
CÜZİ NƏTİCƏLƏR
Ermənistanın qeyri-konstruktiv mövqeyi əvvəlkitək danışıqlar prosesini ləngidir
Müəllif: NURANİ Bakı
Çox vaxt diplomatik danışıqlarda nəticələr nə qədər az olsa, KİV-də bir o qədər fərziyyə və şayiələr yer alır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin avqustun 1-də Moskvada keçirilmiş danışıqlarından sonra da bu, bir daha sübut olundu. Qeyd edək ki, Qarabağ üzrə «böyük diplomatiya»nın Moskva raundunda hər iki nazirin Rusiya xarici işlər nazirinin müavini Andrey Denisovla görüşü də baş tutdu.
Dialoqun nəticələrini şərh edən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov deyib: «Görüş səmərəli keçdi və biz danışıqları davam etdirmək barədə razılığa gəldik. Lakin hələlik irəliləyişdən danışmaq tezdir. Biz ümumi platformaya çıxdığımızı hiss etsək, demək, mümkün olmayan heç nə yoxdur».
E.Məmmədyarov yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün baştutma ehtmalının olduğunu da söyləyib. Lakin diplomatik dildə səslənən bu «bəlkə», çox güman ki, «yox» deməkdir: təəssüf ki, danışıqlarda tezliklə irəliləyişin əldə ediləcəyinə ümid yoxdur. Bakı isə sadəcə görüş keçirmək xatirinə danışıqlar aparmaq fikrində deyil. XİN rəsmisi Xəzər İbrahimin «hələ ki prezidentlərin görüşü üçün əsas yoxdur» deməsi də bunu bir daha sübut edir.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə görüşdən sonra bildirib ki, Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərəflərə Madriddə təqdim etdiyi təkliflər əsasında necə irəliləməyin yolları müzakirə olunub. O, azərbaycanlı həmkarı ilə BMT Baş Ascambleyasının toplantısı çərçivəsində yenidən görüşəcəklərini istisna etməyib. «Çox həssas məsələlər var və onlara kifayət qədər ehtiyatla yanaşılmalıdır. Biz danışıqların davam etdirilməsi üçün lazım olan şəraiti yaratmağa çalışırıq», - deyə erməni nazir qeyd edib.
Beləliklə, Moskva danışıqlarında hər hansı ciddi nəticələr əldə olunmadı və müzakirə iştirakçıları görüşlə bağlı çox «simicliklə» şərh verirlər.
Bununla yanaşı, «İnterfaks» agentliyi ABŞ dövlət katibinin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın fikirlərinə də yer ayırıb: «Dağlıq Qarabağ sakinləri özləri müəyyənləşdirəcəklər ki, Azərbaycanın tərkibinə daxil olurlar, yoxsa müstəqillik istəyirlər. Bunun müəyyənləşdirilməsi üçün referendum keçiriləcək, lakin seçimi qarabağlılar edəcək».
Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yekunu ilə bağlı açıqlama verən Brayza tərəflər arasında qarşılıqlı etibarın bərpasını və siyasi iradənin olmasını vacib adlandırıb. O həmçinin, danışıqların dayandırılmasının yolverilməzliyini də vurğulayıb.
Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov isə bu qrupun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki fəal rolunu qeyd edib. «Prezidentlərin, xarici işlər nazirlərinin görüşlərinin baş tutması Minsk Qrupunun normal işlədiyini göstərir. Münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan da bir-birlərinə qarşı konstruktiv mövqe tuturlar», - deyə o bildirib.
Rəsmi Bakının baş verənlərə reaksiyasını isə Stanislavskinin məşhur «İnanmıram!» ifadəsi ilə xarakterizə etmək olar. İlk olaraq XİN-nin mətbuat katibi Xəzər İbrahim «vəziyyəti gərginləşdirməməyi» məsləhət bilib. O, cənab Brayzanın indiyədək səsləndirdiyi bəyanatları xatırladaraq bildirib ki, amerikalı diplomat dəfələrlə açıqlamalar verib, sonradan isə onun düzgün anlaşılmadığını və ya fikirlərinin təhrif olunduğunu iddia edib. Odur ki, X.İbrahim Brayzanın özünün məsələyə aydınlıq gətirməsini gözləməyi məsləhət bilib.
Ayrıca olaraq, Azərbaycanın münaqişə ilə bağlı mövqeyinin dəyişməz qaldığını qeyd edən XİN rəsmisi vurğulayıb ki, problemin həlli mərhələli şəkildə həyata keçirilməlidir və bu istiqamətdə ilk addım Dağlıq Qarabağ da daxil olmaqla, bütün işğal olunmuş Azərbaycan rayonlarından erməni silahlılarının çıxarılmasıdır. Növbəti mərhələdə məcburi köçkünlər doğma yurdlarına qaytarılmalıdır və yalnız bundan sonra iki icma arasında normal qarşılıqlı münasibətlərin formalaşması fonunda Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesinə keçilə bilər ki, bu da birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Hazırda tərəflər arasında müzakirə edilən sənəddə də məhz bu məsələlər əks olunub. X.İbrahim onu da xatırladıb ki, Azərbaycan Konstitusiyasına əsasən, referendum yalnız ölkənin bütün ərazisində və bütün vətəndaşların iştirakı ilə keçirilə bilər.
Bundan bir neçə gün sonra isə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz olduğunu ölkə prezidenti İlham Əliyev də bəyan edib. «Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı dəyişməz mövqeyinə sadiqdir və Dağlıq Qarabağa Azərbaycanın ərazisindən kənar heç bir status verilməycək. Azərbaycan rəhbərliyinin razılığı olmadan hər hansı statusun müəyyənləşdirilməsi mümkün deyil. Bunu həm Ermənistan, həm də problemin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr bilir. Hazırda danışıqlar masası üzərində olan və ətrafında müzakirə aparılan sənəd də məhz bunu nəzərdə tutur», - deyə İ.Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, Ermənistan rəhbərliyi öz əhalisini nə vaxtsa guya Dağlıq Qarabağın müstəqillik əldə edəcəyinə inandırmağa çalışır: «Lakin danışıqlar masası üzərində olan sənəddə bu haqda bir cümlə belə yoxdur. Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi mövcud deyil, olmayıb və ola bilməz. Təəssüf ki, erməni təbliğatı ilə yanaşı bəzi dövlətlər də beynəlxalq səviyyədə reallığı əks etdirməyən subyektiv fikirlər səsləndirir. Məsələyə dair yalan informasiyanın yayılması isə yalnız situasiyanı daha da qəlizləşdirə bilər».
İ.Əliyevin bəyanatının fonunda belə bir sual meydana çıxır: «İnterfaks»ın məlumatı sadəcə jurnalist diqqətsizliyidir, yoxsa məqsədli şəkildə açıqlanmış fikirdir? M.Brayzanın özü sonradan «Turan»a verdiyi açıqlamada deyib: «İnterfaks» mənim sözlərimi kontekstdən çıxarıb və belə çıxıb ki, guya mən Dağlıq Qarabağ sakinlərinin tezliklə gələcəklərini özlərinin müəyyənləşdirəcəyini demişəm. Əslində isə mən demişəm ki, hazırda təkliflər paketi var və o, masanın üzərindədir. Bu təkliflərdə Dağlıq Qarabağa bitişik 7 rayondan erməni silahlılarının çıxarılmasını, oraya və Dağlıq Qarabağ azərbaycanlı əhalinin qaytarılmasını, regiona sülhməramlı qüvvələrin gətirilməsini, Ermənistanla Dağlıq Qarabağ arasında müəyyən əlaqələrin yaradılmasını nəzərdə tutur. Buraya Qarabağ əhalisinin də iştirak edəcəyi hansısa səsverməni də əlavə etmək olar. Bunun səsvermə, yoxsa referendum olacağı, nə vaxt baş tutacağı isə danışıqlar predmetidir. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu beynəlxalq prinsipin yüksək statusu var. Eyni zamanda Ermənistan tərəfi üçün vacib olan siyasi prinsiplər də var».
Qeyd etmək lazımdır ki, Ermənistanın hazırkı rəhbərliyinin öz əhalisini aldatması üçün ciddi səbəblər var. Artıq mətbuatda dəfələrlə qeyd olunduğu kimi, regionda qüvvələr balansı heç də Ermənistanın xeyrinə dəyişmir. Azərbaycanda «üçüncü neft bumu»nun başlanması ilə qüvvələr balansının dəyişdiyini Ermənistan da dəfələrlə bəyan edib. Daim ermənilər tərəfindən səs-küylə səsləndirilən «Azərbaycanın nefti, bizimsə diasporamız var» kimi şuarlar isə artıq təsdiqini tapmır. Diasporanın «pul kisələri»ndən hansısa birdəfəlik işdə istifadə etmək olar. Ciddi layihələr üçün isə ciddi kapital lazımdır və bunun üçün müvafiq iqtisadi bazisə ehtiyac var. Ermənistan isə bu gün belə bazisdən məhrumdur.
Bakıda Azərbaycan Ordusunun yaradılmasının 90 illiyinə həsr olunan paraddan sonra erməni forumlarında «biz ordumuzdakı ruh yüksəkliyi hesabına onsuz da qələbə qazanacağıq» kimi şərhlərin yer almasına da diqqət yetirmək lazımdır. Demək, artıq erməni strateqləri ortaya «yüksək ruh»dan başqa heç nə qoya bilmirlər. Döyüş meydanında qüvvələr nisbətini empirik yolla yoxlamaq mümkün deyil. Amma görünür, ermənilərin özlərinin şəksiz hərbi üstünlüklərinə olan inamları da artıq sarsılıb. Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri isə Moskvanın köhnə tarixi müttəfiqini əvvəlkitək dəstəkləməyə hazır olub-olmamasına dair də suallar yaradıb. Və general Bordyuca bu suallara yalnız qismən aydınlıq gətirə bilir. Doğrudur, o, Ermənistana qarşı «təcavüz»ün olacağı təqdirdə, Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşları tərəfindən müdafiə olunacağını bildirib. Lakin Ermənistanın ərazisindən kənarda gedən döyüşləri bu ölkəyə qarşı «təcavüz» saymaq mümkündürmü? Bax, bu sual da cavabsız qalır.
Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə ilə münasibətlərin normallaşmasına cəhdləri də gözlənilən nəticəni vermir. Üstəlik, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindəki tikintisinin başlanmasının Ermənistan tərəfindən «fəlakət» kimi qiymətləndirilməsi də əsassız deyil: artıq hətta Türkiyənin Ermənistanla sərhədləri açacağı təqdirdə belə, Yerevan regionda nəqliyyat infrastrukturu baxımından əvvəlki mövqeyini bərpa edə bilməyəcək.
Diplomatik sahədə qüvvələr balansı da Ermənistanın xeyrinə dəyişmir. Metyu Brayzanın bəyanatı (əlbəttə ki, söhbət «İnterfaks»ın yaydığı məlumatdan getmir) Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda əslində nəyin müzakirə olunduğunu ortaya qoyub. Həmsədrlərin rəsmi bəyanatlarındakı müxtəlif «informasiya sızmaları»nı müqayisə etmək bir məqamı anlamaq üçün kifayətdir: əgər əvvəllər söhbət yalnız 2 rayondan erməni qüvvələrinin çıxarılmasından gedirdisə, hazırda 5 və ya 7 rayonun boşaldılması məsələsi gündəmdədir.
Odur ki hazırkı mərhələdə kimin güzəştə getməli olması sadəcə ritorik sualdır. Üstəlik, beynəlxalq hüququ da hələ ki heç kəs ləğv etməyib.
Bütün bunlara baxmayaraq, Ermənistan hələ də əmindir ki, «hərbi qələbə» əldə edib və artıq yalnız onun nəticələrinin siyasi yolla möhkəmləndirilməsi qalıb. Ayrı-ayrı «politoloq»lar, deputatlar və digərləri məhz bu haqda danışırlar. Ermənilərin öz müvəffəqiyyətsizliklərini büruzə vermək istəməməsi aydındır: Qarabağda məğlubiyyət «Qarabağ klanı»na çox baha başa gələ bilər.
Həqiqətən də, Ermənistanın yeni prezidenti S.Sarkisyanın mövqeyinin möhkəm olduğunu söyləmək mümkün deyil. Bu il martın 1-2-də Yerevan küçələrində baş vermiş qanlı faciə yalnız keçmiş «səhra komandirləri»nin fəaliyyətinin hansı istiqamətdə qurulduğunu göstərmədi, həm də Sarkisyanın ciddi dəstəyinin olmadığını nümayiş etdirdi. Eyni zamanda ölkə müxalifəti hakimiyyət uğrunda mübarizəni davam etdirir və vaxtaşırı mitinqlər və digər etiraz aksiyaları təşkil edir. Belə olan halda, əlbəttə ki, geniş kompromislər yada düşmür. Xüsusilə də, nəzərə alsaq ki, S.Sarkisyan seçkiqabağı kampaniyasını ultramillətçi şüarlar əsasında qurmuşdu...
Bir sözlə, bu gün danışıqlar, faktik olaraq, «ermənidaxili siyasi tələyə» düşüb. Və bizə yalnız Yerevanda sağlam düşüncənin qalib gələcəyinə ümid etmək qalır.
MƏSLƏHƏT GÖR: