
ƏLVİDA, HƏRBİ HESABAT
Müəllif: Redaksiya
Dekabrın 12-də Rusiya Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə (AASQHM) üzrə öhdəliklərinin icrasını dayandırıb. Müvafiq qanunu hələ noyabrın 30-da ölkə prezidenti Vladimir Putin imzalayıb. Qeyd edək ki, Dövlət Dumasının noyabrın 7-də qəbul etdiyi bu qanunu elə həmin ayın 16-da Federasiya Şurası təsdiqləmişdi. İlk dəfə isə Putin Rusiyanın AASQHM-nı tərk edəcəyini hələ bu ilin yayında Federasiya Şurasına müraciətində açıqlamışdı.
Moskva müqaviləni tərk edəcəyi haqda hədə-qorxu gəlməklə, faktik olaraq, Qərbə, sanki minnət qoyaraq, dialoqun davam etdirilməsinə hazır olduğunu bildirmişdi. Lakin artıq öz şərtləri ilə...
Bu şərtlər isə bunlardır:
Birincisi, Qərb AASQHM-nin uyğunlaşdırılmış variantının ratifikasiyasını sürətləndirməlidir.
İkincisi, NATO-nun Şərqə doğru genişlənməsi nəticəsində alyans üzvləri bu müqavilə əsasında müəyyənləşdirilmiş silahlanma həddini keçiblər və indi bu fərq kompensasiya olunmalıdır.
Üçüncüsü, xarici ölkələrin ərazilərində qüvvələrin yerləşdirilməsində məhdudiyyətin parametrləri müəyyən edilməlidir. Burada çox güman ki, söhbət ABŞ-ın Bolqarıstan və Rumıniyada "zəruri hərbi qüvvələr"in yerləşdirilməsi istəyindən gedir ki, bu da müqaviləyə əsasən, qadağandır. Dördüncüsü, Rusiya ərazisi üçün cinah məhdudiyyətlərinin aradan qaldırılmasına dair qərar qəbul olunmalıdır.
Nəhayət, beşincisi, Şimali Atlantika Alyansının yeni üzvləri - Latviya, Litva, Estoniya və Sloveniyanın müqavilədə iştirakı təmin edilməlidir.
Yeri gəlmişkən, bu, Baltik regionu ölkələrinin NATO-ya qəbulu zamanı Rusiyanın alyans qarşısında qoyduğu şərtlərdən biridir.
Rusiyanın əsas arqumenti ondan ibarətdir ki, "soyuq müharibə" dövründə, yəni 1990-cı ildə imzalanmış müqavilə artıq çoxdan Avropanın müasir reallıqları və təhlükəsizlik maraqlarına cavab vermir, onun 1999-cu ildə imzalanmış yeni variantı isə NATO üzvlərinin mövqeyi üzündən qüvvəyə minmir. Söhbət "Rusiyanın AASQHM-yə heç bir aidiyyəti olmayan və qondarma xarakter daşıyan tələblərə əməl etməməsi üzündən" sənədin ratifikasiyasının "dondurulmasından" gedir.
Qeyd edək ki, müqavilənin sözügedən variantı hələ ki yalnız Rusiya, Qazaxıstan, Belarus və Ukrayna tərəfindən ratifikasiya olunub. "Qondarma tələblər"ə gəlincə, Rusiyanın Xarici İşlər Nazirliyi Moskvanın ATƏT-in 1999-cu ildə İstanbulda keçirilən sammitində Gürcüstandan (Abxaziya) və Moldovadan (Dnestryanı bölgə) qoşunların çıxarılması haqda üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələbləri bu sıraya aid edir.
Beləliklə, Moskva açıq demarşı ilə "qərbli tərəfdaşları"nı ciddi şəkildə narahat edib. ABŞ və Avropa ölkələrinin, həmçinin NATO üzvlərinin baş verənlərə neqativ reaksiyası özünü çox gözlətməyib. Lakin bu məqamda belə bir sual meydana çıxır: əgər hər hansı ölkə digərinə hücum etmək fikrində deyilsə, belə narahatlığa səbəb nədir? Ölkələr həm Rusiyada, həm də NATO üzvlərində adi silahlanmanın, hətta AASQHM-də nəzərdə tutulan kvotadan da aşağı olduğunu bildirirsə, onlar nəyə görə razılığa gələ bilmirlər?
Üstəlik, müasir hərbi texnologiyaların meydana çıxdığı bir vaxtda tərəflərdən hansınınsa tank və ağır texnikanın sayını artırmağa cəhd göstərəcəyi də inandırıcı deyil.
Bəs əslində nə baş verir? Əslində, söhbət adi silahlanma üzərində nəzarətdən yox, geosiyasi nəzarət uğrunda mübarizədən gedir. Rusiya NATO-nun onun sərhədlərinə yaxınlaşmasından narahat olursa, Qərb öz növbəsində Rusiyanın Şərqi Avropanın sərhədləri boyunca, həmçinin hələ də Moskvanın təsiri altında olan postsovet ölkələrində hərbi mövcudluğunu artırmasına soyuqqanlılıqla yanaşa bilmir. Belə qənaətə gəlmək olar ki, AASQHM həm NATO-nun, həm də Rusiyanın hədəfləri ilə bir araya sığmayan "ağır yük"ə çevrilib. Bu səbəbdən də bir tərəf sənədin yeni variantını ratifikasiya etmir, digəri isə köhnə variantın tələblərinə əməl etmək istəmir.
Fakt isə faktlığında qalır. Rusiya sənədlə üzərinə götürdüyü öhdəliklərə əməl edilməsini dayandırsa da, müqavilədən çıxmağa tələsmir.
Qərb isə hətta moratoriumdan da narahat olur. Demək, müqavilə onlara hələ də lazımdır.
AASQHM-nin taleyinin necə olacağına isə yəqin ki, Rusiya və ABŞ-da keçiriləcək prezident seçkisindən sonra aydınlıq gələcək.
MƏSLƏHƏT GÖR: