14 Mart 2025

Cümə, 21:49

BİRLƏŞMƏSİ MÜMKÜN OLMAYANLARIN "BİRLİYİ"

Qafqazda sabitlik və əməkdaşlıq platformasının arxasında hansı maraqlar dayanır?

Müəllif:

01.09.2008

Cənubi Osetiya uğrunda müharibə SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda qorunub-saxlanmış zərif sabitliyi pozdu və hər an "partlaya" biləcək bu regionda sərhədlərin yenidən baxılması prosesinin əsasını qoydu. 

Bölgədə qüvvələr nisbətini özünün maraqlarına uyğun şəkildə saxlamağa çalışan Ankara hərbi əməliyyatların ən qızğın günlərində tərəfləri atəşi dayandırmağa çağırdı. Çünki Türkiyə anlayır ki, Rusiya strateji baxımdan vacib regionda bütün rəqiblərini - ABŞ, Avropa İttifaqı və hətta Türkiyənin özünü də kənarlaşdırmaqla, Moskvanın istəyinə uyğun olmayan situasiyanı dəyişməyə cəhd göstərə bilər.

Gürcüstanın ölkənin separatçı regionları üzərində nəzarəti bərpa etməyə göstərdiyi cəhdin iflasa uğraması Türkiyə hökumətini fəallaşmağa məcbur etdi. Və bu fəallığın əsası avqustun 11-də qoyuldu: Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan "Qafqaz İttifaqı" sayıla biləcək Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Fəaliyyətini ölkə prezidenti Abdulla Gül ilə razılaşdıran Ərdoğan ideyasını həyata keçirmək məqsədi ilə Moskva və Tbilisiyə səfərlər etdi və yerli müşahidəçilərin bildirdiyi kimi, o, hər iki münaqişə tərəfinin dəstəyini ala bildi. Bir neçə gün sonra isə Ərdoğan qısamüddətli səfərlə Bakıya gəldi və burada Azərbaycan prezidenti İlham Əliyevin də dəstəyini qazanmağa çalışdı.

Bəs əslində Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsünün arxasında nə dayanır və 2000-ci ildə oxşar ideyanı rədd etmiş Ankaranın bu dəfə təşəbbüskar qismində çıxış etməsinin səbəbi nədir?

Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması hər şeydən əvvəl Cənub-Şərqi Avropada Sabitlik Paktının analoqu olmalıdır (yeri gəlmişkən, bu paktdan 2008-ci ildə bürokratik səbəblər və ləngliyinə görə imtina edilmişdi). SSRİ-dən sonrakı dövrdə (1999-cu il, iyulun 30-u) yaradılan Cənub-Şərqi Avropada Sabitlik Paktı ATƏT-in dəstəyilə Şərqi Avropada dözümlük mühitinin yaradılması və keçmiş sosialist düşərgənin ümumi Avropa ailəsinə inteqrasiyası üçün bir nümunə olmalı idi. 

2000-ci il yanvarın 15-də Tbilisidə Türkiyə prezidenti Süleyman Dəmirəlin Qafqazda Sabitlik Paktının yaradılmasına dair irəli sürdüyü ideya bunun daha bir təsdiqi oldu. İdeya müəlliflərinin fikrincə, Qara dəniz regionu həm Qərbin, həm də Şərqi Avropa qitəsinin ayrılmaz hissəsidir və bu səbəbdən sabitlik qitənin hər iki tərəfinə lazımdır.

Gürcüstan prezidenti Eduard Şevardnadze ilə birgə keçirdiyi mətbuat konfransında Süleyman Dəmirəl ATƏT-in patronajı altında Qafqazda Sabitlik Paktının yaradılması təklifi ilə çıxış etdi və bu təklif rəsmi Tbilisi tərəfindən bəyənildi. Amma İranın ATƏT-in üzvü olmadığını nəzərə alsaq, layihədən kənarda qalmış Tehranın bu təklifə münasibətinin mənfi olması təəccüblü olmadı. 

Həmin il yanvarın 24-25-də S.Dəmirəl region ölkələri, həmçinin ABŞ və nüfuzlu Avropa dövlətlərinin başçılarına məktub göndərərək, irəli sürdüyü təşəbbüsə dəstək verilməsini xahiş etdi. Onun bu çağırışına ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Ukrayna, Azərbaycan, Gürcüstan, Rusiya, Ermənistan və Avropa İttifaqı müsbət reaksiya verdi. 

Öz məktubunda S.Dəmirəl bildirirdi ki, Qafqaz Balkanlardan sonra Avropanın sabitlik daim təhlükə altında olan ikinci bölgəsidir. Türkiyə prezidenti vurğulayırdı ki, həll olunmamış münaqişələr bütün maraqlı tərəfləri səyləri birləşdirməyə vadar edir. 

Ankaranın təşəbbüsünün reallaşmasının ilk mərhələsi uğurla başa çatdı. Amma artıq 10 gündən sonra Moskvada keçirilən MDB üzvü olan dövlət başçılarının sammitində bildirildi ki, Cənubi Qafqaz ölkələri sərhədləri MDB-dən də kənara çıxan Qafqazda Sabitlik Paktının formatını çətin ki dəstəkləsin. Yəni, Moskva "MDB-daxili problemlərin" xarici qüvvələrin iştirakı ilə həllini istəmədi. 

Buna cavab olaraq, Ankara bu ideyadan imtina etməli oldu, çünki Türkiyənin fikrincə, Rusiyanın iştirakı olmadan Qafqazda heç bir təşəbbüs reallaşa bilməz. 

Və budur - 8 ildən sonra Qafqazda sabitlik formatı ideyası yenidən aktuallaşdı. Bununla Ankara açıq şəkildə nümayiş etdirdi ki, Qafqaz regionu Türkiyə üçün "bir nömrəli strateji əhəmiyyət" daşıyır. Ankaranın fikrincə, bu cür təşəbbüsün uğurla reallaşması üçün yerlərdə siyasətçi, ictimai xadim və QHT liderlərinin ittifaqları yaradılmalıdır və ilkin mərhələdə bu ittifaq "Qafqaz evi" formasında olmalıdır.

Bundan başqa, Ankara hesab edir ki, "Qafqaz klubu" adlı struktur da yaradıla bilər. Bu klub Balkan ölkələrinin keçmiş liderlərini birləşdirən "Balkan klubu"nun analoqu olmalıdır. Bu, gərgin vəziyyətlərdə siyasi elitaların dəstəyini almaq və böhranların qarşısını almağa imkan verərdi.

Paralel olaraq, Ankara 2001-ci il noyabrın 6-da Türkiyə ilə Rusiya Federasiyası arasında imzalanmış Avrasiya qitəsində Əməkdaşlıq Planını da yenidən gündəmə gətirməyə çalışır. Çünki bununla Rusiyanı Qafqaz regionunda aktiv əməkdaşlığa cəlb etmək mümkün olardı.

Həmçinin, Ankaranın rəyinə görə, lazım gələrsə, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) formatını da genişləndirmək olar. Xatırladaq ki, 1992-ci ildə Ankaranın təşəbbüsü ilə yaradılmış QDİƏT siyasi məsələlərlə, o cümlədən, sabitliyin təmin olunması ilə məşğul olmalıdır.

Cənubi Qafqazda demokratik institutların inkişafı olmadan Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının inkişafının da mümkün olmadığını anlayan Ankara vətəndaş cəmiyyətinin inkişafına dəstək proqramlarına üstünlük verir. Türkiyə siyasətçilərinin fikrincə, vətəndaş cəmiyyətinin inkişafı olmadan, Orta Asiya və Azərbaycandan enerjidaşıyıcılarının dünya bazarlarına təhlükəsiz tranziti qeyri-mümkündür.

Üstəlik, Ankara ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair sezilən tendensiyaları da unutmaq lazım deyil. Türkiyə lideri Abdulla Gülün rumıniyalı həmkarı Troyan Basesku ilə görüşdə bildirdiyi kimi, Ankara Ermənistanın da Qafqazda  sabitlik və əməkdaşlıq platformasına qoşulmasında maraqlıdır. Bu faktor isə artıq platformanın yaranacağı təqdirdə, onun daxilində potensial fikir ayrılıqlarının olacağından xəbər verir.

Gözlənildiyi kimi, Qafqazda sabitlik və əməkdaşlıq platformasının yaranması məsələsinə Bakı çox soyuqqanlaqla yanaşdı. Görünür,  hələlik heç kəs bir-birilə müharibə vəziyyətində olan dövlətlərin birləşməsi ehtimalını ciddi şəkildə müzakirə etməyə tələsmir. 

Digər tərəfdən, istəsən də, istəməsən də, İranın Qafqaz regionundan kənar qalması mümkün deyil. Bu gün İran məsələsində Ankara heç də passiv mövqe tutmayıb və onun Tehrana yanaşması ABŞ və Avropa dövlətlərinin mövqeyindən bir qədər fərqlənir. 

Ankaranın bu məsələyə yanaşması, bir növ, Rusiyanın münasibətini xatırladır. Amma təbii ki Ankara ABŞ-ın da mövqeyini tamamilə nəzərdən qaçıra bilməz. Avqustun 14-15-də İran prezidenti Mahmud Əhmədinejadın İstanbula səfəri (yeri gəlməşkən, bu səfər Ərdoğanın Moskva və Tbilisiyə səfərləri ərəfəsinə təsadüf edib) də ikitərəfli münasibətlər baxımından vacib fakt kimi dəyərləndirilməlidir. 

Öz təşəbbüsü ilə Ərdoğan, faktik olaraq, Qafqaz Birliyinin (Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycan) ənənəvi formatını genişləndirməyi təklif edib. Özü də yalnız Türkiyənin hesabına yox.

Amma təbii ki, Rusiya prezident Dmitri Medvedevin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqda imzaladığı sənədlər Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının reallaşmayacağından xəbər verir. Rusiyanın xarici işlər naziri Sergev Lavrov açıq şəkildə bildirib ki, Moskva "Mixail Saakaşvili rejimi" ilə heç bir kontakta getməyəcək, bu isə o deməkdir ki, Ankaranın son təşəbbüsləri hələ uzun müddət həyata keçməyəcək. Türkiyə hökumətinin Rusiya ilə münasibətləri istiləşdirməyə yönəlmiş addımları, məsələn, NATO gəmilərinin bir müddət Qara dənizə buraxılması kimi addım da nəticə verməyib. Gürcüstanın Ankaradakı səfiri Qliqol Mqaloblişvilinin bəyanatı da bunu sübut edir: gürcüstanlı diplomatın sözlərinə görə, Rusiya qoşunları Qafqazdan tamamilə çıxarılmayana qədər, Moskva ilə hər hansı əməkdaşlıqdan söhbət belə gedə bilməz.  Onun sözlərinə görə, "Tbilisi Ankara ilə istənilən formatda əməkdaşlığa hazırdır, amma bu formatda Rusiyaya yer yoxdur". "Biz Türkiyə hökuməti başçısının Tbilisiyə səfəri zamanı bu barədə onun özünə də bildirmişik", - deyə səfir vurğulayıb.

Hər halda, bu gün Ankaranın özü də çətin seçim qarşısında qalıb. Axı Moskvanın Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliyini tanıması, Türkiyənin Şimali Kiprə dair mövqeyi baxımından, Ankara üçün sərf edir. Axı Moskva əslində, vaxtilə Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımış Türkiyənin yolu ilə gedir.

Amma Türkiyənin də üzvü olduğu NATO-nun, həmçinin Ankaranın üzv olmaq istədiyi Avropa İttifaqının Kremlin qərarından narazılığı, həmçinin ABŞ-ın sərt mövqeyi Türkiyəni ən azı susmağa məcbur edir. Üstəlik nəzərə almaq lazımdır ki, Türkiyə Cənubi Osetiya və Abxaziya məsələlərində Rusiyaya dəstək versə, bu,  Ankaranın Gürcüstanla münasibətlərini poza və Cənubi Qafqazdakı bütün enerji və nəqliyyat layihələrini heçə endirə bilər.

Belə bir addım atılsa, bu, Türkiyənin Azərbaycanla münasibətlərinə də təsirsiz ötüşməzdi. Bu, ümumiyyətlə, Ankaranın Cənubi Qafqazdakı mövqelərinin bütövlükdə itirilməsi demək olardı. Bundan sonra Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq haqda artıq unutmaq olar.

Yeri gəlmişkən, bu gün Türkiyənin özündə də Ərdoğanın təşəbbüsünə o qədər də ciddi yanaşılmır. Aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının nümayəndələri bəyan ediblər ki, hazırkı şəraitdə Türkiyə heç bir halda Ermənistanla əməkdaşlığa gedə bilməz.  "Nə qədər ki Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayıb, Türkiyə özünün regiondakı yeganə strateji tərəfdaşı olan Azərbaycana dəyər verməlidir", - deyə partiyanın lideri Dəniz Baykal bildirib. 

Müxalifətçi Milliyyətçi Xalq Partiyasından olan deputat, sabiq səfir Dəniz Bölükbaşı bildirib ki, baş nazirin səfər etdiyi ölkələrin heç biri Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ideyasını ciddi qəbul etməyib. "Ermənistanın Azərbaycan ərazisinin beşdəbirini işğal altında saxladığı, Yerevanın Gürcüstan və Türkiyəyə qarşı da ərazi iddiaları irəli sürdüyü bir vaxtda hansı əməkdaşlıqdan danışmaq olar?".

Onun sözlərinə görə, Türkiyə Xarici İşlər Nazirliyi də bu platformanın yaradılması ilə bağlı hazırlıq işləri görmür. "Bütün bunlar baş nazirin guya aktiv fəaliyyət göstərməsi, təkcə ölkə daxilində yox, xaricdə də problemlərin həllinə qadir olması görüntüsü yaratmaq məqsədi daşıyır", - deyə D.Bölükbaşı vurğulayıb. Onun sözlərinə görə, "Qərblə razılaşdırılmamış təşəbbüsləri ciddi qəbul etmək lazım deyil". 

Türkiyəli deputatın bu sözləri, bir növ, ABŞ dövlət katibinin müavini Metyu Brayzanın bəyanatı ilə də uzlaşır. Xatırladaq ki, Brayzanın sözlərinə görə, "Vaşinqton Ankaranın Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasına dair təşəbbüsünü təəccüblə qarşılayıb". "Biz düşünürdük ki, Türkiyə və ABŞ Cənubi Qafqaz regionunda razılaşdırılmış siyasət yeridirlər. Amma Ankara bu məsələ haqda Vaşinqtonu əvvəlcədən məlumatlandırmayıb və biz tərəfdaşımızın addımlarından çox təəccübləndik", - deyə Brayza qeyd edib.

Türkiyə baş nazirinin aparatında ABŞ-ın məsələyə bu cür yanaşacağını proqnozlaşdırmaya bilməzdilər. Elə isə sual yaranır: bu cür təşəbbüslə çıxış etmək nəyə lazım idi?

Belə görünür ki, Türkiyə bölgədə yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etməyə və regional proseslərdə aktiv iştiraka hazır olduğunu nümayiş etdirmək istəyib. 

Ermənistan istisna olmaqla, Türkiyənin digər Qafqaz ölkələri ilə normal münasibətləri var, Azərbaycanla Gürcüstan isə bu ölkə üçün regionda strateji tərəfdaş sayılır. Ermənistana gəldikdə, son təşəbbüsündən sonra Türkiyənin bu ölkə ilə də dialoq qurmaq imkanı yaranır. Özü də maraqlıdır ki, türkiyəli baş nazirin sözlərinə görə, bu dialoqun formatı Rusiya XİN ilə də müzakirə olunacaq. 

İstənilən halda, baş verən proseslər sübut edir ki, Türkiyənin Qafqazda öz maraqları var və Ankara bu maraqları açıq şəkildə bəyan etmək qərarına gəlib.


MƏSLƏHƏT GÖR:

424