15 Mart 2025

Şənbə, 00:41

BİRMƏNALI OLMAYAN UĞUR

İran parlamentinin hakim fraksiyası daxilində ciddi siyasi qarşıdurma baş verə bilər

Müəllif:

01.04.2008

İran Azərbaycanın ən uzun sərhədə malik olduğu ölkədir. Bizi tarixi, dini və mədəni əlaqələr bağlayır. Azərbaycanlılar farslarla yanaşı, İran İslam Respublikasında yaşayan ən çoxsaylı millətdir və onlar ölkənin həm siyasi, həm də iqtisadi həyatında vacib rola malikdirlər. Məhz bu səbəbdən, İranın daxili və xarici siyasətində yaşanan ən vacib hadisələr ölkəmiz və cəmiyyətimiz üçün də əhəmiyyətsiz deyil. Bu baxımdan, İranın nüvə proqramı ilə bağlı vəziyyət və martın 14-də İslam Məclisi Yığıncağına (parlament) keçirilmiş seçki Azərbaycanda diqqət mərkəzində olan məsələlərdəndir.

Qeyd etmək lazımdır ki, İran parlamentinə keçirilmiş seçki barədə məlumatlar son dərəcə ziddiyyətli və natamam idi. Məsələ ondadır ki, prosesə beynəlxalq müşahidəçilər dəvət edilməyib, xarici KİV nümayəndələrinin fəaliyyətinə isə məhdudiyyət qoyulub. Rəsmi Tehran seçkidə seçicilərin 65%-nin iştirak etdiyini bildirsə də, müxalifət dairələri seçici fəallığının xeyli aşağı olduğunu söyləyir. "İrane emruz" saytının məlumatına görə, paytaxt Tehranda təxminən 40%, Təbrizdə isə cəmi 33% seçici səsverməyə qatılıb. Bundan başqa, səslərin sayılmasında çoxsaylı qanun pozuntularına yol verildiyinə dair də məlumatlar var. Avropa İttifaqı seçki ilə bağlı xüsusi bəyanatında onu "azad olmayan və ədalətsiz" adlandırıb.

Qeyd edək ki, ölkə parlamentindəki 290 yerə ümumilikdə 7 minədək namizəd iddia edirdi. Bununla yanaşı, namizədlərin ilkin seçimi prosesinə cavabdeh olan Müşahidə Şurası hakimiyyətə qarşı olan, müstəqil və ya islahatçı düşərgəni təmsil edən 200-dən artıq iddiaçını prosesdən kənarlaşdırmışdı. İddiaçıların daha bir hissəsi (məsələn, M.Hatəminin dövründə vitse-prezident postunu tutmuş Məhəmməd-Rza Arif, İranın MAQATE-dəki sabiq nümayəndəsi Rza Əmrollahi və digərləri) təzyiqlə üzləşdikləri üçün namizədliklərini geri götürmək məcburiyyətində qalıblar. Müşahidə Şurasının İmam Xomeyninin nəvəsinin namizədliyini təsdiqləməsindən sonra, o da prosesdən çəkilmək qərarına gəlib, lakin bunu ailəsinin təzyiqi ilə edib. Nəticədə müxalifət qanadı ölkənin seçki dairələrinin cəmi üçdə birində öz namizədləri ilə yarışa qatıla bilib və bu da, xüsusilə nəhəng şəhərlərdə seçkiyə marağı azaldıb.

İlkin nəticələrə görə, parlamentdəki yerlərin 120-si radikal və ya mötədil mühafizəkarlara, 46-sı islahatçılara, 34-ü isə müstəqil namizədlərə qismət olub. 30 dairədə namizədlərdən heç biri qanunda nəzərdə tutulmuş minimum 25% səsi toplaya bilmədiyindən, orada ikinci tur keçiriləcək. Digər dairələrdə isə, görünür, səslərin təkrar sayılması həyata keçiriləcək və qalib yalnız bundan sonra məlum olacaq. Görünən odur ki, sonda prezident Mahmud Əhmədinejad və onun əhatəsində olanlar qələbəni bayram edə biləcəklər. Belə ki, sosial-iqtisadi islahatların və Qərblə dialoqun qurulmasının tərəfdarları (İran parlamentinin sabiq spikeri Mehdi Kyarubinin rəhbərlik etdiyi Milli Etimad Partiyası və sabiq prezident Seyid Məhəmməd Hatəminin ətrafında birləşmiş İslahatçılar Koalisiyası) yeni parlamentdə azlıqda qalıb.

Mühafizəkarların qələbəsində Əhmədinejadın ötən prezident seçkisindəki zəfərində olduğu kimi, böyük rolu İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) oynayıb. Qeyd edək ki, bu qurum ölkədə qeyri-rəsmi formada siyasi, həmçinin iqtisadi hakimiyyəti öz əlində birləşdirib. İİKK-nın funksionerləri, tərəfdarları və veteranları, demək olar ki, İranın bütün idarəedici qurumlarında yerləşiblər. Korpusun təmsilçiləri prezident Əhmədinejadın iqtisadi və sosial siyasətinin bəzi aspektləri ilə əlaqədar dəfələrlə dövlət başçısının ünvanına sərt tənqidlər səsləndirsələr də, ümumilikdə, İİKK digər kütləvi hərbi-siyasi qurum olan basiclər kimi, dövlətin əsas dayağı olaraq qalır. Parlament seçkisində də mühafizəkarların qələbəsini məhz İİKK və basiclər təmin edib. Bir müddət əvvəl keçirilən bələdiyyə seçkisində və nüfuzlu Müşahidə Şurasının üzvlərinin yenidən seçilməsində Əhmədinejadın tərəfdarlarının məğlubiyyətə uğraması fonunda bu, xüsusilə əhəmiyyətli idi.

Bununla yanaşı, son seçkidə mühafizəkarların üstünlük əldə etməsi hökumətə rahat fəaliyyət və Əhmədinejada daha bir müddətə prezident seçilmək zəmanəti vermir. Belə ki, mühafizəkarlardan seçilmiş deputatların əksəriyyəti hazırkı dövlət başçısının ölkənin daxili inkişafı və dünya ictimaiyyəti ilə münasibətlərə dair yürütdüyü siyasətlə razı olmayan siyasətçilərdir. Onlar hazırkı hökuməti tənqid etməyə meyillidirlər və parlamentin hakim koalisiyası daxilində kifayət qədər ciddi qarşıdurma yarada bilərlər ki, belə hala da İranda uzun müddətdir  rast gəlinmir.

Əhmədinejad və onun ətrafını ciddi şəkildə pərişan edən daha bir məqam parlament seçkisində hakimiyyətə sərt müxalifətdə dayanan Milli Təhlükəsizlik Ali Şurasının sabiq katibi Əli Laricaninin inamlı qələbəsidir. Xatırladaq ki, o, bu postdan ötən il İranın nüvə proqramı ilə əlaqədar Avropa İttifaqı ilə aparılan danışıqlarda kifayət qədər sərt mövqe tutmadığı üçün uzaqlaşdırılmışdı. Son seçkidə o, İranın dini mərkəzi sayılan Qum şəhərindən siyahıya rəhbərlik edib və burada nüfuzlu mollaların dəstəyini qazanıb. "Los Angeles Times" hesab edir ki, nəticədə mötədil mühafizəkarlarla islahatçılar birləşərək ciddi siyasi qüvvə yarada bilərlər ki, bu halda onlar prezident Əhmədinejad və bütünlükdə hakimiyyətə ciddi təzyiq göstərmək imkanı əldə edəcəklər.

Bundan başqa, "mühafizəkarlar" və "islahatçılar"la yanaşı, İranın siyasi meydanında daha bir qrup peyda olub ki, onları da "mərkəzçilər" adlandırmaq olar. Oraya daxil olan praqmatik mühafizəkarlar özlərinə qeyri-rəsmi olaraq İranın sabiq prezidenti, hazırda nüfuzlu Müşahidə Şurasına rəhbərlik edən 74 yaşlı Haşimi-Rəfsəncanini lider hesab edirlər. Xatırladaq ki, onun ölkənin dini lideri Əli Xomenei ilə gərgin münasibətlərini müəyyən qədər maskalamaq mümkün olsa da, prezident Əhmədinejadla yaşadığı münaqişəni gizlətmək olmur. Rəfsəncani prezidenti, xüsusilə onun xarici siyasəti və nüvə proqramını sərt şəkildə tənqid edir. Onu da qeyd edək ki, sabiq dövlət başçısı böyük biznes dairələri və ruhanilərin bir hissəsinin dəstəyinə malikdir.

Hazırda İranın xarici siyasi, xarici iqtisadi, həmçinin daxili siyasətini müəyyənləşdirən əsas məqamlardan birinin onun nüvə proqramı olduğu şübhəsizdir. Dünya ictimaiyyətini daha çox narahat edən məqam nə atom enerjisinin istehsalı, nə də İranın öz yanacaq bazasını yaratmaqla bağlı layihəsidir. Qeyd edək ki, Tehranın nüvə silahlarının yayılmamasına dair müqavilənin üzvü kimi buna hüququ çatır. Narahatlıq İranın öz yanacaq tsikli bazasında nüvə silahı əldə etmək imkanı ilə bağlıdır. Xüsusilə də nəzərə alınsa ki, İranda bununla paralel olaraq, ballistik raketlərin hazırlanması və sınağı da həyata keçirilir, nüvə başlıqları olmadığı halda, bunun hərbi nöqteyi-nəzərdən heç bir əhəmiyyəti yoxdur. Lakin rəsmi Tehran nüvə proqramının dinc xarakterli olmasına dair israrını sürdürür, bunun əksini sübut etmək üçün göstərilən cəhdlər isə hələ də nəticəsiz qalır.

Bu arada, BMT Təhlükəsizlik Şurası 2008-ci il martın 3-də 14 səs lehinə, bir ölkə (İndoneziya) bitərəf olmaqla, İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan üçüncü qətnaməni qəbul edib. Sənəd İranla həm mülki, həm də hərbi sahədə istifadəsi mümkün olan mallarla ticarəti qadağan edir. Bundan başqa, Tehranın başqa ölkələrə səfərlərinə qadağa qoyulmuş rəsmi şəxslərinin siyahısı genişləndirilib (18 nəfərə çatdırılıb), əməliyyatların qadağan edildiyi 12 şirkət və bankın adı dəqiqləşdirilib (onların sırasında nəhəng dövlət bankları olan Bank Melli və Bank Saderat da var).

Lakin ilkin reaksiyadan belə nəticəyə gəlmək olar ki, bu qətnamə də gözlənilən effekti verməyib. Əhmədinejad hökuməti əvvəlki siyasətini davam etdirməkdə israrlıdır. Mühafizəkarların nəticəsini sərt siyasi xəttə dəstək kimi qiymətləndirdiyi parlament seçkisindən dərhal sonra rəsmi Tehran ABŞ və BMT-nin ünvanına tənqidi bəyanatla çıxış edib. "Bundan sonra nüvə proqramına dair nə "altılıq"la (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və Çin), nə də hər hansı ayrıca ölkə ilə danışıqlar aparılacaq", - deyə İran hökumətinin rəsmisi Qulam Hüseyn Elham bildirib.

Amma İranın iqtisadi reallıqları onun dünyanın digər ölkələrilə qarşıdurmaya getməsində Tehrana çətin ki kömək etsin. Hətta neft və qazın qiymətinin bir neçə dəfə yüksəlməsi də İran iqtisadiyyatının yaşadığı böyük çətinlikləri aradan qaldırmayıb. Əhalinin yaşayış səviyyəsi çox zəif templərlə artır. İkirəqəmli inflyasiya, benzinlə təminatda çətinliklər, bir çox istehlak mallarının çatışmazlığı, gənclər arasında kütləvi işsizlik, mənzilin gündən-günə qalxan qiymətləri əhali arasında narazılığı hər keçən gün daha da artırır. BMT-nin sanksiyaları isə İranda sahibkarlığa ciddi problem yaradıb, xarici investisiya axını azalıb, həmçinin digər ölkələrə məxsus şirkətlər İran bazarlarını tərk etməyə başlayıb. Əhmədinejad hökumətinin Asiya ölkələrindən, xüsusilə Çin, Yaponiya və Koreyadan ölkəyə kapital axınına bəslədiyi ümid də doğrulmayıb. Son 10 ildə İranda sürətlə artmış Çin kapitalı son vaxtlar fəallığını nəzərəçarpacaq dərəcədə azaldaraq, yalnız ticarət əlaqələrinin inkişafına güc verib.

Azərbaycan hakimiyyəti isə İranla bağlı ehtiyatlı siyasətini davam etdirir və Tehrana qarşı beynəlxalq təzyiqlər kampaniyasına qoşulmağa tələsmir. Lakin görünür, İran rəhbərliyi Bakının bu ehtiyatlılığını düz başa düşmur və onun son zamanlar atdığı addımlar ictimai rəydə son dərəcə neqativ qəbul edilib. Bu addımların Azərbaycan-İran münasibətlərinə təsirsiz ötüşməsi də mümkün deyil.

Tehranın Xəzərin statusu ilə bağlı məsələdə reallıqdan uzaq tələblər irəli sürməsi, məsələyə qeyri-konstruktiv yanaşması sahilyanı ölkələr üçün vacib olan problemin həllinə maneədir. Daim islam həmrəyliyi haqda danışan Tehran Azərbaycana qarşı aqressiv və qəsbkar siyasətini davam etdirən, ərazilərimizin İrana bitişik olan böyük bir hissəsini hələ də işğal altında saxlayan Ermənistanla münasibətləri intensiv şəkildə inkişaf etdirir. Tehran-Yerevan münasibətləri sadəcə ticarətlə kifayətlənmir və o, artıq strateji tərəfdaşlıq səviyyəsindədir.

Bütün bunlara İranın son zamanlar Azərbaycana qarşı atdığı qeyri-dost addımları da əlavə olunub. Qonşu ölkənin rəhbərliyi Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbiri dağıtmaq və iştirakçıları məsciddən qovmaq üçün hətta ağlabatan bəhanə gətirməyi belə lazım bilməyib. Özü də bu zaman tədbirdə Azərbaycanın İrandakı səfirinin iştirak etməsi də nəzərə alınmayıb.

BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" qətnaməsinin səsverməsi zamanı da İran Bakını dəstəkləməyib. Bu ölkənin qurumdakı təmsilçisi səsvermədə iştirak etməyib. Bir müddət sonra Tehranın qətnaməni dəstəkləməsinə dair Bakıya ünvanladığı məktub isə sadəcə münasibətləri korlamamağa cəhd idi.

Yəqin ki, Tehranın Azərbaycana münasibətdə bizim maraqlarımıza uyğun olmayan digər əməlləri də var. Amma elə məlum olan faktlar da nəticələrə gəlmək və Azərbaycan-İran münasibətlərini qiymətləndirmək üçün kifayətdir. Əlbəttə ki, mehriban qonşuluğu qorumaq lazımdır. Lakin İran rəhbərliyi anlamalıdır ki, son illər iqtisadi və geosiyasi rolu əhəmiyyətli dərəcədə yüksəlmiş Azərbaycan öz maraqlarına qarşı atılmış addımları sakitcə seyr etmək fikrində deyil və buna qarşı adekvat addımlar atacaq.



MƏSLƏHƏT GÖR:

447