14 Mart 2025

Cümə, 22:35

SONU GÖRÜNMƏYƏN "TAKTİKİ GEDİŞ"

Ermənistanla sərhədin açılmasından Türkiyə nə udacaq?

Müəllif:

01.08.2008

İyulun 8-də Berndə keçirilmiş Türkiyə-Ermənistan məxfi danışıqlarının son raundu yalnız Cənubi Qafqazda yox, bütün dünyada geniş rezonans doğurdu. Məsələ bundadır ki, iki ölkə arasında diplomatik kontaktların artıq bir neçə ildir davam etməsinə baxmayaraq (Rəcəb Tayyip Ərdoğanın hakimiyyətə gəlməsindən sonra isə bu əlaqələr daha da aktivləşib), iki qonşunun dialoqunda hər hansı irəliləyiş qeydə alınmırdı.

Bütün bu illər boyu ikitərəfli münasibətlərdə təşəbbüskar tərəf kimi Ankara çıxış edib: 2005-ci il aprelin 22-də Ankara qondarma "erməni soyqırımı" məsələsinə dair Ermənistana ilk "diplomatik zərbə" endirdi - Türkiyə hökuməti 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrin araşdırılması üçün birgə tarixi komissiyanın yaradılmasını təklif etdi. Erməni tərəfi bu təklifi rədd etmək üçün arqument tapa bilmədi və Ankara həm Avropada, həm də ABŞ-da antitürk siyasətçiləri "yerində oturtmaq" üçün güclü arqument əldə etdi.

Ötən 3 il ərzində erməni tərəfi dəfələrlə Ərdoğanın təşəbbüsündən yayınmağa çalışıb. Yerevan gah "soyqırım" mövzusunda konfrans keçirilməsini təklif edib, gah 1915-ci il hadisələrinə aidiyyəti olmayan hökumətlərarası komissiyanın yaradılmasını vacib sayıb. Buna cavab olaraq Türkiyə tərəfi dəfələrlə bildirib ki, yalnız beynəlxalq hüquqi komissiyanın çərçivəsində elmi komissiyanın yaradılacağı təqdirdə əməkdaşlığa hazırdır. Lakin Ermənistan bu təkliflə razılaşmayıb.

Ankarada yaxşı anlayırdılar ki, irəli sürdükləri təşəbbüs "erməni faktoru"nu tamamilə aradan qaldırmayacaq, amma bununla belə, Ermənistanla münasibətlərin normallaşmasından söhbət belə getmirdi. Bütün bu illər ərzində Ermənistan eks-prezidenti Robert Koçaryanın antitürk siyasi kursu diplomatik dalandan çıxmağa imkan vermirdi. R.Koçaryanın iki prezidentlik müddəti zamanı, Türkiyəyə qarşı siyasət birinci prezident Levon Ter-Petrosyanın dönəmindən də sərt forma aldı.

Beləliklə, heç bir beynəlxalq struktur və ya dövlətin Türkiyənin "soyqırım"a münasibətini dəyişməyəcəyini dərk etmək üçün Ermənistana düz 17 il lazım gəldi. 

Digər tərəfdən, erməni iqtisadiyyatı ilə müqayisədə Azərbaycanın sürətli inkişafı da Yerevanı narahat etməyə bilməzdi. Üstəlik, ikinci müddətə prezident seçilmiş Gürcüstan lideri Mixail Saakaşvilinin siyasi kursu da Ermənistanın  nəqliyyat blokadasından çıxmaq şansını sıfra endirib. 

Dövlət borcu hesabına Rusiyaya güzəştə getdiyi müəssisələrə rus sərmayələrinin axacağını düşünən və "iqtisadi möcuzə" gözləyən "Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşı" yanıldı. Rusiyanın Ermənistana verdiyi təbii qazın tariflərini dəyişməsi isə artıq səbir kasasını daşdırdı. "Qazprom"la imzalanmış yeni razılaşma Ermənistana nəql olunan "mavi  yanacağın" tədricən dünya qiymətlərinə satılmasını nəzərdə tutur. Bu proses 2012-ci ildə yekunlaşmalıdır. Sıravi ermənilərin böyük əksəriyyətinin yoxsulluq həddində olduğunu nəzərə alsaq, "Qazprom"un qərarının Ermənistanda hansı rezonans doğurduğunu təsəvvür etmək olar. Axı, kasıb Ermənistanda kommunal xərclərin azlığı ölkədə antihökumət çıxışlarının qarşısını alan vacib faktor sayılırdı. Artıq gələn il qazın qiymətində ilk artım nəzərdə tutulub. "Qaz iynəsi"ndən düşməyin mümkünsüz olduğunu başa düşən rəsmi Yerevan tələm-tələsik çıxış yolu axtarmağa başlayıb. Yalnız diasporun maliyyə köməyi ilə regionda qüvvələr balansını qoruyub saxlamağın qeyri-mümkün olduğunu anlayan Ermənistan rəhbərliyi çıxış yolu kimi dövlət sərhədinin açılması müqabilində, Türkiyəyə qarşı siyasəti dəyişmək qərarına gəlib. Erməni siyasətçilərinin qənaətinə görə, bu addım işğal olunmuş Azərbaycan ərazilərini qaytarmadan da ölkəni iqtisadi böhrandan çıxarmağa imkan verəcək.

Bu yaxınlarda prezidentliyinin "100 günü"nü qeyd edən Serj Sarkisyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, türkiyəli həmkarı Abdulla Gülü Yerevanda keçiriləcək futbol matçına dəvət etmək "doğru qərar"dır. "Biz nə qədər lazımdırsa, o qədər də cavab gözləməyə hazırıq. Əsas məsələ odur ki, nə Ermənistan, nə də Türkiyə bundan sonra da diplomatik münasibətlər qurmadan yaşaya bilməzlər. Biz bu münasibətlərə hazırıq, indi cavab Türkiyənindir",- deyə Sarkisyan bildirib. Amma eyni zamanda, o, Ankaranın 3 tələbindən hansına əməl etməyə hazır olduğunu açıqlamayıb.

məlum olduğu kimi, Türkiyə 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub, amma artıq iki ildən sonra Yerevanda hökm sürən antitürk əhval-ruhiyyəsi və Azərbaycana qarşı yeridilən işğalçı siyasət Ankara ilə Yerevan arasında münasibətlərin gərginləşməsinə, sonda isə sərhədlərin bağlanmasına gətirib çıxardı. Bu gün Türkiyənin Ermənistana qarşı 1993-cü ildə irəli sürdüyü tələblər dəyişməz qalıb. Bu tələbləri üç maddədə göstərmək olar:

 

1.Qondarma "soyqırım"ın tanınması siyasətindən imtina;

2.Türkiyəyə qarşı ərazi iddialarından imtina;

3.Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi.

 

Ermənistan SSR Ali Sovetinin 1990-cı il avqustun 23-də qəbul etdiyi müstəqillik bəyannaməsinin 11-ci maddəsində deyilir ki, "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda ermənilərin soyqırımının dünya tərəfindən tanınması səylərini dəstəkləyir".

1991-ci il sentyabrın 23-də Ermənistan parlamenti bir daha müstəqillik Bəyannaməsinin maddələrinə sadiqliyi elan edib, 1995-ci ildə referendumda qəbul olunmuş Konstitusiyada isə açıq şəkildə vurğulanır ki, "Ermənistan müstəqillik Bəyannaməsində əks olunan ümummilli məqsədlərə daim əməl edəcək".

1991-ci ilin fevralında isə erməni parlamenti 1921-ci ildə Qars müqaviləsi ilə təsdiqlənmiş Türkiyə sərhədlərini tanımadığını bəyan etdi.

Sözügedən bəyannamədə "Qərbi Ermənistan" dedikdə, Türkiyənin cənub-şərqi vilayətləri, həmçinin Qara dənizin Türkiyə sahilləri nəzərdə tutulur. Ermənilərin özlərinin "itirilmiş ərazilərin rəmzi" adlandırdıqları Ağrıdağa (Ararat) iddialarını da nəzərə alsaq, Ankaranın buna sərt reaksiyası başadüşüləndir. Hələ 2004-cü ilin mayında Ermənistanın eks-baş naziri Andranik markaryan rəsmən bəyan etmişdi ki, "rəsmi Yerevanın Türkiyənin üç şərtindən birini belə qəbul etməsi güclü erməni dövlətinin məhvinə səbəb olar". "Əgər biz Türkiyədən torpaqlarımızı geri almaq istəyiriksə, onda nümayişkarcasına Ankaranın erməni soyqırımını tanımalı olduğunu bəyan etməliyik", - deyə hökumət başçısı bildirmişdi.

İndi Ermənistanın Türkiyənin üç şərtindən hansını əməl etməyə hazır olduğu sirr olaraq qalır. Çox güman ki, söhbət birinci şərtdən gedir. Ermənistanın baş naziri Tiqran Sarkisyanın son bəyanatları da buna işarədir. Xatırladaq ki, hökumət başçısı erməni gəncliyini antitürk ritorikadan uzaqlaşaraq dövlətçilik dəyərlərinə diqqət yetirməyə çağırmışdı.

Son onilliklər boyu erməni təşkilatlarının fəaliyyətinin əsasını "soyqırım" anlayışı təşkil etdiyini nəzərə alsaq, "tarixi vətən"dən gələn bu çağırış diasporaya sarsıdıcı zərbə sayılmalıdır.

maraqlıdır ki, Robert Koçaryanın prezidentliyi dönəmində diaspora daxilində münasibətlər onsuz da gərgin idi. Bu ilin əvvəlində müxalifətə dəstək verən çoxmilyonluq diaspora artıq açıq şəkildə Ermənistan iqtidarı ilə münaqişəyə getdi, martın 1-də baş vermiş qanlı hadisələrdən sonra isə diaspora Levon Ter-Petrosyanın müdafiəsinə çoxminlik mitinqlər başladı. Los-Anceles və dünyanın digər şəhərlərində diaspora nümayəndələri "Levon, Levon", "Sarkisyan, rədd ol" şüarları ilə küçələrə çıxdı.

Bütün bunları nəzərə alsaq, rəsmi Yerevanın "soyqırım"ın tanınması istiqamətində siyasətini qismən belə dəyişməsinin nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil. Odur ki Ermənistanın özündə də Abdulla Gülün Yerevana dəvəti "heç bir nəticəsi olmayacaq taktiki gediş" kimi qiymətləndirilir.

Erməni və türk diplomatları arasında görüşlər indiyədək dəfələrlə keçirilib. məsələn, 2007-ci ilin yanvarında İstanbulda ermənidilli "Aqos" qəzetinin baş redaktoru Qrant Dinkin dəfn mərasiminə Ermənistan xarici işlər nazirinin müavini Arman Kirokosyan da təşrif buyurmuşdu. Türkiyə XİN-in nümayəndələri ilə görüşən Kirokosyan türkiyəli jurnalistlərlə söhbətində ölkəsinin heç bir qeyd-şərtsiz Türkiyə ilə əlaqələrin qurulmasına hazır olduğunu bildirmişdi. Buna cavab olaraq, Türkiyə tərəfi antitürk təbliğatına son qoyulması üçün rəsmi Yerevanın diasporaya təsir göstərməli olduğuna işarə vurub. Ankarada Kirokosyanın "Ermənistanda heç kəs Türkiyənin düşməni deyil" bəyanatını "sakit nikbinliklə" qarşıladılar. Sonrakı hadisələr də göstərdi ki, Ermənistan XİN başçısı müavininin bu bəyanatı elə söz olaraq qaldı. Qondarma "soyqırım"ın tanınması siyasəti davam etdi, Yerevanda isə elə Ermənistan prezidentinin gözü qarşısındaca yenidən türk bayraqlarına od vuraraq, "soyqırım qurbanlarının xatirəsi" yad edildi.

Türkiyə mətbuatının yazdığına görə, rəsmi Ankara dövlət sərhədini dərhal açmağa razılıq verib. Amma bir şərtlə ki, Ermənistan "soyqırım"ın tanınması siyasətindən imtina etsin və iki ölkə arasında hazırkı sərhədləri müəyyənləşdirən Qars müqaviləsini tanısın. Türkiyənin xarici işlər naziri Əli Babacan isə bildirdi ki, Abdulla Gülün Yerevana səfərinin baş tutub-tutmayacağı yaxın aylarda proseslərin gedişindən asılı olacaq. Türkiyəli analitiklər belə hesab edirlər ki, bununla Ankara Yerevana, ola bilsin ki, İsveçrədəki son danışıqlar zamanı irəli sürülən təşəbbüslərlə bağlı düşünmək üçün vaxt verib".

Maraqlıdır ki, siyasi sahədən fərqli olaraq, iki ölkə arasındakı iqtisadi əlaqələr inkişaf etməkdədir. Rəsmi rəqəmlərə görə, hər il Türkiyə kurortlarında 3 milyonluq Ermənistandan 50 minə yaxın turist istirahət edir, iki ölkə arasındakı ticarət dövriyyəsi isə 160 milyon dolları ötüb. Bundan başqa, Türkiyə rəhbərliyi bu ölkədə 70 minə yaxın Ermənistan vətəndaşının qeyri-qanuni olaraq işləməsi faktına da göz yumur.

Etiraf etmək lazımdır ki, son illər Türkiyədə antierməni ritorika xeyli azalıb. Bu ölkənin KİV-də Ermənistana qarşı məqalələrin sayı məhdudlaşıb, Ermənistan əleyhinə rəsmi çağırış və bəyanatlara isə imkan verilmir. Adi bir misal - aprelin 27-də Yerevanda Türkiyə bayrağının yandırılmasına cavab olaraq, İqdır şəhərində bir qrup Ermənistan bayrağına od vurmaq istəsə də, polis buna imkan verməyib.

Qeyd etmək lazımdır ki, sərhədin açılmasından daha çox Ermənistan udacaq, Türkiyə isə iş dalınca sərhədə axışan çoxminlik ac erməni kütləsi ilə üz-üzə gələcək. Cəmi 3 milyon əhalisi olan Ermənistan bazarı da Türkiyə üçün o qədər cəlbedici görünmür.

Elə isə sərhədin açılması Türkiyəyə nə verəcək? 


MƏSLƏHƏT GÖR:

390