraqlı görünəni indiyədək barışmaz rəqiblər olan YTB və Regionlar Partiyasının "Şərq və Qərb birlikdə" şərti adı altında ittifaq yaratma ehtimalıdır. Əlbəttə pis ideya deyil. Ukraynanın Şərqi və Qərbi arasında problemlərdən çox danışılıb və onların bir araya gətirilməsi prosesinə mümkün qədər tez başlanılmalıdır. Çoxlarının fikrincə, Ukrayna dövlətçiliyində sabitlik və inkişafın yaradılması üçün bu, zəruri bir addımdır. Lakin hazırkı şəraitdə bu, nə qədər real variantdır? 

Bir sıra ekspertlər hesab edir ki, YTB üçün Regionlar Partiyası ilə koalisiyaya getmək faciəvi səhv olardı. Çünki Timoşenko özünü daim "regionçular"ın prinsipial rəqibi kimi göstərib. Hazırda onun birdən-birə Yanukoviçə doğru meyil göstərməsi isə Ukraynada hətta belə bir zarafatla şərh olunur ki, "görünür, baş nazir yadplanetlilərin Yer sakinləri üzərində apardığı eksperimentin qurbanı olub". 

Yadplanetlilərin yada düşməsi təsadüfi deyil: hələ 2006-cı ilin yanvarında "Ukrainskaya pravda"da keçirilmiş onlayn-konfransda Y.Timoşenko bildirmişdi ki, "Bizim blokumuz Regionlar Partiyası ilə yalnız bir halda birləşə bilər: bunun üçün gərək yadplanetlilər məni öz "boşqab"larına götürsünlər, üzərimdə qeyri-qanuni təcrübə apararaq, məni yaddaş və ağıldan məhrum etsinlər. Yalnız belə bir halda, bu cür birliyin yaradılmasına razılaşa bilərəm".

Bundan başqa, jurnalistlər xanım Timoşenkoya bu il keçirilmiş mitinqlərin birində səsləndirdiyi fikirləri də xatırladıblar. O vaxt Timoşenko bildirmişdi: "Əgər siz birdən Regionlar Partiyasına səs vermək haqda düşünsəniz, deməli, sizi cadu ediblər. Odur ki, dərhal kilsəyə gedin və üzərinizdəki cadunu götürün". 

Digər tərəfdən, analitiklər hesab edir ki, mümkün "Şərq və Qərb birlikdə" koalisiyası Yanukoviç üçün də yaxşı heç nə vəd etmir. Çünki bu halda, o da öz seçicilərini itirə bilər.

Prezidentin özü isə Timoşenkonun həqiqətən də ondan uzaqlaşaraq Yanukoviçlə birləşməsini mümkün sayır. Çünki Yuşşenkonun fikrincə, YTB özünə sərf edən zaman "regionçular"la da, kommunistlərlə də dil tapa bilər.

Daha bir maraqlı məqam: Yuşşenko ilə Timoşenko arasında münasibətlərin gərginləşməsi Kiyevlə Moskva arasında eyni durumun yaranması ilə üst-üstə düşüb. Və bu,  Qafqazda yaşanan son hadisələrin fonunda baş verib. Qeyd edək ki, Yuşşenkonun gürcü həmkarı Mixail Saakaşviliyə son dərəcə ciddi dəstək verməsi, həmçinin Rusiyanın Qara dəniz Donanmasının Sevastopolda məskunlaşması ilə əlaqədar yeni şərtlər irəli sürməsi Moskvanı əməlli-başlı qıcıqlandırıb. Rusiya baş verənlərə cavab olaraq, hətta Kiyevi Gürcüstanı silahlandırmaqda da  günahlandırıb. İnternet və Rusiya telekanallarında isə Ukraynanın Krım yarımdasına iddialarla bağlı çoxsaylı şərhlər yer almağa başlayıb.

Bütün bunların fonunda Timoşenkonun Gürcüstan hadisələrinə dair birmənalı olaraq susması Yuşşenkonun baş naziri dövlətə xəyanətdə günahlandırmasına gətirib-çıxarıb. Prezidentin komandası bəyan edib ki, Moskva Timoşenkoya Rusiya ilə münaqişədə Gürcüstana dəstək verməyəcəyi halda növbəti prezident seçkisində yardım vəd edib. Bundan bir qədər əvvəl isə Timoşenko Yuşşenkonun Odessa-Brodı neft kəmərinin avers rejimdə işləməsi haqda qərarına qarşı çıxmışdı və  prezident bunu baş nazirin Rusiyanın maraqlarına lobbiçilik etməsi kimi qiymətləndirmişdi.

Bütün baş verənləri nəzərə aldıqda bir məqam şübhə doğurmur - Ukraynada növbədənkənar seçkilər situasiyanı daha da gərginləşdirəcək və onu daha ağır duruma gətirəcək. Ölkədə onsuz da uzun müddətdir həmrəylik yoxdur, baş nazirlə prezident arasında davam edən kompromissiz mübarizə isə situasiyaya, təbii ki, müsbət təsir etmir. Keçmiş, həmçinin hazırkı təcrübə isə onu göstərir ki, Ukraynada dövlət idarəçiliyi baxımından, heç bir siyasi ittifaq bu gün stabil və effektiv qüvvəyə çevrilmək iqtidarında deyil. 

Ukraynalı siyasətçilər anlamalıdırlar ki, ölkə daim seçki rejimində yaşaya bilməz. Bu, sonda ölkə iqtisadiyyatına mənfi təsir göstərir, nəticədə isə ən çox əhalinin sosial müdafiəsi zəif olan təbəqəsi əziyyət çəkir.

Digər tərəfdənsə, etiraf etmək lazımdır ki, Ukraynada yaşanan böhranların kökündə yalnız xaricdən gələn səbəblər durmur. Və nə qədər ki ölkə Qərb və Şərq regionları arasında sıxılıb-qalacaq, qeyri-sabitlik davam edəcək.


MƏSLƏHƏT GÖR:

308