
DƏMƏŞQ KONFRANSININ BOYKOTU
Bu, ərəb dünyasında parçalanmanın necə dərin olduğunu göstərdi
Müəllif: Eldar PAŞAYEV Bakı
Martın 29-30-da Ərəb Dövlətləri Liqasının (ƏDL) Dəməşqdə keçirilən 20-ci sammiti əbəs yerə "ərəblərarası münaqişələrin sammiti" adlandırılmışdı. Regional qurumun 22 liderindən sammitə cəmi 11-i qatılmışdı. Üstəlik, Suriyaya gəlməyənlərin sırasında ərəb dünyasının "sanballı üzvləri" var idi.
Səudiyyə Ərəbistanı sammitə, hətta xarici işlər nazirini belə göndərməmişdi və onu toplantıda ƏDL-dəki daimi nümayəndəsi təmsil edirdi.
Misir prezidenti Hüsnü Mübarək də sammitə qatılmaqdan imtina etmiş, öz yerinə oraya xarici siyasət idarəsinin rəhbəri Əhməd Əbu əl-Geyti göndərmişdi.
Toplantıda iştirak etməyən digər liderlər isə İordaniya kralı II Abdulla da başda olmaqla, daha 8 ərəb dövlətinin başçıları idi.
Faktiki boykotun əsas səbəbi kimi Suriyanın öz qonşusu Livanın daxili işlərinə qarışması göstərilir.
Yeri gəlmişkən, Livan bu sammitə ümumiyyətlə qatılmamışdı.
Qeyd edək ki, Livanda artıq bir neçə aydır ki, müxalifətin boykotu üzündən prezident seçmək mümkün olmur - seçki artıq 17 dəfə təxirə salınıb (sonuncu dəfə martın 25-dən aprelin 22-nə).
Məlum olduğu kimi, Livan parlamentində təmsil olunan ən böyük müxalifət partiyası Qərbin terrorçu təşkilatların siyahısına daxil etdiyi "Hizbullah" qruplaşmasıdır. Təşkilatın tərəfdarları dövlət başçısı postunda da öz təmsilçilərini görmək istədiklərindən gərgin situasiya yaranıb. Müxalifətin seçkinin keçirilməsinə mane olmaq üçün lazımi qüvvəsi olsa da o, qələbə qazana bilmir.
Livanın son prezidenti Emil Lahud isə suriyapərəst mövqe nümayiş etdirirdi. Onun səlahiyyət müddəti ötən ilin noyabrında başa çatıb. Baş nazir, qərbpərəst siyasətçi hesab olunan Fuad Sinyora hazırkı daxili siyasi gərginliyin məhz Suriyanın neqativ təsiri ucbatından yarandığını bildirir.
Həqiqətən də, "Hizbullah"ın Dəməşq tərəfindən ciddi şəkildə dəstəkləndiyinə heç kəsin şübhəsi yoxdur. Məhz bu amilə əsaslanan Livanın Təhlükəsizlik Xidməti ölkənin antisuriya meyilli siyasətçilərinin, məsələn, 2005-ci ildə öldürülən sabiq baş nazir Rafiq Həririnin qətlinin təşkilində Dəməşq və "Hizbullah"ın əlinin olduğuna şübhə etmir.
Nəticədə ƏDL-in son sammitinin də göstərdiyi kimi, axır vaxtlar Suriya yalnız Qərbdən yox, həm də ərəb dövlətləri tərəfindən daha sərt tənqidlə üzləşir. Onu yalnız "Hizbullah"ı dəstəkləməkdə və İsrailə qarşı aqressiv siyasətdə yox, həmçinin Fələstinin HƏMAS təşkilatına yardımda günahlandırırlar.
Əlbəttə, Dəməşq təkbaşına belə genişmiqyaslı işləri görmək iqtidarında deyil. Odur ki burada əsas simanın İran olduğu düşüncəsi mövcuddur.
Qahirənin "Əl-Əhram" Siyasi və Strateji Tədqiqatlar Mərkəzinin nümayəndəsi Vahid Abdel-Mequid VVS-yə bildirib ki, hazırda ərəb dünyasında "iki tərəf var - bir yanda İran, Suriya, HƏMAS və "Hizbullah", digər tərəfdə isə yerdə qalanları". Bununla yanaşı, o, birinci - yəni Suriya tərəfinin kifayət qədər mütəşəkkil olduğunu, dəqiq hədəflər seçdiyini və yaxşı təşkil olunduğunu etiraf edib. Dəməşq özü isə Vaşinqtonu ərəb dünyasını parçalamaqda ittihamlayaraq, sözügedən sammitin "Tehranın protektoratı altında" keçirilməsi haqda fikirləri rədd edir.
Bununla yanaşı, aparıcı ərəb dövlətləri Suriya-İran dostluğundan qıcıqlandıqlarını gizlətmirlər. Tehranın açıq şəkildə regiona liderliyi ələ keçirməyə yönəlmiş siyasəti fonunda bu, xüsusilə hiss edilir. Məhz bu səbəbdən ƏDL-in sammitində Suriyanın "ərəb birliyinin möhkəmlənməsi" fikri heç kimi aldada bilmədi. Dəməşq sammitinin başa çatdığı vaxtda Əmmanda ABŞ-ın dövlət katibi Kondoliza Rays ilə görüşən II Abdulla Suriyanın Livanın işlərinə qarışması ilə bağlı sərt bəyanat səsləndirdi.
Bu kontekstdə daha bir kifayət qədər maraqlı detalı qeyd etmək lazımdır - ərəb dövlətləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranla ərazi mübahisəsində tərəfləri problemi qanuni və danışıqlar yolu ilə həll etməyə çağırsa da, birincini dəstəkləyib. Söhbət Fars körfəzində yerləşən, hazırda Tehranın nəzarətində olan və BƏƏ-nin iddia etdiyi üç ada - Əbu Musa, Böyük və Kiçik Tomblardan gedir.
Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi artıq baş verənləri ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Suriyanın Fələstinin HƏMAS qruplaşmasına dəstək verməsi məsələsinə qayıdaraq, bir məqamı qeyd etmək lazımdır ki, ərəb dünyasının ən ciddi problemi məhz Fələstin-İsrail münaqişəsidir. ƏDL üzvləri birgə səy nəticəsində belə, onu həll etmək iqtidarında deyillər.
Fələstin Muxtariyyəti isə hazırda məlum olduğu kimi, bir-birinə qarşı olan iki qruplaşma tərəfindən ikiyə parçalanıb. Bir hissəyə İran və Suriyanın dəstəklədiyi bildirilən, İsrailin mövcudluğunu tanımayan HƏMAS, digərinə isə İsraillə sülh danışıqları aparmağa razı olan FƏTH hərəkatı nəzarət edir. Maraqlıdır ki, Dəməşq sammitinə bir neçə gün qalmış Yaxın Şərq münaqişəsinin həllində vasitəçilik etmək fikrinə düşən növbəti şəxs Yəmən prezidenti Əli Abdulla Saleh oldu və bu məqsədlə o, qarşı-qarşıya duran iki qruplaşmanın nümayəndələrini ölkəsinə dəvət etdi. Təbii ki, onlar dəvəti qəbul etdilər (o qədər yüksək səviyyədə olmasa da) və sülhün vacibliyi ilə bağlı növbəti heç nəyi həll etməyən müqaviləyə imza atdılar. Lakin tərəflər bir-birindən o qədər fərqli mövqedə dayanıblar ki, hazırda onlar arasında sülhün əldə edilməsindən danışmaq mümkün deyil. Odur ki Dəməşqdə də müzakirə ediləcək ciddi bir məsələ yox idi. Ərəb dövlətlərinin mövcud durumdan narazı olduqları onsuz da bəllidir. ƏDL-in sədri Əmir Musanın bir qədər əvvəl bəyan etdiyi kimi, qurumun rəhbərliyi 2007-ci ilin noyabrında Annapolisdə keçirilmiş sülh konfransından sonra başlanan danışıqların gedişinə tənqidi yanaşır.
Xatırladaq ki, 2002-ci ildə ərəb dövlətləri problemin aradan qaldırılması üçün "Səudiyyə planı" adlı sənəd hazırlamışdılar. Lakin həmin vaxt gündəmdə ABŞ, Avropa İttifaqı, BMT və Rusiyanın iştirak etdiyi "dördlük"ün himayəsi ilə ərəb-İsrail münaqişəsinin mərhələli həllini nəzərdə tutan "yol xəritəsi" olduğu üçün həmin sənəd işə yaramadı. Sənədin mahiyyətinə gəlincə, "Səudiyyə planı" İsrailin fələstinlilərə 1967-ci ildə mövcud olan sərhədləri qaytarması, fələstinli qaçqınlar və nəsillərin problemlərinin "ədalətli həlli", həmçinin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin tanınması halında yəhudi dövlətinin də ərəb dünyası tərəfindən tanınmasını nəzərdə tuturdu. Orada əks olunur ki, yalnız bütün şərtlərə əməl ediləcəyi halda, münaqişə çözülmüş sayılıcaq və ƏDL üzvləri İsraillə normal əlaqələr quracaq. Əmr Musanın sözlərinə görə, ərəb dövlətlərinin xarici işlər nazirləri bir müddət sonra Qahirədə "sülh strategiyasının dəyişdirilməsinə" həsr olunmuş toplantı keçirəcəklər.
Bununla yanaşı, verilən məlumatlara görə, son zamanlar Suriya Livanla sərhəd boyunca ordusunun hazırlıq səviyyəsini nəzərəçarpacaq dərəcədə artırıb. "Hizbullah" da İsraillə mümkün münaqişəyə hazırlıq görür və Livanın cənubunda mövqelərini möhkəmləndirir. Qruplaşma Litaniya çayının şimalında raket və raket qurğuları toplayır.
Təbii ki, Dəməşq sammitində İraqdakı durum da müzakirə edilib. Təsadüfdür, ya yox - demək çətindir, amma martın 25-də, sammitin başlamasından cəmi bir neçə gün əvvəl İraqın "neft qapısı" olan Bəsrədə yerli ordu Amerika qüvvələrinin dəstəyi ilə Müktəda əs-Sədrin rəhbərlik etdiyi "Mehdi Ordusu"na qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı. Xatırladaq ki, ölkədə törədilən bir çox səs-küylü və qanlı aksiyalara görə məhz bu qruplaşma günahkar sayılır. Paralel olaraq, Bağdadda və ölkənin digər şəhərlərində də döyüşlər başladı ki, nəticədə təxminən 460 nəfər həlak oldu. Bəzi müşahidəçilərin bildirdiyinə görə, Bəsrədə baş verənlər əslində İraqın hakim şiə fraksiyalarından hansının bu strateji əhəmiyyət daşıyan şəhər üzərində nəzarəti ələ götürməsini aydınlaşdırmaq cəhdi idi.
Yeri gəlmişkən, bəzi məlumatlara görə, "Mehdi Ordusu"nun başçısı əs-Sədr də İranla sıx əlaqələrə malikdir və demək, burada da düşünmək üçün ciddi əsaslar var.
Bəsrə və Bağdadda baş verənlərlə əlaqədar olaraq, Dəməşq sammitində İraqın baş naziri Nuri əl-Malikini vitse-prezident Adil Abdel-Mehdi əvəzləyib və məhz o, Dəməşq bəyannaməsi ilə bağlı İraqın nümayəndə heyətinin narazılığını toplantı iştirakçılarının nəzərinə çatdırıb. Sənəddən "İraq hakimiyyətinin terrorizmlə uğurlu mübarizəsinə görə ərəb ictimaiyyətinin daha dəqiq formalaşdırılmış dəstəyi"nin yoxa çıxması Mehdinin narazılığına səbəb olub. Vitse-prezident, hətta iradlarının nəzərə alınmayacağı təqdirdə zalı tərk edəcəyini açıqlayıb.
Qeyd edək ki, sammitin yekunu ilə bağlı qəbul edilmiş bəyannamədə terror ilə "xalqın işğala qarşı mübarizəsi"nin bir-birindən fərqləndirilməsinin vacibliyi bildirilir. Ümumilikdə isə Dəməşq sammitində ƏDL terrorizm probleminin müzakirə edilməsi məqsədi ilə BMT-nin himayəsi altında beynəlxalq konfransın keçirilməsinə çağırıb.
Qeyd edək ki, sözügedən sammit Rusiyanın Moskvada Yaxın Şərq probleminə dair sülh konfransı keçirilməsi təşəbbüsünü dəstəkləyib. Xatırladaq ki, bu təklif hələ 2005-ci ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən səsləndirilib. Yekun sənədin bir bəndi də ayrıca bu təşəbbüsə həsr edilib. Hazırda Kreml, əlbəttə ki, Yaxın Şərqdə itirdiyi mövqelərini geri qaytarmağa çalışır və bəlkə də, Moskvanın hazırkı vəziyyətdə, həqiqətən də, öz sözünü demək şansı yaranıb. Axı o həm İranla, həm də Suriya ilə yaxşı münasibətlərini qoruyub-saxlayıb...
Dəməşq sammitindəki çıxışında şəxsiyyətinə qarşı birmənalı münasibət olmayan Liviya lideri Muamar Qəzzafi kifayət qədər vacib sual ortaya atıb: "Ərəblərin heç nəyi yoxdur: nə vahid valyutaları, nə vahid iqtisadiyyatları, nə vahid bazarları. Sadəcə bitməyən mübahisələr var. Belədə bizi nə gözləyir?".
ƏDL-in baş katibi Əmr Musa isə öz növbəsində bildirib ki, ərəb dünyasında "dərin parçalanma müşahidə olunur və münasibətlərin normallaşdırılması üçün ciddi işlərə ehtiyac var".
Həqiqətən də, görəsən, ərəb dünyasını nə gözləyir? Axı Vahid Abdel-Mequidin söz açdığı iki tərəfi ayıran "uçurum" hər gün daha da genişlənir...
MƏSLƏHƏT GÖR: