
NƏ DOST, NƏ DÜŞMƏN…
Moskva bəzi ölkələrin NATO-ya qəbuluna mane olmağa çalışır
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Dekabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının "Avropada Adi Silahlı Qüvvələr Haqqında" Müqavilədə (AASQM) fəaliyyətinin dayandırılması haqqında" qanunu imzaladı. Sənəd Rusiyanın ötən çağırış Dövlət Duması tərəfindən də bəyənildi. Xatırladaq ki, bu qanun Federasiya Şurasında hələ 2007-ci ilin noyabrında təsdiqlənmişdi. Təbii ki, rusiyalı və əcnəbi siyasətçilər, hərbi ekspertlər və analitiklər kifayət qədər qeyri-adi olan bu hadisəni diqqətdən kənarda qoya bilməzdi.
Ümumilikdə, şərhlərin əksəriyyətində Avropada qüvvələr nisbətinin dəyişməsi və vaxtilə mövcud olmuş qarşıdurma vəziyyətinə qayıdılması təhlükəsinin olmadığı bildirilsə də, Cənubi Qafqaz kontekstində Moskvanın qəbul etdiyi qərarın nəticələri kifayət qədər ciddi ola bilər. Əvvəlcə qısa şəkildə müqavilənin özü haqda oxuculara xatırlatma verək.
AASQM ("Avropada Adi Silahlı Qüvvələr Haqqında" Müqavilə) 1990-cı il noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib. Sənəd bir-birinə qarşı dayanan dövlətlər, hərbi-siyasi birliklər arasında imzalanıb. Söhbət NATO və Varşava Müqaviləsi Təşkilatından gedir. Müqavilənin imzalanmasında məqsəd təhlükəsizlik və adi silahlanmada balansın mümkün qədər aşağı səviyyədə saxlanılması idi. Silahlanmanın səviyyəsini aşağı həddə saxlamaqla, onların müxtəlif növləri ilə əlaqədar qeyri-bərabərliyin aradan qaldırılması, həmçinin tərəflərin gözlənilməz hücum təşkil etmək, genişmiqyaslı hərbi əməliyyatlara başlamaq imkanlarının aradan qaldırılması nəzərdə tutulmuşdu.
AASQM-in imzalanması və reallaşdırılmağa başlanması nəticəsində, həqiqətən də, Avropada tankların ümumi sayı, hərbi zirehli maşınlar, artilleriya sistemləri (100 mm və daha böyük), həmçinin zərbəçi təyyarə və vertolyotlar, demək olar ki, iki dəfə azaldılıb. Bundan başqa, AASQM-də silahlanmanın müəyyən kvotası da nəzərdə tutulub. Sənədə imza atmış hər bir dövlət ildə 2 dəfə tərəfdaşlarını müqavilədə nəzərdə tutulan sahələrdəki silahlarının kəmiyyəti haqda xəbərdar etməlidir. Bundan başqa, xarici hərbi nümayəndələrə bu və ya digər hərbi hissələrə baş çəkərək, real vəziyyətlə tanış olmaq hüququ verilirdi. Eyni zamanda, AASQM iştirakçıları hərbi birləşmələrin nəhəng həcmdə yerdəyişməsi haqda bir-birini məlumatlandırır və maraqlı olan xarici dövlətlərin təmsilçilərini təlimlərə dəvət edirdilər ki, bu da qarşılıqlı inam yaratmaq vasitəsi idi.
Lakin tezliklə Varşava Müqaviləsi dağıldı və ona daxil olan ölkələrin əksəriyyəti NATO-nun sıralarına qoşuldu. Bununla da Avropada silahlı qüvvələr balansı ciddi şəkildə dəyişdi. Daha sonra Sovet İttifaqı da dağıldı və yeni müstəqil dövlətlər 1992-ci ildə Daşkənddə öz aralarında kvota müəyyənləşdirdilər. Yeri gəlmişkən, Ermənistandan ərazisinə görə 2, əhalisinin sayına görə isə, təxminən, 3 dəfə böyük olan Azərbaycana ağır silahlanmada ədalətsiz olaraq, Ermənistan və Gürcüstanla eyni kvota ayrıldı və Bakı təəssüf ki, bununla razılaşdı.
Silahlanma ilə bağlı ümumi məhdudiyyətlərlə yanaşı, AASQM üzvlərinə cinah məhdudiyyətləri də qoyuldu. Bu da SSRİ-nin, daha sonra isə onun varisi olan Rusiya Federasiyasının şimal (Baltikyanı) və cənub (Qafqaz) istiqamətlərində qoşun və hərbi texnika yerləşdirməsinə, faktik olaraq, müəyyən məhdudiyyət qoymaq demək idi.
Lakin Rusiyanın Çeçenistan və Dağıstanla bağlı problemləri meydana çıxan zaman müqavilənin cinah məhdudiyyətləri əsasında formalaşan silahlı qüvvələr separatçılığa qarşı mübarizə üçün kifayət etmədi. Belə olduqda, Moskva üzləşdiyi problemi izah etdi və müqavilə iştirakçısı olan digər dövlətlər onu başa düşdülər.
1999-cu ildə İstanbulda imzalanan razılaşmada bu razılıq öz əksini tapdı. Bununla yanaşı, hər bir ölkə üçün ayrı-ayrılıqda kvota müəyyənləşdi. Bununla da AASQM "adaptasiya olunmuş" adlandırılmağa başladı.
Bundan sonra artıq onun qüvvəyə minməsi üçün bütün iştirakçı ölkələr tərəfindən ratifikasiyasına ehtiyac var idi. Lakin indiyədək yeni variant yalnız Rusiya, Qazaxıstan və Belarus tərəfindən ratifikasiya edilib. Müqavilənin digər iştirakçıları isə bu prosesi ləngidir və əsas kimi, Rusiyanın Moldova və Gürcüstandan ordunun çıxarılması haqda İstanbul sammitində öz üzərinə götürdüyü öhdəliyə əməl etməməsini göstərirlər.
Amma məsələ bundadır ki, Moskva Tbilisi ilə razılığa gedərək, həmçinin NATO-nun arqumentlərini sıfıra endirmək məqsədilə bu ilin noyabrında Gürcüstandakı hərbi bazalarını oradan tamamilə çıxardı. Bir qədər əvvəl isə Rusiyanın Dnestryanı bölgədəki (Moldova) ağır hərbi texnikası oranı tərk etmişdi. Hazırda sözügendən bölgədə, təxminən, 900 nəfərlik şəxsi heyət qalıb və Moskvanın versiyasına görə, onlar 20 ton silah-sursatın yerləşdiyi anbarı mühafizə edir. Anbardakı silah-sursatın oradan çıxarılmasına isə guya tanınmamış respublikanın rəhbərliyi mane olur.
Bununla belə, Brüssel Moskvanı öhdəliyinə tam əməl etmədiyini və bu səbəbdən də NATO üzvü olan ölkələrin AASQM-in yeni versiyasını ratifikasiya etməsinin mümkün olmadığını bildirir.
Rusiyanı narahat edən məqam isə heç də yalnız sənədin ratifikasiya edilməməsi ilə bağlı deyil. Baltikyanı ölkələr - Litva, Latviya və Estoniya, ümumiyyətlə, indiyədək AASQM-ə qoşulmayıb. Bu ölkələrin silahlı qüvvələri çox azsaylı olsa da, onların ərazilərində, belə demək mümkünsə,"boz ərazi" yaradılıb və istənilən an oraya Rusiyanın nəzarətində olmayan ağır hərbi texnikanın yerləşdirilməsi mümkündür. Üstəlik də nəzərə alınsa ki, Varşava Müqaviləsi Təşkilatı və SSRİ-nin dağılmasından sonra Şimali Atlantika Alyansı ağır texnika üzrə Rusiyanın potensialını 3-4 dəfə geridə qoyub.
Bütün baş verənləri nəzərə alan Rusiyanın təşəbbüsü ilə bu il iyunun 12-15-də Vyanada yenilənmiş AASQM-in ratifikasiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı fövqəladə iclas keçirilib. Toplantının gedişində Rusiya müqavilə üzrə tərəfdaşlarının qarşısına bir sıra prinsipial şərtlər qoyub: Litva, Latviya və Estoniya müqaviləyə cəlb edilsin, NATO-nun Şərqə doğru genişlənməsi nəticəsində alyans üzvləri bu müqavilə əsasında müəyyənləşdirilmiş silahlanma həddini keçdiyi üçün bu fərq kompensasiya olunsun və Rusiya üçün cinah məhdudiyyətləri aradan qaldırılsın. Moskvanın bu tələbləri sənədin digər üzvləri tərəfindən dəstəklənmədikdə isə, Rusiya müqaviləni tərk etmək fikrində olduğunu açıqlayıb.
Beləliklə, irəli sürdüyü şərtlərin həyata keçirilməsi üçün verdiyi müddət başa çatdıqdan sonra, rəsmi Moskva bu təşkilatı tərk edib. Bununla yanaşı, Moskva müqaviləyə qayıtmaq üçün əlyeri də qoyub və bildirib ki, o, AASQM-i tərk etməyib, sadəcə orada iştirakını dayandırıb.
Bəs AASQM çərçivəsində iştirakın dayandırılması nə deməkdir? Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin beynəlxalq müqavilələr şöbəsinin rəisi, general-leytenant Yevgeni Bujinskinin sözlərinə görə, bundan sonra Moskva NATO üzvlərini ölkənin Avropaya düşən ərazisində hərbi hissələrin və hərbi texnikanın yerdəyişməsi haqda xəbərdar etməyəcək, həmçinin xarici hərbi təftişlərə imkan verməyəcək. Moskva öz ərazisində, həmçinin cinah məhdudiyyətləri zonasında ordu və texnikanın yerdəyişməsini öz istəyinə uyğun şəkildə həyata keçirəcək.
Bununla yanaşı, ölkədə silahlanmanın kəskin şəkildə artırılacağı gözlənilmir.
Qeyd edək ki, İstanbul sammitində (1999) əldə edilən razılaşmaya əsasən, Rusiya üçün kvota 6350 tank, 11280 zirehli maşın, 6315 artileriya sistemi, 3416 təyyarə və 855 vertolyot müəyyənləşdirilib. Sənədin imzalanmasınadək NATO üçün qüvvədə olan ümumi kvotoya isə 19 096 tank, 31 787 zirehli maşın, 19 529 artileriya sistemi, 7 273 təyyarə və 2 282 vertolyot daxil idi. 2007-ci ilin ortalarında alyansa yeni üzvlərin qəbulu ilə əlaqədar, bu göstərici dəyişib: 22 424 tank, 36 570 zirehli maşın, 23 137 artileriya sistemi, 8 038 təyyarə və 2 509 vertolyot.
Rəqəmlərdən göründüyü kimi, NATO silahlanmada Rusiyanı birmənalı şəkildə üstələyir və onun artırılmasına ehtiyac yoxdur.
Amma Moskvanın da yeni silahlanmaya start verməsi mənasız olardı. Çünki Şimali Atlantika Alyansına daxil olan dövlətlər iqtisadi göstəricilərinə görə Rusiyanı xeyli (yəni, on dəfələrlə) üstələyir. AASQM çərçivəsində müəyyənləşdirilən maksimum həddin artırılması ehtimalı həm də ona görə az inandırıcıdır ki, nə NATO, nə də Rusiya kvotanın imkan verdiyi dərəcədə silahlanıb. Bu səbəbdən də Moskva, çox güman ki, öz silahlarının təkmilləşdirilməsi və onların bu və ya digər həmsərhəd ölkəyə təzyiqə imkan verən formada yerləşdirilməsi yolu ilə gedəcək.
Bundan başqa, Kremlin Ukrayna və Gürcüstanın, hətta ola bilsin ki, Avstriya və Finlandiyanın NATO-ya qəbuluna mane olmaq üçün səylərini davam etdirəcəyinə şübhə yoxdur. Rusiyanın bəzi dairələri hesab edir ki, həmin ölkələrlə sərhəddə əlavə diviziyaların cəmləşdirilməsi bu dövlətlərdə NATO-ya üzvlüyün tərəfdarı olan siyasətçiləri "ayılda bilər".
Lakin bu, səhv hesablama da ola bilər. Çünki hər bir fəaliyyət əks təsir yaradır, yeni "soyuq müharibə" isə heç kimə, ilk növbədə isə, Rusiyanın özünə lazım deyil.
NATO-nun mövqeyi isə ardıcıl və sərt olaraq qalır. Alyans situasiyanı dramatikləşdirməməyə çağırır və bildirir ki, artıq NATO ilə Rusiya düşmən deyillər. Brüssel Moskvanın AASQM-ə qayıdacağına ümidini ifadə etməklə yanaşı, Rusiyanın irəli sürdüyü tələblərin yerinə yetirilməsindən də imtina edir.
Rusiyanın müqavilədən çıxması haqda qərar isə çətin ki digər, hətta müttəfiq dövlətlər tərəfindən də dəstəklənsin. Belarus elə AASQM-in kvotası çərçivəsində də silahlanma üçün kifayət qədər imkanlara malikdir. Belə olan halda, Moskva ilə neft və qaz ixracatı məsələsində gərgin anlar yaşayan Aleksandr Lukaşenko ABŞ və Avropanın ölkəsinə qarşı onsuz da mənfi münasibətini çətin ki daha da pisləşdirməyə razı olsun.
Ermənistan Qərbin iqtisadi yardımından çox asılıdır və bu onun ABŞ və NATO-ya meydan oxumasını mümkünsüz edir. Belə olan təqdirdə, Yerevanın əvvəlki xətti davam etdirməsi onun üçün daha məqsədəuyğundur: Ermənistan formal olaraq, onun üçün müəyyənləşdirilən kvotanı aşmır və əksinə, hətta Gümrüdə Rusiyanın hərbi bazasının yerləşdirilməsinə razı olmaqla, müəyyən mənada, bu haqqını Moskvaya güzəştə də gedir. Bununla yanaşı, Ermənistan özünün ekspedisiya korpusunu qanunsuz olaraq, Azərbaycanın işğal edilmiş ərazisində - Qarabağda saxlayır. Buraya isə qeydiyyata alınmayan yüzlərlə ağır texnika daxildir: tanklar, toplar, yaylım atəşi sistemləri, BMP-lər, hərbi vertolyotlar.
Buna baxmayaraq, Yerevan Bakının sadəcə silahlanmanın səviyyəsini bərabərləşdirməyə göstərdiyi cəhdləri AASQM-in kvotasının pozulması kimi qiymətləndirməkdən də çəkinmir.
Qərb dövlətlərinə gəlincə, onlar regionda silahlanma yarışını təqdir etməsələr də, Azərbaycanın üzləşdiyi situasiyaya anlaşıqlıqla yanaşırlar. Odur ki rəsmi Bakının Rusiya ilə həmrəylik nümayiş etdirməsinə və onun ardınca, AASQM-i tərk etməsinə ehtiyac yoxdur.
Bundan başqa, Rusiyanın Şimali Qafqazda, Azərbaycan sərhədlərinin bilavasitə yaxınlığında hərbi mövcudluğunu artıracağına dair proqnozlar doğrularsa, bu halda gündəmə təhlükəsizliyin təminatı ilə bağlı əlavə tədbirlərin görülməsi məsələsi gələcək. Bu isə Azərbaycanın öz hərbi potensialı ilə yanaşı, həm də qardaş Türkiyə, həmçinin ABŞ və NATO ilə müttəfiq əlaqələrinin gücləndirilməsi yolu ilə həyata keçirilə bilər.
Əlbəttə ki, bu, Bakı üçün ən yaxşı ssenari deyil. Odur ki hazırkı şəraitdə Moskvanın bizi əlavə risklər yaradan, hərbi və siyasi sahədə Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirə biləcək addımlara sövq etməyəcəyinə ümid bəsləmək qalır.
MƏSLƏHƏT GÖR: