TƏHLÜKƏLİ MÜTTƏFİQ
Ermənistanın KTMT-yə üzvlüyü gözlənilməz fəsadlara yol aça bilər
Müəllif: NURANİ Bakı
Hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Reaksiya Qüvvələrinin (KÇRQ) yaradıldığı vaxt Ermənistan bu məsələyə son dərəcə soyuq yanaşmışdı. Vəziyyət o həddə çatmışdı ki, Ermənistan prezidenti ölkəsinin yeni qüvvələrin formalaşmasında iştirak edib-etməyəcəyilə bağlı suala konkret cavabın tələb olunacağı sammitə qatılmamışdı.
İndisə, deyəsən, vəziyyət dəyişib. İndi artıq Ermənistan demarşlara əl atmır. Bəs, bu, İrəvanın KTMT-dən olan tərəfdaşlarını sevindirməlidir, yoxsa..?
RİA "Novosti"nin məlumatına görə, KTMT KÇRQ Tacikistanda bölüyün razılaşdırılmış fəaliyyət planını hazırlayır. Bununla yanaşı, şərti düşmənə qarşı döyüş atıcılıq təcrübəsi və elementləri də nəzərdən keçirilir. Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında keçirilən manevrlərə, ümumilikdə, 2 mindən artıq hərbçi, 150-dən artıq texnika cəlb olunub. Söhbət, əlbəttə ki, KTMT KÇRQ-yə - Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistana məxsus qüvvələrdən gedir. Bu qurumda Ermənistan Silahlı Qüvvələrinin 1 batalyonu yer alır.
Əlbəttə ki, Ermənistan hərbçilərinin Tacikistana necə gedib çıxdıqları ilə maraqlanmaq olar. Məlum olduğu kimi, Ermənistanın KTMT-nin digər üzvlərilə quru sərhədləri yoxdur. Burada etibarlı "hərbi hava" yolundan da söhbət gedə bilməz. Doğrudur, Ermənistanla Rusiya arasında hava əlaqəsi mövcuddur. Lakin hərbi təyyarələrin Azərbaycan və ya Gürcüstanın hava məkanından tranzit kimi istifadəsi inandırıcı görünmür. Bir versiyaya görə, erməni desantları Tacikistana İranın hava məkanı vasitəsilə yollanıblar. Onların mülki aviasiyadan istifadə etdiklərinə dair də versiya mövcuddur. Hər halda, real böhranın yaşanacağı təqdirdə, Ermənistandan hərbçilərin operativ şəkildə Tacikistana necə atılacağı məsələsi açıq qalır.
Məsələn, NATO-da isə bu məsələ ilə bağlı konkret qayda var: bloka yalnız alyansın hansısa üzvü ilə həmsərhəd olan ölkə qəbul edilə bilər. Bu yoxdursa, yeni üzvün açıq dənizə çıxışı mütləq olmalıdır. Əslində, bu, hərbi ittifaq üçün tamamilə məntiqli şərtdir. Ermənistanın isə nə açıq dənizə çıxışı var, nə də KTMT üzvlərilə ümumi sərhədi. Nəticədə, real "hərbi vəziyyət"in yaranacağı təqdirdə, o, tərəfdaşlarından təcrid olunmuş duruma düşə bilər. Ən təhlükəlisi isə odur ki, regionda bu "hərbi vəziyyət"ə məhz Ermənistanın özü yol aça bilər. Hər halda, bu ölkənin rəhbərliyi daim İran istisna olmaqla, digər qonşularına qarşı ərazi iddiaları irəli sürür.
Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayır və cəbhə xəttində daim lokal təxribatlara əl atır. O, Gürcüstanla müharibə şəraitində olmasa da, KİV-in də dəfələrlə qeyd etdiyi kimi, Cavaxetiyaya qarşı ərazi iddiaları səsləndirir. Gürcüstanın Azərbaycan və Türkiyə ilə yaxın münasibətləri də erməniləri narazı salan məqamlardandır. Nəhayət, Ermənistan NATO üzvü olan Türkiyəyə qarşı da ərazi iddialarına malikdir. Hər halda, Ermənistan gerbinin üzərində Türkiyə ərazisində yerləşən Ağrıdağın, yaxud ermənilərin adlandırdıqları kimi, Araratın şəklinin əks olunması bunun göstəricisidir. İrəvan Türkiyə ilə Ermənistanın hazırkı sərhədlərini müəyyənləşdirən Qars müqaviləsini də rəsmən tanımır. 1991-ci ildə Türkiyə SSRİ-nin dağılmasından sonra keçmiş sovet respublikalarını müstəqil dövlət kimi tanımağa başladıqda Ermənistanın ona qarşı ərazi iddiaları irəli sürə biləcəyindən narahatlığını ifadə etmişdi. Lakin o zaman dünya bunu "duymamağa" çalışmışdı. Üstəlik, "futbol diplomatiya"sına start verildikdən sonra belə, İrəvan Türkiyə ilə hazırkı sərhədləri tanımağa hazır olduğunu bəyan etmədi.
Nəhayət, Ermənistan sərhədləri boyunca düzülmüş bu problemlərlə yanaşı, KTMT-dən olan tərəfdaşlarının, ilk növbədə, Rusiyanın ona "mənəvi borcu"nun olduğunu düşünür. Ermənistanda ümid edirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan hərbi yolla azad etməyə qərar verərsə, KTMT İrəvanın köməyinə gələcək. Amma bu zaman onlar KTMT-nin Nizamnaməsində yalnız xarici təhlükədən müdafiə məsələsinin əks olunduğunu unudurlar. Azərbaycan isə ölkə rəhbərliyinin də dəfələrlə bəyan etdiyi kimi, heç bir dövlətin ərazisinə iddia etmir və beynəlxalq birlik tərəfindən tanınmış ərazisində, Dağlıq Qarabağda ekstremist-separatçı cinayətkar qrupa qarşı antiterror əməliyyatlarına başlamaq hüququnu özündə saxlayır. Demək, KTMT qüvvələrinin Azərbaycan qarşısında Ermənistana yardım etməsi üçün hüquqi əsas yoxdur.
Amma erməni işbazları öz himayədarlarını münaqişəni qızışdırmaqla daha sərt addımlar atmağa sövq etməyi bacarırlar. 19-cu əsrin sonlarında da onlar məhz bu cür etmişdilər. Hər halda, Uilyam L.Langer "İmperializm diplomatiyası" əsərində yazırdı: "İnqilabçılardan biri 1890-cı ildə Robert kollecin yaradıcısı doktor Xamlinə deyirdi ki, Qnçakın quldur dəstəsi "türkləri və kürdləri öldürmək üçün imkan axtaracaq, onların kəndlərinə od vuracaq və dağlara çəkiləcək". Bundan hiddətlənən müsəlmanlar isə "müdafiəsiz yerli ermənilərin üstünə düşəcək, əsl varvar qətliamına başlayacaq və nəticədə, Rusiya humanizm və xristian həmrəyliyi adı altında bu torpaqları ələ keçirmək qərarına gələcək". Eşitdiklərindən dəhşətə gələn missioner bu planı tarixin ən vəhşi, iblis planı adlandırdıqda ona demişdilər: "Bu, sizə elə gəlir. Biz ermənilər isə qəti olaraq azadlığa çıxmaq qərarı qəbul etmişik. Avropa bolqar dəhşətlərini eşitdi və Bolqarıstanı azad etdi. Məsələ qadınların, uşaqların qanının axıdılmasına çatdıqda o, bizim də fəryadımızı eşidəcək... Biz ümidimizi itirmişik. Biz bunu edəcəyik".
Beləliklə, Ermənistanın üzv olduğu KTMT-nin ermənilər üzündən ya Türkiyə, ya Azərbaycan, ya da Gürcüstanla müharibəyə cəlb edilə biləcəyi ehtimalı son dərəcə yüksəkdir. Bu, bir daha təsdiq edir ki, Ermənistan müttəfiqdən kollektiv təhlükəsizlik üçün təhdidə çevrilir.
MƏSLƏHƏT GÖR:

779

