
ZİREHLİ GÖRÜŞ
Nato-nun buxarest sammiti yeni dünya düzəninin qurulmasında vacib mərhələ ola bilər
Müəllif: Eldar PAŞAYEV Bakı
NATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammiti tədbirdən hələ xeyli əvvəl diqqət mərkəzinə düşüb və bu heç də təsadüfi deyil. İş belə gətirib ki, beynəlxalq siyasətin bir çox problemləri, təbii və ya süni şəkildə, məhz indiki dövrdə xüsusi gərginlik mərhələsini yaşayır. Və təbii ki, bu problemlərin praktik olaraq, bütün "oyunçular"ın iştirakı ilə müzakirəsi maraq yaratmaya bilməz. Bəlkə də gələcəkdə Buxarest görüşü tarix kitablarında XXI əsrin dünya düzəninin qurulmasında vacib mərhələ kimi əks olunacaq.
Hər şeyin öz qiyməti var
Sammitin müzakirə edəcəyi əsas məsələlərdən biri Ukrayna ilə alyans arasında münasibətlər olacaq. Xatırladaq ki, bu ilin yanvarında Ukrayna prezidenti Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko və Ali Radanın spikeri Arseni Yasenyuk qurumun mənzil-qərargahına məktubla müraciət edərək, Kiyevin NATO-ya üzvlük üzrə Fəaliyyət Planına qoşulmasını istəyiblər. Bir qədər sonra isə Gürcüstan prezidenti Mixail Saakaşvili də eyni müraciəti Brüsselə ünvanlayıb. Və təbii ki, bunun ardınca Moskvanın sərt bəyanatları özünü çox gözlətməyib və hətta Rusiya prezidenti raketlərinin Ukraynaya tərəf tuşlana biləcəyini də açıqlayıb. Xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, NATO-nun genişləndirilməsi "soyuq müharibə" dönəminə qayıtmaq deməkdir.
Bununla yanaşı, yanvardan aprelədək keçən dövr ərzində Ukrayna və Gürcüstanın NATO-ya qoşulmaq imkanları qeyri-müəyyən olaraq qalıb. Məsələ ondadır ki, alyans üzvü olan ölkələrin öz aralarında bu məsələyə dair konsensus yoxdur. Qurumun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons martın 5-də Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, alyansın Buxarestdə keçiriləcək sammitində Kiyev və Tbilisi üzvlüklə bağlı fəaliyyət planına qoşulmayacaq. Səbəb kimi isə blok daxilində məsələyə dair fikir ayrılıqlarının olması göstərilib. Bununla yanaşı, Almaniya kansleri Angela Merkel də bu iki ölkənin NATO-ya qəbuluna qarşı çıxıb. Həmçinin Fransa, İtaliya, İspaniya və Yunanıstanın eyni mövqedən çıxış etdikləri bəllidir.
Lakin Gürcüstan və Ukrayna yenə də məsələnin müsbət həllini tapacağına ümidlərini itirməyiblər. Xüsusilə, gürcü lider Mixail Saakaşvili alyansı Rusiyaya "üz göstərməməyə" çağırıb. ABŞ prezidenti Corc Buş isə dərhal Tbilisinin blokla yaxınlaşmasını dəstəklədiyini açıqlayıb.
Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko öz növbəsində bildirib ki, Kiyev Buxarest sammitində ölkənin sözügedən fəaliyyət planına qoşulmasına israr edəcək.
Bütün bunlarla yanaşı, NATO-nun Şərqə doğru genişlənməsi məsələsindən danışan zaman (əslində Qərblə Rusiyanın qarşıdurmasından) alyansın daxilində əsasən "Avropa-ABŞ" xətti üzrə kifayət qədər ziddiyyətlərin yaşandığını unutmaq olmaz. Obrazlı şəkildə ifadə etsək, NATO Vaşinqtonun Avropa İttifaqı ölkələri dairəsinə daxil olmasına imkan yaradan icazə vərəqəsidir. Çünki onlar Amerikanın hərbi gücü ilə müdafiə olunaraq, bir çox problemlərdən sığortalanırlar. Lakin məlum olduğu kimi, havayı heç nə yoxdur. Odur ki Birləşmiş Ştatlar Ağ evin Avropanın əsas meydan olduğu planlarını həyata keçirməsi üçün, tam haqlı olaraq, müttəfiqlərindən dəstək istəyir. Məsələ bundadır ki, hazırkı vəziyyət Vaşinqtonu qane edir və o, Aİ-nin hərbi qüdrətini artırmasının mümkün-lüyündən şad deyil. ABŞ-ın "Avroordu"nun yaradılması ideyasına münasibəti də bunu açıq şəkildə göstərir: xatırladaq ki, vaxtilə ABŞ bu ideyanı "təhlükəli" və "NATO daxilində pərakəndəlik yaradan" ideya kimi qiymətləndirmişdi.
Görünür ki, Vaşinqton üçün "avrodollar"ın yaradılması kifayətdir.
Beləliklə, bir məqam tamamilə aydındır: ABŞ-ın təşəbbüslərinin uğuru Aİ və Amerikanın dünyada digər ölkələrlə müqayisədə mövqelərini daha da möhkəmləndirməklə yanaşı, həm də Vaşinqtonun NATO üzvləri arasındakı dayaqlarını gücləndirir. Ola bilsin ki, Corc Buş və Angela Merkelin Ukrayna ilə Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı bir-birinə zidd bəyanatları da məhz bununla bağlıdır.
Bununla yanaşı, ABŞ-la Şimali Atlantika Alyansının digər üzvləri arasında başqa məsələlərlə bağlı fikir ayrılıqları da mövcuddur. Məsələn, Birləşmiş Ştatlar müttəfiqlərinin Əfqanıstanda keçirilən antiterror əməliyyatlarındakı rolundan narazıdır. Söhbət müttəfiqlərin öz əsgərlərini göndərməyə o qədər də tələsmədiyi daha təhlükəli cənub əyalətlərindən gedir. Bu məqamda bir maraqlı məsələni qeyd etmək yerinə düşər: martın ortalarında KİV-də yer alan təsdiqlənməmiş məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin NATO-nun Ukrayna və Gürcüstanı üzvlüklə bağlı fəaliyyət planına daxil etməməsi müqabilində, ölkəsinin ABŞ-a Əfqanıstanda hərbi dəstək verə biləcəyini bildirib.
Bir məqam da nəzərə alınmalıdır ki, Moskvanın tanınmamış Abxaziya və Cənubi Osetiya ilə bağlı bundan sonrakı fəaliyyəti, həmçinin Rusiya ilə Ukrayna arasında hələ də bitməmiş "qaz müharibəsi" ilə bağlı atacağı addımlar da Brüsseldə Gürcüstan və Ukrayna ilə bağlı hansı qərarın qəbul olunacağından asılıdır. Rusiya bunu, demək olar ki, gizlətmir.
Ulduz müharibəsi proqramının törəməsi
Rusiya ilə ABŞ arasında münasibətlərə dair bir çox məsələlərin də NATO sammitinə birbaşa aidiyyəti var. Lakin bunlar arasında əsas diqqət, əlbəttə ki, hətta "soyuq müharibə"nin bərpası haqqında gümanlar səsləndirməyə əsas vermiş Raketdən Müdafiə Sistemləri (RMS) ətrafındakı duruma yönəlib. Məlum olduğu kimi, Vaşinqton Çexiyada radar, Polşada isə on ədəd zərbəni qabaqlayan raket quraşdırmaq fikrindədir və buna səbəb kimi, İrandan gələ biləcək təhlükəni göstərilir. Rusiya isə bu sistemlərin onun təhlükəsizliyinə qarşı çevrilə biləcəyindən ehtiyat edir. Xarici işlər naziri Sergey Lavrov bildirir ki, "söhbət radar və on ədəd raketin yerləşdiriləcəyi hansısa üçüncü mövqe rayonundan yox, Şərqi Avropa ilə yanaşı, bütünlükdə Cənub-Şərqi Asiya, Yaponiya, Böyük Britianiya, hətta rəsmi təsdiqini tapmasa belə, KİV-in bildirdiyi kimi, Türkiyəni əhatə edəcək bütöv bir sistemdən gedir".
Qeyd edək ki, bəzi mətbuat orqanları ABŞ-ın Türkiyədə də RMS yerləşdirməsinə dair rəsmi danışıqlara məhz NATO-nun Buxarest sammitində start verilə biləcəyini yazır. Məlumata görə, bunun əvəzində Ankara ordunun müasirləşdirilməsi üçün maddi dəstək, həmçinin ölkənin hərbi sektoru üçün ümumilikdə 1 milyard dollar həcmində investisiya əldə edəcək. Bununla yanaşı, çox güman ki, Vaşinqton lazım olacağı halda, bundan sonra da Türkiyə Ordusunun Şimali İraqda antiterror əməliyyatlarını davam etdirməsinə susmaqla razılıq verəcək. Avstriyanın "Die Presse" qəzetinin yazdığına görə, ABŞ Türkiyədə hər hansı təhlükə haqda əvvəlcədən xəbər verə biləcək yüksək səviyyəli radar sistemi quraşdırmağı düşünür. ABŞ indiyədək cəmi bir belə radardan istifadə edir və o, Koliforniyada yerləşdirilib.
Bu məqamda onu da xatırladaq ki, vaxtilə raketəleyhinə müdafiə sistemlərinin qarşılıqlı şəkildə məhdudlaşdırılmasını nəzərdə tutan RMS haqda müqavilə məhz Vaşinqtonun təşəbbüsü ilə imzalanmışdı. Bu razılaşmanın məğzi ondan ibarətdir ki, tərəflərdən heç biri birinci olaraq nüvə zərbəsi endirməyə cəsarət etməyəcək. Çünki qarşı tərəfin cavab zərbəsini dəf etmək iqtidarında olmayacaq.
Bu səbəbdən də Rusiya müqavilənin ləğvi, həmçinin Ağ ev administrasiyasının milli RMS yaratmaq haqda qərarına cavab olaraq bildirib ki, "Bu, strateji sabitliyə hesablanmış bütün beynəlxalq müqavilələr sisteminin dağılmasına səbəb olacaq".
O da qeyd edilməlidir ki, müqavilədən çıxmaq ideyası heç də kiçik Buşun administrasiyasına məxsus deyil. Məlum olduğu kimi, ABŞ-ın məhz sabiq prezidenti Ronald Reyqan "qarşılıqlı məhvolma təminatı" doktrinasını vaxtilə "ağılsızlıq" adlandırmışdı. Çünki bununla Ağ ev, faktik olaraq, özünün cavab zərbəsi qarşısında acizliyini etiraf etmiş olmuşdu.
Bu məqamda isə tamamilə qanunauyğun bir sual meydana çıxır və o, Ağ evin Şərqi Avropada RMS yerləşdirmək qərarına haqq qazandırır: Amerika bundan sonra da Rusiya, hətta Çinlə münasibətləri "qarşılıqlı zərbələr qarşısında acizlik" prinsipi əsasında qura bilər, amma bəs Qərbin nüvə silahı istehsalında günahlandırdığı İranla bağlı vəziyyət necə olsun?
Reyqanın Birləşmiş Ştatlara rəhbərlik etdiyi dövrə qayıdaraq qeyd edək ki, sonradan ulduz müharibəsi proqramı adlandırılmış strateji müdafiə təşəbbüsünü məhz o təqdir edib. Bu proqram istənilən raketin hələ ABŞ ərazisinə yaxınlaşmazdan əvvəl vurulmasını nəzərdə tutur. "Soyuq müharibə"nin başa çatmasından sonra da bu proqram tarixin arxivinə göndərilməyib və hazırda Amerikada Raketəleyhinə Milli Müdafiə Sistemi adı ilə yaşamaqdadır. Vaşinqton məhz bu proqrama görə RMS Müqaviləsindən çıxıb və hazırda Rusiya ilə uzun-uzadı danışıqlar aparır.
Lakin NATO daxilində bu məsələ ilə bağlı da işlər qaydasında deyil. Məsələn, ABŞ-ın Avropadakı əsas müttəfiqi olan Böyük Britaniyada ölkənin Vaşinqtonla birlikdə RMS yaradılması planında iştirakından heç də hamı məmnun deyil. Unutmaq olmaz ki, bəzi məlumatlara görə, Çexiya və Polşa əhalisinin əksəriyyəti də ölkələrinin ərazisində Birləşmiş Ştatlara məxsus RMS yerləşdirilməsinə qarşıdır.
Aydındır ki, həm Şərqi Avropada RMS yerləşdirilməsi, həm də Ukrayna və Gürcüstanın NATO-ya mümkün üzvlüyü məsələləri böyük geosiyasi oyunların kiçik bir hissəsidir. ABŞ-ın Raketəleyhinə Milli Müdafiə Sisteminin Rusiya üçün birbaşa təhlükə yaratmadığı bəlli olsa da, onun nüvə pariteti sistemini pozduğu aydındır. Nəticədə isə Moskva istər-istəməz cavab addımları atmalı olur.
Bu məqamda 7 il əvvəl Vaşinqtonun RMS müqaviləsindən çıxmaq fikrində olduğunu açıqladığı zaman Rusiyanın səs-küy yaratmadığı, raketlərinin istiqamətini dəyişəcəyi haqda bəyanatlar səsləndirmədiyi yada düşür. Bununla yanaşı, eyni hadisəyə müxtəlif reaksiyaların olması da tamamilə başadüşüləndir. Xarici siyasətə münasibətdə indiki və 7 il qabaqkı Rusiya tam fərqli iki ölkədir.
Son dövrlərdə İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəninin kökündən dəyişməyə başlamasına dair fikirlər səsləndirilir. Belədə meydana çıxan əsas sual beynəlxalq ünsiyyət qaydalarının dəyişməsinin nəyə gətirib çıxaracağıdır - qlobal təhlükəsizliyin möhkəmlənməsinə, yoxsa inamsızlıq və sülh üçün risklərə?
MƏSLƏHƏT GÖR: