
YENİ KURS?
Moskvanın azərbaycana qarşı yürütdüyü siyasət getdikcə strateji tərəfdaşlıq kursundan daha çox uzaqlaşır
Müəllif: Redaksiya
BMT Baş Assambleyasının martın 14-də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"ə dair qətnaməsilə bağlı keçirdiyi səsvermənin nəticələri hələ də həm Azərbaycan, həm də əcnəbi siyasətçilərin diqqət mərkəzindədir. Ən vacibi isə odur ki, Bakının layihənin əleyhinə çıxmış ATƏT-in Minsk Qrupunun üç həmsədrinə qarşı tutduğu sərt mövqe artıq nəticə verməkdədir. Onların hər biri Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanıdıqlarını prinsipial şəkildə bəyan ediblər. Lakin suallar hələ də qalmaqdadır və onlar xüsusilə, Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutacağına ümid bəslədiyi ölkələrə yönəlib.
Bu kontekstdə yaxın qonşumuz və tərəfdaşımız Rusiyanın mövqeyinə toxunmaq istərdik. Rəsmi Bakı Moskva ilə strateji tərəfdaşlıq xətti seçməklə, həmçinin regionda və ümumilikdə dünyada balanslaşdırılmış və ölçülüb-biçilmiş xarici siyasət aparmaqla, əlbəttə ki, Kremldən də anlaşıq və analoji yanaşmalar gözləyirdi. Lakin təəssüf ki, bunun əksi baş verir. Moskva getdikcə prinsipial məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həllində Yerevanla daha da yaxınlaşır, Ermənistana siyasi, diplomatik və hərbi dəstəyini artırır. Yerevan isə bu dəstəyi öz növbəsində Dağlıq Qarabağın işğalçı rejiminə yönəldir. Bununla əlaqədar olaraq, Azərbaycan ictimaiyyətinin əhəmiyyətli hissəsində və onun siyasi elitasında qəti bir fikir yaranır ki, Moskvanın siyasəti hələ də Rusiyanın köhnə stereotiplərinə əsaslanır və Ermənistana dəstək Azərbaycanı təzyiq altında saxlamağa yönəlib. Bu baxımdan, "Rəy" Monitorinq Mərkəzinin ekspertlərinin apardığı tədqiqatın nəticələrini də təsadüfi saymaq olmaz. Tədqiqatın nəticələri göstərib ki, son zamanlar Azərbaycanda Rusiyanı "Azərbaycana dost olmayan və ya düşmən ölkə" sayan respondentlərin sayı artır.
Bu, əlbəttə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin uzaqgörməz və qeyri-dost siyasətinin və ya bu kursun ayrı-ayrı epizodlarının nəticəsidir.
Bununla yanaşı, Moskva özü dediyi kimi, ABŞ və Qərbin ona qarşı yürütdüyü "cilovlama" siyasətini bəyənmir. Aprelin 4-də Buxarestdə Rusiya Şurası-NATO iclasının yekunlarına dair jurnalistlərə açıqlama verən Kreml sahibi Vladimir Putin bildirib ki, onun ölkəsinin alyansla əməkdaşlığının səmərəliliyi blok üzvlərinin Rusiyanın maraqlarını nə dərəcədə nəzərə almasından asılı olacaq. "Bizim sərhədlərimizdə güclü hərbi blokun peyda olması... ölkəmizin təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul ediləcək. Bu prosesin Rusiyaya qarşı yönəlmədiyinə dair bəyanatlar isə bizi razı sala bilməz. Milli təhlükəsizlik vədlər üzərində qurulmur", - deyə V.Putin qeyd edib.
Bu məsələ ilə əlaqədar olaraq, qeyd etmək istərdik ki, Azərbaycanın sərhədlərində də Moskva ilə Yerevanın güclü hərbi-siyasi bloku yaradılır və o, hərbi, siyasi və iqtisadi komponentlərə malik olmaqla, orduların birgə təlimləri, fəal hərbi-texniki əməkdaşlıq, Rusiyanın Ermənistanın mövqeyinə beynəlxalq qurumlarda, həmçinin BMT-də diplomatik dəstək verməsi ilə ifadə olunur. Bununla yanaşı, Rusiya ilə sərhədə yaxınlaşan NATO bu ölkənin ərazilərinə iddia etmədiyi halda, bizimlə sərhəddə hərbi blok yaradan Ermənistan işğalçı dövlətdir. Belədə sual yaranır: Bakının bu birliyi öz milli təhlükəsizliyinə birbaşa təhdid saymaq üçün əsası varmı? Əlbəttə ki, normal məntiqə əsaslansaq, bəli. Bu məsələyə yanaşanda V.Putinin "dəmir kansler" Bismarkdan gətirdiyi "hərbi siyasətdə niyyət yox, potensial vacibdir" sitatını əsas götürə bilərikmi? Şübhəsiz!
Hər halda, Rusiya Gürcüstandan çıxarılaraq Ermənistana yerləşdirilən hərbi bazalarının Azərbaycana qarşı yönəlmədiyini iddia etsə də, onlardan istənilən an Yerevanın maraqlarına uyğun istifadə edilə biləcəyinə şübhə yoxdur. Azərbaycan Qarabağ müharibəsi zamanı dəfələrlə belə faktla üzləşib. Beləliklə, qonşu ölkədəki hərbi iştirak güclənib və Azərbaycan adekvat addım atmalıdır. Çünki ölkəmizin təhlükəsizliyi bəyanatlar və vədlər üzərində qurulmamalıdır.
"Çoxları deyir ki, Rusiya inadcıldır", - deyə Putin Buxarestdə ölkəsinin raketdən müdafiə sistemi (RMS) ilə bağlı müqavilədən çıxmasını şərh edərkən bildirib: "Söhbət bizim milli təhlükəsizliyimizə problem yaranmasından gedirsə, biz niyə də inadcıl olmamalıyıq?".
Buradakı dəmir məntiqlə də razılaşmamaq mümkün deyil. Elə Bakını da tez-tez Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisə getməməkdə günahlandırırlar və bu ittihamı irəli sürənlərin sırasında Moskva da var. Bu halda, belə ittiham irəli sürənlərə sualımız var: biz nəyə görə ölkəmizin təhlükəsizliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına aid məsələdə inadcıl olmamalıyıq?
Daha bir məqam isə ondan ibarətdir ki, Moskvanın Azərbaycanla bağlı siyasətinin getdikcə strateji tərəfdaşlıqdan uzaqlaşması yalnız Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə hiss edilmir. O, Azərbaycanın iqtisadi təhlükəsizliyində də nəzərə çarpır. Baxmayaraq ki Bakı daim Rusiya və onun biznesi üçün maksimum açıq olub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl (martın 31-də) "İzvestiya" qəzetinə verdiyi müsahibədə ABŞ-ın postsovet məkanına - Ukrayna və Gürcüstana getdikcə daha çox möhkəmlənməsindən narazılığını bildirib. O deyib ki, əgər Ukrayna və Gürcüstan NATO-ya üzv olarsa, bu, ciddi neqativ geosiyasi dəyişikliklərə səbəb olacaq. "Biz Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə hansı işlərin aparıldığını, bu dövlətlərin enerji resurslarının Rusiyadan yan keçməklə, ABŞ-a yaxın rejimlərin ərazisindən nəqlinə nail olmaq üçün hansı addımların atıldığını çox yaxşı görürük. Biz nə etməliyik? Keçmiş SSRİ ölkələrinə cavab təzyiqi göstərək? Bu, hörmətsizlik olardı. Axı onlar suveren dövlətlərdir və özlərinin xarici siyasi və xarici iqtisadi tərəfdaşlarını seçməkdə azaddırlar", - deyə Lavrov qeyd edib.
Cənab Lavrov nəyə görə belə qərara gəlib ki, biz (və ya bizlərdən kimsə) öz enerji resurslarını Rusiyadan kənar nəql etmək qərarını verib? Axı Bakı Moskvanın ünvanına hər hansı ittiham səsləndirərək, "Yerevana yaxın rejimi" "şimal" və "cənub" axınları" yaradaraq, enerji resurslarını Azərbaycandan yan keçirməyə çalışmaqda günahlandırmır. Azərbaycanda belə bir iddia səsləndirmək heç kəsin ağlına belə gəlmir, çünki bizim xarici siyasətimizin əsasında yalnız öz milli maraqlarımızın nəzərə alınması yox, həm də tərəfdaş ölkələrin qanuni maraqlarına hörmət dayanır.
Düzdür, doğrudan da Rusiyanın bəzi qonşuları öz enerji resurslarını bu ölkə ərazisindən yan keçməklə nəql etmək haqda düşünürlər. Amma bunun kökündə Moskvanın onlara qarşı hanısa "cavab addımları" atması deyil, əksinə, enerji resurslarının qiyməti və digər mexanizmlərlə ilkin təzyiqlər göstərməsi dayanır.
S.Lavrov müsahibəsini belə davam etdirir: "Baxın, "Nabukko" qaz kəməri yaratmaq istəyirlər və bu, açıq-aşkar süni düşünülmüş layihədir. Eyni sözləri Bakı-Tbilisi-Ceyhan haqqında da demək olar. Bu kəmərin gəlir götürmək üçün uzun müddət vəsait qoyuluşu tələb edən səmərəsiz bir layihə olduğu əvvəlcədən bəlli idi, üstəlik, bu kəmərin doldurulması üçün lazımi miqdarda məhsul da yoxdur. Halbuki daha az pul xərcləməklə Avropa üçün əlavə enerji resursları əldə etmək olardı".
Burada Rusiyanın baş diplomatının məntiqini, ümumiyyətlə, başa düşmək olmur. Əksər Qərb və hətta Rusiya ekspertləri Bakı-Tbilisi-Ceyhanı regionun neft sahəsindəki ən uğurlu layihəsi hesab edirlər. Bu layihə Rusiyanın hələ də tətbiq edə bilmədiyi hasilatın pay bölgüsü modelinə əsaslanır. Onun səhmdarlarının hamısı, istisnasız olaraq, layihədən yüz milyonlarla dollar gəlir götürürlər. Layihə "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatının əhəmiyyətli hissəsi ilə doldurulur və mütəxəssislərin buradakı ehtiyatlara dair proqnozlarında artıma doğru dəyişiklik var. Özü də bu dəyişikliyi biz yox, Qərb şirkətləri təsdiqləyir - o Qərb şirkətləri ki onlar bu gün Rusiya bazarında da fəaliyyət göstərirlər.
Digər tərəfdən, rusiyalı nazir bildirir ki, "Biz (Rusiya - red.) öz təbii resurslarımızdan, coğrafi və nəqliyyat üstünlüklərimizdən istifadə etməliyik". Amma belə üstünlüklər bizim ölkəmizdə də var və Rusiya kimi, Azərbaycan da özünün enerji strategiyasının qurulmasında onlardan istifadə etmək hüququna malikdir.
Yeri gəlmişkən, sözügedən layihədən gəlir götürənlər arasında Rusiyanın "LUKoyl" şirkəti də ola bilərdi. Lakin o, hansı səbəbdənsə, öz payını sataraq layihədən çıxdı. Rusiyanın neft şirkəti Azərbaycandakı səmərəli neft layihəsindən və uzun perspektivə zəmanəti olan gəlirdən (özü də indiki neft qiymətləri fonunda!) imtina etdi. Bu gün dünyada könüllü şəkildə öz mənfəətindən imtina edən şirkət tapa bilərsinizmi? Ən gülməlisi isə odur ki, Rusiyanın digər şirkətləri Ermənistanın fəaliyyəti dayanmış və kifayət qədər dumanlı perspektivə malik zavodlarına maliyyə yatırır.
Görünür, Rusiyanın geosiyasətinin düsturu məhz budur - səmərəli layihədən çıxmaq və sonradan ona tənqidi yanaşmaq, yüz milyonlarla dollardan imtina etmək və paralel olaraq, elə o qədər də vəsaiti həmişəlik Ermənistana bağışlamaq, aqressiv xarici və daxili siyasətilə yalnız öz xalqının yox, həm də Rusiyanın regiondakı maraqlarını təhlükə qarşısında qoyan rejimlə yaxınlaşmaq; yalnız V.Putinin sərt reaksiyasından sonra Yerevanda rus məktəblərinin bağlanması prosesini dayandırmış ölkəni dəstəkləmək, üstəlik, bütün bunları bircə rus məktəbini də bağlamamış Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığa zərər vurmaq bahasına etmək.
Və bütün bunların fonunda Sergey Lavrov deyir ki, Rusiyanın əsas arqumenti "həm iqtisadi, həm siyasi, həm mədəni - bütün sahələrdə cəlbediciliyi olmalıdır" və Rusiya bu və ya digər dövlətin təhlükəsizliyinə "əlavə dəyər qata" bilər.
Sual olunur: hazırkı Moskva bizim təhlükəsizliyimizə hansı "əlavə dəyər" qata bilər?
Ümumilikdə Azərbaycan bundan sonra da Rusiya ilə ümumi maraqların olduğu sahələrdə qarşılıqlı səmərəli əməkdaşlığı davam etdirə bilər və belə sahə kifayət qədər genişdir. Bununla yanaşı, Bakı Moskvanın dünyanın nəhəng və vacib oyunçularından biri olduğunu, onun regionda öz qanuni maraqlarının keçmişdə də, indi də olduğunu və olacağını qəbul edir. Biz ölkələrimizin liderlərinin strateji seçimlərinə sadiqlikdə maraqlıyıq: qarşılıqlı səmərəli və konstruktiv münasibətlər, iqtisadi, investisiya, siyasi və humanitar sahələrdə iki ölkənin nəhəng potensialına uyğun perspektiv. Lakin bu haqda danışarkən biz Rusiyanın da öz payına düşmüş yolu qət edərək, bizim qanuni maraqlarımızı qəbul edəcəyinə ümid bəsləyirik. Söhbət hazırkı mərhələdə vacib olan dinc və təhlükəsiz inkişaf, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanaraq həllindən gedir.
Məqaləni Rusiya prezidentinin Münhendə çıxışındakı fikirlə yekunlaşdırmaq istərdik. Həmin çıxış nədənsə Qərb dünyasını qorxutdu, halbuki o, kifayət qədər vacib və aktual tezislərlə zəngin idi. Həmçinin özündə "beynəlxalq hüququn əsas prinsiplərinə etinasızlığın təhlükəli olması" haqda fikirləri əks etdirirdi. Münhendə çıxışını yekunlaşdıran Putin bildirdi ki, Rusiya dünyada təhlükəsizlik və çiçəklənmənin yalnız seçilmişlər üçün yox, hamıdan ötrü olması üçün "ədalətli və demokratik sülh quruculuğu" istiqamətində "etibarlı tərəfdaşlarla" işləməyi arzulayır.
Azərbaycan da ədalətli Rusiya ilə işləmək və onunla birlikdə Cənubi Qafqazda seçilmiş rejimlər üçün yox, bölgədə yaşayan bütün ölkə və xalqlar üçün təhlükəsizlik və çiçəklənməyə əsaslanan ədalətli nizam yaratmaq istərdi. Bu, Moskvanın qonşuları və öz təhlükəsizliyinə verə biləcəyi ən böyük töhfə olardı.
MƏSLƏHƏT GÖR: