15 Mart 2025

Şənbə, 00:32

QURUCU MİXAİLİN İKİNCİ ZÜHURU

Saakaşvilinin yenidən prezident seçilməsinə etiraz edən müxalifət etiraz kampaniyasının güclənəcəyi ilə hədələyir

Müəllif:

15.01.2008

Yanvarın 5-də Gürcüs-tanda növbədənkənar prezident seçkisi keçirildi və gözlənildiyi kimi, Mixail Saakaşvili qələbə qazandı. Hakimiyyətin seçicinin iradəsinə müraciət etməsinə səbəb isə ölkədə ötən il noyabrın əvvəllərində baş qaldıran kəskin siyasi böhran oldu. Məlum olduğu kimi, həmin vaxt Gürcüstan müxalifətinin təşəbbüsü ilə başlanan xalq etirazı sonda nümayişin polis tərəfindən sərt şəkildə dağıdılması, ölkədə fövqəladə vəziyyətin elan olunması, nəha-yət, "İmedi" və "Kavkasiya" telekanallarının bağlanması ilə nəticələnmişdi. Saakaşvili hökumətinin bu fəaliyyəti, hətta onun ən yaxın müttəfiqlərindən olan ABŞ və Avropa İttifaqı tərəfindən də sərt tənqid edildi. Xatırladaq ki, bunadək Gürcüstanda Qamsaxurdia və Şevardnadzenin prezidentliyi dövründə iki dəfə - birincisində silahlı vətəndaş müharibəsi, ikincisində isə "məxməri inqilab" vasitəsilə, dinc yolla hakimiyyət dəyişikliyi baş verib. Odur ki növbədənkənar seçki hakimiyyətlə birləşmiş müxalifət arasında son dərəcə gər-ginləşən münasibətləri demokratik məcraya yönəltməli idi.

Lakin müxalifət Mixail Saakaşviliyə qarşı vahid namizədlə mübarizə apara bilmədi və seçkiöncəsi qarşı cəbhədən prezident postunu tutmağa, birdən-birə altı namizəd peyda oldu ki, bu da, əlbəttə, onların uğur əldə etmək şansını ciddi şəkildə azaltdı. Seçkiqabağı kampaniyanın müddəti də kifayət qədər qısa idi və bu üzdən müxalifət liderləri vətəndaşlar arasında, xüsusilə də, regionlarda təbliğatlarını lazımi səviyyədə qura bilmədilər. 

Saakaşvilinin opponentləri, həmçinin, seçki qanunvericiliyində çox sayda pozuntuların olduğunu, yerlərdə müxalifət partiyalarının rəhbərləri və fəallarına qarşı zorakılığın həyata keçirildiyini, dövlətin inzibati resurslarından hakim partiyanın xeyrinə istifadə olunduğunu bəyan edirdi.

Bütün bunlarla yanaşı, ədalət naminə etiraf etmək lazımdır ki, Saakaşvili özü enerjili seçki təbliğatı apardı və həmin dövrdə, demək olar ki, bütün regionlarda görüşlər keçirdi. Doğrudan da, Saakaşvili indiyədək yol verdiyi səhvlərə görə müxalifətin ittihamlarını cavablandırmaq üçün kifayət qədər arqumentlərə malik idi. Çünki onun prezidentliyi dövründə Gürcüstanda yaşanan inkişaf danılmazdır. Bu iqtidar nüfuzdan düşmüş dövlət hakimiyyətini yenidən ayağa qaldırdı, Tbilisinin Acarıstan və Cavaxetiya üzərində nəzarətini bərpa etdi, həmçinin, Rusiya qoşunlarını vaxtından əvvəl ölkədən çıxara bildi. Bundan başqa, korrupsiya minimum həddə endirilib, ordu və polis orqanlarında islahatlar həyata keçirilib, şəhər və qəsəbələrin elektrik enerjisi və qazla təchizatı bərpa olunub. Yollar, məktəblər və s. təmir edilib, vergi və gömrük yığımları ilə bağlı vəziyyət yaxşılaşdırılıb, dövlət büdcəsi isə 6 dəfə artıb.

Əlbəttə ki, əhalinin sosial vəziyyəti hələ də ağır olaraq qalır. Əhalidə narazılıq yaradan məqamlar dövlət aparatlarındakı ixtisarlar və işdən kənarlaşdırılmalarla əlaqədar artan işsizlikdir. Saakaşvilinin opponentləri də məhz bu məqamdan yararlanmağa çalışaraq, sağa-sola vədlər "paylayırdılar". Məsələn, milyarder namizəd (bəzi məlumatlara görə, onun varidatı 11 milyard dollara çatır) Badri Patarkasişvili qalib gələcəyi halda, seçkiqabağı vədlərinin həyata keçirilməsi üçün şəxsi vəsaitindən 1 milyard dollar xərcləyəcəyini bəyan edirdi. O, kommunal xərclərin ciddi bir hissəsini öz cibindən ödəyəcəyini, hər ay hər bir ailə üçün 100 kilovatsaat elektrik enerjisinin pulunun özü tərəfindən keçiriləcəyini, bundan başqa, təbii qaz istifadəsinin bir hissəsini, içməli suyun isə bütün xərclərini öz vəsaiti hesabına ödəyəcəyini bildirirdi. Prezidentliyə namizəd bütün işsizlərə maddi dəstək olacağını, qarşıdan gələn il ölkədə istehsal olunan bütün üzüm və sitrus bitkilərinin pulunu ödəyərək alacağını, valideynlərə hər doğulan uşağa görə yardım ayrılacağını vəd edirdi.

Yerli leyboristlərin lideri Şalva Natelaşvili də populist vədlər səsləndirirdi.

Saakaşviliyə gəlincə, o, vətəndaşların sosial-iqtisadi durumunun yaxşılaşdırılacağını, sərfəli hökumət kreditlərinin paylanacağını, əhalinin birbaşa subsidiyalaşdırılmasının belə mümkünlüyünü bildirir, hətta xüsusilə kəndlərdə yaşayan yoxsul insanlara odun, un, qənd və yağ paylamaqdan da çəkinmirdi.

Xarici siyasətlə bağlı məqamlara gəlincə, bu məsələdə prezidentliyə namizədlərin prioritetləri arasında o qədər də fərq hiss edilməyib. Onların, demək olar ki, hər biri (İrina Sarişvili və Şalva Qatelaşvili istisna olmaqla) Gürcüstanın avroatlantik məkana inteqrasiyasının tərəfdarı kimi çıxış edirdilər. Lakin güclü prezident hakimiyyəti olmadan ölkə problemlərinin həllini mümkünsüz hesab edən Saakaşvilidən fərqli olaraq, müxalifət namizədləri parlament idarəçilik sisteminə keçilməsi, hətta prezidentlik vəzifəsinin ləğvini vacib sayırdılar.

Seçkiqabağı kampaniyanın gedişinə, təbii ki, "İmedi" telekanalı ilə bağlı situasiyanın da ciddi təsiri oldu. Qərbin təzyiqilə üzləşən hakimiyyət telekanalın fəaliyyətinin bərpasına razılıq versə də, 2007-ci il dekabrın 26-da kanal yenidən yayımını dayandırdı. Şirkət rəhbərliyi bu addımı Gürcüstan hakimiyyətinin siyasətinə etiraz olaraq, həmçinin kanalın rəhbəri Patarkasişvilinin durumu ilə bağlı situasiyanın qeyri-müəyyən olması ilə əlaqədar atdı. Patarkasişvili isə danılmaz faktlar qarşısında qaldığından, Londonda Gürcüstanın Daxili İşlər Nazirliyinin əks-kəşfiyyat departamentinin rəhbəri Kodua ilə danışıqlar apardığını, onu hökumətə qarşı fəaliyyətə çəkmək üçün 100 milyon dollar rüşvət təklif etdiyini boynuna aldı. Məhz bundan sonra telekanalın bir çox əməkdaşı ya işlərindən kənarlaşdılar, ya da efirə çıxmaqdan imtina etdilər.

Nəhayət, seçki kampaniyası tamamilə dinc şəkildə və zorakılıq halları olmadan başa çatdı. Mərkəzi Seçki Komissiyasının (MSK) 3424 seçki məntəqəsinin (onların ümumi sayı 3512-dir) bülletenlərini hesabladıqdan sonra nəticələr açıqlandı: Mixail Saakaşvili - 52,21%, Levan Qaçeçiladze - 25,26%, Badri Patarkasişvili - 6,99%, Şalva Natelaşvili - 6,42%, David Qamkrelidze - 4,02%, Georgi Maisaşvili - 0,76%, İrina Sarişvili - 0,19%. 

MSK seçici fəallığının 56,17% olduğunu açıqlayıb, seçici siyahılarına isə 3 352 448 Gürcüstan vətəndaşı haqda məlumatlar daxil olunub. Göstəricilərdən məlum olur ki, birləşmiş müxalifətin lideri Qaçeçiladze Tbilisidə önə çıxsa da, regionlarda Saakaşvili daha çox dəstək alıb.

Beləliklə, MSK-nın rəsmi məlumatına əsasən, Mixail Saakaşvili seçkinin ilk turundaca Gürcüstan prezidenti seçilib. Artıq onu qələbə münasibətilə Polşa, Ukrayna, Litva, Qazaxıstan, Türkiyə, Ermənistan kimi dövlətlərin başçıları təbrik ediblər. Azərbaycanın dövlət başçısı İlham Əliyev də Saakaşviliyə təbrik məktubunu göndərib və orada qeyd edib ki, Azərbaycan və Gürcüstan tarixi və qırılmaz dostluq, mehriban qonşuluq tellərinə, qarşılıqlı dəstəyə malik ölkələrdir: «Bu gözəl ənənələr hazırda bizim dövlətlərarası münasibətlərimizin, strateji tərəfdaşlığımızın möhkəm əsasını təşkil edir. Əminəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığının istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar çərçivəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsinə dair birgə səylərimiz bundan sonra da xalqlarımızın tərəqqisinə, regionda sülhün, sabitliyin və yüksəlişin təmin olunmasına kömək edəcək».

Gürcüstanda keçirilən prezident seçkisinin və Saakaşvilinin qələbəsinin beynəlxalq aləm tərəfindən tanınması yalnız MSK-nın rəsmi məlumatı əsasında yox, həm də, təxminən, 1000 əcnəbi və 2000 yerli müşahidəçinin apardığı monitorinq, seçki günü prosesin gedişinə nəzarəti əsasında baş tutub. Onların seçkiyə verdikləri qiymət isə belə olub: "Bu, ölkədə gürcü xalqının öz siyasi meylini nümayiş etdirməsinə imkan yaradan əsl yarışın baş tutduğu ilk seçki olub". 

Bununla yanaşı, ölkədə seçkiqabağı kampaniyanın olduqca gərgin, qarşılıqlı inamsızlıq və qanun pozuntuları haqda ittihamlar şəraitində keçdiyi də vurğulanıb. 

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinə rəhbərlik etmiş Matias Yorş bildirib ki, "Seçki tam nöqsansız keçməsə də, gürcü xalqının yaranmış siyasi böhrana demokratik şəkildə reaksiya vermək imkanı yaradılıb". 

Avropa Parlamentinin nümayəndə heyətinə rəhbərlik etmiş Mari-Ann İzler-Beqen isə öz növbəsində seçkini "gənc və zərif Gürcüstan demokratiyasının irəli atdığı daha bir addım" adlandırıb. O, Avropa İttifaqının Gürcüstana bu yolda bundan sonra da yardım edəcəyini, parlament seçkisinin keçirilməsinə köməklik göstərəcəyini qeyd edib. MDB ölkələrindən olan 22 nəfərlik, o qədər də böyük olmayan nümayəndə heyəti də, ümumilikdə, seçkiyə müsbət rəy verib.

Lakin Gürcüstan müxalifəti bu fikirlərlə qətiyyən razı deyil və hesab edir ki, Saakaşviliyə sərf edən nəticə kütləvi şəkildə saxtalaşdırmaya yol verilməsi ilə əldə olunub. Müxalifətin fikrincə, Saakaşvili və Qaçeçiladzenin iştirakı ilə seçkinin ikinci turu keçirilməlidir. Bu tələblə yanvarın 6-da Tbilisinin Rike meydanında birləşmiş müxalifətin mitinqi də keçirilib və meydana toplaşmış 10 minədək insan Saakaşvilinin vaxtından əvvəl qalib elan olunmasına etirazını bildirib, həmçinin səslərin yenidən sayılması tələbini irəli sürüb. 

Birləşmiş müxalifətin növbəti mitinqi isə yanvarın 8-nə təyin olunsa da, güclü şaxta və qar yağması üzündən ayın 13-nə keçirilib.

Birləşmiş müxalifətin liderləri  sayılan Levan Qaçeçiladze, Georgi Xaindrava, Condi Baqaturiya, Koba Davitaşvili və digərləri yanvarın 9-da MSK-nın binası qarşısına toplaşaraq, qurumun sədri Levan Tarxnişvilinin istefasını tələb ediblər. Onlar hətta MSK rəhbərinin kabinetinə soxularaq, bu qurumun seçkinin nəticələrini saxtalaşdırmaqla məşğul olduğunu, saxta protokolları qanuniləşdirdiyini bildiriblər. Təcili şəkildə mətbuat konfransı düzənləyən Tarxnişvili səsvermədən sonra MSK-ya 40-dək seçki məntəqəsində seçkinin nəticələrinin ləğvi tələbi ilə 450 müraciətin daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, həmin müraciətlərdə ciddi qanun pozuntularının qeydə alındığı, hətta seçicilərin qutulara əlavə bülletenlər atdığı bildirilir. Bununla yanaşı, MSK sədri deyib ki, quruma şikayətlərin daxilolma müddəti başa çatdığından, artıq məsələyə yalnız məhkəmələrdə baxıla bilər. Lakin hətta sözügedən məntəqələrdə seçkinin nəticələrinin ləğv olunacağı halda belə, seçkinin ümumi mənzərəsi dəyişməyəcək.

Prezident seçkisi onunla eyni vaxtda səsverməyə çıxarılan digər məsələni kölgədə qoyub. Söhbət gürcülərin ölkənin NATO-ya üzvlüyünə münasibəti və 2008-ci ilin yazında parlament seçkisinin keçirilməsi məsələlərinin referenduma çıxarılmasından gedir. Qeyd edək ki, seçicilərin əksəriyyəti bu məsələnin hər ikisinə müsbət cavab verib. İlkin məlumatlara görə, seçicilərin 60%-dən artığı Gürcüstanın NATO-ya qəbuluna razı olduğunu bildirib. Məhz buna əsaslanan hökumət artıq Gürcüstan üçün alyansın NATO-ya qəbul üzrə fəaliyyət planına (Membership Action Plan) start veriləcəyini düşünür. 

Amma bunun bu ilin aprelində Buxarestdə keçiriləcək sammitdə baş tutacağı inandırıcı deyil. Çünki alyans üzvləri hələ ki Gürcüstanın əlavə yükünü üzərinə götürmək və Moskvanın qəzəbinə səbəb olmaq niyyətində deyillər. Üstəlik, hazırkı mərhələdə Kosovo və İran problemlərinə dair Rusiya ilə ümumi dil tapılmasına ehtiyac var. Bu səbəbdən də qapılarının Gürcüstanın üzünə açıq olduğunu bəyan edən NATO, çox güman ki, qarşıdan gələn parlament seçkisinin demokratik standartlara uyğun keçirilməsi, Gürcüstan ordusunda islahatların sona çatdırılması və silahlı qüvvələr üzərində vətəndaş nəzarətinin tam təmin olunmasının gözlənməsinin vacibliyini əsas gətirərək, məsələni bir qədər ləngidəcək.

Parlament seçkisi isə, Saakaşvilinin dediyi kimi, aprel-may aylarında keçirilə bilər. Xatırladaq ki, Gürcüstan müxalifətinin ötən ilin payızında başlanan etiraz aksiyalarında əsas tələblərdən biri də məhz bu idi. Odur ki müxalifət formal olaraq, istəyinə nail olub. Onların hakimiyyətə hazırkı təzyiqinin parlament seçkisində özlərinə daha əlverişli şərtlər qazanmaq məqsədi güddüyü də istisna deyil.

Müxalifətin vəziyyəti yenidən gərginləşdirmək və bununla da, Saakaşvilinin qələbəsi ilə başa çatmış prezident seçkisinin nəticələrinin ləğvinə nail olmaq ehtimalı isə, yerli və əcnəbi analitiklərin fikrincə, minimum həddədir. M.Saakaşvili özünü kifayət qədər səbirli aparır. O, azad və ədalətli parlament seçkisinin keçiriləcəyini vəd edir, müxtəlif ictimai qrupların mövqeyini dinləməyə, hətta müxalifət sıralarındakı peşəkarları hökumətə cəlb etməyə hazır olduğunu bildirir.

Gürcüstanın Avropaya inteqrasiya yolu tutduğunu bir daha təsdiqləyən Saakaşvili, bununla yanaşı, Rusiya ilə münasibətlərə dair də barışdırıcı bəyanat səsləndirib və ikitərəfli münasibətlərin normallaşdırılması, mövcud problemlərin həllinə nail olunması üçün kompromis axtarmağa hazır olduğunu açıqlayıb.

Gürcüstanda keçirilən seçki ilə bağlı azərbaycanlıların mövqeyi də az əhəmiyyət daşımırdı. Gürcüstanda sayına görə, ikinci etnik qrup olan azərbaycanlıların əksəriyyəti məhz Saakaşvilini dəstəkləyib. Bu, onların mövcud hakimiyyəti dəstəkləməyə meylli olmaq ənənəsi və ya Tbilisi ilə Bakı arasındakı dostluq, tərəfdaşlıq münasibətləri ilə bağlı deyil. Gürcüstan hakimiyyətinə çoxsaylı tənqidlərlə yanaşı, onlar açıq şəkildə bildirirlər ki, Saakaşvili hakimiyyəti özündən əvvəlkilərdən fərqli olaraq, azərbaycanlı əhalinin problemlərinin həlli üçün heç də az iş görməyib. Kəndlərlə rayon mərkəzləri arasındakı yollar müəyyən dərəcədə qaydaya salınıb, kəndlərdəki orta məktəblər əsaslı təmir olunub və kompyuterlərlə təchiz edilib. Yerli azərbaycanlıların torpaq islahatları ilə bağlı bütün gözləntiləri həyata keçməsə də, onların əksəriyyəti şəxsi torpaq sahələri əldə ediblər. Bundan başqa, əvvəllər tez-tez rast gəlinən quldur hücumlarının, oğurluqların, insanların girov götürülməsi hallarının qarşısı alınıb. 

Nəhayət, ən əsası, polis, gömrük, yerli hakimiyyət orqanları artıq insanlardan rüşvət istəmir və onlar öz problemlərini həll edə bilirlər.

Qonşu ölkədə keçirilən seçki Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edirdi. Söhbət orada bu və ya digər namizədin qələbə qazanmasından getmir. Gürcüstan prezidenti postunu kimin tutmasından asılı olmayaraq, iki ölkə arasında strateji tərəfdaşlıq onsuz da davam edəcəkdi. Azərbaycan üçün qonşu ölkədə hakimiyyətin zəif olması, xaos yaşanması arzuolunmaz idi. Çünki bu halda strateji əhəmiyyət daşıyan qaz və neft borularının, kommunikasiyaların, Gürcüstanla birlikdə reallaşdırılmasına başlanılan digər irimiqyaslı layihələrin fasiləsiz fəaliyyətinə təhlükə yarana bilərdi. Bu layihələrin başlanmasında və həyata keçirilməsində bilavasitə iştirak edən, həmçinin, Azərbaycan hökumətilə yaxın münasibətlərə malik olan Mixail Saakaşvilinin təkrarən prezident seçilməsi isə, şübhəsiz ki, Bakıya ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, siyasi və iqtisadi sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətlərində hər hansı tanışlıq üçün vaxt itirmədən fəaliyyətin davam etdirilməsinə imkan verir.


MƏSLƏHƏT GÖR:

492