
BALKANLARIN "BARIT ÇƏLLƏYİ"
Belqrad ərazi bütövlüyünü "bütün mümkün vasitələr"lə qorumaq fikrindədir
Müəllif: İrina XALTURİNA Bakı - Belqrad - Bakı
Serbiya paytaxtının Ətrafı Moskvanın mikrorayonlarına çox bənzəyir. Qədim məhəllələrin isə tarixi, ən azı, orta əsrlərə gedib-çıxan Avropa və Baltikyanı şəhərləri xatırladır. Belqradın əsas piyada küçəsi olan Knez Mixailov təpədə yerləşən son dərəcə gözəl Kalemeqdən (türk sözləri olan "kale" - meydan və "meqdan" - döyüş sözlərinin birləşməsi) parkına dirənir. Həmin hündürlükdən Savva və Dunay çaylarının qovuşduğu yerin mənzərəsi açılır. Lakin parkın ən diqqətəlayiq hissəsi vaxtilə çox döyüşlərə səhnə olmuş Belqrad qalasıdır.
Müharibənin izi
Bütünlükdə Serbiya ərazisi kimi, Belqrad da son dəfə müharibə səsini o qədər də uzaq olmayan keçmişdə - cəmi 8 il əvvəl eşidib. Həmin vaxtdan şəhərin mərkəzində NATO bombardmanının şahidi kimi, bir sıra dağılmış evlər qalmaqdadır. Alyansın üç ay davam edən hava müharibəsinə səbəb isə Slobodan Miloşeviçin Kosovoda hərbi əməliyyatlara (yerli partizanlara qarşı) son qoyulması, bölgənin geniş muxtariyyət statusunun bərpası, əsasən, NATO ölkələrinin ordusundan təşkil olunmuş sülhməramlıların bölgəyə girməsinə imkan yaradılması kimi tələblərə əməl etməməsi idi.
Yuqoslaviyaya ilk hava zərbəsi 1999-cu il martın 24-də endirilib. Əsas hədəf kimi, Serbiyadakı və Kosovo diyarındakı obyektlər seçilmişdi. Əməliyyatlara 1260 təyyarə və vertolyot, 30 hərbi gəmi, həmçinin 3 təyyarədaşıyan gəmi və 6 atom sualtı qayığı cəlb edilmişdi. Aviareydlərdə Çexiya, Polşa, Yunanıstan, Lüksemburq və İslandiya istisna olmaqla, NATO-nun, demək olar ki, bütün üzvləri iştirak edirdi. Hərbi təyyarəçilər 35 min uçuş zamanı Yuqoslaviyaya 15 min bomba (kaset bombaları da daxil olmaqla) və raket atmışdı.
1999-cu ildən hazırda 2 milyonluq əhalisinin 90%-ni etnik albanların təşkil etdiyi Kosovo BMT-nin idarəçiliyi altında idi. Bu günlərdə müstəqillik alacağı gözlənilir.
Belqrad isə hazırda sülhün hökm sürdüyü adi şəhəri xatırladır. Kalemeqdanın mənzərəli xiyabanlarında sevgililər gəzişir, Knez Mixailov küçəsindəki dünyada məşhur brend mağazalarında adam əlindən tərpənmək olmur, şəhərin, demək olar ki, bütün sakinləri ingilis dilində babat danışır, hər addımbaşı hamımıza yaxşı tanış olan "Makdonalds" restoranları ilə rastlaşırsan...
Belqradın payız axşamlarında gənclərə, kiçik uşaqlarla gəzməyə çıxan ailələrə baxanda, istər-istəməz hər an yeni müharibəyə səbəb ola biləcək Kosovo problemi yaddan çıxır.
Amma Kosovo Serbiyanın əsas problemidir və hələ də çözülməmiş qalır. O sanki ölkənin boynundan asılmış yükdür və bu "yükü yerə qoymadan" Serbiya Avropaya tam inteqrasiya oluna və ya Avropa İttifaqının tamhüquqlu üzvünə çevrilə bilməz.
Doğrudur, serb mağazalarında avro ilə göstərilmiş qiymətlərə rast gəlmək mümkündür, lakin valyuta hələ də dinar olaraq qalır. Odur ki "Kosovo dalanı"ndan çıxmağın yolu tapılmalıdır. Lakin hələ ki bu yolu nə Belqrad, nə Priştina, nə də beynəlxalq vasitəçilər tapa bilir.
Əlbəttə, fakt faktlığında qalır: Kosovo əhalisinin böyük əksəriyyətini etnik albanlar təşkil edir və onların müstəqilliyə can atması, müəyyən mənada, başa düşüləndir. Bundan başqa, burada bir məqam da var. Kosovo o qədər də varlı olmayan Serbiya üçün ağır iqtisadi yük ola bilər. Çünki günlərin birində Belqrad qəfildən bu qiyamçı bölgədən yaxa qurtarmaq fikrinə düşərsə, Serbiyanı dərhal əllər üstündə Avropa İttifaqına qəbul edəcəklər və bu ölkəyə investisiya axını başlayacaq. Bölgə Serbiyanın tərkibində qalacağı halda, Belqrad oraya külli miqdarda vəsait yönəltmək məcburiyyətində qalacaq.
Amma bu, məsələnin bir tərəfidir. Digər tərəfdən serb xalqının milli özünüdərki var və o, Kosovonu Serbiyanın tərkib hissəsi, mədəni və dini mərkəzi hesab edir. Odur ki Serbiyanın gündəlik həyatında Kosovo probleminin xüsusi izi var. Məsələn, ölkədə informasiya verilişlərinin hər biri Kosovo münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə xəbərlə başlayır, mövzu daim qəzetlərin ilk səhifələrində yer alır. Lakin serblərin Kosovonu itirmək fikrində olmadıqlarının daha qəti göstəricisi bu sətirlərin müəllifinin də rast gəldiyi Belqradın tarixi mərkəzindəki binalardan birinin fasadı üzərindəki yazı sayıla bilər. Binanın açıq qəhvəyi rəngli divarının üzərində iri və qara hərflərlə bir yazı var: "Ne damo Kosovo!" ("Kosovonu verməyəcəyik!").
O da nəzərə alınmalıdır ki, şəhərdə "divar incəsənəti" o qədər də populyar deyil.
Bundan başqa, bir müddət əvvəl Serbiya paytaxtında Kosovonun müstəqilliyinə qarşı geniş reklam kampaniyasına başlanılıb. Şəhərin küçələrində məşhur tarixi şəxslərin şəkilləri və sitatlarının yer aldığı lövhələr yerləşdirilib. "Biz özümüzə məxsus olanları qoruyacağıq və heç zaman verməyəcəyik" şüarı Britaniyanın sabiq baş naziri Uinston Çörçillin şəklinin yanında yazılıb. Xatırladaq ki, o, bu fikri İkinci Dünya müharibəsi dövründə səsləndirmişdi.
ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şəklinin yanında isə onun bu fikirləri yer alıb: "Bizim qul, yoxsa azad insanlar olduğumuzu nümayiş etdirməyimizin vaxtı çatıb".
Şəhər küçələrində Şarl de Qoll və Avraam Linkolnun sitatlarına və fotolarına da təsadüf olunur.
Sıfır nəticə
Dekabrın 10-da BMT Təhlükəsizlik Şurası Kosovo münaqişəsi üzrə beynəlxalq vasitəçilik edən "üçlük"ün (Rusiya, ABŞ və Avropa İttifaqı) məruzəsinin müzakirəsinə başlayıb. Qeyd edək ki, bölgənin yekun statusunun müəyyənləşdirilməsi üçün BMT-nin tərəflərə verdiyi vaxt məhz həmin gün bitib. Diplomatik mənbələrin məlumatına görə, məruzə BMT Təhlükəsizlik Şurasının üzvlərinə rəsmi olaraq bir gün əvvəl, qurumun baş katibi Pan Qi Mun tərəfindən verilib. Məlumat üçün bildirək ki, formal olaraq, bu, dekabrın 10-da baş verməli idi. Lakin BMT-nin Baş katibinin iqlim dəyişikliyinə dair konfransda iştirak etmək məqsədilə İndoneziyaya planlaşdırılan səfəri vaxtın bir gün qabağa çəkilməsinə səbəb olub.
Məruzənin məzmununa gəlincə, onun müəllifləri Belqradla Priştina arasında Kosovonun statusuna dair razılığın əldə edilmədiyini bildiriblər. Sənəddə tərəflərin Kosovoda 1999-cu ildə zorakılığın aradan qaldırılmasından sonra ilk dəfə bu cür birbaşa və intensiv dialoqa cəlb edildikləri də qeyd olunub. Müəlliflərin fikrincə, vacib məqamlardan biri Belqrad və Priştinanın öz gələcəklərini Avropa İttifaqının tərkibində görmələridir. Bundan başqa, münaqişə tərəfləri Kosovo və onun ətrafında sabitliyin pozulmasına səbəb ola biləcək addım atmayacaqlarını da vəd ediblər.
Bütün bunlara rəğmən, 2007-ci ilin avqustundan başlanan dialoqun nəticəsi sıfıra bərabərdir. "Üçlük" Kosovo ilə Serbiyanın "aralarındakı münasibətlər, xüsusilə tarixi, insani, coğrafi, iqtisadi və mədəni ölçülər baxımından əlaqəli olacaqlarına" şübhə etməsələr də, əsas məqam - bölgənin statusu ilə bağlı fikir ayrılığı qalmaqdadır.
Priştina rəhbərliyi, birmənalı olaraq, Serbiyadan ayrılmaq fikrindədir. Onların prezidenti Fatmir Seydiunun fikri bunu bir daha təsdiqləyir: "Müstəqillik bizim strategiyamızın başlanğıcı və sonudur. Biz buna istənilən halda nail olacağıq". Kosovo artıq bunu həll edilmiş məsələ sayır və yerli parlamentin müvafiq qərar qəbul edəcəyi günü gözləyir (bunun gələn ilin yanvarında baş tutması mümküdür). Qərb, xüsusilə ABŞ, Avropa İttifaqı və NATO-nun timsalında Kosovonun müstəqilliyini dəstəkləyir.
Belqrad isə bölgəyə geniş muxtariyyətin verilməsində israrlıdır. Bu halda, Kosovonun öz bayrağı və gerbinin qəbulu, onun beynəlxalq maliyyə qurumları ilə əlaqə qurması, Kosovo millilərinin beynəlxalq idman turnirlərinə qatılması kimi hallara da razılıq verilir. Lakin Belqrad bütün bunların yalnız Serbiyanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu da xüsusi qeyd edir. Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Vitali Çurkin bildirib ki, "Serbiyanın qəbul etmədiyi yeganə məqam Kosovonun BMT, ATƏT və digər beynəlxalq institutlara üzvlüyüdür". Belqrad münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurası çərçivəsində mümkün olduğuna da əmindir. Ölkənin baş naziri Vioslav Koştunisanın sözlərinə görə, Serbiya sözügedən qurumun məsələ ilə bağlı qəbul edəcəyi qərarı qəbul etməyə hazırdır.
Zəncirvari reaksiya
Belqradın BMT TŞ-nin qərarına belə arxayınlıqla yanaşması orada Rusiyanın ölkənin maraqlarından çıxış etməsi ilə əlaqədardır. Çünki Moskva dəfələrlə açıq şəkildə bəyan edib ki, Təhlükəsizlik Şurasında Serbiyanın maraqlarına uyğun olmayan istənilən qərarın qəbuluna veto qoyacaq. Dekabrın əvvəllərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov məsələyə bir daha qayıdaraq, Qərbdən olan tərəfdaşlarını Kosovo albanlarının "şantajının təsiri altına düşməməyə" çağırıb. "Biz bunun yalnız sərhədlərimiz yaxınlığında yox, eyni zamanda, bütün Avropa ərazisindəki tanınmamış ərazilərlə bağlı hansı vəziyyətə gətirib çıxara biləcəyini yaxşı anlayırıq", - deyə o qeyd edib. Söhbət, əlbəttə ki, Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemlərdən gedir. Həm də təkcə onlardan yox. Rusiyanın Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Mixail Margelov bildirib ki, Kosovo birtərəfli qaydada müstəqilliyini elan edərsə, "Kürdüstanda, Fələstində, Şimali Osetiyada, İspaniyanın bask bölgələrində və digər ərazilərdə oxşar hallar baş qaldıra bilər". Bosniyadakı Serb Respublikasını da bu sıraya aid etmək olar.
Lavrov münaqişənin həlli üçün uydurma vaxtın qoyulmasının da yolverilməz olduğunu bildirib. Bununla da Moskva danışıqların davam etdirilməsinin tərəfdarı kimi çıxış edib.
Amma hər halda dialoq problemin həllində hansısa irəliləyişə səbəb olmalıdır. Məhz bu səbəbdən "üçlük"ün məruzəsinin BMT TŞ-də müzakirəsinə başlanmazdan əvvəl Moskvanın qurumdakı təmsilçisi V.Çurkin bildirib ki, tərəflər siyasi iradə göstərəcəyi təqdirdə, vasitəçilərin səylərinin nəticələri danışıqlar üçün çox müsbət zəmin yarada bilər. Amma bir şərtlə ki, beynəlxalq birlik bu məsələdə birgə mövqe nümayiş etdirsin. Rusiyalı diplomat hesab edir ki, "üçlük" 120 gün ərzində "Axtisaarinin 15 ayda gördüyü işdən çox iş görüb".
Xatırladaq ki, münaqişənin həlli "üçlük"ə tərəflər arasında 2006-cı il ərzində BMT-nin xüsusi nümayəndəsi Marti Axtisaarinin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsiz başa çatmasından sonra həvalə edilib. Axtisaarinin planının ilkin mərhələdə Kosovoya beynəlxalq nəzarət altında faktiki müstəqillik verilməsini nəzərdə tutduğu da məlumdur. Sənəddə bölgəyə "yüngül silahlı" hərbi birləşmələrə sahib olma, şəxsi bayraq, gerb və himn yaratmaq hüququ da nəzərdə tutulur. Bundan başqa, Axtisaari planında bildirilir ki, Kosovo müstəqil xarici siyasət apara, BMT də daxil olmaqla, müxtəlif beynəlxalq qurumlara üzv ola bilər. Bölgənin serb və alban hissələrinə bölüşdürülməsinin, həmçinin hansısa dövlətə birləşdirilməsinin mümkünsüzlüyü də sözügedən planda əksini tapan məqamlardandır. Gözlənildiyi kimi, bu plan Serbiyanı qane etməyib və onun qəbuluna Rusiya tərəfindən əngəl yaradılıb.
Hərbi yolla...
Nəhayət, münaqişə tərəfləri sülh danışıqları ilə bağlı məruzənin BMT-nin baş katibinə təqdim edilməsindən sonra zorakılıqdan qaçacaqlarına dair açıqlamalarına baxmayaraq, beynəlxalq ictimaiyyət Balkan regionunda situasiyanı son dərəcə təhlükəli sayır. Serbiyanın "RTS" telekanalının efirində Serbiyanın baş naziri Voislav Koştunitsanın müşaviri Aleksandr Simiç bildirib ki, Belqradın ölkənin ərazi bütövlüyünü qorumaq üçün mümkün olan bütün vasitələrdən istifadə edəcək. Aleksandr Simiç onu da deyib ki, "Keçmiş Yuqoslaviya ərazisində baş verən vətəndaş müharibələri dövründən Serbiyanın bir sıra silahlı münaqişələrlə bağlı neqativ təcrübəsi var. Hakimiyyətin böyük müdriklik və ehtiyatlılıq göstərməsi məhz bununla əlaqədardır. Amma istənilən an dövlət maraqlarının silaha sarılmaqla qorunması da mümkündür. İstənilən təcavüz və müharibə təhlükəsinə ilk reaksiya verməli olan orqan BMT Təhlükəsizlik Şurasıdır. Lakin kimlərsə artıq bu orqanın da qərarlarına hörmət etmirlərsə, onda dövlətçiliyin müdafiəsi üçün başqa yol qalmır".
Serbiyanın Kosovo üzrə naziri Slobodan Samarciç isə jurnalistlərlə söhbəti zamanı bildirib ki, Belqrad rəhbərliyi ölkə sərhədlərinə təhlükə yaranacağı halda, "Avropanın istənilən dövlətinin ata biləcəyi addımları atacaq".
Serbiya KİV-nin məlumatına görə, artıq "ən son vasitələr" barədə fikirlər hakim koalisiya arasında ciddi mübahisələrə səbəb olub. Müşahidəçilər bildirir ki, rəsmi Belqrad faktik olaraq, sərt kurs (baş nazir Koştunisanın tərəfdarları) və daha ehtiyatlı yanaşmaya (prezident Tadiçin tərəfdarları) üstünlük verənlər arasında iki cəbhəyə bölünüb. Qeyd edək ki, ölkə prezidenti Serbiyanın Kosovonun ayrılmasına heç zaman razılaşmayacağını bildirərkən daim Belqradın "müharibə istəmədiyini" də vurğulayır. Tadiç hazırda ölkəsində etnik qrupların hüquqlarının tapdanmadığını, Kosovo ilə geniş muxtariyyətə dair 20 illik razılaşmanın imzalanmasının və müddət başa çatdıqdan sonra məsələyə yenidən baxılmasının mümkünlüyünü də qeyd edir.
Bundan başqa, mümkün güc tətbiqi haqqında fikirlərlə yanaşı, belə məlumatlar da var ki, Kosovo öz müstəqilliyini elan edəcəyi halda, Serbiya bölgəyə sanksiyalar tətbiq edə, oraya gediş-gəlişin qarşısını ala bilər. Hətta bölgənin elektrik enerjisinin kəsilməsi məsələsinin də gündəmə gətirilməsinin mümkünlüyü söylənilir.
NATO-nun Avropadakı birgə qüvvələrinin komandanı, general Con Kreddok isə bəyan edib ki, alyans serblər və kosovolular arasında istənilən qarşıdurmanın qarşısını almağa hazırdır. Noyabrın 30-dakı çıxışında NATO-nun baş katibi Yap de Hoop Sheffer də alyansın Kosovoda aranın qarışması ilə barışmayacağını, lazım gələcəyi halda, bölgədə hərbi mövcudluğunu gücləndirəcəyini bəyan edib.
Beləliklə, Kosovo ətrafında hadisələrin inkişafı bir neçə amildən aslı olacaqdır. Hər şeydən əvvəl, Priştinanın birtərəfli qaydada Serbiyadan ayrılması ilə əlaqədar Avropa İttifaqında vahid mövqenin olub-olmayacağı bəlli deyil. Belə ki, İspaniya və Yunanıstan Kosovoya müstəqillik verilməsində tələskənliyin əleyhinədir.
Ekspertlər Rusiyanın Serbiyaya dəstəyinin nə dərəcədə möhkəm olduğu barəsində də düşünürlər. Hər halda, Kosovoya müstəqillik verilməsi hansısa mənada Moskvanın özünə sərf edən məsələ deyil. Çünki Rusiyada müxtəlif millətlərin kompakt yaşadığı çox sayda ərazilər mövcuddur.
Üstəlik, Kreml Kosovo presedentini, ən azı, Cənubi Osetiya problemi ilə əlaqədar qabarda bilər.
Nəhayət, serblər özləri anlayırlar ki, Rusiya onlardan nisbətən uzaqda yerləşir, o, öz problemləri və geosiyasi oyunları ilə məşğuldur. Serbiyanın yeri isə birləşmiş Avropadır, Avropa İttifaqının digər dövlətləri arasındadır. Vaşinqton və Moskvanın Kosovo ətrafındakı oyunda haraya qədər gedə biləcəkləri də bəlli deyil.
Belə çıxır ki, hələ suallar cavablardan çoxdur. Odur ki hələlik yalnız situasiyanı izləmək və Balkanlar üçün müharibənin artıq keçilmiş mərhələ olmasına ümid etmək qalır.
MƏSLƏHƏT GÖR: