5 Dekabr 2025

Cümə, 16:11

SIFIR NƏTİCƏ

Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında bütün üzvlərin eyni gözdə tutulması cəhdləri proqramın iflası ilə nəticələnə bilər

Müəllif:

02.06.2015

Genişlənmə və mehriban qonşuluq siyasəti üzrə sabiq avrokomissar Ştefan Füle səlahiyyət müddətinin sonuna yaxın bir etiraf etmək məcburiyyətində qalmışdı: Aİ ilə "Şərq tərəfdaşlığı" iştirakçılarının münasibətlərində tez-tez ortaya çıxan stupor Brüsselin bütün postsovet ölkələrinə eyni cür yanaşmasının nəticəsidir. Halbuki sağlam düşüncə onlara fərdi yanaşma taktikasına üstünlük verilməli olduğunu göstərir. Bu yanaşma isə həmin ölkələrin siyasi-iqtisadi göstəriciləri, ənənələri, dəyərləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Məhz bu səbəbdən, Avropa Komissiyasının yeni heyətilə bağlı müəyyən ümidlərin olmasına rəğmən, bir müddətdir ki, "Şərq tərəfdaşlığı"nın perspektivi müəyyən dərəcədə qeyri-müəyyən xarakter alıb. Maraqlıdır ki, Ş.Fülenin xələfi Yohannes Xan vəzifəsinin icrasına başlar-başlamaz Avropa Komissiyasının bu qüsuru aradan qaldıracağını bəyan etmişdi. Bir sıra Aİ məmurunun Riqa sammiti ərəfəsində səsləndirdiyi bəyanatlar da "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı müəyyən nikbinliyin yaranmasına səbəb olmuşdu. Məsələn, Avropa Parlamentinin prezidenti Martin Şults Şərqi Avropadakı yeni geosiyasi vəziyyətlə əlaqədar olaraq, "Şərq tərəfdaşlığı" siyasətinə yenidən baxılmasının vacibliyini bildirmişdi. Onun fikrincə, bu proqram daha effektiv və diferensiasiyalı olmalıdır və yalnız bu halda o, ticarət, viza rejiminin reallaşdırılması kimi sahələrdə konkret nəticələr verə bilər. Kommunikasiya strategiyasının yaxşılaşdırılması haqda düşünmək də son dərəcə vacibdir. Bu məsələlərlə bağlı daha konkret fikri qurumun "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykans səsləndirmişdi. O, Riqa sammitində Gürcüstan, Ukrayna və Moldovaya assosiasiya sazişinin reallaşdırılması üçün dəstək veriləcəyini söyləmişdi. Səfir bildirmişdi ki, sammitdə vizasız rejimə keçmək üçün ciddi cəhdlər göstərən Ukrayna və Gürcüstanla bağlı Aİ tərəfindən ciddi dəstək addımları atılacaq. Ermənistan, Azərbaycan və Belarusa isə xüsusi təkliflər hazırlanırmış. Bununla yanaşı, o, Aİ ilə Ermənistan arasında yeni assosiasiya müqaviləsinin hazırlanmasının mümkünlüyünü də bildirmişdi.

Lakin, praktiki olaraq, sıfır nəticə ilə bitmiş Riqa sammiti ən xırda gözləntiləri belə, doğrultmayıb. Aİ Ukrayna və Gürcüstan sakinləri üçün viza rejimini yüngülləşdirməyib. Almaniya kansleri Angela Merkel hazırkı şəraitdə bunun mümkünsüz olduğunu deyib, sadələşdirməyə getmək üçün sözügedən ölkələrdə ciddi islahatların aparılmasının vacibliyini vurğulayıb. Təbii ki, bu islahatlar Brüsselin tələblərinə uyğun həyata keçirilməlidir.

Avstriya kansleri Verner Faymanın sammitə gələrkən səsləndirdiyi bəyanat isə xüsusi diqqətəlayiqdir: "Həyata keçirə bilməyəcəyimiz vədlər verməyə dəyməz. Yaxşı dostlara qarşı belə davranmırlar. Mənim fikrimcə, onların Aİ-yə üzvlüyü haqda danışmaq saxtakarlıq olardı. Əminəm ki, Aİ və "Şərq tərəfdaşlığı" ölkələri arasında əməkdaşlıq üçün bir çox imkanlar var".

Məsələnin bu cür qoyuluşu Azərbaycanın mövqeyilə tamamilə üst-üstə düşür. Birincisi, "Şərq tərəfdaşlığı" proqramının bəzi üzvlərində mümkün olanından daha çoxa ümidləri məhz brüsselli məmurlar və Avropanın aparıcı dövlətlərinin yüksəkrütbəli siyasətçiləri yaradıblar. Onlar bəzən proqram üzvlərinin Aİ-yə üzvlüyünə dumanlı eyham vurmaqla, çoxmənalı fikirlər səsləndirirlər. Halbuki layihədə belə sonluq nəzərdə tutulmur.

İkincisi, zaman keçdikcə məlum olub ki, Aİ ilə postsovet ölkələri arasında əməkdaşlığın "Şərq tərəfdaşlığı" proqramında nəzərdə tutulmuş istiqamətlərinin heç də hamısı Brüssel üçün prioritet deyil. Həyəcanla öz enerji təhlükəsizliyinin qayğısına qalan, bəzən demokratiya və insan haqlarının möhkəmlənməsi ilə bağlı qarşı tərəfə həddindən artıq ciddi təzyiqlər (bir çox hallarda əsassız) göstərən Aİ digər iki müstəvidə heç də çevik təsir bağışlamayıb. Söhbət iqtisadi inteqrasiya və Aİ-nin müəyyən sahəyə aid iqtisadi siyasətilə konvergensiyadan gedir. Buraya azad ticarət zonalarının yaradılması da aiddir. Brüssel, əsasən, postsovet məkanlarında Avropa malları üçün yeni bazarların açılmasının qayğısına qalıb. Bu ölkələrin iqtisadiyyatlarının Avropa standartlarına keçməsinə gəlincə, Aİ onlara nə maddi, nə də yüksək texnoloji vasitələrlə dəstək verməyə tələsir. Bu mənada Brüsselin bu ölkələrdə iqtisadi islahatların dəstəklənməsinə ayırdığı gülüş doğuran məbləğ - 600 milyon avroya yalnız istehza etmək olar. Brüsselin bu "piroq"u layihə iştirakçıları arasında bölüşdürülməsində müşahidə edilən qəribəlik isə tam ayrı söhbətin mövzusudur. Məsələn, Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş, həmçinin bütün həmsərhəd ölkələrə qarşı ərazi iddiaları irəli sürən təcavüzkar Ermənistan Aİ-nin ayırdığı yardımın həcminə görə "Şərq tərəfdaşlığı" ölkələri sırasında ikinci yerdədir. 1 milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan isə bu siyahıda sonuncu yeri tutur. Aİ insanlar arasında əlaqələrin inkişafı maddəsi üzrə də, eyni amorfluq nümayiş etdirir. Qeyri-leqal miqrasiya ilə mübarizədə Brüssel ardıcıl siyasət yürüdürsə, viza rejiminin liberallaşdırılması işində heç bir irəliləyiş yoxdur. Bütün sadalananlar göstərir ki, Brüssel "Şərq tərəfdaşlığı" ölkələrilə bərabərhüquqlu tərəfdaş münasibətlərindən danışsa da, reallıqda o, bu formatda əməkdaşlıqda maraqlı deyil. Bununla yanaşı, Aİ qarşı tərəfə açıq-aşkar və ya üstüörtülü şəkildə öz şərtlərini qəbul etdirməyə çalışır. Bəziləri bunun tamamilə təbii olduğunu deyəcəklər, yad məbədə öz qaydalarınla gedilmədiyini xatırladacaqlar. Brüssel də məhz, bu səbəbdən, əvvəlcə öz tələblərini irəli sürür. Amma burada söhbət yad monastırdan yox, Avropa İttifaqından və hələlik yalnız bəzi istiqamətlərdə bərabərhüquqluluq prinsipi əsasında əməkdaşlıqdan gedir. Odur ki, Aİ yad monastırda ("Şərq tərəfdaşlığı" ölkələrində) sırf şəxsi maraqlarından çıxış edərək, öz şərtlərini də diktə etməməlidir.

Brüssel ilə "Şərq tərəfdaşlığı" ölkələri arasında rəvan olmayan münasibətlərin üçüncü matrisası da buradan meydana çıxır. Öz maraqlarının təmini üçün birmənalı praqmatik siyasət yürüdən Aİ postsovet ölkələrinin analoji mövqeyini nədən qıcıqla qarşılayır? Məgər, bu Aİ-nin həmin ölkələrə heç də bərabərhüquqlu tərəfdaşlar kimi yanaşmadığını göstərmirmi? Axı, Brüssel "Şərq tərəfdaşlığı" ölkələrilə münasibətlərin bərabərlik prinsipi əsasında qurulduğunu deyir. Bəs, əslində necədir? Ümumiyyətlə, bu yanaşma nə dərəcədə doğrudur? Bu ölkələr öz iqtisadi və hərbi-siyasi inkişaf parametrlərinə, regional proseslərə təsir imkanlarına görə, obrazlı şəkildə desək, müxtəlif çəki kateqoriyalarına aiddirlər. Odur ki, Aİ ilə "Şərq tərəfdaşlığı" proqramının hər bir üzvü arasında əməkdaşlığın ən azı məzmununda, həcmində fərq olacaq. Bu əməkdaşlıq üçün müstəvinin bütün ölkələrdən ötrü eyni olması təbiidir. Bu, mütləq belə olmalıdır. Lakin, digər yandan Aİ-nin təcavüzə məruz qalmış və təcavüzkar ölkələrlə bir layihə çərçivəsində eyni münasibət qurmaq istəyini necə izah etmək olar?

Brüssel postsovet məkanındakı münaqişələrin həlli məsələsində də öyünə biləcək iş görmür. O, Dağlıq Qarabağ problemindən fərqli olaraq, Gürcüstan və Ukraynadakı münaqişələrlə bağlı həsəd aparılacaq çalışqanlıq nümayiş etdirir və bu, Aİ-nin ikili mahiyyətinin daha bir göstəricisidir. Brüssel öz seçmə (məhz seçmə, diferensiasiya yox) mövqeyini hər dəfə rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmaması ilə əsaslandırmağa çalışır. Problem isə ondadır ki, Aİ-nin müşahidəçi qismində iştirak etdiyi Dnestryanı münaqişənin nizamlanması prosesində də heç bir nəticə yoxdur. Demək, söhbət onun prosesə bu və ya digər dərəcədə cəlbindən yox, siyasi idarənin yoxluğundan və maraqlardan gedir. Görünən odur ki, Brüssel üçün hər bir şəraitdə müşahidəçi olmaq daha rahatdır. Aİ-nin məsələlərə ayrı-seçkiliklə yanaşmasını ortaya qoyan daha bir vacib fakt: Ukraynada, təxminən, ilyarım əvvəl başlamış faciəvi hadisələr praktiki olaraq, Brüsselin o zamankı Ukrayna hökumətinə ünvanladığı ultimatumun, Kiyevdən birmənalı seçim etmək tələbinin nəticəsidir. Bu gün isə o, artıq Aİİ-nin üzvü olan təcavüzkar Ermənistana şübhəli lütfkarlıqla İrəvanı qane edəcək müqavilə variantının hazırlanmasını təklif edir. Əgər Brüssel üçün proqramın bütün iştirakçıları eynidirsə, Ermənistana izahı olmayan bu üstünlük hansı məntiqlə təklif olunur? Bütün bunlardan sonra Riqa sammiti ərəfəsində bəzi Avropa KİV-də Aİ-nin 6 postsovet ölkəsinin Moskvanın nüfuz dairəsindən çıxarılmasına yönəlmiş bu proqramının iflasa uğradığına dair yer almış məlumatları təəccüblə qarşılamağa dəyərmi? Yaranmış vəziyyətə görə Brüssel heç kəsi günahlandıra bilməz. Bu, məhz Brüsselin uzağı görə bilməməsinin, daha doğrusu, siyasi korluğunun nəticəsidir.



MƏSLƏHƏT GÖR:

746