15 Mart 2025

Şənbə, 00:38

HAKİMİYYƏT TANDEMİ

Prezident Medvedev və baş nazir Putinin idarə edəcəyi Rusiyanı nə gözləyir?

Müəllif:

15.03.2008

Martın 2-də Rusiyada keçirilən prezident seçkisində qeyri-adi və gözlənilməz heç nə olmadı: əvvəlcədən güman olunduğu kimi, baş nazirin birinci müavini, prezident Vladimir Putin tərəfindən dəstəklənən Dmitri Medvedev inamlı qələbə qazandı. 

Müxalifətdən olan müşahidəçilər, ilk növbədə isə kommunistlər seçkidə çoxsaylı qanun pozuntularına (qutulara saxta bülletenlərin doldurulması, sənədləşdirmə işində saxtakarlıq və s.) yol verildiyini bildirsə də, seçki ümumilikdə xalqın iradəsini əks etdirib. Beynəlxalq müşahidəçilər isə əsasən səsvermənin gedişindəki manipulyasiyalara yox, daha çox seçkidə lazımi rəqabətin olmamasına diqqət çəkiblər. Ümumilikdə, Medvedev Putinin 4 il əvvəlki seçkidə topladığı səslərdən təxminən 1 milyon artıq səs qazansa da, onun göstəricisi "ümummilli lider" adlandırılan Putinin rekordunu təzələməyib.

Seçki hakimiyyətin legitimləşdirilməsi üçün əsas məqam olsa da, Rusiyada əsas intriqa hələ qarşıdadır. Məsələ ondadır ki, Rusiyada ənənəvi olaraq, vahid rəhbərin nəzarətində olan ali hakimiyyət ilk dəfə olaraq, bölünmüş olacaq. Hazırda çoxları Medvedevin Kremlə, Putinin isə hökumətə başçılıq etməyə başlamasından sonra qərarların kim tərəfindən və necə qəbul ediləcəyi haqda düşünür. Analitiklərin əksəriyyəti hesab edir ki, ən azı ilkin dövrdə komanda rıçaqları və vacib məsələlərlə bağlı həlledici söz Putinin əlində cəmləşəcək. Burada söhbət heç də yalnız Medvedevin zəifliyindən getmir. Sadəcə hələlik onun özünun siyasi bazası, elitar komandası yoxdur və yeni dövlət başçısı öz karyerasına görə məhz Putinə borcludur.

Putin Rusiyanın mövcud hakimiyyət "vertikal"ını özünə uyğun qurub. Medvedev onu sadəcə prezidentlik rəmzi kimi götürə bilməz və o ya öz sistemini qurmalı, ya da mövcud sistemi öz silahdaşları ilə doldurmalıdır. Nə qədər ki, bu, baş verməyib (bunun nə vaxt olub-olmayacağı da məlum deyil), Medvedev Putindən sonra ikinci rolunu oynamalıdır. "The Wall Street Journal" hesab edir ki, Putinin xüsusi xidmət orqanları və güc strukturlarındakı adamları əvvəlcədən qəbul edilmiş vacib qərarların dəyişdirilməsinə cəhdlərin qarşısını alacaq. Bu fikirləri ölkənin siyasi həyatına aydınlıq gətirilməsi və ya Qərblə münasibətlərin dəyişdirilməsinə cəhdlər haqda da söyləmək mümkündür.

Bəzi KİV-də yer alan məlumatlara görə, Medvedevin yaxın qohumları ABŞ-da yaşayır, onun özü isə məmnuniyyətlə ailəvi istirahət üçün Qərb ölkələrinə üz tutur. Bundan başqa, ziyalı Medvedev xüsusi xidmət orqanlarının əməkdaşı deyil, rok-musiqi və İnterneti sevir. Məhz bu səbəbdən çox vaxt onu qərbrəpəst liberal adlandırırlar. Bununla eyni vaxtda KİV-lər israrla o fikrə də yer ayırır ki, Medvedev kənardan göründüyündən daha sərt və təkəbbürlü şəxsdir. Bunun həqiqətən də belə olub-olmadığını zaman göstərəcək. Lakin Rusiyanın yeni prezidentinin şəxsi keyfiyyətləri hələ ki həlledici məsələ deyil.

Məşhur amerikalı analitik və siyasətçi Zbiqnev Bjezinski "Exo Moskvı" radiosuna bu yaxınlarda verdiyi müsahibəsində Medvedevlə bağlı aşağıdakı fikirləri səsləndirib: "Fikrimcə, Medvedevin nə dərəcədə liberal olması o qədər də vacib deyil. Vacib olanı yaxın dövrdə ölkədə qərarların kim tərəfindən qəbul ediləcəyidir. Düşünürəm ki, bu sualın cavabı tam aydındır. Bu, mister Medvedev yox, mister Putin adlı şəxsdir". 

Bununla yanaşı, analitik bildirib ki, "müəyyən vaxt keçdikdən sonra Medvedev müəyyən siyasi legitimlik əldə edəcək, öz ətrafında öz insanlarından ibarət dairə yaradacaq və bundan sonra hakimiyyətdə onunla Putin arasında balans dəyişməyə başlayacaq. Lakin bunan tezliklə baş tutacağına inanmıram".

Həqiqətən də, Medvedev-Putin hakimiyyət tandemi nadirliyi ilə seçilir. Rusiyanın keçmişində bunun analoqu olmayıb. 1999-cu ildə Yeltsinin hakimiyyəti Vladimir Putinə ötürdüyü vaxt RF-in ilk prezidenti bir sıra şərtlər irəli sürmüşdü. Yeri gəlmişkən, Putin də üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirdi və prezidentliyinin ilk dövründə dövlətin aparıcı postlarında Yeltsinin adamlarını saxladı. Baş nazir postu Mixail Kasyanovda, prezident administrasiyasının rəhbəri postu isə Aleksandr Voloşində qalmışdı. Yeltsin özü isə günlərini rahat şəkildə öz bağ evində keçirdi və əsasən səhhətinin qeydinə qaldı.

İndi isə vəziyyət tam fərqlidir - Putin  prosesdən kənarlaşmır və hətta varisi Medvedevlə birlikdə ölkəyə rəhbərlik etmək fikrindədir. Nəticədə müşahidəçilər və siyasətçiləri bu sxemin nə dərəcədə möhkəm olacağı və Medvedev-Putin tandeminin ölkəni hansı istiqamətdə aparacağı düşündürür.

İnkişaf modeli baxımından, belə bir fikir səslənir ki, yeni tandem Rusiyanı vaxtilə Yaponiya, Cənubi Koreya, Tailand və İndoneziyanın keçdiyi yolla aparmağa cəhd göstərəcək. Yəni, dövlət və ya dövlətin subsidiyalaşdırdığı meqakorporasiyalar vasitəsilə, avtoritar modernləşdirmə modeli həyata keçiriləcək. Bu zaman siyasi rəqabət minimuma endiriləcək.

Bütün bunlarla yanaşı, hazırda Rusiyada siyasi-ideoloji xarakterli ümumi məsələlərlə bərabər ölkənin gündəmində son dərəcə ağrılı məsələlər olan pensiya sistemində islahatlar, dağılmış mənzil-kommunikasiya sistemi kimi məsələlər də dayanıb. Bundan başqa, demoqrafik eniş və Sibir və Uzaq Şərqin nəhəng ərazilərinin boşalması problemlərinin aradan qaldırılması üçün qeyri-standart addımlar atılmalıdır.

Tezliklə ölkədə ciddi kadr islahatlarının həyata keçiriləcəyinə də şübhə yoxdur. Hazırda əksər dairələri əvvəlki administrasiyanın nüfuzlu məmurlarının Kremldə qalacaqları (Sobyanin, Surkov, Seçin, İvanov və s.), yoxsa Putinlə birlikdə Ağ evə köçəcəkləri maraqlandırır. Məlumatlara görə, Medvedev bu şəxslərin əksəriyyətini sevmir. Moskvada belə bir fikir dolaşmaqdadır ki, yaxın vaxtlarda prezident administrasiyasına onun sabiq rəhbəri, aparat oyunlarında mahir sayılan Aleksandr Voloşin qaytarılacaq.

Bir sözlə, hazırda nazirlərdən və onların müavinlərindən hansıların öz kürsülərini qoruya biləcəkləri diqqətlə izlənilən əsas məsələlərdən biridir. Əsas diqqət isə güc strukturlarına yönəlib. Bu qurumlara kimlər rəhbərlik edəcək: onlar birmənalı olaraq, prezidentin tabeliyində qalacaqlar, yoxsa bu nəzarəti baş nazir Vladimir Putin öz əlinə alacaq? Bunun üçün sadəcə "Rusiya Federasiyasının hökuməti haqqında" qanuna dəyişiklik edilməsi, 15 güc strukturunun, hətta mümkündür ki, həm də Daxili İşlər Nazirliyinin hökumət başçısına tabe edilməsinə dair yeni prezidentin sərəncamına ehtiyac olacaq. 

Çətin olanı Ali Baş Komandanın səlahiyyətləri məsələsidir. Bu səlahiyyətlərin Putinə ötürülməsi üçün ölkə konstitusiyasına dəyişiklik edilməlidir.

Nəhayət, Rusiya özünün xarici siyasət strategiyasını daha dəqiq şəkildə müəyyənləşdirməlidir. Moskva birləşmiş Avropaya doğru getmək fikrindədir, yoxsa iqtisadi və hərbi qüdrətini artıran Hindistanla Çin üçün xammal törəməsinə çevriləcək? Yeni prezident Medvedev hələ ki kartları açmağa tələsmir. Putin isə bir müddət əvvəl çoxmənalı bir ifadə ilə diqqəti cəlb edib. Kreml sahibi bildirib ki, o, keçmiş DTK əməkdaşı kimi, daim Qərbə özünün məqbul tərəfdaş olduğunu sübut etməli olurdu. Medvedevin isə belə problemi yoxdur və bu, ona Rusiyanın xarici siyasi maraqlarını müdafiəsi zamanı daha sərt mövqe nümayiş etdirməyə mane olmayacaq.

Yeni prezidentin ilk rəsmi səfəri ilə bağlı vəziyyət onun administrasiyasının xarici siyasət prioritetləri haqda müəyyən fikirlərin yaranmasına şərait yaradıb. Dmitri Medvedev bəyan edib ki, bu səfər MDB dövlətlərindən birinə ediləcək. Söhbət hansı ölkədən gedir? Əgər söhbət bu günlərdə Birləşmiş Ştatlardakı səfirini geri çağıran və Vaşinqtondan da eyni addımı atmasını istəyən Belarusdan gedirsə, bu, ABŞ və NATO ilə qarşıdurmanın daha da dərinləşəcəyini göstərən siqnal sayılacaq. Qazaxıstan və ya Özbəkistanın seçilməsi xarici siyasi prioritetlər vektorunun Avropadan Asiya və Şərqə doğru dəyişmək anlamına gələcək. İlk səfərin Rusiya üçün əhəmiyyətinin hamıya yaxşı aydın olduğu Ukraynaya edilməsi, əlbəttə ki, daha məqsədəuyğundur. Lakin Kiyevdə prezident Viktor Yuşşenko ilə baş nazir Yuliya Timoşenko arasında yaşanan problemlərlə müşahidə olunan parlament böhranı davam edir. Üstəlik, ikitərəfli münasibətlərdə mövcud olan çoxsaylı problemlər də bu səfəri kifayət qədər qəliz məsələyə çevirir.

Qalır Cənubi Qafqaz. Moskva ilə Tbilisi arasında böhranın hələ də aradan qalxmadığını nəzərə alsaq, Gürcüstanı istisna etmək mümkündür. Ermənistandakı biabırçı seçki və müxalifətin mitinqinin dağıdılması zamanı qan tökülməsi ilə başlanan gərginlik bu ölkəni də ilk rəsmi səfər üçün arzuolunmaz ölkəyə çevirir. 

Beləliklə, Azərbaycan Medvedevin prezident kimi ilk səfərini etməsi üçün ən münasib ölkə sayıla bilər.

Azərbaycanın dövlət başçısı İlham Əliyev artıq Dmitri Medvedevə Rusiya prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib. "Azərbaycan və Rusiya tarixən dostluq, mehriban qonşuluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri ilə bir-birinə bağlı olub. Bu gün ölkələrimiz arasında münasibətlər keyfiyyət baxımından yeni xarakter alıb, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib", - deyə məktubda bildirilir. Təbrikdə birgə səylərin Rusiya ilə Azərbaycanın münasibətlərinin dinamikasının inkişafına, hər iki tərəf üçün əlverişli və çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, iki xalqın rifahına, regionda sülh və sabitliyə xidmət edəcəyinə inam ifadə olunub.

Qeyd edək ki, yaş və dünyagörüşü baxımdan bir-birinə yaxın olan Dmitri Medvedevlə İlham Əliyev keçmişdə neft-qaz sahəsindəki fəaliyyətləri ilə də bir-birilə sıx əlaqədə olublar. Üstəlik, onların hər ikisi praqmatik siyasətçidir və bu da möhkəm tərəfdaş münasibətləri üçün yaxşı əsasdır. 

Odur ki Medvedevin prezident kimi ilk rəsmi səfərini Bakıya edib-etməyəcəyindən asılı olmayaraq, ölkələrimiz arasında münasibətlərin inkişafı və dərinləşməsi tendensiyası Kremlin yeni sahibinin dövründə əlavə impuls almaq üçün yaxşı şanslara malikdir. 

Bundan həm Azərbaycan, həm də Rusiya yalnız udardı.


MƏSLƏHƏT GÖR:

439