5 Dekabr 2025

Cümə, 16:46

"GƏNC CANAVAR"ın QƏLƏBƏSİ

Ancey Dudanın Polşanın yeni prezidenti seçilməsi ölkənin və bütünlükdə Avropanın həyatında əlamətdar hadisədir

Müəllif:

02.06.2015

Polşada keçirilmiş prezident seçkisinin nəticələrini, həqiqətən, əlamətdar saymaq olar. Ancey Dudanın ölkə başçısı postuna yiyələnməsi yalnız Polşanın deyil, bütünlükdə Avropa məkanının taleyinə təsirsiz ötüşməyəcək.

Müxalifətçi "Qanun və ədalət" partiyasının namizədi olan Ancey Duda seçkidə hazırkı dövlət başçısı, "Vətəndaş platforması" partiyasını təmsil edən Bronislav Komorovskiyə qalib gəlib. O, əvvəllər - Smolensk üzərində baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həlak olmuş prezident Lex Kaçinskinin dövründə ədliyyə nazirinin müavini, dövlət katibinin müavini vəzifələrində çalışıb. Duda Avropa Parlamentinin deputatı da olub ("Avropa mühafizəkarları və islahatçıları" fraksiyası).

A.Duda mühafizəkar, ənənəvi, dini dəyərlərə üstünlük verən şəxs kimi tanınır. Prezident seçkisində onu, ilk növbədə, ənənəvi mühafizəkar elektoratın dəstəkləməsi də təəccüblü deyil. Söhbət kənd və kiçik şəhərlərin sakinlərindən gedir. Bundan başqa, Polşada 2007-ci ildən hakimiyyətdə olan "Vətəndaş platforması"na qarşı tənqidi fikirdə olan gənclərin də böyük hissəsi Dudanı dəstəkləyib.

Polşalı analitiklər Ancey Dudanın qələbəsini "prezident Komorovskidən, "Vətəndaş platforması"nın 8 illik idarəçiliyindən narazılığın və yorulmanın nəticəsi" kimi qiymətləndirirlər. Onların fikrincə, Dudanın prezidentliyi Polşa tarixində yeni dövrün başlanğıcı olacaq. Görünən odur ki, Polşa dövlətinin hakim elitasında dəyişikliklər yalnız Dudanın prezidentlik kürsüsünə yüksəlməsilə bitməyəcək. Bəlkə də, prosesin davamı olaraq, "Qanun və ədalət" partiyası payızda keçiriləcək parlament seçkisində qələbə qazanacaq. Bundan başqa, yeni hakimiyyət tezliklə hökumət başçısı postuna sözügedən partiyanın lideri Yaroslav Kaçinskinin (mərhum Lex Kaçinskinin qardaşı) gəlişilə daha da güclənə bilər. Yeri gəlmişkən, Ancey Duda məhz Kaçinskinin adamı sayılır.

Bütün bunlarla yanaşı, Dudanın prezident seçkisindəki zəfərini qiymətləndirən zaman Polşa siyasətinin əfsanəvi personajı, "Həmrəylik" hərəkatının banisi, eks-prezident Lex Valensanın bir fikrini diqqətdən qaçırmaq olmaz: "Siyasi vəzifələri çox uzun müddət eyni şəxslər tutursa, onların xalqla əlaqəsi zəifləyir. Bu halda "gənc canavarlar" qalib gəlirlər".

Duda və ətrafındakı "gənc canavarlar", şübhəsiz ki, ölkənin daxili siyasi düzəninə müəyyən dəyişikliklər etməyə çalışırlar. Bu, istər kadr, istərsə də təşkilati məsələlərə aiddir. Hazırkı strategiyanın isə eyni zamanda daha konservativ və sosial təmayüllü olacağı gözlənilir. Dudanın hakimiyyətə gəlişi, əlbəttə ki, Polşanın xarici siyasətində, ilk növbədə, onun Avropanın həyatındakı rolunda da dəyişikliklərə yol açacaq.

Duda avroskeptikdir. Bu, onun avroya keçidə mənfi münasibətində də özünü göstərir. Dudanın fikrincə, Polşa valyutasından (zloty) imtina qiymət artımına səbəb olacaq. Yeni prezident nümunə kimi avrozonaya daxil olmuş digər Şərqi Avropa ölkələrindəki vəziyyəti göstərir. Bununla yanaşı, Dudanın Polşa prezidenti seçilməsi avropalıların Aİ-nin siyasətini qəbul etmədiklərinin daha bir göstəricisidir. Bu, yalnız Polşadakı seçkinin nəticələrinə aid deyil. İspaniyada da regional və yerli səviyyədə keçirilən seçkilər ultrasolçuların və avroskeptiklərin (birincilər Avro-Atlantik eyniliyə qarşı çıxır, ikincilər isə Aİ-nin siyasətini tənqid edir) qələbəsilə nəticələnib. Eyni sözləri Yunanıstan və Böyük Britaniya haqda da söyləmək olar. Bu ölkələrdə hökumətlər Aİ-yə üzvlük məsələsini referenduma çıxarmaq niyyətindədirlər. Bu, artıq söhbətin ümumqitə tendensiyasından getdiyini göstərir. Onun kökündə əhalinin böyük əksəriyyətinin gözündə sistemli hakimiyyətlə assosiasiya olunmayan şəxslərin hakimiyyətə gəlməsi dayanır.

Bu mənada Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Federika Moqerininin fikirləri maraqlıdır. Polşada keçirilmiş prezident seçkisinin nəticələrini şərh edən Moqerini bildirib ki, bu, Aİ layihəsinə yenidən baxılmasının vacibliyini göstərir. Son dövrlərdə keçirilən seçkilərdə avroskeptiklərin qələbələrinin getdikcə artdığına diqqət çəkən diplomat bildirib ki, "əgər biz Aİ-nin banilərinin layihəsini qoruyub-saxlamaq istəyiriksə, bir avropalılar kimi öz mövcudluğumuza və fəaliyyətimizə yenidən baxmalıyıq". "Yeni gettolarla, yeni marginallarla dolacaq, bizim bir-birimizdən qorxaraq yaşayacağımız Avropa Avropa olmayacaq. Bizim tariximiz, Avropanın tarixi bizə başqalarının da bizdən olduğunu öyrədir", - deyə o, bildirib.

Federika Moqerini Avropa ideyasının "dəyişdirilməsi"nin vacibliyi haqda danışsa da, Brüsselin bu istiqamətdə konkret hansı addımları ata biləcəyini açıqlamayıb. Əvəzində A.Duda ölkəsinin Brüsselin çaldığına oynamaq fikrində olmadığını qəti şəkildə dilə gətirib. O, Almaniyanın Polşanın siyasətində xüsusi rol oynadığı dövrün də arxada qaldığını bildirib. Bununla yanaşı, Brüssel və Berlinin Varşavanın siyasətinə təsirini azaltmağa çalışan yeni prezident Vaşinqtonla strateji münasibətlərin möhkəmləndirilməsində pis heç nə görmür. O, amerikapərəst mövqeyini əksər həmvətənlərinin heç də dost münasibəti bəsləmədiyi Rusiyaya sinə gərməyin vacibliyilə əsaslandırır. Dudanın Polşa ərazisində daimi NATO hərbi bazasını yerləşdirmək istəyi də onun Vaşinqtonla münasibətləri yaxınlaşdırmaq istəyilə izah olunur. Duda Şimali Atlantika Alyansının gələn il Varşavada keçiriləcək sammitində, məhz, bu məqsədə nail olmaq fikrindədir.

Rusiya ilə münasibətlərə gəlincə, yeni prezident dövründə Varşavanın bu siyasətində ciddi dəyişiklik gözlənilmir. O, beynəlxalq arenada həmişə olduğu kimi, bundan sonra da Moskvanın ən sərt tənqidçilərindən biri kimi çıxış edəcək. Polşanın Ukrayna böhranına münasibəti də dəyişməzdir. Hətta indi Varşavanın bu məsələdə daha sərt mövqe ortaya qoyacağı istisna deyil. Çünki Duda çox vaxt "Böyük Polşa" ideyasına sadiq millətçi dairələrin maraqlarını ifadə edir. Həmin dairələr isə 1939-cu il Molotov-Ribbentrop paktınadək olan sərhədlərin bərpasını tələb edir. Bu variantda hazırkı Ukraynanın qərb rayonları da Polşanın ərazisinə daxildir. Amma Duda, əlbəttə ki, Ukraynaya qarşı hər hansı açıq ərazi iddiası irəli sürmək fikrində deyil. O, nə qədər "millətçi" olsa da, kifayət qədər praqmatik siyasətçi təsiri bağışlayır. Demək, yeni prezident bu günün reallıqlarına zidd olan hər hansı addım atmayacaq. Dudanın "antirusiya" mövqeyinə rəğmən, Ukraynanın maraqlarına zərbə vura biləcəyisə başqa məsələdir. Məsələ ondadır ki, yeni prezident seçkiqabağı çıxışlarından birində "Kiyevlə dialoq zamanı Ukrayna Üsyançı Ordusundan (UÜO) qəhrəman düzəldilməsi məsələsini qaldıracağına söz verib. Yəni Duda Ukrayna hökumətinin UÜO-ya bəraət qazandırmaq qərarını qəbul etmir. Hər halda, 1943-cü ildə 80 min Volın polyakının ölümünə görə məsuliyyət məhz bu təşkilatın üzərindədir.

Yeni prezidentin "antirusiya" mövqeyi də böyük ehtimalla real siyasət çərçivəsini aşmayacaq. Ekspertlər Dudanın seçkiqabağı kampaniya zamanı Rusiya ilə münasibətlərə dair səsləndirdiyi bəyanatların Komorovski ilə müqayisədə daha barışdırıcı olduğuna diqqət çəkirlər. Bundan başqa, Moskva da Polşa ilə bir yaxın qonşu kimi, "mehriban, stereotiplərdən azad qarşılıqlı münasibətlərin qurulmasına" ümid edir. Doğrudur, bəziləri Kremlin Ancey Dudanın qələbəsinə yumşaq yanaşmasını Moskvanın gizli məqsədilə izah edir: Rusiya yeni prezidentin avroskeptikliyindən Polşanın Avropadan "təcrid edilməsi" üçün yararlanmağa çalışır. Amma Rusiya rəhbərliyinin bu perspektivə ciddi yanaşma ehtimalı o qədər də yüksək deyil. Dudanın avroskeptikliyi Polşa və ümumavropa siyasətinin elementindən başqa bir şey deyil. İstər Moskvada, istərsə də Varşavada yaxşı başa düşürlər ki, iki ölkənin və bütünlükdə regionun maraqlarına uyğun az-çox konstruktiv dialoqun dəstəklənməsi vacibdir. Dudanın Rusiya ilə münasibətlərə dair bəyanatlarındakı ehtiyatlılıq, həmçinin Kremlin Polşada hakimiyyətə yeni simaların gəlişindən məmnunluğun açıq büruzə verilməsi məhz bununla bağlıdır.



MƏSLƏHƏT GÖR:

695