
MEDVEDEV, YOXSA YENƏ DƏ PUTİN?
Kremldə alternativ hakimiyyət mərkəzinin yaranıb-yaranmayacağını zaman göstərəcək
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Mayın 7-də Dmitri Medvedev Rusiya prezidenti kimi and içdi. Hər şey təntənəli, hətta demək olar ki, teatral qurulmuşdu. Orkestr ifa edir, yaylım atəşləri açılır, qapı önündə isə Kreml alayının XVIII əsrə aid geyimdə olan əsgərləri düzülüb...
Rusiyanın müəyyən nüfuza sahib şəxslərinin hamısı bu mərasimə qatılmışdı - hökumət üzvləri, Prezident Administrasiyasının yüksək rütbəli təmsilçiləri, Kons-titusiya Məhkəməsinin hakimləri, Federasiya Şurasının üzvləri, Dövlət Dumasının deputatları, qubernatorlar, patriarx Aleksi və Rusiya Pravoslav Kilsəsinin ierarxı, digər dini konfessiyaların rəhbərləri, biznes, mədəniyyət, elm sahəsinin nümayəndələri, idmançılar və aparıcı KİV-lərin rəhbərləri.
İnauqurasiyaya qatılanların ümumi sayı 2500 nəfər idi. Onu da qeyd edək ki, ənənəyə uyğun olaraq, bu mərasimə xarici qonaqlar dəvət edilməmişdi və sadəcə, digər dövlətlərin Moskvadakı diplomatik nümayəndələri çağırılmışdı.
Səlahiyyətlərin təhvil-təslimi prosesində Dmitri Medvedevlə yanaşı, əsas rolu Vladimir Putin oynadı. Hələlik o, bugünədək Rusiya tarixində öz səlahiyyətlərindən könüllü şəkildə imtina edən ilk liderdir.
İnauqurasiya mərasimində qeyd olunan şəxslərlə yanaşı, səhnədə yeni prezidenti andiçməyə dəvət edən Konstitusiya Məhkəməsinin rəhbəri Valeri Zorkin, həmçinin parlamentin hər iki palatasının spikerləri Sergey Mironov və Boris Qrızlov da var idilər.
Nə qədər təəccüblü olsa da, 8 ildən artıq müddətdə hakimiyyət başında olmuş Vladimir Putin çox sıxıntılı görünürdü və həyəcanını gizlədə bilmirdi. Konstitusiyanın müəyyənləşdirdiyi müddətdə səlahiyyətlərini başa vurmaq haqda qərarı o, müstəqil şəkildə, həm də yaxın ətrafının istəyinin əleyhinə olaraq qəbul etsə də, bu seçim onun üçün elə də asan olmayıb. Çünki əslində "birinci" ola-ola "ikinci" olmaq və ya özünü belə təqdim etmək çox çətindir.
D.Medvedev isə əksinə, sakit və arxayın görünürdü. O, boyca da hündür idi. Medvedev alqışqlar altında xalça üzərində səhnəyə doğru elə sürətlə gedir ki, sanki bunu dəfələrlə məşq etmişdi.
V.Putinə gəlincə o, hətta vida çıxışını səsləndirən zaman çaşırdı və artıq oxuyub qurtardığı vərəqələri postamentə qoyulmuş və yeni seçilmiş prezidentin üzərində and içməli olduğu Konstitusiyanın üzərinə düzürdü. Medvedev isə ali qanuna daha hörmətlə yanaşaraq, öz vərəqləri üçün tribunada yer tapıb.
Əgər Putin özünün inauqurasiya mərasimlərində əsas diqqəti ictimai sabitliyin təminatı və dövlətçiliyin möhkəmləndirilməsi məsələlərinə yönəldibsə, Medvedev çıxışına insan hüquqları və azadlıqlarını müdafiə edəcəyi haqda cümlələrlə başladı - bu, prezident andının ilk cümlələridir.
Rusiya prezidentinin inauqurasiyasında səsləndirdiyi fikirlərin qısa xülasəsi belədir: "Vətəndaş və iqtisadi azadlıqların təmin edilməsini, vətəndaşların, azad və eyni zamanda məsuliyyətli vətəndaşların özünü reallaşdırması üçün ən geniş imkanların yaradılmasını özümün əsas vəzifəm hesab edəcəyəm". "Son səkkiz ildə Rusiyada iqtisadi inkişaf, sabit inkişaf üçün möhkəm özül qurulub. Bu bizim Rusiyanı dünyanın ən yaxşı ölkələrindən birinə çevirmək üçün yararlanmalı olduğumuz nadir imkandır. Əsas strategiyamız və bundansonrakı illər üçün əsas istiqamətimiz məhz budur. Mən Rusiyanın dünyanın texnoloji liderləri arasında özünü təsdiq etməsi üçün çalışacağam". "Mən dövlətin vətəndaşlara qarşı ədalətli olmasını, daha çox insanın özünü orta sinfə aid edə bilməsini, keyfiyyətli təhsil və səhiyyə xidmətləri ala bilməsini təmin etmək üçün hələ nə qədər işləməli olduğumuzu anlayıram. Hüququn fundamental roluna xüsusi əhəmiyyət verirəm. Biz qanunlara səmimi hörmət edilməsinə, ölkənin inkişafına mane olan hüquqi nihilizmin qarşısını almağa borcluyuq. Dövlətin vətəndaşların təhlükəsizliyinə sadəcə zəmanət verməsi yox, onu təmin etməsi üçün hər şeyi edəcəyəm".
42 yaşlı Dmitri Medvedev son 100 ildə Rusiyaya rəhbərlik edən ən gənc şəxsdir. Düzgün diksiya, yaxşı maneralar və ziyalılıq onda yeni nəslin təmsilçisi, müasir formasiyanın lideri imicini yaradır. O, Vladimir Ulyanovdan (Lenin) sonra, Rusiyanın yalnız yüksək universitet təhsili və elmi dərəcəyə malik olan yox, həmçinin valideynlərinin də fəhlə və kəndli sinfinə deyil, professor-akademik sinfinə aid olduğu ilk lideridir.
İlk baxışdan belə fikir yaranır ki, prezidentlik postunda Medvedevə heç də pis irs qalmayıb: Rusiya yüksəlişdədir. Separatizmlə əlaqəli böhranların qarşısı alınıb, ölkə böyük bir çuxurdan çıxıb və ciddi qızıl və valyuta ehtiyatlarına malikdir. Həmçinin əhalinin rifah halı yüksəlir.
Lakin sakitləşmək üçün əsas yoxdur. Yeni lider təcili olaraq, yüksəlməkdə olan inflyasiya, son dərəcə yüksək məmur aparatına nəzarəti ələ almaq, məhkəmə sistemində islahatların aparılması və onun möhkəmləndirilməsi, dərin demoqrafik tənəzzülün aradan qaldırılması kimi aktual məsələlərlə məşğul olmalıdır.
D.Medvedev prezidentlik səlahiyyətlərini icra etdiyi ilk gündəcə bir sıra vacib qərarlara imza atıb ki, onların sırasında hökumətin istefasının qəbulu və Vladimir Putinin baş nazir təyin edilməsini göstərmək olar. Bu, artıq barəsində çoxdan elan edilmiş və gözlənilən bir qərar idi. Medvedevin qərarından cəmi bir gün sonra Dövlət Duması böyük səs çoxluğu ilə Putini Nazirlər Kabinetinin rəhbəri postuna təsdiqlədi. Parlamentdəki fraksiyalardan yalnız kommunistlər bu təyinata qarşı çıxdılar. Hazırda intriqa yalnız keçmiş hökumətdən kimlərin Putinin Kremldən Ağ evə keçməsindən sonra öz postunu qoruyacağı ilə bağlıdır.
Tamamilə mümkündür ki, Rusiyanın Nazirlər Kabinetinin yerləşdiyi Ağ ev Kremlin texniki əlavəsi olsun və Putinin rəhbərliyi ilə o, alternativ hakimiyyət mərkəzinə çevrilsin. Rusiyada və ondan kənarda bir çoxlarının bundan sonra dövlətə kimin rəhbərlik edəcəyi, strateji qərarları qəbul və onları icra edəcəyi ilə bağlı mülahizələr irəli sürməsi də təəccüblü deyil. Bəziləri güman edir ki, Putin Rusiyanın "icraedici hakimiyyətinin başçısı" kimi Medvedevi sıxışdıra, ona sadəcə müəyyən mərasimlər və ya məsələn, xarici siyasəti həvalə edə bilər. "Levada-mərkəz"in aprelin sonunda keçirdiyi sosioloji sorğunun nəticələri göstərir ki, rusiyalıların üçdəikisi Medvedevin ölkəyə Putinin himayəsi altında rəhbərlik edəcəyini düşünür. Bununla yanaşı, indidən prezident və yeni baş nazirin uzun illərdən bəri davam edən birgə fəaliyyəti qoruya-caqlarını və ölkəni qarşılıqlı konstruktiv fəaliyyətlə idarə edəcəklərini də istisna etmək olmaz.
Bunun belə olub-olmadığını zaman göstərəcək. Medvedev-Putin münasibətlərində çox şeyi bu situasiyada yüksək bürokratik aparatın özünü necə aparması həll edəcək. Onlardan əksəriyyətinin karyerası həmin şəxslərin Medvedevlə Putin arasında düzgün mövqe seçə bilib-bilməyəcəyindən asılı olacaq. Hələliksə ikincinin mövqeyi daha möhkəm görünür. Çünki ölkənin yüksək rütbəli simalarının, demək olar ki, hamısı hazırkı təyinatlarına görə məhz ona borcludurlar.
Lakin konstitusiya ölkə prezidentinə son dərəcə geniş səlahiyyətlər verir və buraya sərəncamlar vermək, öz istəyinə uyğun olaraq hökuməti formalaşdırmaq və ya buraxmaq kimi hüquqlar da daxildir. Bununla yanaşı, Rusiyada hakimiyyət Kreml sahibinin şəxsi keyfiyyətləri və mövqeyindən asılı olmayaraq, daim onun əlində olub. Medvedev isə özünün ziyalılığı və görünən yumşaqlığı ilə yanaşı, kifayət qədər sərt ola bilər. Məmurlar çox güman ki, onun aparatda təmizləmə aparılmasının vacibliyi haqda hələ fevralda səsləndirdiyi fikirləri unutmayıblar. "Vəzifə gəlir mənbəyi deyil. Postlarından pul qazanmaq üçün istifadə edən məmurlar qanunun ən sərt tələbləri ilə cəzalandırılacaqlar. Bəzi həddini aşmış yoldaşların özlərinə gəlmələri üçün cərrahiyyə əməliyyatı vacibdir", - deyə Medvedev o zaman bildirmişdi.
Bununla yanaşı, analitiklər Medvedevin iqtisadiyyatın daha çox gəlirli hissələrini ələ keçirmiş Kreml klanlarına qarşı mübarizəyə başlayacağını düşünmür. O, çox güman ki, aşağı səviyyələrdə islahatlarla kifayətlənəcək (əhalinin daha geniş təbəqəsinin üzləşdiyi problemlərlə) və bununla da korrupsiyanın aradan qaldırılacağına dair açıq vədlərinə müəyyən qədər haqq qazandırmağa çalışacaq.
Rusiya rəhbərliyində baş verən dəyişikliklər Azərbaycan üçün də əhəmiyyətlidir. Bununla yanaşı, baş verənlər, çətin ki, iki ölkə arasında münasibətlərin xarakter və dinamikasına tez bir zamanda ciddi təsir göstərsin.
Son illərdə ikitərəfli münasibətlər, xüsusilə də, iqtisadi və humanitar sahələrdə yüksək temp-lərlə inkişaf edir. Azərbaycanda Rusiyanın iştirakı ilə fəaliyyət göstərən şirkətlərin sayı 300-dən artıqdır. Rusiya Azərbaycana təxminən 1500 növ məhsul ixrac edir ki, onların 80%-i maşınqayırma, avtomobil, kimya sənayesi, metal və meşə sənayesi, tikinti materialları, ərzaq və kənd təsərrüfatı məhsullarına aiddir. Rusiya Azərbaycanın ticarət dövriyyəsinin səviyyəsinə görə ikinci (Türkiyədən sonra), ixracda isə birinci tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin 2008-ci ildə 2 milyard dollara çatacağı, hər iki dövlətin iqtisadi inkişafı ilə əlaqədar olaraq, 2010-cu ildə bu rəqəmin iki dəfə artacağı gözlənilir.
Bundan başqa, elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi, Azərbaycan ərazisindən "Şimal-Cənub" dəmir yolu dəhlizinin keçməsi, həmçinin Azərbaycanın "Volqa-Don" kanalının şlüz sisteminin bərpasında digər investorlarla birlikdə iştirakı planlaşdırılır.
Bununla yanaşı, tərəflər arasında təhsil, elm və mədəniyyət sahəsində proqramlar, həmçinin Azərbaycanda rus dilinin dəstəklənməsi ilə bağlı işlər uğurla həyata keçirilir.
Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Moskva hələ də öz "forpost"u olan Ermənistanın işğalçı iştahını aradan qaldırmaq və regionda sülhə nail olmaq üçün əlində olan imkanlardan istifadə etmir. Silah təchizatı, ərazilərimizi işğal etmiş ölkə ilə Rusiyanın hərbi-siyasi müttəfiqliyi bu ölkə ilə Bakının təhlükəsizlik sahəsində tamhüquqlu əməkdaşlığına mane olur.
Azərbaycanın müstəqil xarici siyasəti, onun enerji sahəsində özünün lazım bildiyi kimi fəaliyyət göstərməsi, bəlkə də, Moskvanın müəyyən dairələrini qıcıqlandırır. Lakin Azərbaycanın maliyyə, iqtisadi, siyasi və hərbi gücü reallıqdır və bu, bütünlükdə Cənubi Qafqazın regional geosiyasətini getdikcə daha çox müəyyən edəcək. Artıq bununla hesablaşmamaq mümkün deyil.
İlham Əliyev və Dmitri Medvedev arasındakı şəxsi münasibətlərə gəlincə, onlar bir-birlərini Medvedevin hələ 2005-ci ilin aprelində prezident administrasiyasının rəhbəri statusunda Bakıya işgüzar səfərindən tanıyırlar. O, Rusiya hökumətinin təmsilçisi kimi, Böyük Teatrda Rusiyada Azərbaycan İlinin təntənəli bağlanış tədbirinə də qatılıb. Əminliklə söyləmək olar ki, Əliyev və Medvedev problemsiz məhsuldar işgüzar və dostluq münasibətləri qura biləcəklər. Hər halda, hər iki lider cavandır, eyni nəsli təmsil edir, inkişaf və müasirliyə üstünlük verir, keçmişdə hər iki ölkənin iqtisadiyyatında vacib rol oynayan neft-qaz sektorunda yüksək fəaliyyət təcrübəsinə malikdirlər.
Bununla yanaşı, məhz Rusiya hökumətinə rəhbərlik edən Vladimir Putinin prezidentliyi dövründə Azərbaycan-Rusiya münasibətlərində pozitiv dönüşün yarandığını da unutmaq olmaz. İndi isə Putin həmin fəaliyyətinə hər iki tərəfin maraqlarına uyğun olan konkret işləri də əlavə edə bilər.
MƏSLƏHƏT GÖR: