
RUSİYA GÜRCÜSTANDA NATO DƏRSİ KEÇİR
Deyəsən, Moskva hələ ki apardığı geosiyasi oyunların təhlükəsini yaxşı anlamır
Müəllif: Samir MİRZƏYEV Bakı
Belə bir deyim var: "Ağalar savaşır, nökərlərin ayağı əsir". Qərblə Rusiyanın qarşıdurmasına onlarla müqayisədə daha zəif ölkələrin cəlb edildiyi bir vəziyyətdə istər-istəməz bu deyim yada düşür. Doğrudan da getdikcə gərginləşən vəziyyəti, tam olmasa da, kifayət qədər özündə əks etdirən xalq hikmətini necə yada salmayasan?
Rusiya prezidenti Vladimir Putin hökumətə Abxaziya və Cənubi Osetiyanın faktiki hakimiyyət orqanları (sənəddə məhz belə deyilir) ilə iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq haqqı verən, həmçinin, bu orqanların müəyyən sənədlərini tanımaq imkanı yaradan sərəncam imzalayıb. Sərəncamda həmçinin bildirilir ki, Xarici İşlər Nazirliyi region sakinləri üçün konsulluq xidmətləri göstərilməsi məsələsinə baxmalıdır.
Rusiyanın xarici siyasət idarəsi Putinin sərəncamını məntiqi addım adlandırıb. Nazirlik bəyan edib ki, Abxaziya və Cənubi Osetiyanın sosial-iqtisadi inkişafı, həmçinin orada yaşayan əhalinin, o cümlədən, Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı əməkdaşlığa dair tədbirlər hazırlanacaq.
Xatırladaq ki, bu ilin fevralında Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsinə cavab olaraq, Rusiya Suxumi və Sxinvalinin müstəqilliyinin tanına biləcəyinə işarə etmişdi. Hələlik Moskva bu addımı atmağa tələsmir. Amma MDB-dən olan tərəfdaşlarla birlikdə 1996-cı ildə Abxaziyaya qarşı tətbiq etdiyi sanksiyaları artıq aradan qaldırıb...
Rusiyanı ağılla dərk etmək mümkün deyil...
Təbii ki, Vladimir Putinin sözü-gedən sərəncamı dərhal Gürcüstanın qəzəbli reaksiyasına səbəb oldu. Eyni yanaşmanı Qərb də göstərdi.
BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən fövqəladə toplantısında Gürcüstan məsələsi öz həllini tapmasa da, bu, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya (bu ölkələr Rusiya ilə birlikdə BMT Baş katibinin Gürcüstan üzrə dostlar qrupuna daxildir) münaqişə zonasındakı vəziyyətlə bağlı kommunike qəbul etməyə mane olmadı. Rusiyanın nümayəndə heyəti isə bu sənədin qəbuluna dair heç məlumatlandırılmadı da. Sənəd müəllifləri bölgədə (gürcü-abxaz münaqişə zonasında - red.) vəziyyətin gərginləşməsinə səbəb ola biləcək istənilən fəaliyyəti qətiyyətlə pislədilər. Bu 4 dövlət həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə "rəsmi münasibətlər qurmasından" dərin təəssüf hissi keçirdiklərini bəyan etdilər. "Biz Rusiya Federasiyasını bu qərarı ləğv etməyə və ya icra etməməyə çağırırıq", - deyə kommunikedə bildirilir.
BMT TŞ-dəki "mərəkə" hələ bundan 2 gün əvvəl - Tbilisinin Təhlükəsilik Şurasının sədrinə iki dəfə məktub göndərərək, V.Putinin sərəncamından narahatlığını ifadə etməsi ilə başlamışdı. Bununla yanaşı, Gürcüstan aprelin 20-də Abxaziya ilə təhlükəsizilk zonasının üzərində uçuş keçirən pilotsuz kəşfiyyatçı təyyarəsinin də məhz Rusiya tərəfindən vurulduğunu bildirmişdi.
Bunun ardınca vəziyyətlə yerində tanış olmaq, həmçinin təyyarə ətrafındakı müəmmalı durumu araşdırmaq məqsədi ilə NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons Gürcüstana səfər etdi və Tbilisidə kifayət qədər sərt bəyanat səsləndirdi: "NATO Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli prosesində Rusiyanın vasitəçilik roluna şübhə ilə yanaşır".
Beləliklə, NATO nümayəndəsi Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rusiya sülhməramlılarının münaqişə zonasından çıxarılmasının vacibliyi haqda fikirlərini şərh etdi: "NATO aprelin 23-də ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən "BMT baş katibinin Gürcüstan üzrə dostları qrupu"nun beşinci ölkəsi olan Rusiya ilə bağlı qəbul etdiyi kommunikeni bölüşür və dəstəkləyir. Bu, kifayət qədər ciddi sənəddir və biz orada yer almış fikirləri dəstəkləyirik".
Bəs görəsən, bütün bunlar Rusiyanı demarşları dayandırmağa məcbur edəcəkmi? Çətin! Daha doğrusu, hələ məlum deyil ki, Rusiya siyasətçilərinin "kreaktiv düşüncə"si separatçı rejimlərin müstəqilliyinin tanınmasınadək gedib çıxacaq, ya yox. Çünki Fyodr Tyutçevin hələ XIX əsrin ortalarında yazdığı kimi, "Rusiyanı ağılla dərk etmək, ümumi arşınla ölçmək mümkün deyil...". Və görünür, bu dövr ərzində Rusiyanın həyat tərzində heç bir ciddi dəyişiklik olmayıb. Bu isə o deməkdir ki, "əsəb oyunları" və "iradələrin mübarizəsi" hələ çox davam edəcək...
"Reflektiv" taktika
Separatçı Abxaziya və Cənubi Osetiyaya tətbiq olunan sanksiyaları ləğv etməklə, həmçinin Gürcüstanın bu iki tanınmamış bölgəsi ilə birbaşa, faktik olaraq, "dövlətlərarası" münasibətlər qurmaqla Kreml bir güllə ilə iki dovşan vurmaq istəyir.
Birincisi, Moskva siyasətçilərinin düşüncəsinə əsasən, separat rejimlərin, az qala, tanınmasına oxşar bir addımla Rusiya Kosovonun Serbiyadan ayrılmasını dəstəkləyən Qərb dövlətlərinə layiqli cavab verir.
İkincisi, bu, NATO-nun gələcəkdə Gürcüstan və Ukraynanın mütləq alyansa qəbulu haqda Buxarest sammitində qəbul etdiyi qərara da cavabdır.
Üçüncüsü, bu, Rusiyaya tabe olmaqdan imtina edən, Moskva isteblişmentinin fikrincə, onunla açıq "qarşıdurmaya getməyə cəsarət tapan", "NATO-nu Rusiyanın cənub sərhədlərinə gətirmək" kimi "həyasız" addım atmaq istəyən Gürcüstanın cəzalandırılması üçün çox yaxşı vasitədir.
Nəhayət, dördüncüsü, bu, keçmiş SSRİ ölkələrini Tbilisinin yolu ilə getməzdən əvvəl yaxşı düşünməyə vadar edəcək özünəməxsus "xəbərdarlıq"dır.
Etiraf etmək lazımdır ki, yaranmış situasiyaya görə, Kosovonun Serbiyadan ayrılması məsələsinin də müəyyən "günahı" var. Priştinanın müstəqilliyinin tanınmasının presedent yaratmadığına dair nə qədər fikirlər səsləndirilsə də, Rusiyanın əməlləri Kosovo nümunəsində istifadə təhlükəsinin olduğuna əyani sübutdur. Bu isə öz növbəsində, zəncirvari reaksiyaya səbəb ola bilər - belə olarsa, ona nəzarət çox çətin olacaq. Xüsusilə də, məsələyə Rusiya kimi dövlət qarışıbsa.
Nəticədə baş verənlərə görə, əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Hər halda, keçmiş müstəmləkələri öz nəzarətində saxlamaq üçün parçalama (başqa vasitələr olmadığı üçün) siyasəti tarixən mövcud olub, bu gün də mövcuddur və hələ nə vaxt bitəcəyi bəlli deyil.
Bu cür hərəkətlər sivil və demokratik dövlətin siyasətindən çox, sevimli oyuncağı əlindən alınmış ərköyün uşağın hərəkətinə bənzəyir. Bütün bunlar isə son nəticədə elə Rusiyanın özünə qarşı yönəlir. Çünki təzyiq və şantaj istənilən halda əks reaksiya doğurur və bu gün biz Gürcüstanla Ukraynanın timsalında bunu bir daha görürük. Yəni, Rusiya əməlləri ilə dünya ictimaiyyətinə sübut edir ki, onun dəqiq və uzunmüddətli xarici siyasət strategiyası yoxdur. Əksinə, belə çıxır ki, bu siyasət daha çox emosiyalar, ani qəzəb üzərində qurulub. Bunu isə daha çox zoologiya dərsliklərində rast gəldiyimiz heyvani reflekslə müqayisə etmək olar. Təbii ki, belə bir şəraitdə keçmiş müstəmləkələrdə daha sivil və hərəkəti proqnozlaşdırılan Qərbə inteqrasiya meylinin artması təəccüb doğurmamalıdır.
Əslində, I Pyotrun "Böyük Rusiya" adlandırdığı fövqəldövlət balaca və "tərs" Gürcüstana müharibə elan etməklə, yalnız öz zəifliyini göstərir və Qərb nəhəngləri qarşısındakı məğlubiyyətini daha kiçik dövlətlərə üstün gəlməklə əvəzləməyə çalışır. Amma bütün bunlardan udan kimdir, uduzan kim?
Əlbəttə ki, uduzan, ilk növbədə, Rusiyanın Qərbdən "qisas almaq" xatirinə parçalamaq istədiyi Gürcüstandır. Görünür, bu ilin fevralında Kosovonun müstəqilliyi rəsmiləşdirilən zaman Vladimir Putinin üstüörtülü şəkildə "ev tədarükü" haqda söylədikləri elə bu imiş. Amma Moskvanın bunun ardınca atdığı addımları gözlənilməz və hiyləgər strateji kombinasiya saymaq olarmı? Əlbəttə ki, yox: Moskvanın "adekvat addımlar" üçün variantlarının sayı o qədər də çox deyildi və bu "atla gediş"in məqsədi əvvəlcədən çox asanlıqla duyulurdu.
Yeri gəlmişkən, qeyd etdiyimiz bu faktoru bu gün Gürcüstana dəstək kommunikesi imzalayan 4 "böyük dövlət"in günahı saymaq olar. Çünki onlar öz tərəfdaşlarını Moskvanın asanlıqla proqnozlaşdırılan addımlarından qorumaq üçün əvvəlcədən lazımi tədbir görməli idilər. Görünür, burada da onların Kosovo problemində yürütdükləri ikili standart siyasəti faktoru işləyib - "real siyasət"də özünün "strateji tərəfdaşı"nı da qurban verməyə hazır olmalısan.
Fikrimcə, bu, Gürcüstan, Azərbaycan və Ukrayna kimi dövlətlərin nəticə çıxarmalı olduqları əsas dərsdir. Yeri gəlmişkən, Moskva Ukraynanı da Krımın ayrıla biləcəyi ilə açıq şəkildə hədələyir. Tbilisi, Bakı və Kiyev üçün bu, "Kosovo presedenti"nin birinci, bəlkə də, əsas nəticəsidir...
Bu fikri bir az da inkişaf etdirəndə isə anlayırsan ki, vəziyyət düşünül-düyündən də ağırdır. Axı ruslardan fərqli olaraq, Amerika, Britaniya, Fransa və Almaniya siyasətçilərinin (nə qədər təəccüblü olsa da) düşünülmüş uzun-müddətli strategiyaya malik olmadığını demək olmaz. Almaniya və Fransanın NATO-nun Buxarestdə keçirilən son sammitində praqmatikcəsinə Gürcüstan və Ukraynaya alyansa üzvlüyə namizəd statusunun verilməsinin əleyhinə çıxması (Rusiya qazının əvəzində) da bunu göstərir.
Bütün bunlar isə belə qənaət yaradır ki, Rusiyanın psixologiyası və fəaliyyət üsullarını yaxşı bilən, Vladimir Putinin dili ilə desək, "qərbli tərəfdaşlar" düşünülmüş şəkildə Moskvanı təxribata çəkir və qeyri-adekvat addımlara sövq edir. Axı hər bir şahmat qambitində qələbə əldə etmək üçün qurban verilən fiqurlar olmalıdır. Yaxşıdır ki, Qərb bu kontekstdə Gürcüstanı (və ola bilsin ki, başqa dövlətləri) "qurban verilən" piyada kimi yox, partiyanın sonunda şahmat taxtasına qaytarılması mümkün olan fiqur kimi qəbul edir ...
Çox kədərli görüntü yaranır, deyilmi?
Endşpil necə olacaq?
Bir məqam aydındır: Qərbin fəaliyyəti Rusiya və bəzi digər nəhənglərin zəiflədilməsinə yönəlib. Bu haqda artıq dəfələrlə yazmışıq və bu səbəbdən məsələnin üzərində çox da dayanmayacağıq. Lakin könüllü, yaxud məcburən nəhəng qarşıdurmalara cəlb edilmiş bütün dövlətlər (bu isə bütünlükdə Avropa və perspektivdə Asiya qitəsinin böyük bir hissəsidir) artıq bu gün hadisələrin mümkün inkişaf ssenarisini düşünməlidir və bu zaman Gürcüstanın hazırkı durumundan da nəticə çıxarmalıdırlar. Britaniyanın "The Guardian" qəzetinin yazdığı kimi, Abxaziya və Cənubi Osetiya "möhkəmlənməkdə olan Rusiya və ekspansionist Qərb arasındakı yeni "soyuq müharibə" meydanına çevrilə bilərlər".
Bununla əlaqədar, meydana bir neçə vacib məqam çıxır.
Birincisi, Moskva nə qədər uzağa gedə bilər?
İkincisi, Qərb bundan sonra da unikal adlandırdığı Kosovo məsələsinin, həqiqətən də, digər münaqişəli situasiyalara təsir göstərməyəcəyini sübut edə biləcəkmi?
Üçüncüsü, elə həmin Qərb Rusiyaya sübut edə biləcəkmi ki, bəzi işləri o edə bilər, amma Moskva yox? Axı Qərbin Moskva ilə qarşılıqlı münasibətdə indiyədək ortaya qoyduğu əsas fikir məhz bu olub.
Dördüncüsü, bu qambitdə "amerikalılar və C°" nəyi və nə qədər qurban verməyə hazırdır və bu "qurbanlar"a necə yanaşırlar - sonradan lövhəyə qaytarılması mümkün olacaq fiqurlar, yoxsa məhvə məhkum edilmiş piyadalar kimi?
Bu sualların cavabları müxtəlif ola bilər: təbii ki, qarşı-qarşıya durmuş iki düşərgə bu suala tam fərqli cavab verəcək.
Beləliklə, tərəflər bir-birlərini nə qədər "tərəfdaş" adlandırsalar da, yeni "soyuq müharibə"nin qeyri-mümkünlüyü haqda moizələr oxunsa da, situasiyanın mahiyyəti kifayət qədər aydındır - onu necə adlandırırsan-adlandır, mahiyyəti dəyişməz qalacaq.
Məlum olmayan sadəcə bütün bunların nə ilə nəticələnəcəyidir, xüsusilə də "ayağı əsən nökərlər" üçün.
Belə görünür ki, əvvəlcədən proqnozlaşdırıldığı kimi, 2008-ci il sonadək "xalqların taleyi"nə təsir göstərəcək hadisələrlə zəngin olacaq. Hazırda hadisələrin və tarixin asılı olacağı ən azı iki prosesin sonunu gözləmək lazımdır. Bu, ABŞ-da keçiriləcək prezident seçkisi və Rusiyada səlahiyyətlərin Vladimir Putin və Dmitri Medvedev arasında bölüşdürülməsindən sonra baş verəcək hakimiyyətdaxili dəyişikliklərdir (bu dəyişikliklərin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq ilk baxışdan göründüyü qədər da asan deyil).
Amerikada seçim daha mülayim demokratlar və Corc Buşla müqayisədə daha çox "qırğı" olan Con Makkeyn arasında gedəcək. Rusiyaya gəlincə, burada çox şey Medvedevin "ikinci rol"da qalmağa razılıq verib-verməyəcəyindən və bunun aşkar dəyişikliklərə gətirib-gətirməyəcəyindən asılı olacaq ...
...Hələliksə Kosovo presidentindən sonra özünü təhqirolunmuş hiss edən Rusiya öz fövqəldövlətliyini Gürcüstanın hesabına sübut etməyə çalışır. Amma sabah bu kədərli siyahıda analoji problemləri olan digər dövlətlərin də adını görə bilərik.
Bütün bunlarla yanaşı, Kreml bir həqiqəti dərk etməlidir: Kosovo məsələsi ilk növbədə elə Rusiyanın özünün altına qoyulmuş saat mexanizmli minadır. Onun Gürcüstana qarşı hazırkı siyasəti isə "qərbli tərəfdaşlar" tərəfindən "işə salınmış" bu saatın hərəkətini sürətləndirir. Moskva hazırkı əməlləri ilə kimin dəyirmanına su tökdüyünü anlamalıdır. Çünki görünən odur ki, Rusiya öz aləmində Qərbə "pislik etməklə" əslində onun uzunmüddətli strategiyasını həyata keçirir.
MƏSLƏHƏT GÖR: