15 Mart 2025

Şənbə, 00:42

XƏZƏR QOVŞAĞINDA

Qərblə Türkmənistan arasında strateji münasibətlərin qurulmasında Azərbaycanın üzərinə böyük vəzifə düşür

Müəllif:

01.04.2008

Coğrafi baxımdan Xəzərin əks sahillərində yerləşən Azərbaycanla Türkmənistan uzun illər "barrikadanın əks tərəfləri"ndə olublar. İki ölkə arasında münasibətlərin gərgin keçdiyi dövrdən sonra, hazırda onlar arasında yaxınlaşma prosesi başlayıb. Ötən ay Bakıda keçirilən Azərbaycan-Türkmənistan danışıqlarını hər iki dövlət başçısının siyasi iradəsinin göstəricisi hesab etmək olar. Təsadüfi deyil ki, ekspertlər artıq Bakı görüşünü regional birliyin yaranması perspektivi baxımından vacib görüş adlandırıblar.

Bakı ilə Aşqabad arasında diplomatik əlaqələrin olmadığı bir neçə il ərzində xeyli sayda mübahisəli məqamlar yaranıb və onların müzakirəsi yalnız Türkmənistanda siyasi kursun dəyişməsindən sonra mümkün olub. Qurbanqulu Berdımuhammedovun hakimiyyətə gəlməsi ilə ölkə təcrid durumdan çıxmağa başlayıb və çoxvektorlu siyasi münasibətlər yolunu seçib. Bakı ilə əlaqələrin bərpası da, bir tərəfdən, məhz bu siyasətin göstəricisidirsə, digər tərəfdən, Türkmənistanın mümkün enerji layihələri ilə Avropaya çıxması üçün Cənubi Qafqaz dəhlizi yeganə vasitədir. Brüssel və Vaşinqton Türkmənistanla belə tərəfdaşlığa böyük ümidlər bəsləyir. Aşqabad onlara qarşılıq versə də, hələ ki hər hansı dəqiq və konkret cavabla çıxış etməyib.

 

İlk addım

Qayıdaq Azərbaycan-Türkmənistan münasibətlərinə. Artıq qeyd etdiyimiz kimi, bu gün tərəflər arasında həll olunmamış  xeyli məsələ var və onların hamısı bir-biri ilə əlaqəlidir. Konstruktiv dialoq istəyinin olduğu şəraitdə isə kiçik bir nöqtədən başlayaraq, bütün düyünü açmaq olar.

Yada salsaq ki, mərhum Türkmənbaşının "incikliyi"nin rəsmi səbəbi Bakının Aşqabada borcu ilə əlaqədar olub, yəqin ki, konstruktiv dialoqun aparılmasına əsas maneə kimi məhz bu məqamı göstərmək olar. Xatırladaq ki, bu borc, əsasən, Türkmənistan qazından istifadəyə görə yığılıb. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Türkmənistandan "mavi yanacaq" idxal edirdi və onun pulunu dərhal ödəmək iqtidarında deyildi. Sonradan Bakı borca görə, faizin hesablanması sistemindən narazılığını bildirdi və onun ödənməsi üçün qarşılıqlı sərfəli variantdan istifadə təklifi ilə çıxış etdi. Tərəflərin inadcıllığı və prinsipial olaraq, geri çəkilməməsi neft yataqları ətrafındakı fikir ayrılıqları ilə əlaqədar daha da artdı. Bu isə Saparmurat Niyazovun 2001-ci ildə ölkəsinin Bakıdakı diplomatik missiyasını geri çağırması ilə nəticələndi.

İndi isə tərəflər dövlət borcu məsələsini aradan qaldırmaqla, vacib regional layihələrlə bağlı mövqe yaxınlaşmasına nail ola bilər. Bakı artıq bu istiqamətdə ilk addımını atıb və dialoqa başlamazdan əvvəl borcu ödəməyə hazır olduğunu bəyan edib.

Beləliklə, bu borcun qaytarılması ilə bağlı sxem və qrafiklərə dair qısa sürən danışıqların məntiqi yekunu olaraq, martın əvvəlində Bakıda miüvafiq sənəd imzalandı.  

Türkmənistandan baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov və baş nazirin digər müavini Xıdır Saparlıyevin rəhbərlik etdiyi iki nümayəndə heyəti Bakıya gəldi. Səfərdə məqsəd sözügedən razılaşmanın imzalanması, həmçinin 2007-ci ildə başlanmış hökumətlərarası dialoqun davam etdirilməsi idi. 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin sözlərinə görə, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Elmar Məmmədyarov və Rəşid Meredovun təkbətək görüşündə ikitərəfli siyasi, regional və qurumlararası münasibətlərin geniş spektri müzakirə edilib, ölkələrin regionun nəhəng enerji layihələri ilə bağlı mövqeləri ifadə olunub.

Nazirlər Kabinetində isə Azərbaycan və Türkmənistan hökumətləri arasında borc öhdəlikləri və maliyyə tələbatlarına dair öhdəliklərin yerinə yetirilməsini özündə əks etdirən razılaşma imzalanıb. Sənədi Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov, qarşı tərəfdən isə Türkmənistan hökuməti başçısının müavini Xıdır Saparlıyev imzalayıb.

Y.Eyyubovun sözlərinə görə, iki ölkə başçıları hökumətlər qarşısında sözügedən razılaşmanı hazırlamaq və imzalamaq vəzifəsini qoymuşdular. Bununla əlaqədar, ekspertlər böyük işlər görüblər. Nəticədə, kompromislər və tərəflərin bir-birinə hörməti uzun müddət həll edilməmiş qalmış problemin aradan qaldırılmasına imkan verib.

"Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir və bizim bundan sonra heç bir dövlətə borcumuz yoxdur", - deyə Y.Eyyubov qeyd edib. X.Saparlıyev isə öz növbəsində bildirib ki, o, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın canlandırılacağına ümid edir.

Türkmənistan mənbələri yazır ki, Bakıda tərəflər hökumətlərarası iqtisadi komissiyanın ikinci iclasının keçirilməsi məsələsini də müzakirə ediblər. Yeri gəlmişkən, bu məsələ Türkmənistan hökumətinin martın 3-də keçirilmiş iclasında da diqqət mərkəzində olub.

Bakıda isə hesab edirlər ki, borc məsələsi ilə bağlı iki ölkə arasında əldə edilmiş prinsipial razılaşma heç də az vacib olmayan, hətta geostrateji nöqteyi-nəzərdən daha əhəmiyyətli digər problemlərin aradan qaldırılmasına yol açacaq. Belə problemlər sırasında Xəzərin statusuna dair vəziyyəti, sərhəd ərazidə yerləşən "Kəpəz" yatağı ilə bağlı durumu, Transxəzər qaz kəmərinin tikintisini göstərmək olar.

Mərkəzi Asiya qazının Cənubi Qafqaz dəhlizi və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan bu layihə Vaşinqton və Brüsselin ciddi diqqət ayırdığı və marağında olan məsələdir. Faktiki olaraq, iddialı və prinsipial Avropa layihəsi olan Nabucco-nun taleyi də Transxəzər qaz kəməri və onun "mavi yanacaq"la doldurulmasından asılıdır.

 

Yollar Azərbaycanda kəsişir

Şübhəsiz ki, Qərbin Xəzər regionu ilə bağlı diplomatiyasında məhz enerji faktoru üstünlük təşkil edir. Avropa İttifaqı və ABŞ-ın yeganə etibarlı müttəfiqi olan Bakı isə artıq layihəyə yeni iştirakçıların, xüsusilə Türkmənistanın cəlb olunmasında tərəfdaşlarına kömək etməlidir. Türkmənistanın nümayəndə heyətlərinin Azərbaycana səfərinin ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələri ilə enerji məsələləri üzrə koordinatoru Stiven Mənnin regiona baş çəkməsi ilə eyni vaxta düşməsi də təsadüfi sayıla bilməz.

Xatırladaq ki, S.Mənnin regiona Azərbaycan-Türkmənistan danışıqlarının Bakı raundundan əvvəl baş tutan səfəri zamanı hər iki paytaxtda söhbət, təbii ki, eyni məsələdən gedirdi: Mərkəzi Asiya və Azərbaycan qazının istehlakçılara ixracatçı və nəqledici ölkələrin, həmçinin Transxəzər qaz kəmərinin tikintisinin gələcək kreditorlarının maraqlarının birləşdirilməsi vacibdir. Gözlənildiyi kimi, bu işdə dirijor funksiyasını Ağ ev öz üzərinə götürür, Stiven Mənnə isə "konsert"i son akkordunadək aparmaq həvalə olunur.

Lakin bu planların həyata keçirilməsinə mane olan məqam da var. Söhbət Avropa Parlamentinin Avropa İttifaqı ilə Aşqabad arasında Türkmənistanda insan haqlarının pozulması ilə əlaqədar ticari münasibətlərin qurulmasına qoyduğu qadağadan gedir. İndi bu maneəni Aİ-nin maraqlarına və mənliyinə toxunmadan "aşmaq" lazımdır. Bunun üçün isə yenə də prosesə üçüncü tərəfin cəlb olunması zəruridir. Və yenə də ön plana Azərbaycan çıxır, çünki onun iştirakı olmadan məsələnin həlli mümkünsüzdür.

"Vremya novostey" qəzeti yazır ki, hazırda Aşqabadla Brüssel arasında Transxəzər qaz kəmərinin tikintisinə dair "niyyət protokolu"nun imzalanması əvəzinə, tərəflərin mərhələ-mərhələ atacağı addımlar müzakirə olunur. İlkin mərhələ kimi, Türkmənistan ilə Azərbaycan arasında belə bir sənədin imzalanması, daha sonra isə oraya, məsələn,  Qazaxıstanın, sonra Türkiyənin qoşulması, bununla da müəyyən "zəncir"in qurulması  mümkündür. 

Göründüyü kimi, Qərblə Türkmənistan arasında strateji münasibətlərin qurulmasında Azərbaycanın üzərinə vacib rol düşür. Bu səbəbdən də Brüssel və Vaşinqtonun Xəzər regionundakı maraqlarının əhəmiyyətli hissəsi məhz Bakı-Aşqabad münasibətlərinin şəffaflığı və etibarlılığından asılıdır.


MƏSLƏHƏT GÖR:

484