
NƏTİCƏSİZ NƏTİCƏ
Belqrad ərazi bütövlüyü ilə "işıqlı gələcək" arasında seçim etməlidir
Müəllif: Eldar PAŞAYEV Bakı
Serbiyada keçirilən prezident seçkisi bütün dünya ictimaiyyəti tərəfindən gərginliklə izlənilirdi. Çünki fevralın 3-də bu ölkədə yalnız yaxın 5 ildə ölkəyə rəhbərlik edəcək şəxsin adı müəyyənləşməyəcəkdi (üstəlik, Serbiyanın parlament respublikası olduğu da bəllidir), həm də ölkə ictimaiyyətinin Kosovonun (Serbiya əhalisinin 90%-dən artığını etnik albanların təşkil etdiyi bölgəsi) birtərəfli qaydada müstəqilliyini elan edəcəyi günün yaxınlaşdığı ərəfədə hansı əhval-ruhiyyədə olduğu aydınlaşacaqdı.
Kosovonun baş naziri Haşim Taçi isə açıq şəkildə bəyan etmişdi ki, bölgənin birtərəfli qaydada müstəqilliyinin elan edilməsi Serbiyada keçiriləcək prezident seçkisinin nəticələrinin açıqlanmasından bir neçə həftə sonra baş tuta bilər. Bölgə parlamentinin rəhbəri Yakop Krasniçi öz növbəsində məsələ ilə bağlı bəyan etmişdi ki, "parlament bölgənin müstəqilliyini Avropa İttifaqının üzvləri, Kosovodakı beynəlxalq administrasiya və ABŞ-la əməkdaşlıq və koordinasiya ilə elan edəcək".
Müşahidəçilər artıq bu məsələ ilə əlaqədar, Kosovodakı sülhməramlıların yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirirlər.
Qeyd edək ki, 1999-cu ildə NATO-nun bombardmanı nəticəsində Serbiya silahlı qüvvələrinin bölgəni tərk etməsindən keçən müddət ərzində Kosovo BMT-nin idarəçiliyindədir. Ötən il dekabrın əvvəllərində isə Kosovonun statusu ilə bağlı danışıqlar növbəti dəfə uğursuzluqla sonuclanıb. Hazırda ABŞ və Avropa İttifaqı üzvlərinin əksəriyyəti (İspaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Kipr Respublikası və Slovakiya narazılar sırasındadır) Kosovonun Serbiyadan ayrılmasına tərəfdardır. Rusiyanın fikrincə isə bu, təhlükəli beynəlxalq presedentin yaranmasına gətirib çıxara bilər və nəticədə dünyanın müxtəlif bölgələrində separatçılar bu presedentdən yararlanmağa çalışacaqlar.
Belqradın mövqeyinə gəlincə, Serbiya Kosovonu özünün ayrılmaz hissəsi, mədəni, həmçinin tarixi mərkəzi, dövlətçiliyin "beşiyi" sayır. Bu səbəbdən də bütün serbiyalı siyasətçilər - prezident seçkisində növbəti dəfə qələbə qazanan Boris Tadiç və növbəti dəfə məğlub olan Tomislav Nikoliç də daxil olmaqla - Kosovoya müstəqillik verilməsinin qəti əleyhinədirlər. Onların arasındakı fərq sadəcə ölkənin gələcəyi ilə bağlı baxışlarında, məqsədə çatmaq üçün hansı qurbanları verməyə hazır olmalarında və Serbiyanın ərazi bütövlüyünü qorumaq üçün məqsədəuyğun saydıqları vasitələrdədir.
Serbiya Demokrat Partiyasının (SDP) lideri Boris Tadiç qərbpərəst siyasətçi kimi tanınır, Serbiyanın Avropa İttifaqı ilə yaxınlaşmasına çalışır və keçmiş Yuqoslaviyada baş vermiş hərbi cinayətlərlə bağlı BMT Tribunalı ilə əməkdaşlığın tərəfdarıdır. Onun seçkiqabağı proqramında azad bazar, demokratik islahatlar və milli birliklə bağlı məsələlər geniş təbliğ olunurdu. "Bizim bütün ölkəni birləşdirə biləcək ideyamız var. Bu, demokratik Avropa Serbiyası ideyasıdır. Biz Avropa İttifaqına Serbiyanın demokratik potensialını nümayiş etdirdik", - deyə tərəfdarlarına müraciət edən Tadiç bildirib.
Brüssel də bu bəyanatdan məmnun qalıb. Hazırda Avropa İttifaqına rəhbərlik edən Sloveniyanın baş naziri Yanez Yansa xüsusi bəyanatında bildirib ki, "Serbiyada prezident seçkisinin nəticəsi ölkənin demokratik qüvvələrinin Serbiyanı Avropa İttifaqı yolu ilə aparmaq istəyinin göstəricisi kimi qəbul edilməlidir".
Yansa əlavə edib ki, o, "Serbiyanın bu yolda inkişaf etmək üçün tezliklə meyarlara uyğunlaşmağa başlayacağına əmindir".
Fevralın 7-də Belqradı əməkdaşlığa dair siyasi razılaşma imzalamağa çağıran Aİ Xarici İşlər Nazirləri Şurası isə öz növbəsində bəyan edib ki, "Serbiyanın Qərbi Balkanlarda aparıcı rol oynayacağına və serb xalqının Avropa ailəsinin bir hissəsi olduğuna şübhə etmir".
Qeyd edək ki, Niderland tamhüquqlu razılaşmanın əldə edilməsinə qarşı çıxır və Belqraddan "keçmiş Yuqoslaviya üçün Beynəlxalq Tribunalla tam əməkdaşlıq" haqda şərtə əməl olunmasını tələb edir. Bu əməkdaşlıq hərbi cinayətlərdə günahlandırılan Bosniya serblərinin sabiq liderləri Radovan Karaciç və Ratko Mladiçin Haaqa Tribunalına təhvil verilməsini özündə əks etdirir.
Bununla yanaşı, Belqradla Brüssel arasında əldə edilən "müvəqqəti razılaşma", ilk növbədə, Serbiya əhalisinin Aİ ölkələrinə vizasız gediş-gəlişinin təmin olunması, həmçinin iqtisadiyyat və təhsil sahəsində əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Bundan başqa, o da məlumdur ki, Avropa İttifaqına inteqrasiya prosesi Serbiya üçün yalnız viza rejiminin yüngülləşdirilməsi və Avropa bazarlarının açılmasını yox, həm də çoxmilyonluq maliyyə yatırımları vəd edir. Bu isə ölkənin hər bir vətəndaşının həyatının yaxşılaşmasına təsir göstərməyə bilməz.
Aparılan sorğulara görə, Serbiya vətəndaşlarının 75%-i ölkənin Aİ-yə qəbuluna tərəfdardır, 81%-i isə ümumilikdə bu quruma pozitiv yanaşır. Aİ-yə mənfi münasibət bəsləyənlər isə cəmi 16% təşkil edirlər.
Beləliklə, Serbiya cəmiyyəti ümumilikdə Brüsselə simpatiya bəsləyir və ölkə əhalisinin əksəriyyəti əmindir ki, onlar "Birləşmiş Avropa"nın bir hissəsi olmalıdırlar.
Elə isə son prezident seçkisində seçicilərin, təxminən, yarısı nəyə görə Avropa İttifaqına üzvlüyü Serbiya üçün prioritet saymayan Tomislav Nikoliçə (Tadiçə - 50,57%, Nikoliçə isə- 47,78%) səs veriblər?
Qeyd edək ki, Nikoliç Radikal Partiyanın lideridir və panslavizmə sadiq olan rusiyapərəst siyasətçi kimi tanınır. Xatırladaq ki, radikallar son parlament seçkisində də yaxşı nəticə göstərmişdilər, lakin hökuməti formalaşdıracaq sayda mandat əldə edə bilməmişdilər. Vaxtilə eks-prezident Slobodan Miloşeviçin müttəfiqləri tərəfindən yaradılan bu partiyanın lideri Voislav Şeşel 1990-cı ildə baş vermiş hərbi cinayətlərdə iştirakda ittiham olunaraq, Haaqa Məhkəməsi qarşısında dayanıb. Bu səbəbdən də Nikoliç birmənalı olaraq Haaqa ilə əməkdaşlığa qarşıdır və Serbiya-Aİ münasibətlərinə şübhə ilə yanaşır.
Beləliklə, seçkinin nəticələri göstərdi ki, Serbiya faktik olaraq iki hissəyə - demokrat Tadiç və millətçi Nikoliçin tərəfdarlarına bölünüb. Bununla yanaşı, son illərdə Nikoliçin tərəfdarlarının xeyli artdığını da söyləmək lazımdır. Məsələ ondadır ki, 2004-cü ildə keçirilən prezident seçkisində də mübarizə Tadiçlə Nikoliç arasında gedib və həmin vaxt Tadiç daha inamlı qələbə qazanaraq 53,7%, Nikoliç isə 45% səs toplayıb. Aydındır ki, seçkidə yalnız bir qalib ola bilər, lakin 2008-ci ilin seçkisinin nəticəsinin "heç-heçə" olduğu göz qabağındadır.
Bütün bu siyasi qəribəliklərin izahı isə yenə də birdir - Kosovo. Danışıqlar diplomatların səlahiyyəti olsa da, adi serblər Kosovonun gələcək statusu ilə bağlı dialoqun birmənalı olaraq Belqradı məğlubiyyətə apardığını hiss edirlər. Hadisələrin bu istiqamətdə inkişafında Aİ ölkələrinin dolayısı ilə Priştinanın müstəqilliyini dəstəkləməsi də az rol oynamır. Amma Serbiya ictimaiyyətinə ən çox təsir edən amil Brüsselin açıq-aşkar "Avropa İttifaqına üzvlüyün əvəzinə, Kosovo" modeli irəli sürməsidir.
Bundan başqa, Avropa İttifaqına üzv ölkələr Aİ missiyasının Kosovoya göndərilməsi planını ilkin mərhələdə qəbul ediblər. Missiya təxminən 2 min nəfərdən ibarətdir, onların arasında polis və hüquqşünaslar çoxluq təşkil edirlər. Onlar hazırda bölgəyə nəzarəti həyata keçirən BMT missiyasını əvəzləməlidirlər. Lakin bu qərar hələ Aİ-nin xarici işlər nazirləri səviyyəsində təsdiqlənməlidir.
Hər halda, Kosovonun artıq BMT qətnamələri ilə əlaqəsi olmayan Aİ-nin cavabdehliyinə keçməkdə olduğu göz önündədir. Eyni zamanda, NATO-nun 16 min əsgəri də Kosovoda qalmaqdadır.
Hazırda Serbiyada əksəriyyət əmindir ki, "Kosovonun qarantı"nın dəyişməsi sadəcə bölgəyə müstəqillik verilməsi istiqamətində atılmış addımdır.
Bununla yanaşı, artıq qeyd edildiyi kimi, o da məlumdur ki, "demokratik Avropa Serbiyası"ndan danışan Tadiç də daxil olmaqla, heç bir serb siyasətçi Kosovodan imtina etməyi düşünmür. O, ürəyinin dərinliklərində "işıqlı gələcək" naminə Kosovodan imtina etməyə hazır olsa belə, bu addımın siyasi intihara bərabər olduğunu yaxşı bilir. Qərb bu qərara görə sonradan Tadiçə Nobel mükafatı versə belə, serblər onu ömürlük satqın kimi qəbul edəcəklər.
Üstəlik, unutmayaq ki, Serbiya parlament respublikasıdır. Baş nazir Voislav Koştunisa isə Kosovonun müstəqilliyini tanıyacaq Qərb ölkələrinə Belqradın münasibətinin necə olacağını artıq açıqlayıb. Onun mövqeyi Rusiya tərəfindən də dəstəklənir. Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçov bildirib ki, Moskvanın Kosovonun müstəqilliyini tanıyacaq istənilən ölkə və ya beynəlxalq təşkilatla münasibətləri sərinləşəcək.
Bütün bunları nəzərə alsaq, Tadiçin Serbiyanın Aİ-yə uğurlu inteqrasiyası haqda dedikləri sadəcə gülüş doğurur. Və müşahidəçilər onun Koştunisa ilə ciddi problemlər yaşayacağını proqnozlaşdırırlar.
Yeri gəlmişkən, son prezident seçkisində hökumət başçısı prezidentin xalq tərəfindən seçilməli olduğunu deyərək, Tadiçə dəstək verməkdən imtina edib. Bundan başqa, prezident seçkisinin ikinci turundan əvvəl Koştunisatının rəhbərlik etdiyi Serbiya Demokrat Partiyası (SDP) və Velimir İliçin "Yeni Serbiya" partiyası prezidentə öz tələblərini irəli sürmüşdülər. Birlikdə "Xalq bloku" yaratmış iki partiya hesab edir ki, Brüssel Kosovoya missiya göndərmək qərarına gələrsə, Belqrad Aİ ilə imzalanan siyasi razılaşmanı qüvvədən düşmüş saymalıdır. Onların fikrincə, qurumun bölgəyə missiya göndərməsi faktik olaraq Kosovonun müstəqilliyini nəzərdə tutan "Axtisaari planı"nın reallaşdırılmasına başlamaqdır. "Bu tələdir.. Serbiya razılaşmanı imzalamaqla, Kosovonun müstəqilliyinə de-fakto razılıq vermiş olacaq, bu müstəqilliyi dolayısı ilə tanıyan ilk ölkəyə çevriləcək", - deyə Koştunisa bildirib.
"Xalq bloku"nun siyasətçiləri əmindirlər ki, Serbiya Aİ-yə de-fakto olmasa da, de-yure ərazi bütövlüyü təmin edilmiş ölkə kimi daxil olmalıdır.
Odur ki Brüssellə istər aralıq, istərsə də tamformatlı olsun, istənilən razılaşma Serbiyanın Kosovo üzərində 1999-cu ildən BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi ilə tanınmış suverenliyinə zəmanət verməlidir.
Bu tələblərə cavab olaraq, Tadiç fevralın 5-də bildirib ki, Avropa İttifaqının Kosovonun müstəqilliyinə çalışan missiyasının bölgədə mövcudluğu yalnız BMT TŞ-nin razılığı ilə mümkündür. Aydındır ki, o bu bəyanatını məcburiyyət qarşısında səsləndirib. Nəticədə Aİ Siyasi Razılaşmanın fevralın 7-nə təyin olunmuş imzalanma mərasimini təxirə salıb.
Qurumun genişlənmə məsələləri üzrə komissarı Olli Renin sözlərinə görə, bu, Belqradın bəzi siyasətçilərinin kəskin mənfi mövqeyi ilə bağlıdır. "Avropa İttifaqının dəvəti qüvvədə qalır və sənəd istənilən an imzalana bilər", - deyə Ren qeyd edib.
Serbiyada isə artıq siyasi böhranın ilkin işartıları görünməkdədir. Bəzi ekspertlər belə hesab edirlər ki, Tadiç onun Aİ ilə bağlı planlarına mane olan Koştunisadan yaxa qurtarmaq üçün təkrar parlament seçkisi elan edə bilər.
Xatırladaq ki, hazırkı koalisiya hökuməti 2007-ci il mayın 15-də keçirilmiş parlament seçkisindən sonra böyük çətinliklə, özü də son anda yaradılıb.
Maraq doğuran daha bir məsələ isə Moskvanın son seçkidə nədən rusiyapərəst siyasətçi, hətta Serbiyanın ərazisində Rusiyanın hərbi bazalarının yerləşdirilməsinin va-cibliyini bəyan edən Nikoliçi yox, faktik olaraq avropapərəst Tadiçi dəstəkləməsidir. Bundan başqa, Nikoliç ölkədə Rusiya kapitalına ən yaxşı şərait yaradılmasını da vacib sayırdı.
Buna baxmayaraq, Moskva Tadiçlə razılığa gəldi. Yanvarın sonlarında Serbiyanın, demək olar ki, bütün rəhbərliyi - Vioslav Koştunisa, Boris Tadiç, xarici işlər naziri Vuk Yeremiç, infrastruktur naziri Velimir İliç və mədən sənayesi və energetika naziri Aleksandr Popoviç Moskvaya səfər etdilər. Aparılan danışıqlar nəticəsində "Serbiya neft sənayesi" (NİS) şirkətinin 51% səhminin "Qazpromneft" ASC tərəfindən alınması barədə saziş imzalandı.
Rusiya KİV-in Kremldəki mənbəyə istinadən verdiyi məlumata görə, Moskva bu məsələdə bir-birilə bağlı olan üç məsələnin həllinə nail olur. İlk növbədə, söhbət Rusiya ərazisindən (Krasnodarın Cubqi şəhəri) Qara dənizin dibi ilə çəkilərək, Bolqarıstanın Varna şəhərinədək uzanacaq "Cənub axını" qaz kəmərinin Serbiya ərazisindən keçən hissəsinin tikintisindən gedir. Daha sonra bunun iki istiqamətdə davam etdirilməsi planlaşdırılır: İtaliyanın cənubuna və Avropanın mərkəzinədək.
Qeyd edək ki, artıq Bolqarıstanla müvafiq razılaşma imzalanıb və qaz kəmərinin tikintisinə 2008 və ya 2009-cu ildə başlanıla bilər. Onun vasitəsilə qaz nəqlinə isə 2013-cü ildə start verilməsi gözlənilir.
Bundan başqa, Serbiyanın 60 kilometr şimal-şərqində yerləşən Novi-Sad şəhərində artıq tükənməkdə olan "Banatski Dvor" yatağının yerində ən azı 300 milyon kubmetr aktiv həcmi olan yeraltı qaz anbarının yaradılması da nəzərdə tutulub.
Serbiyanın xarici işlər naziri Yeremiçin sözlərinə görə, Belqradla Moskva arasında, ilk növbədə, "Cənub axını" kəmərinin Serbiya hissəsinin tikintisini nəzərdə tutan iqtisadi müqavilə Balkanların üzün-müddətli iqtisadi sabitliyi və enerji təhlükəsizliyini təmin edəcək.
Kreml də öz növbəsində bununla tam razılaşıb və Serbiyanı "Rusiyanın enerji resurslarının Cənubi Avropaya nəqlində tranzit zəncirinin mərkəzi bəndlərindən birinə çevirməyə" söz verib. Bütün bunlar aydın şəkildə göstərir ki, Rusiyaya Serbiyada hərbi bazalar yerləşdirmək yox, öz qazının Aİ ölkələrinə nəqlində "mərkəzi tranzit nöqtəsi" lazımdır.
Yeri gəlmişkən, "Cənub axını"na Avropanın dəstəklədiyi "Nabucco" layihəsinə əks qaz borusu kimi yanaşılır. Xatırladaq ki, "Nabucco" Avropanı Xəzər regionunun qazı ilə Rusiyadan yan keçməklə təmin etməlidir.
Beləliklə, gözlənildiyi kimi, Serbiyada prezident seçkisi, həqiqətən də, ölkədə mövcud olan əhval-ruhiyyəni əks etdirdi. Görünən odur ki, serblərin əksəriyyəti keçmişə, Miloşeviçin dövründə olduğu kimi, ölkənin təcrid durumda olduğu vaxtlara dönmək istəmir. Gənc əhali isə xüsusilə ölkənin Aİ-nin bir hissəsi olmasını və buradakı bütün üstünlüklərdən yararlanmasını arzulayır.
Bununla yanaşı, serblər Kosovonun Belqradın çiyinlərində ağır yük olmasına baxmayaraq, onu itirməklə də barışmaq fikrində deyillər.
Bir müddət əvvəl isə Serbiya parlamenti ərazi bütövlüyünün qorunması üçün Kosovoya ordu yeridilməsinin mümkünlüyünü özündə əks etdirən qətnamə qəbul edib. Lakin ekspertlər hesab edirlər ki, hazırda Belqrad Kosovonu öz tərkibində saxlayacaq hərbi-siyasi resurslara malik deyil.
Bir sözlə, demək olar ki, bu ərazi münaqişəsinin nəticəsi artıq heç kimdə şübhə yaratmır.
Söhbət bu "zor gücünə ayırma"nın ümumilikdə dövlətin taleyinə, onun gələcəyinə, həmçinin vətəndaşların siyasi və milli şüuruna necə təsir göstərəcəyindədir. Sergey Markedonovun dediyi kimi, Kosovo "etnik müqəddəratı təyinetmə virusu" getdikcə dünyanın digər regionlarına da yoluxacaqsa, nə baş verəcək? Məsələn, Bosniya və Herseqovinanın tərkibindəki serb müxtariyyətinin baş naziri Miroslav Dodik yanvarın 30-da bəyan edib ki, onun rəhbərlik etdiyi region ölkə konstitusiyasında "federasiyadan ayrılma və öz müqəddəratını həll etmə haqda" bənd görmək istəyir.
Yeri gəlmişkən, Konstantin Kosaçov da bundan sonra Rusiyanın postsovet məkanındakı münaqişələrə münasibətini dəyişə biləcəyini bəyan edib. Halbuki bir müddət əvvəl Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıya biləcəyi haqda fikirləri birmənalı olaraq təkzib etmişdi...
MƏSLƏHƏT GÖR: