15 Mart 2025

Şənbə, 00:44

NÜVƏ QARŞIDURMASINDAN SÜLH DİALOQUNA

Pakistanda keçirilən parlament seçkilərində demokratların qalib gəlməsi islamabadla dehli arasında münasibətlərin normallaşmasına şərait yaradır

Müəllif:

15.03.2008

Son onillikdə qlobal təhlükəsizliyin təmini məsələsində Cənubi Asiyanın rolu artıb. Bununla yanaşı, regionda əsas hadisə, şübhəsiz ki, Pakistan-Hindistan qarşıdurmasıdır. Dehli ilə İslamabad arasında yaşanan yarıməsrlik münaqişənin kökündə müasir dünya düzümünün əksər siyasi kolliziyaları dayanıb. Hindistan-Pakistan hərbi rəqabəti keçmiş SSRİ-ABŞ-dan sonra dünya tarixində nüvə dövlətləri arasında ikinci böyük qarşıdurmadır. Və bu qarşıdurma həm də terrorizm və demoqrafik partlayış fonunda artan sosial problemlərlə də əhatə olunur. Belə bir şəraitdə, qarşıdurmanın aradan qalxacağına inanmaq çox çətindir. Amma buna baxmayaraq, hazırda regionda yaşananlar tunelin sonunda, axır ki işıq görünəcəyinə ümid etməyə əsas verir.

 

Strateji razılaşma

Hindistanda qarşıdurma 50 il əvvəl Hindistanın Britaniyanın hökmranlığından azad edilməsi və bu zaman müsəlman Pakistanının yaranması ilə başlayıb. Bu ayrılmadan dərhal sonra isə kütləvi toqquşmalar baş qaldırıb. Tərəflər arasında əsas mübahisə obyekti, əlbəttə ki, Kəşmir oldu. Hazırda Kəşmirin dörddəüçü Pakistanın, qalan hissəsi isə Hindistanın nəzarəti altındadır.

İki ölkə arasında ən güclü müharibə 1971-ci ildə yaşanıb. Həmin vaxt İslamabadın məğlubiyyəti Şərqi Pakistan ərazisində yeni dövlətin - Banqladeşin yaranmasına səbəb oldu. Bundan sonra Hindistan və Pakistan öz münasibətlərində yeni mərhələyə - nüvə qarşıdurmasına qədəm qoydular.

İlk olaraq, Hindistan özünün nüvə silahını yaratmağa başladı və 1974-cü ildə Racastan səhrasında onu sınaqdan keçirdi. Bir neçə il sonra isə İslamabad da anoloji proqramını işə saldı. 1998-ci ildə hər iki dövlət yeraltı nüvə sınağı keçirərək ballistik raketlərinin mövcudluğunu nümayiş etdirdilər. Qeyd edək ki, həm Hindistan, həm də Pakistan nüvə silahının yayılmaması haqda Müqaviləyə qoşulmaqdan imtina edir. Hindistan hesab edir ki, bu sənəd sadəcə "imtiyazlı ölkələr"dən ibarət bir qrupun nüvə silahı əldə etmək haqqını təsbit edir. İslamabad isə nüvə arsenalının inkişafı məsələsinin yalnız Dehlinin bu istiqamətdəki addımlarından asılı olduğunu bildirir.

Hər iki dövlət nüvə silahından böyük xarici siyasi hədəflərə nail olmaq üçün istifadə edir. Hindistan fövqəldövlət olmaq və BMT Təhlükəsizlik Şurasının daimi üzvünə çevrilmək, Cənubi Asiyada hegemonluğunu təmin etmək, Pakis-tan və Çinin qarşısını almaq, ABŞ-ın Hind okeanı regionuna təsir imkanlarını azaltmaq məqsədi güdür. 

Pakistan üçün isə nüvə silahı Hindistanın ona qarşı müharibəyə başlamayacağına zəmanət, həmçinin ölkənin İslam dünyasının aparıcı dövlətinə çevrilməsi deməkdir.

Beləliklə, demək olar ki, eyni vaxtda həm Hindistanın, həm də Pakistanın "qeyri-leqal nüvə dövləti" hesab olunması Cənubi Asiyanı yeni təhlükə ilə üz-üzə qoyur. Əhalinin görünməmiş sıxlığı və insanların kütləvi qırğın silahından müdafiəsi üçün elementar sistemin olmaması, insanların çox aşağı təhsil səviyyəsi və onların atomdan müdafiə sahəsində elementar biliklərə malik olmamaları ciddi problemdir. Çünki belə bir şəraitdə həta orta güclü bir nüvə partlayışı belə yüz minlərlə insanın həyatına son qoya bilər.

Hər iki dövlətin rəhbərliyi bu risklərin mövcudluğunu yaxşı anlayır. Onlar dəfələrlə barışığa cəhd ediblər. 1999-cu ilin fevralında tərəflər arasında hətta Sülh və Mehriban Qonşuluq haqda Bəyannamə də imzalanıb. Lakin artıq həmin ilin may-iyun aylarında Pakistan və Hindistanın nizami ordu hissələri arasında döyüş baş verib və nəticədə mindən artıq hərbçi həlak olub. Bu, dünya tarixində nüvə ölkələri arasında yaşanan ilk məhdud müharibə kimi yadda qalıb.

2003-cü ildə tərəflər orduların Kəşmirdəki təmas xəttində atəşkəs haqda razılaşmanın əldə edildiyini açıqlayıblar. Sonrakı ilin fevralında isə ikitərəfli kompleks danışıqlara başlanılıb. Bir müddət əvvəl - təxminən bir ay öncə Hindistan və Pakistan bir-birlərinə qarşı əsl strateji addım atıblar. Tərəflər təhlükəsizlik məsələlərinə dair informasiya mübadiləsi haqda sənədi imzalayıblar ki, bu da Hindistan Müdafiə Tədqiqatları və Analiz İnstitutu ilə Pakistanın Dövlət Strateji Tədqiqatlar İnstitutu arasında müntəzəm əlaqələr üçün imkan yaradır. 

Beləliklə, iki rəqib nüvə dövləti arasında əlaqə üçün yeni kanal açılıb.

Bununla yanaşı, ekstremistlərin nüvə silahına çıxış əldə etməsi təhlükəsinin real olması  regionda gərginliyi qoruyub-saxlayır. Pakistanın sabiq baş naziri Bənazir Bhuttonun ölümü ilə isə bu təhlükə daha da aşkar hiss olunmağa başlayıb.

 

"Sektantlar islamla manipulyasiya edirlər"

Ravalpindidə baş vermiş və hadisəyə görə "Əl-Qaidə" terrorçu şəbəkəsinin məsuliyyəti öz üzərinə götürdüyü faciədən sonra hamını bir sual maraqlandırır: ən məşhur müxalifət siyasətçisinin qətlindən sonra vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış Pakistan nüvə silahı üzərində nəzarəti əldə saxlaya biləcəkmi? Görünən odur ki, terrorçuların məqsədi də xaos yaratmaqla İslam dünyasında nüvə silahına malik yeganə dövlətdə hakimiyyəti ələ keçirməkdir. Bununla da rəsmi İslamabad və bütünlükdə dünya ictimaiyyəti qlobal təhlükəsizliyin taleyinin asılı olduğu çətin imtahanla üz-üzə qalıb.

Hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısını isə yalnız bir şey ala bilər - Pakistan hakimiyyəti dövlətin siyasi və iqtisadi institutlarını möhkəmləndirməli, ölkədəki ekstremist və terrorçu qruplaşmaların fəaliyyətinin qarşısını tam almalıdır. Hələlik görünən odur ki, 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş Pərviz Müşərrəf bütün bunları yaxşı anlayır. Hələ 2002-ci ildə - silahlı şəxslərin Dehlidə parlamentə hücumu zamanı iki ölkə arasında yaranmış növbəti qalmaqal fonunda general Müşərrəf bəyan etmişdi ki, "sektantlar Pakistanın əsas özülü olan İslamla manipulyasiya edirlər". Elə həmin vaxtdan o, "Caiş-e-Məhəmməd" və "Laşkar-e-Taiba" kimi radikal qruplaşmaların fəaliyyətini qadağan etdi, həmçinin dini, elmi təhsil sahələrində islahatlar haqda qərar verdi. Buna səbəb isə Müşərrəfin islamçıların bu sahələrə təsir imkanlarının qarşısını almaq istəyi idi.

Buna baxmayaraq, Müşərrəfin demokratik cəbhədəki əleyhdarları iddia edirlər ki, 11 Sentyabr faciəsindən sonra ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasına qoşulmasına baxmayaraq, Pakistan lideri terrorçu "Taliban" hərəkatına dəstək verməkdə davam edir. Pakistanlı ekspertlər bunu Müşərrəfin ətrafındakı bəzi nüfuzlu şəxslərin ekstremistlərlə maliyyə əlaqələrinə malik olması ilə əlaqələndirir.

Pakistanın bütün siyasətçiləri üçün bu il fevralın 18-də keçirilən parlament seçkisi "X saatı" oldu. Burada əsas diqqət Müşərrəfin radikalların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün demokratik müxalifətlə əməkdaşlığa gedib-getməyəcəyi (bunun üçün özünün siyasi təsir imkanlarından imtina etmək bahasına olsa belə) məsələsinə yönəlmişdi. Hamını maraqlandıran o idi ki, Müşərrəf ölkədəki siyasi qüvvələr nisbətini qorumaq üçün seçkinin saxtalaşdırılması da daxil olmaqla, inzibati resurslardan istifadəyə üstünlük verəcək, ya yox...

 

Demokratiya ayağa qalxır

Parlament seçkisi elə nəticə verdi ki, onun Pakistan üçün əhəmiyyətini etiraf etməmək mümkün deyil. Ələlxüsus, nəzərə alınsa ki, seçkiqabağı kampaniya çoxsaylı terror aksiyaları, adi vətəndaşlarla yanaşı, tanınmış siyasətçilərin də həlak olması fonunda keçirdi.

Parlamentdəki yerlər uğrunda 49 müxtəlif partiyanın təmsilçiləri mübarizə aparırdılar. Səsvermədə Milli Assambleyaya 272 deputat (parlamentin aşağı palatasında 342 yer var, onlardan 60-ı qadınlar, 10-u isə dini azlıqların nümayəndələri üçün nəzərdə tutulub), əyalət parlamentlərinə isə 577 üzv seçilməli idi.

Seçki dünyəvi dəyərlərə üstünlük verən müxalifətin inamlı qələbəsi və islamçılara meylli dairələrin məğlubiyyəti ilə nəticələndi. Seçicilərin ən çox səs verdikləri qüvvə isə Bənazir Bhuttonun qətlə yetirilməsindən sonra onun əri Asif Əli Zərdarinin rəhbərlik etdiyi Pakistan Xalq Partiyası (PXP) oldu. O, yeni parlamentdə 84 yer qazandı. Sonrakı yerləri Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası (PML N) - 63 mandat, prezident Müşərrəfin tərəfdarlarından ibarət Cinnə Pakistan Müsəlman Liqası (PML Q) isə 36 yer əldə etdilər. 

Qalib "xalqçılar" seçkidən dərhal sonra sabiq baş nazir Nəvaz Şərifin iştirakı ilə milli birlik hökuməti formalaşdırmaq niyyətini açıqladı.

Xatırladaq ki, hələ seçkidən bir gün əvvəl prezident Pərviz Müşərrəf bildirmişdi ki, o, qalibin kimliyindən asılı olmayaraq, yeni hökumətlə "əl-ələ verərək işləmək" fikrindədir. Səsvermədən sonra PML Q məğlubiyyətini dərhal boynuna aldı. Onun lideri Çadri Şudcaat Hüseyn bildirdi ki, onun partiyası seçkinin nəticəsini "açıq ürəklə qəbul edir", onun deputatları isə "müxalifətin yerində əyləşməyə hazırdır".

Əlbəttə, parlamentdə üçdəiki üstünlüyü ələ almış müxalifətin prezident Müşərrəfə impiçment elan etmək fikrinə düşə biləcəyi də istisna deyil. Onun özü isə toxunulmaz olduğuna tam əmindir. Prezident bu əminliyi yalnız güc strukturlarının ona olan loyal münasibəti ilə yox, həm də ABŞ-ın dəstəyi ilə bağlıdır. Vaşinqton Müşərrəfi Pakistanda islamçıların hakimiyyətə gəlməsinin qarşısını ala biləcək yeganə siyasətçi hesab edir.

İstənilən halda, əsas məsələ odur ki, Pakistanın yeni tarixinin bu məsuliyyətli anında prezident Müşərrəf məsuliyyət hiss edərək, demokratları istənilən yolla hakimiyyətə buraxmamaq yolu tutmadı. Öz növbəsində, dünyəvi müxalifət də  həlledici məqamda birləşməyi bacardı. Ölkənin yeni parlamenti və ümumilikdə hakimiyyət sisteminin yeni şəraitdə görməli olduğu əsas iş terrorizmlə mübarizə yollarını müəyyənləşdirmək, ölkənin nüvə arsenalının terrorçuların əlinə keçməsinin ən kiçik ehtimallarını belə, yox etməkdir.

 

Əhəmiyyətli şans

Pakistanın demokratik qüvvələrinin qələbəsi, xalqın ekstremistlərlə bir addımlamaq istəməməsi bütünlükdə regiondakı sülh prosesi, xüsusilə də Dehli və İslamabad arasında münasibətlərin normallaşması üçün yaxşı şans yaradır. Hər halda, Cənubi Asiyadakı münaqişənin xroniki çərçivədən kənara çıxmayacağına, iki nüvə ölkəsi arasındakı problemin formal olaraq, çözülməyəcəyi halda belə, ikitərəfli əlaqələrin genişlənməsinə mane olmayacağına ümid bəsləmək olar. Fəal sülh dialoqu perspektivi Hindistan və Pakistan qarşısında böyük üfüqlər - təhlükəsizlik, iqtisadiyyat, energetika, humanitar sahələrdə, həmçinin narkotrafik və qaçaqmalçılıqla mübarizədə birgə maraqlar açır. Cənubi Asiyada Hindistan və Pakistanın dəstəyi ilə azad ticarət zonasının yaradılması da inteqrasiya proseslərinin inkişafına təsir etməlidir.

Cənubi Asiya regionunda sülh prosesinin inkişafında bu bölgə dövlətləri ilə xoş münasibətlərə üstünlük verən Azərbaycan da maraqlıdır. Bu, ilk növbədə Azərbaycanın beynəlxalq aləmdəki yaxın müttəfiqlərindən olan Pakistana aiddir. Bakı Pakistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyi yüksək qiymətləndirir. Qeyd edək ki, İslamabad ermənilərdən Azərbaycanın işğal olunmuş ərazilərinin təcili olaraq boşaldılmasını tələb edir. 

Bütünlükdə Cənubi Asiya regionu üçün əhəmiyyətli məsələ olan Pakistanda sabitliyin bərqərar olması bizim ölkələrimiz arasında da strateji tərəfdaşlığın möhkəmləndirilməsinin əsas təminatıdır.



MƏSLƏHƏT GÖR:

442