15 Mart 2025

Şənbə, 00:40

YERİNƏ DÜŞƏN PARALELLƏR

Olster sülh prosesinin təcrübəsi Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə necə kömək edə bilər?

Müəllif:

01.05.2008

"Münaqişələrin həllində Şimali İrlandiya modeli yoxdur. Ən azı ona görə ki, bu münaqişə hələ həllini tapmayıb və yalnız effektiv idarəolunma mərhələsindədir". Bu fikri Şimali İrlandiyada tez-tez eşitmək mümkündür. Həqiqətən də, Avropanın ən üzünmüddətli münaqişəsinin aradan qaldırılması üçün çox həssas bir razılaşmanın əldə edilməsinə 20 il vaxt lazım gəldi. Yalnız ötən ilin mayında, nəhayət, Şimali İrlandiyada "Xalq Etimad Hökuməti"nin formalaşdırılması mümkün oldu. Beləliklə, hakimiyyət britaniyapərəst mövqeyi ilə seçilən Olsterin Yunion Partiyası və  antibritaniya meyilli İrlandiya Respublika Ordusunun (IRA) siyasi qanadı olan "Şinn Feyn" partiyaları arasında bölüşdürüldü.

İrlandiya münaqişəsinin kökləri XII əsrin ortalarına gedib çıxır. O zaman tarixdə ilk və sonuncu ingilis papası olan IV Adrian ingilis kralı II Henrixə qonşu adanı öz krallığına birləşdirməyə icazə verən bulla qəbul etmişdi. Sək-kiz əsr yarımlıq dövrdə irlandlar əvvəlcə ingilislərin, sonra isə Britaniyanın İrlandiyanın işlərinə qarışmasına müqavimət göstərib və bu qarşıdurmada vaxtaşırı uğurlar da əldə edib. Adada dəfələrlə qiyam və müharibələr yaşanıb. XVII əsrdə irlandların əksəriyyətinin ingilis dini reformasiyasını qəbul etməkdən imtinası ilə münasibətlər daha da gərginləşib. Yalnız adanın şimal hissəsində katoliklərdən münbit torpaqların alınması, oraya ingilislər, şotlandlar və uelslilərin köçürülməsi ilə London hökumətinə loyal protestant icması yaradılıb.

Yüzilliklər ərzində adanın şimal hissəsində məskunlaşmış iki icma çətinliklə yola gedib. Qarşılıqlı şübhə və inamsızlıq icmalararası münasibəti xarakterizə edəcək əsas amillər idi. XX əsrin əvvəllərində İrlandiyanın müstəqilliyi tələbi yenidən geniş vüsət aldı və nəticədə 1921-ci ildə ada dini mənsubiyyət əsasında iki hissəyə parçalandı - əsasən, katoliklərdən ibarət müstəqil İrlandiya dövləti (1946-cı ildən İrlandiya Respublikası) yarandı. Adanın əsasən protestantların məskunlaşdığı şimal-qərb hissəsi isə Birləşmiş Krallığın tərkibində qaldı.

Münaqişənin növbəti gərgin mərhələsi 1969-cu ildə bütünlükdə Avropada vətəndaş hüquqları ilə mübarizə dalğasının yaşandığı zaman baş qaldırdı. Şimali İrlandiyada bu hərəkat xüsusilə vüsət götürərək, daha sərt tərəfləri ilə özünü göstərməyə başladı. Nəticədə, icmalar arasında, hətta insan tələfatına gətirib çıxaran ziddiyyətlər daha da artdı. Yerli administrasiyaya dəstək olaraq, Britaniya ordusunun Şimali İrlandiyaya yeridilməsi isə vəziyyəti daha da gərginləşdirdi.

Həmin ərəfədə hər bir icmanın özünün terrorçu təşkilatı var idi - katoliklərdə IRA, protestantlarda UVF (Olsterin könüllü qüvvələri) və UDA (Olsterin Müdafiə Assosiasiyası). İrlandiyanın tarixində bu dövrü "iğtişaş dövrü" (troubles) adlandırırlar. Məhz həmin dövrdə baş vermiş toqquşmalarda hər iki tərəfdən 3500-dək insan həlak oldu.

Bununla yanaşı, Avropada gedən inteqrasiya prosesləri və İrlandiya iqtisadiyyatının güclənməsi sülh prosesi üçün əlverişli şərait yaratdı və 1985-ci ildə Böyük Britaniya və İrlandiya hökumətləri, nəhayət, ingilis-irland razılaşması imzaladılar. Bu razılaşmada tərəflər hərbi qruplaşmalar tərəfindən təhlükənin aradan qaldırılmasını birgə hədəf kimi müəyyənləşdirdilər (bunadək Böyük Britaniya İrlandiya Respublikasını Olsterdə danışıqlar prosesinə buraxmırdı və bunu özünün daxili işi hesab edirdi). Bu dəfə isə Böyük Britaniya "Şimali İrlandiya xalqının böyük əksəriyyətinin azad seçiminin belə olacağı təqdirdə" İrlandiyanın birləşməsinin mümkün olduğunu bəyan etdi.

Sülh danışıqları çox ağır keçdi, bir neçə dəfə, hətta tam iflasa uğradı və hər şeyi yenidən başlamaq məcburiyyəti yarandı. Lakin sonda uğur əldə edildi. İlk razılaşmadan 13 il sonra tərəflər Belfast sülh razılaşmasını imzaladılar. Daha sonra o, bütünlükdə Şimali İrlandiya ərazisində keçirilən referendumla daha da möhkəmləndi. 

  Belfast razılaşmasının bəzi müddəaları belədir:

- Britaniya Şimali İrlandiyanın idarəedilməsi aktından imtina edir, amma bununla belə, nə qədər ki Şimali İrlandiya xalqının böyük əksəriyyəti bunu istəyir, bu ərazi Birləşmiş Krallığın tərkibində qalacaq;

- İrlandiya Respublikası öz konstitusiyasına düzəlişlər edir və adanın şimal hissəsinə ərazi iddialarından əl çəkir, bununla da Şimali İrlandiyanın Birləşmiş Krallığın tərkibinə tamamilə qanuni əsaslarla daxil olduğunu qəbul edir;

- hər iki hökumət Şimali İrlandiya vətəndaşlarının özlərini britaniyalı və ya irlandiyalı elan etməsi haqqını tanıyır. Arzulayanlar ikili vətəndaşlıq da əldə edə bilərlər;

- Şimali İrlandiyada hakimiyyətin hər iki icma arasında bölüşdürülməsi əsasında demokratik institutlar yaradılır. Bundan başqa, həm Britaniyanın, həm də İrlandiyanın onlara verilən səlahiyyətlər çərçivəsində Şimali İrlandiyadakı siyasi proseslərdə birgə iştirakının təmin edilməsi məqsədi ilə Britaniya-İrlandiya institutları yaradılır;

- milli azlıqların hüquqları sahəsində monitorinq aparılması üçün hökumətlərarası komissiya yaradılır;

- Britaniya hökuməti Şimali İrlandiyanın iqtisadi inkişafı üçün yeni strategiya hazırlayır;

- bütün yarımhərbi qruplaşmalar tam tərksilah olmaq haqda öhdəlik götürür və bundan sonra onların üzvləri amnistiyaya düşürlər;

- Britaniya hökuməti Şimali İrlandiyada yerləşdirdiyi təhlükəsizlik qüvvələrinin sayının azaldılmasına dair öhdəlik götürür;

- mütləq çoxluğun protestantlardan ibarət olduğu Olster Krallıq Polisi ləğv olunur və əvəzində paritet əsasında yeni polis sistemi yaradılır.

 

Belfast razılaşmasının imzalanmasından, az qala, 10 il keçməsinə baxmayaraq, Şimali İralndiyada hələ də çoxlu sayda problemlər qalmaqdadır. İlk növbədə, orada hələ də təhsildə yüksək konfessional fərqlər qalmaqdadır. Belfast hələ də iki hissəyə ayrılmış şəhər olaraq qalır. Katolik və protestant sektorları "Sülh divarı" ilə ayrılır. Şəhər rəhbərliyinin hələ ki uçurmaq fikrində olmadığı tikanlı məftillərlə "bəzədilmiş" bu hündür divar vətəndaşlara özlərini təhlükəsiz saymağa imkan verir.

Daha bir problem keçmiş terrorçular və gizli hərbi qruplaşmaların üzvü olmuş şəxslərin işə düzəlməsi məsələsi ilə bağlıdır. Bu qəbildən olan insanlar arasında cinayətkarlığın səviyyəsi çox yüksəkdir və bu səbəbdən hökumət onların müxtəlif vətəndaş təşəbbüslərinə və qeyri-hökumət təşkilatlarına cəlb edilməsinə çalışır.

Şimali İrlandiya nümunəsi açıq şəkildə göstərir ki, siyasi razılaşmanın əldə edilməsi heç də sabit sülhün bərqərar olması anlamına gəlmir. Bunun üçün böyük səbir və hər iki tərəfin xoş məramı lazımdır. Məhz bu halda həssas razılaşmanın möhkəm etibara çevrilməsi mümkündür.

Qeyd olunanlardan danışan zaman, istər-istəməz Dağlıq Qarabağ münaqişəsi ilə paralel aparmaq istəyi yaranır. Bu iki problem hər şeydən əvvəl icmalararası münaqişə kimi başlaması, sonradan isə dövlətlərarası problemə çevrilməsi ilə oxşardır. Dağlıq Qarabağ münaqişəsi, məsələn, Rusiyanın formal olaraq tərəf kimi çıxış etmədiyi gürcü-abxaz problemindən məhz bu cəhəti ilə fərqlənir.

Lakin Dağlıq Qarabağ və Şimali İrlandiya problemləri arasında bir neçə ciddi fərq də var. Məsələn, Şimali İrlandiyanın katolik əhalisi İrlandiya adasının birləşməsini tələb edir və bu zaman müstəmləkələrin ləğvinə dair beynəlxalq sənədlərə əsaslanır. BMT-nin bəyannaməsinə əsasən, bir dövlətin tabeliyində olan qeyri-xalqların yaşadığı əraziləri metropoliyadan "duzlu su zolağı" ayırırsa, bu ərazilər müstəmləkə sayılır və ayrılaraq öz dövlətlərini yarada bilərlər (buna "duzlu su" prinsipi də deyirlər)   Böyük Britaniya ilə İrlandiyanı isə, həqiqətən də, eni cəmi 12 mil də olsa, duzlu su ayırır. Və göründüyü kimi, Dağlıq Qarabağla bağlı bu prinsip qəbuledilməzdir. 

Bundan başqa, Şimali İrlandiya və İrlandiya Respublikası vahid qapalı coğrafi məkanda yerləşirsə, Dağlıq Qarabağ coğrafi baxımdan aran Qarabağ və Azərbaycanın digər ərazilərinə birləşir, Ermənistanla onu əlçatmaz dağ silsilələri ayırır.

Hər halda, bu iki münaqişə arasında nə qədər fərq olsa da, necə deyərlər, özgə təcrübələri yaxşı tərəfdən mənimsəmək xeyirlidir. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsindən danışarkən, hələ ki analoji razılaşmanın imzalanması haqda danışmaq çox tezdir. Lakin ona əvvəlcədən hazırlaşmaq heç də pis olmazdı. Məsələn, mən Belfast razılaşmasının bəzi cəhətlərinin dərindən öyrənilməsini təklif edərdim. Buraya ilk növbədə ikili vətəndaşlıq, özünüidarəetmə orqanlarında paritet əsaslarla təmsilçilik, azlıqların hüquq və təhlükəsizliyinə zəmanət verilməsi kimi məqamları aid etmək olar.

Azərbaycan üçün Belfast razılaşmasının qəbul edilməyəcək maddəsi İrlandiyanın birləşdirilməsi ilə bağlı referendumun keçirilməsidir. Böyük Britaniya sənədin bu maddəsi ilə Olsterdə hələ də protestantların çoxluqda olduğu və onların, təbii ki, Şimali İrlandiyanın Birləşmiş Krallığın tərkibində qalmasına səs verəcəyinə əmin olduğu üçün razılaşıb.

Dağlıq Qarabağda isə əksinə, əhalinin əksər hissəsi ermənilərdir və səsvermənin nəticəsini əvvəlcədən asanlıqla söyləmək mümkündür.

Bundan başqa, Avropadakı inteqrasiya prosesləri regionda belə referendumun keçirilməsini məqsədəuyğun etmir. Çünki Belfastın sürücülük vəsiqəsinə malik olan istənilən vətəndaşı İrlandiyanın və ümumilikdə Avropa İttifaqının istənilən nöqtəsinə asanlıqla gedib çıxa bilir. Bizimlə Ermənistanı isə yaxın vaxtlarda heç kim Avropa İttifaqına qəbul etməyə hazırlaşmır və bu səbəbdən hansısa digər mexanizmlərdən istifadə etmək lazımdır. Bu, ilk növbədə, Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın digər regionlarına inteqrasiyaya marağını artırmaq üçün iqtisadi mexanizmlər ola bilər.

Şimali İrlandiya təcrübəsi bir məqamı da açıq şəkildə göstərir ki, qəti düşmənçilik nə qədər uzun çəksə də, nə vaxtsa onun da sonu çatır. Bununla əlaqədar, bir vaxtlar irland millətçiləri ilə razılaşmanın qəti əleyhdarlarından olan Şimali İrlandiyanın protestant icmasının rəhbəri İen Peyslinin fikirləri maraqlıdır: "Ötən illərdə baş vermiş dəhşət və faciələrlə bağlı haqlı qəzəbimiz bizə sabit və firavan gələcək qurmağa mane olmamalıdır. Bununla belə, gələcəyə baxarkən biz heç zaman tariximizin qara səhifələrində çətinlik və əzab çəkmiş insanları unutmamalıyıq. Çünki gözəl və firavan gələcəyin qurulması prosesində  biz ilk növbədə onlara minnətdarıq".

Əlbəttə, münaqişələrin beynəlxalq hüquq əsasında uğurlu həll təcrübəsi yalnız Şimali İrlandiyada deyil. Bu məsələdə Cənubi Tirol, Alad adaları və digər münaqişə zonaları olmuş, hazırda isə çiçəklənən regiona çevrilmişlər. Ümid edək ki, Dağlıq Qarabağ da Azərbaycanın tərkibində əhalisinin və ümumilikdə regionun rifahı naminə ərazi münaqişəsinin növbəti həlli nümunəsi olacaq.



MƏSLƏHƏT GÖR:

440