15 Mart 2025

Şənbə, 00:44

GECİKƏN AYRILIQ

Keçmiş səhra komandiri Haşim Taçi Kosovonun koalisiya hökumətinə rəhbərlik edəcək

Müəllif:

01.12.2007

Noyabrın 17-də Kosovoda keçirilən növbəti parlament seçkisi bölgənin statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlar prosesi ətrafında situasiyanı daha da gərginləşdirdi. Qeyd edək ki, bu, 1999-cu ildə bölgəyə NATO qoşunlarının yeridilməsi və Kosovonun beynəlxalq protektorat elan edilməsindən sonra orada keçirilən üçüncü seçki idi. İlk seçki 2001-ci ildə BMT-nin egidası altında fəaliyyət göstərən beynəlxalq administrasiya tərəfindən keçirilmişdi, ikincisi isə 2004-cü ildə Kosovonun özünün müvəqqəti hakimiyyət orqanlarının fəal iştirakı ilə baş tutmuşdu. 

Tam həcmdə Kosovo hökuməti tərəfindən təşkil edilən bu seçki isə xüsusi əhəmiyyət daşıyırdı. Bölgənin müstəqilliyinin tərəfdarları olan dairələrin, Avropa İttifaqı məmurlarının fikrincə, onun legitim və demokratik keçiriləcəyi halda, bu, danışıqlar prosesində Priştinanın mövqelərinin möhkəmlənməsinə səbəb olacaq və Kosovonun müstəqil şəkildə inkişafına xüsusi imkanlar yaradacaqdı.

Qeyd edək ki, Kosovo parlamenti 120 deputatdan ibarətdir, onların 100-ü alban partiyaları və ictimai təşkilatlar, daha 20-si isə ənənəvi olaraq, serblər (10 yer) və digər qeyri-alban əhali üçün nəzərdə tutulub. Seçki ərəfəsində seçici siyahısına ümumilikdə 1 milyon 500 min kosovolunun adı salınmışdı. Xatırladaq ki, 2004-cü il seçkisindən sonra parlamentdə çoxluq Kosovo Demokratik Birliyi (KDB) partiyasında idi. Hazırkı prezident Fatmir Seydiyunun rəhbərlik etdiyi təşkilat parlamentdə 43 deputatla təmsil olunurdu. Bununla yanaşı, "Kosovonun gələcəyi uğrunda alyans" partiyası (11 mandat) da hakim koalisiyaya aid idi. Hərçənd, bu təşkilatın lideri Ramuş Xaradinay hərbi cinayətlərdə ittiham olunur və Haaqa tribunalının istintaq həbsxanasındadır. Bu səbəbdən də partiyaya formal olaraq, onun qardaşı Daut rəhbərlik edir.

Son seçki ərəfəsində yerli sosioloqlar müxalifətdə olan Kosovo Demokratik Partiyasının qələbəsini proqnozlaşdırırdı. Qeyd edək ki, təşkilata qanundankənar elan edilən Azadlıq Ordusunun keçmiş komandiri Haşim Taçi rəhbərlik edir. Noyabr seçkisinədək onun partiyası parlamentdə cəmi 30 deputatla təmsil olunurdu.

Beləliklə, sosioloqların proqnozları özünü tam doğrultdu. İlkin hesablamalara görə, Kosovo Demokratik Partiyası (KDP) seçicilərin 35%-nin səsini qazanaraq, digər rəqiblərini üstələyib. İkinci yeri baş nazir Aqim Çeku və prezident Fatmir Seydiyunun rəhbəri olduğu hakim Kosovo Demokratik Birliyi (KDB) partiyası tutub (cəmi 23%). 

Bu isə o deməkdir ki, partiyalardan heç biri hökuməti təkbaşına qura bilməyəcək və Kosovoda yeni koalisiya yaranacaq. Əsas ehtimala görə, yeni koalisiya məhz KDP və KDB arasında qurulacaq, baş nazir postunu isə qalib partiyanın 39 yaşlı sədri Xaşim Taçi tutacaq. 

Qeyd edək ki, o, Kosovonun ən radikal siyasətçilərindən hesab olunur. Müharibəyədək Taçi Priştina Universtetində fəlsəfə və tarixi öyrənib. 1993-cü ildə İsveçrəyə köçən Taçi Kosovo albanlarının milli hərəkatının fəal üzvlərindən sayılırdı. Elə o vaxtdan da Taçi hazırda qanundankənar elan olunmuş Kosovo Azadlıq Ordusunun (KAO) komandirlərindən biri olub. Yeri gəlmişkən, hazırda onun sədrlik etdiyi KDP məhz KAO-nun bazası əsasında yaradılıb. 

Hiyləgərlik və qəddarlığına görə "İlan" ləqəbi ilə tanınmış Taçi KAO-da silah-sursat əldə olunması və yaraqlıların hazırlanmasına cavabdeh idi. 1997-ci ildə Priştinanın serb məhkəməsi onu terrorizmdə günahlandıraraq, barəsində qiyabi olaraq, 10 il həbs qərarı çıxarmışdı. 1999-cu ilin martında isə "İlan" artıq Kosovonun ən nüfuzlu səhra komandirlərindən birinə çevrilmişdi və hətta Rambuyedə aparılan danışıqlarda albanların nümayəndə heyətinə rəhbərlik edirdi. 

O vaxtdan hərbi formanı əynindən çıxaran Taçi səhra komandirindən müxalifət siyasətçisinə çevrilib və onun əsas məqsədi Kosovonun tam müstəqilliyinə nail olmaqdır.

Kosovoda keçirilən son seçki seçicilərin olduqca zəif fəallığı ilə yadda qalıb. Belə ki, kosovoluların cəmi 40-45%-i seçki məntəqələrinə gələrək, səsvermə hüququndan istifadə edib. Bu, 1999-cu ildən sonra qeydə alınan ən aşağı göstəricidir. 

Bunun əsas səbəbi isə bölgənin əsasən şimal rayonlarında sıx yaşayan serblərin birmənalı olaraq seçkini boykot etməsidir. Onlar birtərəfli qaydada bölgənin müstəqilliyini elan etmək istəyən Kosovo hakimiyyətinə dəstək vermək istəməyərək, seçkiyə qatılmayıblar. 

Kosovo serblərinin bu mövqeyi Belqrad tərəfindən tam dəstəklənib: Serbiya özü bölgədə yaşayan serblərə müraciət edərək, onları Kosovonu Serbiyadan ayırmaq istəyən hökumətin legitimliyinə dəstək olmamaq üçün seçkiyə qatılmamağa çağırmışdı. Məsələn, Serbiyanın iqtisadiyyat naziri Predraq Bubalo seçkiyə bir gün qalmış bəyan etmişdi ki, yerli serblər təhlükəsizlik zəmanəti almadıqları üçün seçkidə iştirak etməməlidirlər. 

BMT-nin Kosovodakı missiyasının rəhbəri Yoaxima Ryukkerin sözlərinə görə, serblərin sıx yaşadığı şimal rayonlarında seçicilərin cəmi 0,03-0,75%-i seçkidə iştirak edib. Serblərin yaşadığı rayonlardan olan Ştrpse Skupşşinasının əhalisi isə (Kosovo ərazisində ümumilikdə 90 minə yaxın serb yaşayır) seçkinin nəticəsini tanımayacaqlarını əvvəlcədən BMT missiyasının rəhbərinin nəzərinə çatdırmışdılar.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, serblərin seçkini boykot etməsi ilə bərabər, Kosovo albanları da prosesə elə bir ciddi maraq göstərməyiblər. Bu da görünür, onunla əlaqədadır ki, albanları bölgənin müstəqilliyi ətrafındakı diskussiyalardan daha çox, onların yaşayış səviyyəsi və rifahı maraqlandırır. Buna baxmayaraq, Ryukker bəyan edib ki, seçkini baş tutmuş saymaq olar və onun nəticələri legitimdir. "Bu seçkini Kosovo demokratiyası üçün uğurlu gün saymaq olar. Xalq siyasi yetkinliyini nümayiş etdirdi", - deyə o, qeyd edib. 

Qeyd edək ki, seçki günü beynəlxalq sülhməramlı qüvvələr və yerli polis yüksək təhlükəsizlik tədbirləri görmüşdü. BMT və ATƏT-in missyaları, həmçinin beynəlxalq sülhməramlı qüvvələrin komandanlığı hesab edir ki, bölgədə seçkinin təhlükəsiz şəraitdə keçirilməsi və onun nəticələrinin legitim sayılması üçün tələb olunan bütün lazımi tədbirlər görülüb. 

ABŞ Dövlət Departamenti də seçkiyə müsbət qiymət verib. Qurumun rəsmisi Şon Makkormak noyabrın 17-də bəyan edib ki, "Vaşinqton Kosovo xalqının demokratik inkişafa sadiqliyini alqışlayır". Makkormak seçkinin "irəliyə atılan demokratik addım" olduğunu bildirsə də, bununla yanaşı vurğulayıb ki, "ABŞ Serbiya hökukməti tərəfindən yönləndirilən serblərin seçkini boykot etməsindən təəssüflənir".

ABŞ və Avropa İttifaqının Priştinanın müstəqillik kursuna göstərdiyi bu dəstəyə baxmayaraq, Kosovoda keçirilmiş seçki münaqişənin həlli baxımından irəliyə atılan addım olmayıb və təbii ki, ola da bilməz. Məlumdur ki, bölgənin bütün alban partiyaları kompromissiz əhvalda kökləniblər və Kosovonun tam müstəqilliyinə israr edirlər. Onlar dekabrın 10-da yeni hökumət formalaşdırmaq fikrindədirlər. Qeyd edək ki, həmin gün ABŞ, Avropa İttifaqı və Rusiyanın timsalında beynəlxalq vasitəçilər ("əlaqə qrupu") BMT-nin baş katibinə görülən işlərin nəticəsi haqda hesabat təqdim etməlidir. Bu nəticə isə çox güman ki, "sıfır səviyyəsində" olacaq. Bu halda Kosovo liderləri bölgənin müstəqilliyini birtərəfli qaydada elan etməyə hazırlaşırlar. Onlar bu məsələdə ABŞ və aparıcı Qərb dövlətləri tərəfindən dəstək alacaqlarını düşünürlər. Artıq dünyanın aparıcı agentlikləri Haşim Taçinin bir fikrini ətraflı şərh edir: "Kosovo ilə Serbiya indidən sonra 100 il də danışıqları davam etdirə bilərlər. Lakin nəticənin əldə edilməsi mümkün deyil".

Qeyd edək ki, Kosovodakı seçki münaqişənin həllində vasitəçilik edən "əlaqə qrupu"nun üzvləri - ABŞ, Avropa İttifaqı və Rusiya arasında fikir ayrılıqlarının qalması fonunda baş tutub. Belə ki, Moskva danışıqlar prosesinin münaqişə tərəflərinin hər ikisinin maraqlarına cavab verən kompromisin tapılması məqsədilə davam etdirilməsinin vacibliyini bildirir və hesab edir ki, hər iki tərəfin razılığı olmadan, bölgənin statusu ilə bağlı heç bir qərar qəbul etmək olmaz. Başqa sözlə, Moskva hesab edir ki, "Serbiyanın suverenliyini pozmaq yolverilməzdir". Məhz bu səbəbdən Rusiya diplomatiyası "müstəqillik ssenarisi"nin qəti əleyhinə çıxır və bu addımın BMT-nin nizamnaməsinə zidd olduğunu bildirir. 

Rusiya Kosovoya müstəqillik verilməsinin presedent rolu oynaya biləcəyini də gizlətmir. Moskva rəsmiləri hesab edirlər ki, ABŞ və Qərbi Avropanın bir sıra ölkələri Kosovonun müstəqilliyini tanıyarsa, Rusiya Abxaziya, Cənubi Osetiya və Dnestryanı respublikaların müstəqilliyini tanımaq hüququnu özündə saxlayacaq. 

Bundan başqa, Moskva tam əsaslı şəkildə bildirir ki, Kosovo münaqişəsinin bu cür həlli yalnız Balkan bölgəsində deyil, həmçinin bütün Avropada separatçı əhval-ruhiyyə və tendensiyaları yüksəldə bilər.

Etiraf etmək lazımdır ki, Rusiyanın qəti mövqeyi ABŞ və Avropa İttifaqı ölkələrinə müəyyən təsir göstərib. Nəticədə Aİ bu gün öz daxilində fikir ayrılıqlarının aradan qaldırılması və məsələyə vahid yanaşmaya nail olunması istiqamətində nəticəsiz səylər göstərməkdədir. Məlumdur ki, quruma üzv olan ölkələrdən 20-yə qədəri Kosovoya müstəqillik verilməsini dəstəkləsə də, qalanları bunun əleyhinədir. Məsələn, London Kosovo ilə bağlı durumun "nadir situasiya" olduğunu düşünür və bölgənin müstəqilliyini tanımağa hazır olduğunu açıq şəkildə ortaya qoyur. Britaniya rəhbərliyinin fikrincə, BMT-nin bölgəyə "nisbi müstəqillik" verilməsini nəzərdə tutan planı optimal variantdır və Belqradla Priştina arasında razılığın əldə edilməyəcəyi halda, məhz bu plan icra olunmalıdır.

Böyük Britaniya ilə yanaşı, Fransa da Kosovonun müstəqilliyini tanımağa hazırdır. Ölkə prezidenti Nikolə Sarkozi  Parisin münaqişə ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib: "Biz bölgədə Avropa İttifaqı ilə bərabər dünya ictimaiyyətinin nəzarəti ilə milli azlıqların hüquqlarının qorunması şərti ilə bölgəyə müstəqillik verilməsini dəstəkləyirik".

İspaniya, Yunanıstan, Kipr, Rumıniya və Slovakiya kimi milli məsələlərlə bağlı ciddi problemlər yaşayan ölkələr isə hesab edir ki, müstəqillik məsələsi ilk olaraq BMT tərəfindən təsdiq edilməlidir.

Kosovonun ehtimal edilən baş naziri Haşim Taçi isə artıq bəyan edib ki, beynəlxalq vasitəçilər olan ABŞ, Aİ və Rusiyanın münaqişə ilə bağlı BMT-yə hesabat təqdim edəcəkləri gündə - dekabrın 10-da o, "müstəqil Kosovoya rəhbərlik edəcək". Lakin beynəlxalq nəzarət altında böl-gəyə müstəqillik verilməsinin tərəfdarı olan Avropa İttifaqı Kosovoda keçirilən seçkinin qaliblərini məsələyə ehti-yatla yanaşmağa çağırıb. "Kosovo müstəqillik əldə etməlidir. Lakin  bu, birtərəfli qaydada elan edilməməlidir. Məsələnin beynəlxalq ictimaiyyətlə koordinasiya olunması vacibdir", - deyə Bi-Bi-Si-nin məlumatına görə, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Cim Mörfi bildirib. 

İsveçin xarici işlər naziri Karl Bildt də hesab edir ki, Kosovonun birtərəfli şəkildə müstəqilliyini elan etməsi bölgənin beynəlxalq təcrid durumuna düşməsinə gətirib çıxara bilər: "Taçi çox cəsarətli bəyanatlar səsləndirir. Biz bunu başa düşürük. Lakin Taçi də anlamalıdır ki, müxalifət lideri ilə baş nazirin rolları fərqlidir. Düşünmürəm ki, Kosovo sakinləri beynəlxalq ictimaiyyətdən müstəqil olmaq istəsinlər". 

Bu reaksiyalar nəticəsində Taçi geri çəkilməyə məcbur olub və bəyan edib ki, o, ABŞ və Avropa İttifaqının razılığı olmadan hər hansı addım atmayacaq.

Serbiyanın Kosovo probleminə məsul olan naziri Slobodan Samarciç isə öz növbəsində, bölgədə keçirilən seçkidən dərhal sonra bəyan edib ki, Kosovonun müstəqilliyini elan etməsi bütünlükdə Balkan regionunda sabitliyin pozulmasına səbəb olacaq. "Əgər Kosovonun müstəqilliyi tanınarsa, bu yalnız keçmiş Yuqoslaviyanın dezinteqrasiyasında son mərhələ yox, həm də Balkan regionunun yeni dezinteqrasiyasında və parçalanmasında ilk addım olacaq", - deyə Smarciç qeyd edib. Etiraf etmək lazımdır ki, onun fikirləri həqiqətdən uzaq deyil. "Əlaqə qrupu" və BMT Təhlükəsizlik Şurasının razılığı olmadan bölgənin müstəqilliyinin olduqca radikal formada elan olunması Balkan bölgəsində "domino effekti" yarada bilər. Bu isə regionda həll edilməmiş qalan millətlərarası münaqişələrin yenidən vüsət qazanma ehtimalını yüksəldir. Belə olarsa,  xüsusilə Makedoniyanın etnik albanlar yaşayan rayonlarında ara qarışa, bundan başqa, Bosniya və Herseqovinanın tərkibindəki Serbskaya Respublikası onsuz da güclə ayaqüstə dayanan Bosniya Federasiyasından çıxaraq, Serbiyaya birləşmək istəyini bəyan etməsinə şərait yarana bilər. Yeri gəlmişkən, Kosovodakı seçkilərdən dərhal sonra Avropa İttifaqının Bosniya və Herseqovinadakı səlahiyyətli nümayəndəsi (o, bu ölkənin faktiki rəhbəri səlahiyyətindədir)  federasiyaya daxil olan serb respublikasında yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılması haqda qərar qəbul edib. Görünür, Aİ təmsilçisi Kosovonun müstəqilliyinə cavab olaraq, Bosniyadakı serblərin də suverenlik iddiaları ilə çıxış edəcəyindən ehtiyatlanır.

Beləliklə, Kosovo münaqişəsinin həllində orijinal bir situasiya yaranıb. ABŞ, Avropa İttifaqı və Rusiya arasında məsələyə vahid yanaşmanın olmaması prosesin irəli getməsinə mane olur. Eyni zamanda, dekabrın 10-da - vasitəçi "üçlük"ün mandatının başa çatmasından sonra situasiyanın regional münaqişəyə çevrilməməsi üçün tək zəmanət də məhz vahid rəyin olmamasıdır.


MƏSLƏHƏT GÖR:

398