15 Mart 2025

Şənbə, 00:32

SERJANTIN ÖLÜM-DİRİM MƏKTƏBİ

Robert Köçəryan yeni prezidentə xeyli həllolunmamış problemlər qoyub

Müəllif:

15.04.2008

Ermənistanın yeni prezidenti Serj Sarkisyanın aprelin 9-da keçirilən inauqurasiyası xüsusi olaraq nə iləsə yadda qalmadı - nə yüksək ranqlı qonaqlar, nə də ümumxalq sevinci. Diqqəti cəlb edən yeganə məqam, öz həmvətənlərinin qanı üzərindən hakimiyyətə gəlmiş (əslində, "Ermənistan erməniləri" qarabağlı Serj Sarkisyanı özününkü saymırlar) "Qarabağ qırğısı"nın öz andiçmə mərasimini martın 1-də müxalifətin mitinqinin dağıdılması zamanı həlak olanların qırxı günü keçirməsi idi.  Halbuki elementar insani (xüsusilə də söhbət prezidentdən gedirsə) etika Ermənistanın yeni rəhbərini vəzifəsinin icrasına başlamasını heç olmasa bir gün təxirə salmağa təhrik etməli idi.

Lakin göründüyü kimi, Sarkisyanın hakimiyyət hərisliyi o dərəcədə güclüdür ki, o, prezident kürsüsünə yiyələnməsini 1 gün belə təxirə salmaq istəmədi. Bəlkə də Ermənistanda və Qarabağda "Serjik" adlandırılan yeni prezident bunu bilərəkdən etdi və bununla da göstərmək istədi ki, nəinki yas saxlamaq, heç hakimiyyətin "təxribatçı" adlandırdığı mərhumların yaxınlarının hisslərinə ehtiram göstərmək niyyətində belə deyil.

Bütün bunların fonunda andiçmə mərasimində S.Sarkisyanın ölkədə bütün siyasi qüvvələrlə dialoq aparmağa və bütün ermənilərin (o cümlədən, seçkilərdə ona qarşı çıxanların belə) prezidenti olmağa hazır olması haqda vədlərinə inanmaq çətindir.

Bu bəyanatların səmimiliyinə ən azı müxalifət tərəfdarları inanmadılar və onlardan bəziləri Serj Sarkisyanın bayram əhvalını Yerevanın müxtəlif hissələrində keçirdikləri etiraz aksiyaları ilə korladılar.

S.Sarkisyanın ölkəyə rəhbərlik etməyə başladığı situasiyanı sadə adlandırmaq çətindir. Yeni prezident öz sələfi Robert Köçəryanın prezident portfelində olan və ona miras qalan problemlərdən baş çıxarmalıdır. Düzünə qalsa, bunda Sarkisyanın özünü də günahlandırmaq lazımdır.

Ermənistandakı prezidentlik yarışının nəticəsi həm daxildə, həm də ölkədən kənarda erməni ictimaiyyətinin ikiyə parçalanması ilə nəticələndi. Robert Köçəryanın rəhbərliyi dönəmində cəmiyyətdəki qarşılıqlı münasibətlərdə yaşanan böhranı "kənar gözlərdən" gizlətmək mümkün olurdu. Lakin prezidentlik yarışında R.Köçəryanın de-yure dövlət başçısı postunda qalması, de-fakto isə bütün inzibati resursların baş nazir Sarkisyanın nəzarətinə keçməsi ilə erməni cəmiyyətindəki çirkinliklər və sistemli böhran tam aşkara çıxdı və artıq onu ört-basdır etmək mümkün deyildir. 

İlk baxışdan belə qənaət yaranır ki, Ermənistanda iki klan - Qarabağ erməniləri və "əsl" ermənilər arasında mübarizə gedir. Əslində bu, indinin problemi deyil və  proses çoxdan başlayıb. Lakin erməni cəmiyyətindəki hazırkı sistemli böhran artıq daxili klanlararası qarşıdurma çərçivəsindən çıxaraq, beynəlxalq xarakter alıb.  İndiyədək heç vaxt xarici ölkələrdəki nüfuzlu erməni diasporu bu dərəcədə parçalanmamışdı. Qərb-dəki erməni lobbisi ilə Rusiyadakı diasporanın tam əks mövqelərdə dayanmaları da bunun göstəricisidir. Faktik olaraq, Serj Sarkisyanla Levon Ter-Petrosyanın qarşıdurması Ermənistanın qərb-pərəst və rusiyapərəst qüvvələri arasında qarşıdurmaya çevrilib.  İkincilərin isə Kremldəki müəyyən qüvvələr tərəfindən ciddi şəkildə dəstəkləndikləri bəllidir.

Erməni cəmiyyətinin özündə isə artıq böyük müxalifət yaranıb və o, getdikcə güc yığmaqdadır. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, son prezidentlik yarışınadək erməni cəmiyyətinin daxilində baş verənlər haqda dəqiq məlumat almaq indikindən xeyli çətin idi. Ermənistan mətbuatı qapalılıq siyasəti yürüdür, mübahisələrin kənara çıxmamasına üstünlük verirdi. Lakin indi hakimiyyətin tətbiq etdiyi senzuraya baxmayaraq, beynəlxalq ictimaiyyət, demək olar ki, hər gün müxalif siyasətçi və politoloqların bəyanatlarını eşidir. Bu isə erməni cəmiyyətinin müəyyən dairələrində aşkarlıq tendensiyasının yarandığını göstərir ki, əvvəllər belə hala rast gəlmək mümkün deyildi.

Hətta əvvəllər cəmiyyətin yekdillik nümayiş etdirdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də hazırda aşkar fikir ayrılığı mövcuddur. Azərbaycanın son diplomatik uğuru - martın 14-də BMT Baş Assambleyasında "İşğal olunmuş ərazilərdəki vəziyyət" adlı qətnamənin qəbulu Ermənistanda hakimiyyətə ünvanlanmış tənqidi daha da artırıb.

Faktik olaraq, artıq Ermənistanda dərk edirlər ki, indiyədək Rusiya ilə siyasi-iqtisadi bağlılıq müəyyən nəticə verirdisə də, artıq bu məqam Yerevan üçün ciddi problemlər yaratmaqdadır.

Hazırda Ermənistanda sabiq prezident L.Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət strukturu formalaşıb. Əvvəllərsə hakimiyyət əleyhdarları bunu sadəcə arzulaya bilərdilər.

Digər tərəfdən, R.Köçəryanın varisi olmasına baxmayaraq, S.Sarkisyan hətta hakimiyyət daxilində də tam dəstək əldə edə bilmədi. Bu, seçkidən sonrakı mərhələdə müxalifətin bəyanatları zamanı məlum oldu. Belə ki, postseçki dövründə səs-küylü istefalar, hakimiyyətin ünvanına sərt tənqidlər bir-birini əvəz etdi və bu addımı atanlar arasında vaxtilə S.Sarkisyanın rəhbərlik etdiyi güc strukturlarının yüksək rütbəli nümayəndələri də oldu. Görünən odur ki, həmin məmurlar vaxtilə daxili işlər, daha sonra milli təhlükəsizlik və müdafiə naziri kimi, sonda isə baş nazir kimi rəhbərləri olmuş S.Sarkisyanı "layiqincə qiymətləndirə" bildilər.

Ermənistana rəhbərlik edən Qarabağ klanının daxilində birliyin olmadığı əvvəllər də məlum idi. İndiyədək dəfələrlə Köçəryanla Sarkisyan arasında mübarizənin getməsinə dair məlumatlar eşidilib. Ona görə də fevralın 19-da keçirilmiş prezident seçkisi ərəfəsində Robert Köçəryanın Sarkisyanla tam "yerdəyişməyə" gedəcəyi, yəni baş nazir postunu tutacağı haqda məlumatlar müşahidəçilərin təəccübünə səbəb olmuşdu. Köçəryan özü isə uzun müddət bu xəbərləri təkzib etmirdi.

Görünür, köhnə komandadan ciddi dəstək gözləməyin əbəs olduğunu anlayan S.Sarkisyan inauqurasiyasına cəmi bir gün qalmış yeni baş nazirin adını açıqladı (yəqin ki, əvvəl o, bunun fəsadlar verə biləcəyindən ehtiyatlanırdı) və səlahiyyətlərinin icrasına başladığı ilk gündəcə, onun hökumət başçısı təyin olunmasına dair sərəncam imzaladı. Bu post Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri 48 yaşlı Tiqran Sarkisyana həvalə edildi.

Elə həmin gün Ermənistan isteblişmentində kifayət qədər məşhur sima olan xarici işlər naziri Vardan Oskanyan yeni komandada təmsil olunmayacağını bəyan etdi. Doğrudur, o bu qərarını 10 il bir vəzifəni tutmağın düzgün olmaması və yeniləşməyə ehtiyac duyulması ilə əsaslandırdı. "Yeni prezident yeni nazir təyin etməlidir", - deyə sabiq XİN rəhbəri bildirdi. Amma əksər müşahidəçilər hesab edir ki, Qərb erməniləri arasında nüfuza malik Oskanyanın istefası, çox güman ki, onun "Qarabağ qırğısı" Sarkisyanla baxışlarında mövcud olan fərqlərlə əlaqədardır.

Aydındır ki, məsələ bununla bitmir və hakimiyyətdə hələ çox "yeniləşmə"nin şahidi olacağıq. Bu həm də onunla bağlıdır ki, Sarkisyan hökumətdəki əhəmiyyətli portfellərin bir hissəsini seçkidə onu dəstəkləmiş və Respublika Partiyasının koalisiya yaratdığı üç partiya arasında bölüşdürməlidir. Bunlar xalq arasında nüfuza sahib "daşnaksütun", parlamentdə sayına görə ikinci yeri tutan "çiçəklənən Ermənistan" və ciddi vədlər müqabilində Levon Ter-Petrosyandan ayrılmış keçmiş müxalifət partiyası, Artur Baqdasaryanın rəhbərlik etdiyi "Orinas Yerkir"dir.

Beləliklə, hazırkı hakimiyyət üçün adi sayılmayacaq situasiyada yeni hökumətin formalaşdırılması Serj Sarkisyan üçün ciddi sınaq olacaq. O, Ermənistanın xarici siyasət sistemini yenidən qurmalı olacaq və bu, xüsusilə Yerevanın Qərbin gözündə nüfuzunu tam itirməsinin fonunda baş verəcək. Bunun səbəbləri isə bəllidir: seçkinin total saxtalaşdırılması; bunun ardınca müxalifətin mitinqində insanlara atəş açılması və çoxsaylı insan tələfatı; ölkədə fövqəladə vəziyyətin elan edilməsi; siyasi fəaliyyət və mitinqlərə tətbiq olunan qadağa; mətbuata ciddi senzuranın tətbiqi; müxalifətçilərin kütləvi şəkildə həbsi və s. Sarkisyan hakimiyyətinin, birmənalı olaraq, rusiyapərəst xarici siyasətin qorunmasının qarantı kimi çıxış etməsi isə, ümumiyyətlə, şübhə doğurmur.

Bu baxımdan, S.Sarkisyanın inauqurasiyası günü Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solananın ona ünvanladığı, yumşaq desək, özünəməxsus təbriki xüsusi maraq doğurur: "Biz postseçki proseslərinin müstəqil tədqiqini davam etdirir, həbs olunan siyasi xadimlərin azad edilməsi prosesini izləyir, müxalifətlə açıq dialoqun tərəfdarı kimi çıxış edir, həmçinin inamın artırılması komponenti kimi, tam azadlığın bərpasına xüsusi əhəmiyyət veririk". 

Yəqin ki, belə "təbrik məktubu"nun əlavə şərhə ehtiyacı yoxdur. 

Buraya yalnız onu əlavə etmək olar ki, ABŞ prezidenti S.Sarkisyanı hələ də rəsmən təbrik etməyib. Üstəlik, Ermənistan Amerika hökumətinin ona "Millenium" proqramı çərçivəsində göstərdiyi illik çoxmilyonluq yardımdan da məhrum edilib ki, bu da korrupsioner qarabağlıların rəhbərliyi altında xalqın total şəkildə yoxsullaşması prosesinin davam etməsi fonunda ciddi itki sayıla bilər.

Belə güman etmək olar ki, Köçəryanın prezidentliyi dönəmində Ermənistanla Qərb arasında əsasən deklarativ və o qədər də yüksək səviyyədə olmayan əməkdaşlığın belə, hazırkı hakimiyyət tərəfindən bərpa edilməsi üçün kifayət qədər vaxt lazım gələcək. Üstəlik, Kremlin bu işdə Yerevanın nə qədər əl-qol açmasına imkan verəcəyi də bəlli deyil. Bu haqda danışarkən, son zamanlar Moskva ilə NATO arasında yaranan gərginliyi də nəzərə almamaq olmaz: alyansın Moskvaya dost olmayan Gürcüstanı sıralarına qəbul edərək, Rusiya ilə Ermənistanın arasında möhkəmlənmək istəyinin Kremldə nə qədər hiddətlə qarşılandığı bəllidir. Kreml üçün Tbilisinin Şimali Atlantika Alyansına üzvlüyü Cənubi Qafqaz üzərində nəzarətin tam itirilməsi prosesinin başlanğıcı olardı.

Digər tərəfdən, Ermənistan iqtisadiyyatını tamamən satın almış, lakin onun inkişafı istiqamətində heç bir uğur əldə edə bilməmiş Rusiyanın uğradığı fiasko ona baha başa gələ bilər: NATO regiona gələrsə, onun "strateji müttəfiqi"nin "xəyanət" edərək, Qərbin tərəfinə keçməyəcəyinə zəmanət yoxdur. 

NATO-nun regiona gəlməsi, yəqin ki, üstəlik regionda Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda separatçılıq üzündən yaranmış münaqişələrin tez bir zamanda həll edilməsi üçün yeni perspektivlər və formullar da yaradacaq. Ermənistanda yaxşı anlayırlar ki, bu məsələdə onların ölkəsinin kimin dəstəyinə malik olması çox şeyi həll edəcək. Odur ki bu siyasi dəyişikliklər mehini xarici siyasi meyli dəyişmək tərəfdarı kimi çıxış edən müxalifət də hiss eləyir. Bu isə o deməkdir ki, bu sahədə sistemlilik getdikcə daha da möhkəmlənəcək. Özü də artıq çoxdandır ki, Ermənistanın Avropa və ABŞ-a tərəf istiqamət götürməsini istəyən Qərb diaspor təşkilatlarının fəal yardımı ilə...

Beləliklə, çox güman ki, yaxın vaxtlarda biz Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində onsuz da "konstruktiv" olan mövqeyinin daha da sərtləşəcəyinin şahidi olacağıq. Çünki Sarkisyanın sadəcə olaraq, başqa yolu yoxdur. Bir tərəfdən, o, dövlətin öz daxilində o qədər də ciddi dəstəyə malik deyil ki, həmin dəstəyə arxalanaraq, münaqişənin həllinə aparan yeganə yol olan güzəştlərə getsin. Digər yandan isə, Rusiya "kurator"u  da Ermənistanın istənilən variantda - hətta Azərbaycanın öz ərazilərindən imtinasına razılaşacağı halda belə (bu isə qeyri-mümkündür), münaqişənin həllinə getməsinə imkan verməyəcək. Çünki bu problemin çözülməsi erməni cəmiyyətində Rusiyaya meyillənmənin lazımsızlığına dair tam fikir formalaşdıracaq. Bu isə Yerevanı Moskvanın yanında saxlayan yeganə amildir.

Bir məqam tam aydındır: Serj Sarkisyan sürüşkən prezidentlik yoluna çıxıb və onun "iki müddətə" bu kürsüdə otura biləcəyinə heç bir zəmanət yoxdur. Nə ölkə daxilindən, nə də kənardan.

Süngülər üzərində dayanmaq çətindir. Xüsusilə də, ayaqaltı axıdılmış qana görə sürüşkəndirsə...


MƏSLƏHƏT GÖR:

449