
STRATEJİ ƏHƏMİYYƏTLİ SƏFƏR
Bakı ilə Aşqabadın mövqelərində yaxınlaşma regional sabitlik və Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olacaq
Müəllif: Samir MİRZƏYEV Bakı
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun Bakıya mayın 19-20-də azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə baş tutmuş səfəri böyük marağa səbəb olub. Səfəri Amerika və Avropadan tutmuş, Asiyayadək hamı maraqla izləyib. Və bunun səbəbi aydındır: Mərkəzi Asiyadan Cənubi Qafqaz və Avropayadək nəhəng bir geosiyasi məkandakı siyasi-iqtisadi qüvvələr nisbəti iki prezidentin danışıqlarının nəticəsindən asılı idi.
Aşqabadda hakimiyyətin dəyişməsindən sonra, Türkmənistanın yeni lideri Q.Berdımuhammedovun marağı və İ.Əliyevin səbirli və fəal dilomatiyası sayəsində Azərbaycan-Türkmənistan münasibətləri konkret əməkdaşlıq istiqamətinə dönüb. Məhz onların siyasi iradəsi və səyləri nəticəsində iki Xəzəryanı dövlət arasında münasibətlərin yeni mərhələsi başlayıb. Mayın 19-da keçirilən danışıqların yekununda Türkmənistan prezidentinin mətbuata açıqlamasında ikitərəfli münasibətlərin "yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu" bəyan etməsi də təsadüf deyil.
Uzun illərdən sonra ilk dəfə...
Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu il iyunun 8-də Türkmənistanın Bakıdakı, 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabaddakı səfirliyi açılıb. Lakin uzun illər ərzində iki dövlət arasında münasibətlər o qədər də yaxşı olmayıb. 1993-1994-cü illərdə Azərbaycanın Türkmənistandan aldığı qaza görə yığılıb-qalan borc səbəbindən isə münasibətlər daha da pisləşib. Hətta 2001-ci ildə Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov türkmənistanlı həmkarından borcun qalan hissəsinin ödənməsini tələb edən məktub da alıb.
Azərbaycan 1998-ci ilədək geri qaytaracağını vəd etdiyi borcu (1995-ci ildə bağlanmış hökumətlərarası razılaşmaya əsasən) şirin su, neft avadanlığı, yüngül sənaye malları, hətta gündüz işıq lapmaları ilə ödəsə də, təyin olunan vaxtadək vəsaiti tam ödəyib qurtara bilməyib. Türkmənistan tərəfinin hesablamalarına görə, həmin vaxta Azərbaycanın Aşqabada 59,692 milyon dollar borcu var idi və o, ABŞ dolları ilə qaytarılmalı idi. Lakin Bakı fərqli fikirdə idi. Azərbaycan tərəfi bu ölkəyə cəmi 28 milyon dollar borcunun qaldığını və onun da əmtəə vasitəsilə ödənəcəyini bildirirdi. Məhz bu fikir ayrılığı iki ölkə arasında münasibətlərin sərinləşməsinin əsas səbəblərindən biri idi.
Soyuqluğun daha bir səbəbi isə mərhum Türkmənbaşının Xəzər dənizinin statusunun müəyyənləşdirilməməsindən istifadə edərək ortaya qoyduğu iddia idi. O, 1997-ci il yanvarın 22-də "Financial Times" qəzetinə verdiyi müsahibəsində Xəzərdə Azərbaycana məxsus neft-qaz yataqlarına - "Kəpəz" və "Azəri-Çıraq-Günəşli"yə iddia ortaya qoymuşdu.
Qeyd edək ki, Azərbaycan Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində keçmiş SSRİ-nin Neft və Sənaye Nazirliyinin 1970-ci ildən tətbiq etdiyi təcrübəyə əsaslanır: təcrübə Xəzər dənizinin milli sektorlara bölünməsini nəzərdə tutur (Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, həmçinin, SSRİ-nin dövlət sərhədinin keçdiyi İran). Türkmənistana gəlincə o, sərhədyanı göllərin bölünməsi təcrübəsi və presedentindən istifadəni məqbul sayırdı.
Nəhayət, Bakı-Aşqabad münasibətlərinin gərginləşməsi 2001-ci ilin yayında Türkmənistanın Azərbaycandakı səfirini geri çağırmasına gətirib çıxardı. Gərginliyin piki isə 2002-ci ilin aprelində - beş Xəzəryanı dövlət başçısının sammitində Saparmurat Niyazovun Azərbaycan prezidenti Heydər Əliyevin çıxışına münasibət bildirərkən, sərt şəkildə "Xəzərdən qan iyi gəldiyini" bəyan etdiyi vaxt yaşandı.
Bütün bunlara baxmayaraq, 2002-ci il avqustun 8-də Azərbaycan Türkmənistana səfir təyin etdi. Amma Niyazov yenə də öz səfirini Bakıya göndərmədi.
2004-cü ilin iyununda Niyazov Azərbaycanın adını Türkmənistanda axtarışda olan şəxslərə yardım göstərən ölkələr siyahısına daxil etdi. Bu zaman o, Türkmənistanda təqib olunan Qida Sənayesi Assosiasiyasının sabiq rəhbəri Kakacan Ovezov, Mariysk vilayətinin keçmiş rəhbəri Aman Atayev və başqalarını nəzərdə tuturdu.
Elə həmin il Türkmənistandan azərbaycanlıların mühacirəti prosesi güclənməyə başladı və bu proses son zamanlaradək davam etdi.
Lakin 2007-ci il fevralın 11-də Qurbanqulu Berdımuhammedovun Türkmənistan prezidenti seçilməsi ilə ikitərəfi münasibətlərdə atmosfer dəyişməyə başladı. Bir çox azərbaycanlı ekspertlər bunu türkmənlərin yeni liderinin çevikliyi, praqmatizmi və müdrikliyi, həmçinin onun ciddi liderlik iddiaları ilə əlaqələndirirlər. Berdımuhammedov ölkəsini regionun lideri etməkdə qərarlıdır və anlayır ki, bu ideyanın reallaşdırılması üçün Bakı ilə mehriban qonşuluq münasibətləri, konstruktiv və qarşılıqlı səmərəli əlaqələr son dərəcə vacibdir. Türkmənistan prezidenti onu da anlayır ki, Aşqabadın Bakı ilə münasibətləri nə qədər fəal formada qurularsa, onun Moskva və Mərkəzi Asiyadan olan qonşuları ilə dialoq zamanı mövqeyi də bir o qədər möhkəm olacaq.
Beləliklə, 2007-ci il martın 14-də Azərbaycan və Türkmənistan prezidentləri İ.Əliyevlə Q.Berdımuhammedov arasında telefon danışığı oldu və söhbət zamanı ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd edildi.
Ötən ilin iyununda MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilmiş qeyri-formal sammitində isə İ.Əliyevlə Q.Berdımuhammedov öz aralarında görüş keçirdilər.
2008-ci il martın 5-də isə Türkmənistanın baş naziri Xıdır Saparəliyev və bu ölkənin xarici işlər naziri Rəşid Meredov Bakıya səfər edərək, prezident İ.Əliyevlə görüşdülər. Danışıqların yekununda borc öhdəlikləri və maliyyə tələbləri ilə bağlı məsələnin həllinə dair razılaşma imzalandı.
Nəhayət, bu ilin martında Aşqabad yenidən Azərbaycana öz səfirini təyin etdi.
Bütün bunların yekunu olaraq, mayın 19-20-də iki ölkənin müstəqillik tarixində ilk dəfə olaraq, Türkmənistan prezidenti Azərbaycana rəsmi səfər etdi.
"Tarixi hadisələr"
Azərbaycanın dövlət başçısı İlham Əliyev Qurbanqulu Berdımuhammedovun Bakıya səfərini "tarixi hadisə" adlandırıb. Qonaq isə öz növbəsində, bu səfərini ikitərəfli münasibətlərin inkişafında "yeni keyfiyyət mərhələsi" kimi xarakterizə edib.
İ.Əliyevin sözlərinə görə, səfər çərçivəsində onlar iki ölkə arasında yaxınlaşmanın konkret yollarını müzakirə ediblər. Prezidentlər xüsusilə "güclü nəqliyyat infrastrukturu"nun inkişafına səbəb olacaq tədbirlərə toxunublar. "Biz həmçinin energetika sahəsində əməkdaşlıq məsələsini müzakirə etdik. Bu sahədə bizim ölkələrimiz yüksək nəticələr göstərir və digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edir", - deyə Azərbaycan prezidenti qeyd edib.
Bakıda aparılan müzakirələrdə Xəzər dənizi ilə bağlı problem də diqqət mərkəzində olub. "Biz Xəzəryanı dövlətlərin Tehran sammitinin nəticələrini məmnunluqla qeyd etdik, həmçinin Xəzərdə gələcək əməkdaşlığın yollarına dair fikir mübadiləsi apardıq. Əminik ki, Azərbaycanla Türkmənistanın bu istiqamətdə effektiv qarşılıqlı fəaliyyəti bu məsələnin tam həllinə kömək edəcək", - deyə İ.Əliyev bildirib.
Q.Berdımuhammedov isə öz növbəsində bildirib ki, son zamanlar iki ölkə arasında siyasi dialoq əhəmiyyətli dərəcədə canlanıb. O, son dövrlər baş verən qarşılıqlı addımları xatırladıb - nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması, Azərbaycanın Türkmənistana olan borcu ilə əlaqədar məsələnin çözülməsi.
Berdımuhammedovun sözlərinə görə, son dövrlərdə iki ölkə arasında ticarət dövriyyəsinin üçqat artmasına baxmayaraq, iqtisadi potensialdan heç də tam istifadə edilmir.
O, Bakıda apardığı danışıqlar zamanı yanacaq-ener-getika sahəsində əməkdaşlıq məsələsinə xüsusi diqqət ayrıldığını söyləyib. Türkmənistan prezidentinin növbəti fikri xüsusilə diqqətəlayiqdir: "Biz belə düşünürük ki, məhz bu sahə dövlətlərarası tərəfdaşlığın əsas istiqaməti olacaq. Əməkdaşlıq imkanlarının dəqiqliklə öyrənilməsi və onun dünyaya təqdim edilməsi üçün biz bu ilin sentyabrında Bakıda "Türkmənistan neft-qaz konfransı" keçirmək haqda razılığa gəlmişik".
Q.Berdımuhammedov hesab edir ki, Bakı ilə Aşqabadın daha bir vacib əməkdaşlıq sahəsi nəqliyyat sektorudur. O, Azərbaycan və Türkmənistanın əlverişli məkanda - Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini xatırladaraq bildirib ki, bu, qeyd olunan üstünlükdən qonşu dövlətlərin öz maraqlarına, həmçinin həm Şərqdə, həm də Qərbdəki digər dövlətlərin maraqlarına uyğun istifadəyə imkan verir.
Bununla yanaşı, türkmən lideri ölkənin nəqliyyat infrastrukturunun inkişafı üçün tədbirlər gördüyünü söyləyib. Onun sözlərinə görə, ölkəsi xüsusilə İran və Qazaxıstanla yaxın tərəfdaşlıq etməklə, Şimal-Cənub transmilli nəqliyyat dəhlizini yaradır. Analoji layihələrin Azərbaycanda da reallaşdırıldığını xatırladan qonaq vurğulayıb ki, burada söhbət "iki ölkənin rəqabətindən yox, səylərin birləşdirilməsindən gedir ki, bu da regionun bütün ölkələri üçün real iqtisadi qazanclar vəd edir və yük və sərnişin daşımalarının genişləndirilməsinə imkan yaradacaq".
Berdımuhammedov ölkəsinin Azərbaycana Türkmənistanın yüksək keyfiyyətli toxuculuq və kimya sənayesi mallarını ixrac etməyə hazır olduğunu da bildirib.
Xəzər probleminə toxunan Q.Berdımuhammedov deyib ki, tərəflər "beş Xəzəryanı ölkənin mövqeyinin razılaşdırılması üçün danışıqların davam etdirilməsini vacib sayırlar". "Bu məsələnin həlli Xəzər regionunun sülh, mehriban qonşuluq, sabitlik və qarşılıqlı səmərəli əməkdaşlıq meydanına çevrilməsinin vacibliyinin başa düşülməsinə əsaslanır. Biz hesab edirik ki, Xəzər dənizinin statusunun tezliklə müəyyənləşdirilməsi onun karbohidrogen və bioloji resurslarının rasional mənimsənməsinə, Xəzər hövzəsinin nadir ekoloji sisteminin qorunub-saxlanmasına, həmçinin Xəzərdə fəal beynəlxalq iqtisadi əməkdaşlığa imkan yaradacaq",- deyə Türkmənistan prezidenti qeyd edib.
İ.Əliyevlə Q.Berdımuhammedov arasında danışıqlar yeddi ikitərəfli sənədin imzalanması ilə başa çatıb. İmzalanmış sənədlərə gəlincə, buraya iki ölkənin ticarət-sənaye palataları və maliyyə nazirlikləri arasında əməkdaşlığa dair razılaşma, birgə beynəlxalq yükdaşımaya dair hökumətlərarası razılaşma, avtomobil əlaqəsi, standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində qarşılıqlı fəaliyyət, həmçinin gənclər siyasəti və idman sahəsində əməkdaşlığa dair razılaşmalar aiddir.
Bundan başqa, iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalanıb ki, sənəd iki ölkənin xarici siyasət idarələrinə ikitərəfli və çoxtərəfli formatda dialoqun fəallaşdırılmasına imkan yaradacaq.
Ümumiyyətlə və özəlliklə
Yuxarıda qeyd edildiyi kimi, Türkmənistan rəhbərinin Bakıya səfəri dünya ictimaiyyətinin diqqətini özünə cəlb edib. Türkmənistanda hakimiyyət dəyişikliyinin baş verməsindən sonra ABŞ və Qərb zəngin karbohidrogen ehtiyatlarına, xüsusilə də təbii qaza malik bu ölkəni inandırmağa çalışır ki, onun Xəzərdən başlayaraq Avropa bazarlarına istiqamətlənmiş transmilli enerji layihələrinə qoşulması vacibdir. Məsələ ondadır ki, Azərbaycan və Türkmənistan arasında Xəzərə dair bütün mübahisəli məsələlərin həlli eyni vaxtda bir neçə əsas problemi çözmək deməkdir.
Birincisi, Xəzər hövzəsinin birdəfəlik bölüşdürülməsi məhz bundan asılıdır. Bu sahədə müsbət nəticənin əldə ediləcəyi təqdirdə - Q.Berdımuhammedovun səfərindən sonra buna ümid xeyli artıb - yaxın perspektivdə Xəzərin enerji təhlükəsizliyi ilə bağlı problemin tam olmasa da, müəyyən mənada çözüləcəyinə inanmaq olar.
Yeri gəlmişkən, bu problemin yaşanmasında İranın Xəzərin bərabər şəkildə bölüşdürülməsinə israr etməsinin də böyük rolu var. Beləliklə, bu problemlə əlaqədar olaraq, Azərbaycan-Rusiya, Azərbaycan-Qazaxıstan və Rusiya-Qazaxıstan razılaşmalarının analoqu olan Azərbaycan-Türkmənistan razılaşmasının da imzalanacağı halda, faktik olaraq, İranın digər Xəzəryanı ölkələr kimi hərəkət etməkdən başqa yolu qalmayacaq.
İkincisi, Xəzərlə bağlı razılığın əldə edilməsi tərəflərin mübahisəli "Kəpəz" yatağı ilə bağlı da ortaq məxrəcə gəlməsi demək olacaq ki, bu da Qərbin maraqlı olduğu enerji layihələrinin genişləndirilməsinə şərait yaradacaq.
Üçüncüsü, bu, Transxəzər qaz kəməri layihəsinin reallaşdırılması ilə bağlı yekun razılaşmaya (Qərb bu layihəyə lobbiçilik edir, Rusiyanın müxtəlif dairələri isə ona qarşı qəti əks-mövqe nümayiş etdirir), sonradan isə onun artıq mövcud olan Bakı-Tbilisi-Ərzurum kəmərinə qoşulmasına gətirib çıxara bilər. Bu isə bütünlükdə Avropa qitəsinin enerji təhlükəsizliyini böyük ölçüdə həll edəcək.
Xatırladaq ki, hazırda Köhnə Dünyanın qaz ehtiyatının 80%-ini Rusiya təmin edir. Bunun hansı siyasi və iqtisadi nəticələr doğurduğu isə göz qabağındadır.
Dördüncüsü, Türkmənistanın belə addımı, yəqin ki, Qərbin çoxdan transxəzər layihəsinə qoşulacağını gözlədiyi və dəstəklədiyi Qazaxıstan üçün də stimul olacaq. Düzdür, hələlik rəsmi Astana Rusiya üçün siyasi və iqtisadi xarakterli problemləri qabartmamaq xatirinə, faktik olaraq, gözləmə mövqeyi tutub. Lakin həm Astana, həm də Aşqabad indiyədək dəfələrlə Transxəzər layihələri vasitəsilə - Rusiyadın yan keçməklə - Avropa bazarlarına çıxışda maraqlı olduqlarını bəyan ediblər.
Avropa ilə Rusiyanın qarşılıqlı münasibətlərindəki siyasi məsələlər üzərində çox dayanmayaq - bu haqda çox deyilib və yazılıb. Türkmənistan prezidentinin Bakıya səfərindən dərhal sonra Rusiya mətbuatında yer alan tənqidi məqalələr də bu məsələnin aktuallığını nümayiş etdirir. Rusiya KİV-i bu layihələrə müxtəlif adlar qoymağa çalışdı - "sabun köpüyü", "xəyal", "illüziya".
Qərb mətbuatında isə bu günədək əks-mövqe nümayişi davam edir. Vaşinqtondan Avropa İttifaqına qədər ən yüksək səviyyələrdə Azərbaycan-Türkmənistan qarşılıqlı münasibətlərinə və xüsusilə, gələcək Transxəzər layihələrinə böyük dəstək nümayiş etdirilir.
Belə demək mümkünsə, bu "fikir antaqonizmi" Qərbdə və Rusiyada Xəzəryanı regiona hansı əhəmiyyətin verildiyinin bariz nümunəsi və sübutudur. Burada siyasət də az rol oynamır.
Son illərin ənənəsinə əsaslanaraq, əsas yekun nəticəyə gəlmək mümkündür.
1994-cü ildən etibarən (Azərbaycan özünün enerji siyasətini məhz həmin vaxt dəqiq müəyyənləşdirdi) rəsmi Bakı qarşıya qoyduğu məqsədlərə, faktik olaraq, çatıb. Halbuki müəyyən mərhələlərdə Azərbaycan Qərbdən indi aldığı dəstəyin heç yarısını da almırdı. Belə bir vəziyyətdə Azərbaycan qazandığı uğurlarının əksəriyyətini böyük qonşu-fövqəldövlətlərin ciddi təzyiqi fonunda çox böyük çətinliklər hesabına əldə etməyi bacarıb. Çox vaxt Azərbaycanın layihələri dünya birliyinə siyasi konyukturanın nəticəsi kimi təqdim edilirdi. Lakin tarix göstərdi ki, seçilmiş kurs düzgün olub.
Odur ki həm Moskvada, həm də məsələn, Tehranda, narazılıqla da olsa, rəsmi Bakının bir çox məsələlərə dair mövqeyi ilə razılaşmalı olurdular.
Bütün bunları nəzərə alaraq bir şeyi əminliklə söyləmək olar: yaxın perspektivdə Xəzər regionu regional sabitlik və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha vacib rol oynayacaq. Bakı ümid edir ki, "Xəzərin rolu"nun artması üç sahilyanı dövlətin - Azərbaycanın, Qazaxıstanın və Türkmənistanın qarşılıqlı və əlverişli tərəfdaşlığına söykənəcək.
MƏSLƏHƏT GÖR: