14 Mart 2025

Cümə, 23:32

UZAĞA APARAN YOL

Bakı - Tbilisi - Qars dəmir yolu yalnız region ölkələrinin nəqliyyat təhlükəsizliyinin qarantı deyil

Müəllif:

01.08.2008

İyulun 24-də Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Abdulla Gül və Mixail Saakaşvili Bakı - Tbilisi - Qars (BTQ) dəmir yolunun Türkiyə hissəsinin təməlini qoydular. Bu hadisə dünyaya növbəti dəfə regional əməkdaşlıq, mətanət nümunəsini, həmçinin, regionun üç ölkəsinin bütün maneələrə baxmayaraq, başlanılan işi sona çatdırmaqda qərarlı olduqlarını nümayiş etdirdi.

 

Qarşılıqlı fayda

Təməlqoyma mərasimini açan Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım BTQ dəmir yolunun 76 kilometrlik Türkiyə hissəsinin əsasının qoyulmasını tarixi hadisə adlandırıb. Nazir bildirib ki, bu layihə bütün sahələrdə uğurla əməkdaşlıq edən Azərbaycan, Türkiyə və Gürcüstanı daha da yaxınlaşdıracaq. Onun sözlərinə görə, BTQ yalnız bu üç ölkədə yox, həmçinin onun xidmətindən istifadə edəcək digər dövlətlərin də nəqliyyat əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaq.

Gürcüstan lideri M.Saakaşvili isə BTQ-ni əsrin əsas layihələrindən biri kimi xarakterizə edib. Bu yolun hər üç ölkənin ixrac potensialını artıracağını söyləyən prezident layihə vasitəsilə Azərbaycan, Türkiyə və Gürcüstanın Avropaya çıxış əldə edəcəklərini deyib. O, dəmir yolunun Gürcüstan hissəsinin tikintisinə Azərbaycanın böyük dəstək göstərdiyini də xatırladıb. M.Saakaşvili hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin cəsarətli mövqeyi və fəal yardımı olmasaydı, Bakı - Tbilisi - Qars dəmir yolunun reallaşdırılması mümkün olmazdı. "Gürcüstan üçün Bakı - Tbilisi - Qars dəmir yolu da Bakı - Tbilisi - Ceyhan və Bakı - Tbilisi - Ərzurum enerji layihələri kimi, yalnız iqtisadi rifah yox, həm də ölkənin müstəqilliyinin təmin edilməsi üçün əvəzolunmaz imkandır", - deyə Mixail Saakaşvili qeyd edib.

Xatırladaq ki, hələ 2007-ci ilin sonlarında BTQ-nin Gürcüstan hissəsinin təməlqoyma mərasimində Mixail Saakaşvili demişdi: "Bu gün tarixi gündür. Gürcüstan dalandan çıxır". 

O, Rusiya ilə Abxaziyadan keçən dəmiryolu əlaqəsinin kəsilməsindən sonra, Gürcüstanın Azərbaycanı öz müstəqilliyinin qarantı saydığını bildirib. Ən çətin anlarda göstərdiyi köməyə görə İlham Əliyevə təşəkkürünü bildirən gürcü lider deyib: "Azərbaycan bizim müstəqilliyimizin və uğurlu inkişafımızın əsas qarantıdır".

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin rolunu İ.Əliyev də vurğulayıb. O, Bakı - Tbilisi - Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasını üç ölkənin əməkdaşlığında növbəti tarixi hadisə adlandırıb. "Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan yeni tarix yazır", - deyə İlham Əliyev bildirib. 

O, BTQ-ni üç ölkənin səmərəli əməkdaşlığının daha bir nümunəsi sayır. Azərbaycan, Türkiyə və Gürcüstanın uğurlu qarşılıqlı əlaqələrindən danışan prezident bildirib ki, bu gün siyasi iradə, əməkdaşlıq və üç ölkə xalqlarının birliyi sayəsində yalnız region üçün yox, bütünlükdə dünya üçün əhəmiyyətli olan Bakı - Tbilisi - Ceyhan və Bakı - Tbilisi - Ərzurum kimi layihələr reallaşdırılıb.

Türkiyə prezidenti A.Gül isə öz növbəsində BTQ dəmir yolunun çəkilişini tarixi İpək Yolunun bərpası kimi qiymətləndirib. Onun fikrincə, bu layihə sadəcə Azərbaycan, Türkiyə və Gürcüstanı bir-birilə birləşdirmir, həmçinin Avropa ilə Asiya arasında vacib telə çevrilir. Çünki Asiya ilə Avropanı birləşdirəcək dəmir yolun istifadəyə verilməsindən sonra Qarsdan Qazaxıstana, oradan Şanxay və Honkonqa çıxmaq mümkün olacaq: "Bu, həqiqətən də nəhəng layihədir. Çünki o, sadəcə Azərbaycan, Türkiyə və Gürcüstanı dəmir yolu ilə bir-birinə bağlamayacaq. Bu dəmir yol Asiyanın mərkəzini və Çini Avropanın digər ucu - Londonla birləşdirəcək. Layihə hazır olduqdan sonra bu marşrutla yalnız sərnişinləri deyil, həmçinin, Mərkəzi Asiyadan Avropaya və əksinə böyük həcmdə yükləri daşımaq da mümkün olacaq. Bu mənada layihə yalnız iki müxtəlif coğrafiyanı yox, həmçinin mədəniyyətləri bir-birinə bağlayacaq. Odur ki Bakı - Tbilisi - Qars dəmir yolunun əhəmiyyətini anlamaq çətin deyil".

 

Siyasi və iqtisadi mahiyyət

BTQ-nin yalnız üç region ölkəsini yox, bütünlükdə Asiya ilə Avropanı birləşdirmək məqsədi güddüyü hələ layihənin reallaşdırılmasına başlanılan ən ilkin mərhələlərdə bəyan edilmişdi. Bu isə onun həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətini daha da artırır. Lakin layihənin əleyhdarlarını və bədxahlarım onun iqtisadi cəhətlərindən çox, siyasi aspekti maraqlandırır. Belə qüvvələr özlərinə təksinlik vermək üçün mətbuatda və ayrı-ayrı dairələrdə Qazaxıstan, Çin və Hindistanın bu layihədə maraqlı olmalarına şübhə ilə yanaşırlar. Qazaxıstanın əsas ticari tərəfdaşının Rusiya olduğu vurğulanır və bildirilir ki, Astananın BTQ layihəsinin fəal iştirakçısına çevrilmə ehtimalı yüksək deyil. Lakin Qazaxıstanın Bakı - Tbilisi - Qars layihəsinə qoşulduğunu özündə əks etdirən protokolun imzalanması bu sahədəki bütün şübhələrə son qoydu. 

Bundan başqa, bəzi analitiklər və siyasətçilər iddia edirdilər ki, dəniz vasitəsilə daşımalar üçün daha az xərc tələb olunduğundan, Çin və Cənubi Koreya kimi sənaye nəhənglərinin dəniz daşımalarından dəmir yol daşımalarına keçməsi ehtimalı yüksək deyil. Amma bu gün layihənin iştirakçısı olan dövlətlərin başçıları dəmir yola maraq göstərən ölkələrin adını, Çin də daxil olmaqla, açıq şəkildə bəyan edirlərsə, demək, bunun üçün onların ciddi əsasları var.

Xatırladaq ki, vaxtilə Bakı - Tbilisi - Ceyhan neft kəməri və Bakı - Tbilisi - Ərzurum qaz kəmərinin perspektivi haqda da çoxsaylı skeptik proqnozlar verilirdi. Azərbaycanın bu kəmərləri doldurması üçün kifayət qədər ehtiyatının olmadığı, həmçinin Xəzər qonşuları - Qazaxıstan və Türkmənistanın bu layihələrə qoşulmayacağına dair fikirlər irəli sürülürdü. Lakin bu gün Bakı - Tbilisi - Ceyhan, demək olar ki, tam gücü ilə işləyir və bu, yalnız Azərbaycan nefti hesabına baş verir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan nefti hələ uzun illər bu marşrutun tam həcmdə işləməsini təmin edəcək. 

Qeyd edək ki, bu boru xətti 2009-cu ildə tam gücü ilə işləyəcək və onun vasitəsilə 50 milyon tondan artıq neft nəql olunacaq. Daha sonra Qazaxıstanın da bu boru xətti ilə öz neftini nəql etməsi nəzərdə tutulub.

Bakı - Tbilisi - Ərzurum qaz kəməri ilə bağlı vəziyyət də oxşardır. O, perspektivdə Avropanın enerji təhlükəsizliyini təmin edən əsas mənbələrdən birinə çevrilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda kəşfiyyat işlərinin nəticəsi də sevindiricidir - ölkənin təbii qaz ehtiyatları, minimum hesablamalara görə, 2 trilyon kubmetrə çatır.

Beləliklə, Bakı - Tbilisi - Qars, Bakı - Tbilisi - Ceyhan və Bakı - Tbilisi - Ərzurum layihələrindən sonra Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən reallaşdırılan növbəti irimiqyaslı layihədir. Odur ki bu gün hər üç ölkə prezidentlərinin aralarındakı əməkdaşlığı dünya üçün nümunə göstərməyə tam haqları çatır. "Deyə bilərəm ki, dünyada, bəlkə də, üç ölkə arasında belə üçtərəfli əməkdaşlığa rast gəlmək mümkün deyil. Bu əməkdaşlığın analoqu yoxdur. Biz siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq edirik və bu, müxtəlif layihələrin reallaşdırılması baxımından da çox əhəmiyyətlidir. Türkiyə, Gürcüstan və Azərbaycan yalnız bizim ölkələrimiz və xalqlarımız üçün yox, bütünlükdə Avropa və dünya üçün əhəmiyyətli olan irimiqyaslı layihələr həyata keçirirlər", - deyə İlham Əliyev BTQ-nin Türkiyə hissəsinin təməlqoyma mərasimində bildirib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçtərəfli formatla layihələrin reallaşdırılması ilə məhdudlaşmır. Dövlət başçıları ikitərəfli formatda reallaşdırılan bir sıra vacib layihələri də qeyd ediblər ki, onların sırasında Batumidə Türkiyə ilə Gürcüstanın birgə aerodromu var. Bu layihə dünyada Cenevrə aerodromundan sonra iki ölkəyə xidmət edən ikinci belə obyektdir. 

Bundan başqa, Gürcüstanın Qara  dəniz sahilində Azərbaycana məxsus Kulevi terminalı və digər layihələr də tərəflər arasında əməkdaşlığın nümunəsi kimi qeyd olunub.

Bu baxımdan, Türkiyə prezidenti Abdulla Gülün dünyada yeni iqtisadi regionun yaranması haqda bəyanatı kifayət qədər maraqlıdır. "Biz böyük sevinc və ümidlərlə görürük ki, dünyada adı hələ elan edilməmiş yeni iqtisadi region yaranır", - deyə A.Gül bildirib. 

Özü də söhbət heç də üç ölkə ilə məhdudlaşacaq qapalı məkandan getmir. Türkiyə prezidentinin söylədiyi kimi, yeni iqtisadi regionun qapıları Qafqazın bütün ölkələri və coğrafi region üçün açıqdır. Lakin bir şərtlə: "Bu qapılar regionda sülh və sabitliyə çalışan, mehriban qonşuluq əlaqələrinə əhəmiyyət verən və ona hörmət edən hər kəs üçün açıqdır". Bu bəyanatda qonşularına qarşı aqressiv siyasət yürüdən və nəticədə regional əməkdaşlıqdan kənarda qalmış Ermənistana işarə edildiyi aydındır.

 

Ermənilərdən "qatarın qarşısını kəsmək" cəhdi

Yeri gəlmişkən, BTQ-nin Türkiyə hissəsinin təməlqoyması ərəfəsində erməni faktoru özünü bir daha göstərib. İyulun 18-də Axalkalakinin (Gürcüstan) rayon mərkəzində yerli polis rəisinin evi yaxınlığında partlayış baş verib. Mətbuatın məlumatına görə, elə həmin axşam Gürcüstan  hüquq-mühafizə orqanları ermənilərin "Vahid Cavaxk" təşkilatının funksionerlərinin həbsinə başlayıblar. Təəssüf ki, əməliyyat zamanı polis itkisiz ötüşə bilməyib. 

İlk baxışdan belə fikir yarana bilər ki, qeyd olunan insidentlə BTQ layihəsi arasında hansı əlaqədən söhbət gedə bilər? Amma hər şey göründüyü kimi sadə deyil. 

BTQ dəmir yolunun keçdiyi bölgələrdən olan Axalkalakidə (Gürcüstanın Samsxe-Cavaxetiya regionu) əhalinin böyük əksəriyyəti ermənilərdir. İyunun 18-də evinin qarşısında partlayışın baş verdiyi polis rəisi də milliyyətcə ermənidir. Ermənistanın səyi ilə BTQ layihəsinin reallaşmasına istənilən yolla mane olmağa çalışan "Vahid Cavaxk" təşkilatı da məhz burada fəaliyyət göstərir. 

Partlayışın və bu təşkilatın üzvlərinin həbsindən dərhal sonra Ermənistan mətbuatında insidentin erməniləri bölgədən sıxışdırmaq məqsədi güdən Gürcüstan hökumətinin təxribatı olmasına dair məlumatların yer alması da təsadüfi deyil. Bu, köhnə "erməni üsulu"dur: əvvəlcə təxribat, daha sonra "kömək edin, bizi öldürürlər!" çağırışları. Hələ 1988-ci ildə erməni təşkilatları bu üsuldan Sumqayıtda uğurla istifadə etmişdilər. Sonradan istintaq sübut etmişdi ki, Sumqayıt ermənilərinin evlərinin dağıdılması və onların qovulmasında əsas təşkilatçıları və iştirakçılar məhz ermənilərin özləri olublar.

Gürcüstanla bağlı vəziyyətdə də sübuta ehtiyac yoxdur. Misal üçün, bu yerdə Ermənistan Politoloqlar İttifaqının rəhbəri Amayak Ovannisyanın bəyanatına nəzər salaq: "Vahid Cavaxk" təşkilatının onlarca üzvünün həbsi ilə əlaqədar olaraq, situasiya çox ciddidir. Bu təşkilat dəfələrlə yerli erməni əhalinin həm rəsmi Tbilisinin siyasətindən, həm də BTQ dəmiryolunun ermənilərin sıx yaşadıqları bu regiondan keçməsindən narazı olduğunu bəyan edib".

PANarmenian agentliyinin analitik qrupunun gəldiyi nəticə isə belədir: "Əgər dəmiryol (BTQ) 2011-ci ildə açılacaqsa (artıq büna şübhə yoxdur), deməli, Gürcüstanın erməni əhalinin yaşadığı Cavaxk regionunun gələcəyi çox dumanlı görünür. 2011-ci ildə Gürcüstan, nəhayət, Avropa Şurasının Məshəti türklərinin məhz Samsxe-Cavaxetiyaya yerləşdirilməsini nəzərdə tutan qətnaməsinə əməl etməlidir". 

Bu bəyanatlara diqqət yetirmək kifayətdir ki, təxribatda kimlərin maraqlı olduğunu müəyyənləşdirəsən - Gürcüstan hökumətinin, yoxsa erməni separatçıların.

Bu, oxşar faktların sadəcə bir hissədir. Lakin region ölkələrinin əməkdaşlığına mane olmaq üçün növbəti cəhdlərin olmayacağına zəmanət yoxdur. Bununla yanaşı, bir məqam aydındır ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında regional layihələrin həyata keçirilməsi prosesi dönməz xarakter alıb və heç bir təxribat onları dayandırmaq gücündə deyil. İlham Əliyevin də bildirdiyi kimi, əksinə, bu gün regionda gedən prosesləri məhz bu layihələr müəyyənləşdirir. "Bu gün görürük ki, bizim layihələrimizə qoşulmaq istəyən ölkələrin sayı getdikcə artır", - deyən Azərbaycan prezidenti əmindir ki, Bakı - Tbilisi - Qars layihəsini də Bakı - Tbilisi - Ceyhan və Bakı - Tbilisi - Ərzurum layihələrinin taleyi gözləyir. Çünki bunun üçün bütün imkanlar var. 

 


MƏSLƏHƏT GÖR:

465