15 Mart 2025

Şənbə, 00:45

GUAM İRƏLİLƏYİR

Təşkilatın Azərbaycanda keçirilmiş forumu postsovet məkanında yeni qüvvələr nisbətini müəyyənləşdirə bilər

Müəllif:

01.05.2008

Bu yaxınlarda Azərbaycan paytaxtında "GUAM dövlətləri ərazisindəki münaqişələrin həllinin prinsipial əsasları" adı altında keçirilmiş beynəlxalq konfrans reklam-diskussiya forumu yox, işgüzar tədbir kimi yadda qaldı. Düzdür, dünya mətbuatı onu "taleyüklü" tədbir kimi qiymətləndirməyə tələsmədi. Amma buna rəğmən, çox güman ki, yaxın illərdə postsovet məkanında qüvvələr nisbətini məhz bu konfrans müəyyənləşdirəcək. İlk növbədə söhbət "dondurulmuş münaqişələr"lə "zəngin" olan Xəzər və Qara dəniz regionlarından gedir.

Tədbirin məğzinə gəlincə, onun əsas leytmotivini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlayıb: "Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlükləri mütləq bərpa edilməlidir. Rəsmi Bakı əmindir ki, yalnız belə yanaşma münaqişələrin tez bir zamanda həllinə gətirib çıxara bilər". 

E.Məmmədyarov beynəlxalq qurumlar, həmçinin GUAM çərçivəsində münaqişələrə dair dəfələrlə müzakirələrin aparıldığını xatırladaraq bildirib ki, "problemlərin həllinə ikili standartlarla yanaşılması inamsızlıq yaradır".

Tədbirin təşkilatçılığı - diskussiyaların forması, "işçi masalar", mətbuatla ünsiyyət üçün xüsusi vaxtın ayrılması, yüksək səviyyəli nümayəndələrin iştirakı və s. bu konfransı sovet və postsovet ənənələrindən çox fərqləndirirdi.

"Bu konfrans qeyri-adi forum idi və onun gedişində eyni problemlərlə üzləşmiş ölkələr arasında siyasi müzakirələr aparıldı. Biz bu cür böhran əsasında dünyanın müxtəlif bölgələrində yaranmış münaqişələrin nizamlanması təcrübəsini öyrəndik. Bu konfransla biz bir daha münaqişələrdə qarşı durduğumuz tərəflərin diqqətinə çatdırdıq ki, münaqişələrin dinc yolla nizamlanması arzusu ilə uzun müdət "oynamaq" olmaz" - deyə diskussiyaların yekunlarından söz açan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. O, GUAM dövlətlərinin konfransın nəticələrini "beynəlxalq səviyyədə fəal şəkildə irəli çəkəcəklərini" də qeyd edib. A.Əzimovun sözlərinə görə, "GUAM üzvləri öz ərazilərindəki münaqişələrə dair qətnamənin BMT-də müzakirəyə çıxarılmasını planlaşdırır". 

"Qətnamə layihəsi hələ də BMT-nin gündəmindədir. Onun sadəcə müzakirəyə çıxarılması və səsvermənin keçirilməsi qalır. Bütün bunlar hansısa mərhələdə baş tutacaq", - deyə xarici işlər nazirinin müavini bildirib.

A. Əzimovun fikrincə, Bakı "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin qəbuluna nail olmaqla, artıq bu istiqamətdə ilk addımı atıb. Bu, GUAM ərazilərində "dondurulmuş münaqişələr" məsələsinin BMT-də müzakirə edilməsi üçün yaxşı əsasdır: "Bu, tərəfdaşlarımızın siyasi iradəsini də möhkəmləndirəcək".

Gürcüstanın münaqişələrin həlli üzrə dövlət nazirinin müavini Dmitri Mancavidze isə öz növbəsində bildirib ki, GUAM dövlətləri problemlərinin həlli üçün güclü resurslara malikdirlər: "Yaxşı olardı ki, danışıqlar apardığımız tərəflər danışıqların dialoq xatirinə yox, konkret addımlar atmaq barədə aparıldığını anlasınlar. Bizə danışıqların forması haqqında müzakirələr lazım deyil. İstifadə etdiyimiz ilk hüquqi resurs ərazilərin bölünməzliyi və suverenlikdir. Biz son həlledici məqamadək danışıqlar aparmağa hazırıq".

Həqiqətən də, GUAM-a üzv olan ölkələrin hər biri bu və ya digər formada separatizm problemi ilə üz-üzədir. Rusiya açıq şəkildə Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan qoparmağa çalışır, Moldovanın Dnestryanı bölgəsində separatizmi qızışdırır, Azərbaycan ərazisi olan Dağlıq Qarabağı hələ də işğal altında saxlayan Ermənistana hərbi dəstək verir. Ukrayna ərazisində  münaqişə olmayan yeganə dövlətdir. Bununla belə, Kiyevin Qərbə yaxınlaşma cəhdlərinə cavab olaraq, Moskvanın Krımda və ya Donbassda separatizmi qızışdırmağa cəhd göstərməsi, Ukraynanı digər dövlətlərdə baş verən hadisələri diqqətlə izləməyə məcbur edir.

Bakı konfransı "dondurulmuş münaqişələr" olan ərazilərdə gərginliyin ciddi şəkildə artması ilə müşahidə olundu. Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın qiyamçı regionlarının əhalisinə konkret yardımlar edilməsinə dair sərəncamı forum zamanı hələ ki geniş ictimaiyyətə məlum olmasa da, Dövlət Dumasında "tanınmamış respublikalara dair" aparılan dinləmələr artıq baş tutmuşdu. Bundan başqa, Ermənistanda seçki Xocalı soyqırımının iştirakçısı olmuş Serj Sarkisyanın qələbəsi ilə bitmiş, martın 1-2-də isə erməni seçicilər Yerevanda siyasətin bundan sonra hansı vasitələrlə qurulacağının əyani şahidi olmuşdular.

Elə həmin günlərdə cəbhə xəttində də gərginlik kəskin şəkildə artdı. Daha sonra - martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki durum müzakirəyə çıxarıldı, bunun ardınca isə rəsmi Bakı ilə ATƏT-in Minsk Qrupu arasında dialoqda yeni notlar səsləndirilməyə başlandı.

GUAM üzvləri üçün ərazilərindəki münaqişələrin həlli, şübhəsiz ki, böyük əhəmiyyət daşıyır. Lakin bu, yeganə məqsəd deyil. Qurumun baş katibi Valeri Çeçelaşvili bildirib ki, "Biz GUAM-ın genişlənməsi məsələsini qoymuruq. Lakin təşkilatın Vilnüs bəyannaməsində bildirilir ki, qapılarımız hər kəsin üzünə açıqdır. Bizim məqsədimiz təşkilatımızın dünya proseslərinin iştirakçısı kimi, nüfuzunun artırılmasına nail olmaqdır".

Bununla yanaşı, GUAM Estoniya, Latviya, Litva, Polşa, ABŞ, Yaponiya kimi dövlətlərlə münasibətlərini intensiv şəkildə inkişaf etdirir. Təşkilatın enerji daşıyıcılarına malik üzvləri Avropanın marağını cəlb edir və Moskvanın "boru silahı"ndan istifadə cəhdləri fonunda bu maraq daha da artır. 

Bununla yanaşı, onu da unutmaq olmaz ki, məhz Xəzər və Qara dəniz regionları arasındakı qüvvələr nisbəti Avropa üçün Mərkəzi Asiya ölkələri, onların resursları və bazarları ilə fiziki əlaqə imkanlarını müəyyənləşdirəcək.

Məhz bu səbəbdən də əksər analitiklər belə qənaətə gəliblər ki, Bakı konfransı GUAM-ın özünü daha əminliklə "yeni güc mərkəzi" kimi elan etdiyi postsovet məkanındakı yeni siyasi reallıqları üzə çıxarıb. Bu haqda Türkiyənin "Aksam" qəzeti yazır: "Sovet İttifaqının dağılmasından sonra coğrafi baxımdan Şərqi Avropa, Cənubi Avropa (Balkanlar) və Qara dəniz sahillərində yaranmış yeni müstəqil respublikalar bir tərəfdən, Moskvadan uzaqlaşma, digər yandan isə Avropa Birliyinə üzvlük siyasəti yürüdürlər. Bunun sayəsində həmin ölkələr siyasi və iqtisadi sahədə inkişafa nail olublar. Onlar Şimali Atlantika Bloku olan NATO-ya da istiqamət götürüblər və alyans həmin dövlətlər üçün özünəməxsus "təhlükəsizlik çətiri" olacağına zəmanət verə bilər".

Bir məqamı da əlavə edək ki, hazırda GUAM-da təmsil olunan dövlətlər Rusiyanın onlara qarşı separatizm rıçaqları və ərazi iddiaları ilə açıq çıxış etməsi fonunda yaxşı dərk edirlər ki, Moskvanın yaratdığı təhlükəsizlik sistemində özlərini rahat hiss edə bilməyəcəklər. Buna görə də alternativ yaradıldı.

"Məşhur ədəbi aforizmi dəyişdirərək, demək istərdim ki, GUAM-ın dağılması haqda fikirlər şişirdilib", - deyə "Xəbərlər-Azərbaycan" agentliyinin məlumatına görə, GUAM-ın baş katibi bildirib. Həqiqətən də, 1996-cı ilin mayında Vyanada Avropada Adi Silahlar haqqında Müqavilə ilə bağlı toplantıda Qara dəniz regionunun dörd dövlətinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) qurumun əsasını qoyması, 1997-ci il oktyabrın 10-da isə Strasburqda Avropa Şurasının sammiti zamanı görüşərək, GUAM Siyasi Məsləhətləşmə Forumunu yaratmalarından sonra, KİV-də bu birliyin "ölü doğulmuş uşaq" olması, blokun gələcəyinin yoxluğu, onun "işlək təşkilat" olmayacağı haqda xeyli proqnoz yer aldı. 2005-ci il mayın 5-də quruma 1999-cu ildə qoşulmuş Özbəkistanın onun sıralarını tərk etdiyini açıqlaması isə belə proqnozların daha da "hündürdən" səsləndirilməsinə əsas vermişdi.

Rusiyalı analitiklər mütəmadi olaraq GUAM-ın tezliklə dağılacağına dair proqnozlar səsləndirməklə, sadəcə, arzularını reallıq kimi ifadə edirlər. GUAM isə MDB məkanında özünü real qüvvə kimi əminliklə sübut edir. Çünki məlum olduğu kimi, təşkilata daxil olan dövlətlərin birgə - qısamüddətli və uzunmüddətli maraqları var və onlar beynəlxalq arenadakı nüfuzlu "oyunçu"ların maraqları ilə üst-üstə düşür.


MƏSLƏHƏT GÖR:

454