
KİYEV - MOSKVA: YENİ İL - KÖHNƏ PROBLEMLƏR
"Slavyan-bacılar"ın münasibətlərində münaqişə potensialı artmaqdadır
Müəllif: Eldar PAŞAYEV Bakı
Son bir neÇƏ il ƏrzindƏ Rusiya-Ukrayna münasibətləri kəskin şəkildə dəyişib, özü də yalnız mənfi istiqamətdə. Kiyevdə baş vermiş "narıncı inqilab", bunun ardından ölkənin NATO və Avropa İttifaqına tərəf istiqamət götürməsi, əlbəttə ki, Moskva ilə dost münasibətlərə mənfi təsir göstərməyə bilməzdi. Hərçənd, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində artıq heç kəs bu "dostluq" haqda heç düşünmürdü də və iki ölkə arasında əməlli-başlı "qaz müharibəsi" başlamışdı. Buna səbəb isə Rusiyanın "qərbpərəst" Ukraynaya "mavi yanacaq"ı ucuz qiymətə satmaqdan imtina etməsi idi.
Beləliklə, Moskva qonşu ölkəyə satdığı qazın qiymətini qaldırdı. Və Rusiya üçün ən vacib məsələ olduğu kimi qaldı - Ukrayna hələ də Moskvadan asılı vəziyyətdədir.
İki ölkə arasında münasibət 2006-cı ildə "narıncı inqilab"ın əsas təşəbbüskarlarından olan Yuliya Timoşenkonun baş nazir postunu tərk etməsindən sonra bir qədər düzəlmişdi. Xatırladaq ki, ilk olaraq Timoşenkonu hökumət başçısı postunda "texniki" baş nazir Yuri Yexanurov əvəzləsə də, sonradan bu postu "narıncılar"a müxalifətdə dayanan və Ukraynanın NATO-ya inteqrasiyasının əleyhinə çıxan Regionlar Partiyasının lideri Viktor Yanukoviç tutdu.
Lakin ötən il Ukraynanın siyasi dairələri arasında ziddiyyət o səviyyəyə çatdı ki, uzun müzakirələrdən, hətta ölkədə vətəndaş müharibəsinin başlana biləcəyi haqda fikirlərin səsləndirilməsindən sonra növbədənkənar parlament seçkisi keçirildi və nəticədə "narıncı koalisiya" yenidən hakimiyyəti ələ aldı.
Ukrayna kimi sevmək istəyir?
Artıq 2008-ci il yanvarın 16-da prezident Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko və Ali Radanın spikeri Anatoli Yasenyuk Şimali Atlantika Alyansının baş katibi Yap de Hoop Sxefferə məktubla müraciət edərək, Kiyevin NATO-ya üzvlüklə bağlı fəaliyyət planına daxil edilməsini istədilər. Özü də onlar bunun mümkün qədər tez - artıq bu ilin aprelində Buxarestdə (Rumıniya) keçiriləcək sammitdə baş tutmasını məqsədəuyğun sayırlar.
Bu təşəbbüs, əlbəttə ki, Kremlin gözlənilən reaksiyası ilə üzləşdi: Rusiyanın Ukraynadakı səfiri Viktor Çernomırdin Kiyevin NATO-ya üzv olacağı halda, ölkəsinin "Ukrayna ilə münasibətlərə yenidən baxmaq məcburiyyətində qalacağını" bəyan etdi. Diplomat hesab edir ki, "Ukraynanın haraya üzv olmaq, kiminlə dostluq etmək, kimi sevmək istəməsi onun daxili işidir"; "Rusiya, sadəcə olaraq, başa salmaq istəyir: NATO-ya daxil olun. Amma biz sizinlə münasibətlərə yenidən baxmalı olacağıq".
Həqiqətən də Ukrayna alyansa üzv qəbul edilsə, bu, Rusiya üçün əməlli-başlı başağrısına çevriləcək. Yalnız onu vurğulamaq kifayətdir ki, Rusiya ilə ABŞ arasında qızğın siyasi mübahisəyə səbəb olmuş raketdən müdafiə sisteminin (RMS) Polşa və ya Çexiyada yox, məhz Ukraynada yerləşdirilməsi Vaşinqton üçün daha əlverişli olardı. Bu isə Kiyevin NATO üzvü olacağı təqdirdə Rusiyanın üzləşəcəyi problemlərdən yalnız biridir.
Ukrayna rəhbərliyinin NATO-nun baş katibinə ünvanladığı müraciətlə ölkə müxalifəti də Regionlar Partiyasının simasında narazılığını bildirib. "regionçular"ın fikrincə, "ölkə rəhbərliyi Ukraynanı neytral ölkə elan edən, öz ərazilərində xarici ölkələrə məxsus hərbi bazaların yerləşdirilməsinə imkan verməyən (müddəti 2017-ci ildə başa çatacaq Qara Dəniz Donanması istisna olmaqla - E.P.) konstitusiyaya əməl etmir".
Qeyd edək ki, Ukrayna rəhbərliyi baş katibə Şimali Atlantika Alyansına qəbul olunmazdan əvvəl "xalqla məsləhətləşəcəyini" vəd edib. Bunun yeganə yolu ümumxalq referendumudur. Amma son sosioloji sorğuların nəticələri göstərir ki, ukraynalıların əksəriyyəti (60%-dən çoxu) ölkənin NATO-ya üzvlüyünün əleyhinədir. Bu mövqe, xüsusilə, cənub və şərq vilayətlərində hökm sürür. Və həmin bölgələrin əhalisində NATO əleyhinə əhval-ruhiyyənin getdikcə artacağına da şübhə yoxdur.
Bununla yanaşı, ekspertlər hesab edir ki, Rusiyanın əlində Kiyevin bu istiqamətdə səylərinə mane olacaq daha bir faktor var. Söhbət hazırda ölkə ərazisindəki xarici hərbi baza kimi mövcud olan Qara dəniz Donanmasından gedir. Əgər rusiyalı dənizçilər Ukraynanı yalnız 2017-ci ildə tərk edəcəklərsə, belə çıxır ki, Kiyev yalnız ondan sonra Şimali Atlantika Alyansına qoşula bilər.
Odur ki bu istiqamətdə Rusiya-Ukrayna qarşıdurmasının güclənməsi tamamilə təbiidir. Məsələn, yanvarın 21-də Ukrayna Rusiyanın Qara dəniz Donanması tərəfindən icarəyə götürülmüş "Mars-75" radionaviqasiya sistemini ölkənin Nəqliyyat Nazirliyinin xeyrinə müsadirə etməyə (Herson Vilayət Məhkəməsinin qərarına əsasən) cəhd göstərib. Xatırladaq ki, indiyədək Ukraynada müxtəlif məhkəmələr (həmçinin, Ali Sənaye Məhkəməsi) Qara dəniz Donanmasının Ukrayna ərazisindəki naviqasiya-hidroqrafiya obyektlərindən (məsələn, Feodosiya, Yalta, Sakax, Yevpatoriya və Krımın digər ərazilərində) qanunsuz istifadə etməsi haqda dəfələrlə qərar çıxarıb. Lakin nə məhkəmə hökmlərini icra etmək istəyən dövlət məmurları, nə də "Rusiya dəniz piyadalarının deportasiyasına kömək etmək istəyən "Tələbə birliyi" obyektlərə buraxılmayıb. Rusiya hesab edir ki, donanmanın hidroqrafik obyektlərilə bağlı məsələ yalnız dövlətlərarası səviyyədə həll edilməlidir. Maraqlıdır ki, bu məsələ ilə əlaqədar sözügedən obyektin qarşısında "Tələbə birliyi"nin üzvlərinin çadırlarının qurulması ilə eyni zamanda rusiyapərəst təşkilatlar - Slavyan Partiyası, "Rus bloku" partiyası və Sevastopolun rus icması da piketlər keçirib.
Beləliklə, yaxın vaxtlarda Ukrayna ərazisində həm naviqasiya obyektlərinin, həm də ümumilikdə Qara dəniz Donanmasının mövcudluğu ilə bağlı diskussiyaların yenidən bərpa ediləcəyini gözləmək olar.
Ədavətə səbəb olan boğaz
Ukrayna yeni ilin ilk günlərindəcə Rusiya ilə münasibətlərindəki daha bir problemi yada salıb: Kiyev Kerç boğazında sərhədin birtərəfli şəkildə müəyyənləşdirilməsinin mümkünlüyünü bəyan edib. Ukraynanın xarici işlər naziri Vladimir Oqrızkonun sözlərinə görə, yaxın zamanlarda boğazın demarkasiyası ilə bağlı Ukrayna-Rusiya komissiyası işə başlayacaq. Ölkəsinin məsələnin uzanmasına imkan verməyəcəyini deyən XİN başçısı problemin tez bir zamanda (xüsusilə, 2007-ci ilin noyabrında yaşanmış texnogen faciə fonunda) həllinin vacibliyini bildirib. Xatırladaq ki, həmin vaxt baş verən fırtına dənizdəki Rusiya gəmilərindən suya külli miqdarda mazut və kükürdün dağılmasına səbəb olmuşdu. "Həmin faciə nəticəsində dövlətimizə ciddi iqtisadi zərər dəydi. Odur ki öz milli maraqlarının qeydinə qalan dövlət kimi, biz bu prosesi sürətləndirməyə məcburuq", - deyə Oqrızko qeyd edib.
O hesab edir ki, problemin həllində Azov dənizi üzrə komissiyanın təcrübəsindən də istifadə etmək olar.
Xatırladaq ki, 2007-ci il noyabrın sonlarında Kiyevdə Azov və Qara dənizlərin, həmçinin, Kerç boğazının sərhədlərinin müəyyənləşdirilməsinə dair danışıqlar aparılıb və Ukrayna ilə Rusiya arasında Azov dənizinin orta xətlə ayrılmasına dair razılıq əldə olunub.
"Əgər biz Azov dənizində beynəlxalq dəniz hüquqlarına əsaslanan sərhəd xətti prinsipini tətbiq edə bildiksə, Kerç boğazı ilə bağlı vəziyyətin müəyyənləşməsində eyni prinsipdən istifadə etməyə nə mane olur?" - deyə Oqrızko bildirib.
Rusiya isə hələ ki ona cavab verməyə hazır deyil və hesab edir ki, məsələnin məhz bu yolla həlli zamanı boğazın farvateri Ukraynanın əlinə keçəcək. Bütün bunlar isə ona gətirib çıxara bilər ki, Kiyev boğazdan keçən Rusiya gəmilərinə vergi tətbiq etməklə yanaşı, həm də Azov dənizinə NATO gəmilərini buraxa bilər. Odur ki Moskva boğazın sərhədinin farvater boyunca qurulmasını, Azov dənizinin daxili statusunun qorunub-saxlanmasını təklif edir. Bu o deməkdir ki, bu dənizə üçüncü ölkənin gəmiləri yalnız Rusiya və Ukraynanın birgə razılığı əsasında daxil ola bilər. Lakin bu təkliflə Kiyev razılaşmır və artıq 10 ildən çoxdur, məsələ ətrafında danışıqlar nəticə vermir.
"Qaz müharibəsi" davam edir
Bununla yanaşı, iki ölkə arasında ehtirasların qızışmasına səbəb olan ən "perspektivli" məsələ hələ də təbii qaz ixracı ilə bağlıdır. Məlum olduğu kimi, yeni baş nazir Yuliya Timoşenko Ukraynaya qaz nəqli ilə bağlı bütün müqavilələrə yenidən baxılmasını istəyir. Birincisi, vasitəçi RUE-nin xidmətindən imtina edilməsi və "Qazprom"un daxili bazardakı payının azaldılması təklif olunur. Timoşenko Ukraynanın daxili qaz bazarını da nəzarətə götürmək və burada "Ukrqazenerqo" Qapalı Səhmdar Cəmiyyətinin payını (orada "Qazprom" "Rosukrenergo" vasitəsi ilə 25%-ə malikdir) 70-dən 7%-dək azaltmaq fikrindədir.
İkincisi, Rusiya qazının tranzitinə görə qiymətlərin kəskin şəkildə qaldırılması təklif edilir. Bu, "Naftoqaz"ın rəhbəri Oleq Dubinin Moskvaya səfəri ilə əlaqədar məlum olub: Ukrayna Rusiya qazının min kubmetrinin Avropaya nəqlinə görə tarifləri 100 km ərazi üçün 1,7 dollardan 9,32 dollara qaldırmaq istəyir.
Lakin Viktor Yuşşenko Dubinin bu bəyanatını təkzib edib. Prezident hesab edir ki, əgər Ukrayna öz ərazisindən qazın tranziti üçün qiymətləri artırarsa, Rusiya da eyni addımı atacaq. "Nə qədər ki biz Türkmənistan qazından asılıyıq, Ukraynanın tranzit siyasəti spesifikdir. Çünki Türkmənistandan Ukraynaya 2,5 min kilometr məsafəyə 55 milyard kubmetr qazın tranziti, 127 milyard kubmetr Rusiya qazının Ukrayna ərazisində 1100 kilometr məsafədə tranziti ilə eyni qiymət edir", - deyə Yuşşenko qeyd edib.
Beləliklə, Ukrayna prezidentinin güzəştinə baxmayaraq, iki ölkə arasında "mavi yanacaq"la bağlı mübahisə getdikcə qızışmaqdadır. Kiyev çox güman ki, bundan sonra da vasitəçinin fəaliyyətindən imtina edilməsinə, hətta mümkündür ki, tranzit qiymətlərinin artırılmasına israrını davam etdirəcək. Moskva isə dolayısı ilə olsa da, qaz təchizatındakı monopoliyanı əlində saxlamağa cəhd göstərəcək.
Əlbəttə ki, iki ölkə arasında qarşıdurma elementləri bununla da bitmir. Məsələn, Ukraynanın hazırkı rəhbərliyinin Kreml ilə yaşadığı fikir ayrılığı üzündən baş vermiş daha bir hadisəni rəsmi Kiyevin aktivinə yazmaq olar: yanvarın 16-da Londonda Avropa Komissiyasının üzvü, ticarət məsələlərinə nəzarət edən Piter Mendelson və Ukrayna baş nazirinin müavini Qriqori Nemırya arasında bəzi xammalların ixracına görə rüsumların məbləğinin azaldılmasına dair razılaşma imzalanıb. Ekspertlər hesab edir ki, bu, Ukrayna ilə Avropa İttifaqı arasında Kiyevin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı aparılan danışıqlarda həll olunmamış qalan son problem idi. Yeri gəlmişkən, prezident V.Yuşşenko bu məsələnin artıq fevral ayında öz həllini tapacağını bəyan edib (reallıqda isə proses bir neçə ay vaxt aparır).
Beləliklə, Ukrayna ÜTT-yə Rusiyadan əvvəl üzv olarsa, Moskva quruma qəbulu ilə bağlı danışıqları artıq Kiyevin qoyacağı şərtlərə də uyğun aparmalı olacaq. Xatırladaq ki, əvvəllər Kiyev və Moskvanın ÜTT-yə eyni vaxtda qəbul ediləcəyinə dair fikirlər olsa da, artıq bu, inandırıcı görünmür.
Rusiyanın baş verənlərə cavabına gəlincə, bəzi mətbuat orqanlarının iddiasına görə, Moskva 1997-ci ildə imzalanmış Böyük Rusiya-Ukrayna Müqaviləsinin bəzi məqamlarına yenidən baxmaq fikrində olduğunu bəyan edə bilər. Qeyd edək ki, həmin sənəddə iki ölkənin dövlət sərhədlərinin tanınması haqda məqam da əksini tapıb. Məhz bu məqamda, məsələn, üç qüvvənin (tatarlar, ukraynalılar və ruslar) qarşı-qarşıya olduğu Krım yarımadası ilə bağlı problemlər meydana çıxa bilər. Hətta bəzi ekspertlər Krım haqda danışarkən "Kosovo ssenarisi"ni xatırlatmağı belə lazım bilir.
Lakin bu, başqa söhbətin mövzusudur.
Əlavə edək ki, çox vaxt ilk baxışdan bu sezilməsə də, Kiyevlə Moskva arasındakı fikir ayrılıqları Ukrayna hakimiyyəti daxilindəki ziddiyyətlər fonunda davam edir.
KİV-in məlumatına görə, artıq Viktor Yuşşenkonun Rusiyaya səfərinin vaxtı dəqiqləşdirilib. Fevralın 12-də Moskvada "Ukrayna-Rusiya fəaliyyət planı"nın imzalanması mümkündür. Söhbət Ukrayna-Rusiya dövlətlərarası komissiyanın ikinci iclasından gedir. Bu görüş qonşu ölkələrin rəhbərlərinə üz-üzə oturaraq, məsləhətləşmək üçün yaxşı şans verir.
Bununla yanaşı, baş verən hadisələrin fonunda artıq kifayət qədər maraqlı sayılacaq proses başlanıb. UNİAN-ın məlumatına görə, Ukrayna prezidentinin səfərinə hazırlıq məqsədilə yanvarın 28-30-da Təhlükəsizlik Şurasının katibi Boqatıryovun Moskvaya göndəriləcəyini şərh edən politoloq Mixail Poqrebinski bildirib ki, bu, baş nazir Yuliya Timoşenkonun beynəlxalq əlaqələrini məhdudlaşdırmaq cəhdidir. Politoloqun sözlərinə görə, Yuşşenkonun bu qərarını "qısqanclıq və Timoşenkonun Kremllə hər hansı danışıqlar aparmasının qarşısının alınması cəhdi" saymaq olar.
MƏSLƏHƏT GÖR: