
"VARİS ƏMƏLİYYATI" SONA YAXINLAŞIR
Dmitri Medvedevin şəxsiyyətinin əsl miqyası tam şəkildə onun Kremlin sahibi olmasından sonra açılacaq
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Rusiyanın növbƏti pre-zidentinin adının bəlli olacağı tarixə - martın 2-nə artıq çox az vaxt qalıb. İlk baxışdan, kəskin seçkiqabağı kampaniya çoxdan getməlidir. Lakin o hələ də başlamayıb və çox güman, heç başlamayacaq da: marafonun aşkar və şübhəsiz, favoriti Dmitri Medvedev seçki kampaniyasını ənənəvi şəkildə keçirmək fikrində deyil. O, seçicilərlə görüşlər keçirmir, teledebatlardan imtina edir. Eyni zamanda, hakim partiyanın yerli şöbələrindən və yerlərdən Medvedevin namizədliyinin dəstəklənməsi üçün regional qərargahların yaradılmasına dair gələn təkliflər də qəbul edilməyib. Medvedev Kreml tərəfindən yaradılmış və öz səs-küylü aksiyaları ilə (Estoniya səfirliyi və ya Böyük Britaniya səfirinə qarşı keçirilən aksiyaları yada salın) seçilən "Naşi" gənclər təşkilatının "kömək"indən də imtina edib. Rusiyanın siyasi dairələrində zarafatla belə bir fikir səslənir ki, ölkədə yalnız bir nəfər əsl seçici var, o da Vladimir Putindir. O isə artıq seçimini edərək, Medvedevə üstünlük verib. Bununla da artıq məsələ həll olunub və heç bir kampaniyaya ehtiyac yoxdur.
Təəccüblü deyil ki, bu süstlük əhalinin böyük əksəriyyətində qarşıdan gələn seçkiyə marağı ciddi şəkildə azaldıb. Siyasi dairələrə gəlincə, demokratik prosesin mövcud olmadığı bir şəraitdə əsas mübarizə hakimiyyət daxilində, Kremlin "qüllələri arasında" gedir. Söhbət, prezident Putinin bilavasitə ətrafındakı nüfuzlu qruplar arasındakı mübarizədən gedir. Amma o da şübhə doğurmur ki, bu daxili mübarizələr "varis planı"na kölgə salmır - Medvedevin qələbəsinə heç bir şübhə yoxdur. Amma qələbəyə nail olmağın yolları, qalibin üstünlüyünün hansı səviyyədə olacağı və s. - bütün bunlar üçün müxtəlif variantlar mövcuddur. Bununla əlaqədar, istər Rusiya, istərsə də xarici analitiklər arasında gələcək hakimiyyətin konfiqurasiyası və Kremlin yeni sahibinin mümkün ideoloji və siyasi prioritetləri ilə bağlı maraqlı variantlar və ehtimallar eşidilməkdədir.
Əsas fikir bundan ibarətdir ki, əvvəlcə Medvedevin seçkinin ilk turundaca 52-55% səslə (Medvedevin nailiyyəti "ümumi lider" Vladimir Putinin seçkilərdə qazandığı səslərdən çox olmamalıdır) qalib gəlməsi planlaşdırılırdı. Lakin tezliklə məlum oldu ki, son illər ərzində Rusiyanın siyasi meydanı təmizlənməyib, kökündən şumlanıb. Odur ki seçkilərdə Medvedevin rəqibləri kommunistlərin xarizmasını itirmiş lideri Züqanov, RLDP-nin lideri Vladimir Jirinovski və Demokrat Partiyasının sədri Boqdanov oldu. Belə bir kampaniya arasındakı seçkilərdə isə, sosioloqların rəyinə görə, Medvedevin reytinqi artıq 75-80%-ə çatır ki, bu da hətta Putinin vaxtilə əldə etdiyi nailiyyətdən də yüksəkdir.
Qısa zaman kəsiyində xalqın "varis"ə belə sevgi və məhəbbət aşılaması, hətta bəzi hakimiyyətdaxili qruplar arasında narahatlıq da yaradıb: Medvedev inamlı qələbə qazanacağı halda, həddən artıq müstəqil olmayacaq ki? Bununla əlaqədar, Medvedevin əhali arasında reytinqinin əhəmiyyətinin azaldılmasına cəhdlər hiss olunur. Məsələn, Kremlə yaxınlığı ilə tanınan "İctimai Rəy Fondu" bir müddət əvvəl keçirdiyi sorğuda respondentlərə yeni seçim verib: Putin prezidentlik uğrunda mübarizəyə qoşulsa idi, onlar kimə səs verərdilər? Sorğuya əsasən, Kremlin hazırkı sahibi yenə də digər namizədləri ciddi səs üstünlüyilə arxada qoyub və Medvedevin dəstəyi 25% azalıb.
Medvedevin qarşıdan gələn "mükəmməl qələbə"sini qiymətdən salmaq üçün başqa cəhdlər də göstərilir. Məsələn, Gennadi Züqanovun seçki kampaniyasından kənarlaşdırılması ilə. Bu, baş verərsə, "varis"in hətta 90% səs toplaması da mümkündür. Lakin bu artıq prezident seçkisində yox, siyasi klounlar üzərində qazanılmış qələbə olacaq.
Artıq bir neçə həftədir Rusiya KİV yazır ki, guya Kremlin seçki kampaniyasına tam nəzarət etməsindən narazı olan Züqanov özü üçün təhqir sayılacaq nəticələrin açıqlandığını görərək, seçkidən imtina etməyi düşünür. Nüfuzlu "Nezavisimaya qazeta"da da Züqanovun prezidentlik uğrunda yarışdan çəkilməsinə səbəb ola biləcək pozuntular haqda məqalə dərc olunub.
Medvedevin hakim komandadakı tərəfdarları isə öz növbələrində kommunistlərin liderini seçki marafonunda saxlamağa çalışır və bildirirlər ki, Züqanovun məğlubiyyəti o qədər də təhqiredici formada olmayacaq və Jirinovski onu heç bir halda üstələməyəcək. Bütün bu məsələlərin Kremldə prezident administrasiyası rəhbərinin müavini Surkovun əlində cəmləşdiyini nəzərə alaraq, qeydiyyatdan keçmiş "dördlük" seçki kampaniyasında öz oyunlarını sonadək oynamalı, gözlənilməz hərəkətləri ilə narahatlıq yaratmamalıdırlar.
Bütün bunlara paralel olaraq, Medvedevin əvvəlki "malikanəsi" olan "Qazprom" da (D.Medvedev bir müddət əvvələdək şirkətin Müşahidə Şurasına rəhbərlik edib) arzuolunmaz tərəfdaşlardan, məsələn, beynəlxalq axtarışda olan mafiya işbazı Semyon Mogileviç kimi şəxslərdən təmizlənir. Artıq şirkətə rəhbərliyin hazırkı baş nazir Zubkova həvalə edilməsi haqda fikirlər var və çox güman ki, eyni zamanda Medvedevin boşaldacağı baş nazirin birinci müavini postunu da məhz o tutacaq.
Bununla yanaşı, beynəlxalq ictimaiyyət və xüsusilə də Rusiyanın bilavasitə qonşuları üçün bu ölkədə siyasi gündəmin real olaraq kim tərəfindən müəyyənləşdiriləcəyi bö-yük maraq kəsb edir: Putin, yoxsa Medvedev? Bu "gündəm"in nədən ibarət olacağı da eyni dərəcədə maraqlıdır. Artıq qeyd edildiyi kimi, seçki kampaniyası aparmayan D.Medvedev ictimaiyyəti öz seçkiqabağı proqramı ilə tanış etməyə də vaxt tapmayıb. Bunun əvəzində, hazırkı siyasətin davam etdiriləcəyi və "Putin planı"nın həyata keçiriləcəyi haqda bəyanatlar səsləndirilir. "Putin planı" isə, artıq məlum olduğu kimi, prezidentin Dövlət Şurası qarşısında ölkənin 2020-ci ilədək inkişaf perspektivini nəzərdə tutan məruzəsində açıqlanıb. Bu səbəbdən də Dmitri Medvedevin fəaliyyəti ilə bağlı "konkretliyi" onun çıxışlarında işlətdiyi fikirlərdən, məsələn, II Vətəndaş Forumu, Rusiya Hüquqşünaslar Assosiasiyası, Müstəqil Həmkarlar İttifaqları Federasiyası və digər toplantılarda səsləndirdiyi bəyanatlardan "çıxartmaq" lazım gəlir.
Qeyd etmək lazımdır ki, D.Medvedev auditoriyanın əhvalına uyğun olaraq, hər dəfə çıxışlarını fərqli istiqamətlərdə qurur. Onun səsləndirdiyi ideyaların məcmusu eklektik təsir bağışlayır və bu, dünyanın əksər siyasətçilərinin eyni tipli çıxışları üçün tipikdir. O, bununla "hüquqşünas", yəni dövlət və hüququ hər şeydən üstün tutan insan və eyni zamanda "sosial-liberal" və ya "liberal-sosialist" kimi görünür.
Medvedevin Rusiya Hüquq-şünaslar Assosiasiyasındakı çıxışının əsas məğzi belə idi: "Biz sivil dövlət olmaq istəyirik və bizə hər şeydən əvvəl hüquqi dövlət olmaq lazımdır".
II Vətəndaş Forumundakı çıxışında isə o, "sabitlik, sabitlik, sabitlik" tezisinə əsas diqqət ayırıb. O, çıxışlarında bir neçə dəfə 90-cı illəri təəssüflə xatırlayaraq, prezident Putinin Rusiyada inqilab, vətəndaş çəkişməsi dövrünün hələ ötən əsrdə başa çatması fikri ilə razı olduğunu bildirib.
Düzdür, digər ölkələrdə hakimiyyət uğrunda mübarizə aparan Medvedevlə həmyaşıd olan siyasətçilərin çıxışlarında əsasən mühafizəkar əhval-ruhiyyə yox, dəyişikliklərə çağırışlar üstünlük təşkil edir. Amma görünür, rəsmi "varis" statusu buna imkan vermir...
Dmitri Medvedev Rusiya prezidenti postunu özündən əvvəl tutmuş şəxslər kimi, formal olaraq, partiya üzvü deyil, ayrıca bir ideologiyaya xidmət etməyən bir şəxs təsiri bağışlayır. Bu da onun texnokrat imicinin yaranmasına böyük təsir edir. Sözügedən forumdakı çıxışında Medvedevin milli ideyadan danışarkən ona tamamilə bayağı və praqmatik təsvir verməsi də təəccüblü deyil: "...Hər şeydən əvvəl bu, azadlıq və ədalətdir; ikincisi, insanın vətəndaş ləyaqəti, üçüncüsü isə onun ləyaqəti və sosial məsuliyyətidir".
Sənaye-Ticarət Palatasının üzv-ləri qarşısındakı çıxışında prezidentliyə namizəd mülkiyyətin qorunacağını vəd edib, yenidən özəlləşdirilmənin həyata keçirilməyəcəyini, Rusiyada heç kimin dövlət kapitalizmi yaratmağı düşünmədiyini bildirib. Sahibkarların yaxşı vədlər almasından sonra, növbə adi vətəndaşlar üçün "vədlər"ə çatıb və Medvedev qarşıdan gələn ildə pensiyaların iki dəfə artırılacağını, ölkənin iqtisadi durumunun yaxşılaşdırılacağını bəyan edib.
Bir sözlə, o özünü tamamilə adekvat aparır və əhalinin müxtəlif qrupları ilə görüşlərdə onları hazırkı mərhələdə eşitmək istədiklərini danışır.
Aydındır ki, bu zaman "sağ və sol", "konservator və islahatçı", "qərbçi və ənənəçi" anlayışları arasında sərhəd itir. Amma bu, Medvedevin yox, onun fəaliyyətini işıqlandıranların problemidir. Çünki praqmatik siyasətçi praktiki məsələlərin həlli ilə məşğul olur və bu zaman səsləndirdiyi fikirlərin politoloji və ya ideoloji sxemlərə uyğun gəlib-gəlməməsi haqda düşünmür.
Bütün bunlarla yanaşı, artıq qeyd etdiyimiz kimi, Rusiyanın qonşuları üçün yeni prezidentin seçilməsindən sonra bu ölkənin xarici siyasətini dəyişib-dəyişməyəcəyi, Moskvanın qlobal və regional anlamda sərt problemlərin mövcud olduğu şəraitdə hansı mövqeni tutacağı maraqlıdır. Rusiyanın bir çox xarici tərəfdaşları üçün onun beynəlxalq aləmdə apardığı ziddiyyətli siyasət böyük çətinliklər və qeyri-müəyyənlik yaradır.
Bu yaxınlardakı çıxışlarının birində D.Medvedev deyib: "...Çox vaxt onlara Rusiyanın hansı istiqamətdə hərəkət etdiyi, perspektivdə bizim nə edəcəyimiz məlum deyil".
Diqqəti cəlb edən daha bir məqam ondan ibarətdir ki, Vladimir Putindən fərqli olaraq, "varis" SSRİ-nin dağılmasını dramatikləşdirmir və onu tarixi həqiqət kimi qəbul edir: "...İmperiyalar gəlir və gedir. Bu, faciə deyil".
MDB-yə münasibətə gəlincə, o bundan sonra da qonşularla isti münasibətlər qurmağı vəd edib. Medvedevin fikrincə, Moskvanın bu ölkələrdəki maraqları obyektiv xarakter daşıyır və qarşılıqlıdır. Rusiyada keçiriləcək prezident seçkisi ərəfəsində Moskvada MDB sammitinin təşkilinin nəzərdə tutulması isə simptomatikdir: orada bu istiqamətdə bir çox məsələlərə aydınlıq gələ bilər. İnanmaq istərdik ki, hüquqa üstünlük verən bir hüquqşünas olaraq, Medvedev Rusiya prezidenti postunda Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemlərin həlli üçün də öz nüfuz və səlahiyyətlərindən istifadə edəcək.
Eyni zamanda, D.Medvedevin Kremlin son zamanlar ABŞ və bəzi Avropa ölkələri ilə qarşıdurma siyasətinə, dövlətin nəzarətində olan mətbuatın antiqərb ritorikasına nə dərəcədə dəstək verməsi də hələ tam şəkildə aydın deyil. Görünən odur ki, Medvedev öz mövqeyini açıqlamağa tələsməməklə, "qırğı"-ları vaxtından əvvəl qıcıqlandırmaq istəmir.
Bununla yanaşı, "varis"ə yaxın dairələr, xüsusilə baş nazirin nüfuzlu müavini, maliyyə naziri Kudrin, RAO EES-in rəhbəri Çubays Davos forumunun gedişində açıq şəkildə bəyan ediblər ki, belə qarşıdurma siyasəti səhv və perspektivsizdir. Onların fikrincə, bu kurs dividendlər yox, iqtisadi məsrəflər gətirir. Çubays, hətta bildirib ki, Britaniya Şurasına qarşı aparılan kampaniya "iqtisadi sahə də daxil olmaqla, mənfi nəticəsini verəcək". Onun fikrincə, bu kampaniyanı təşkil edənlər əldə olunmuş nəticələri Rusiyanın imici və investisiya baxımdan cəlbediciliyinə vurulan ziyanla müqayisə etsələr, yaxşı olardı...
Lakin o da aydındır ki, prezident Dmitri Medvedev bugünədək tanıdığımız Dmitri Medvedevdən fərqlənəcək. Hələlik o hələ Vladimir Putinin kölgəsindən çıxmayıb və sadəcə "varis" namizəddir. Diqqətli müşahidəçinin gözündən Medvedevin bilərəkdən və ya qəsdən Putinin bəzi jestlərini, intonasiyasını tək-rarladığı da yayınmayıb. Rusiyanın yeni prezidentinin şəxsiyyətinin əsl miqyası yalnız onun Kremlə rəhbərlik etməyə başlamasından sonra üzə çıxacaq. Müəyyən müddət keçəcək və "Dmitri Medvedev+Vladimir Putin" tapmacasının açması məlum olacaq.
Elə isə gözləyək. Az qalıb.
MƏSLƏHƏT GÖR: