15 Mart 2025

Şənbə, 00:38

ƏLDƏN QALAN ƏLLİ İL QALAR

Ermənistanın eks-prezidenti levon Ter-Petrosyan isə Köçəryan-Sarkisyan hakimiyyətinin yaratdığı problemlərin həlli üçün 3 il istəyir

Müəllif:

01.12.2007

Ermənistan gələn il fevralın 19-da keçiriləcək prezident seçkilərinə hazırlaşır. Ölkə parlamenti noyabrın 16-da keçirdiyi növbədənkənar toplantısında Seçki Məcəlləsinə yekun dəyişiklikləri edib və yeniliyə əsasən, seçki günü qeydiyyatda olduqları ərazidən kənarda olan vətəndaşlar müvəqqəti məskunlaşdıqları yerdə səs vermək hüququ qazanıblar. 

Bu zaman iki dəfə səsvermənin qarşısının alınması üçün vətəndaşın pasportuna xüsusi qeyd ediləcək. Bundan başqa, prezidentliyə və ya deputatlığa namizəd ya partiyalar tərəfindən irəli sürülməli, ya da həmin şəxs özü-öz namizədliyini irəli sürməlidir. 

Prezidentliyə namizədin seçki ərəfəsində qoymalı olduğu girovun məbləği, təxminən, 5,6 mindən 25 minə qaldırılıb. 

Göründüyü kimi, dəyişikliklər o qədər də ciddi deyil və seçki qanunvericiliyi, əsasən, əvvəlki formasında qalıb.

Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiqlədiyi qrafikə əsasən, dekabrın 6-dək prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi başa çatdırılmalıdır. Artıq Respublika Partiyasının timsalında ölkənin hakim elitası bu posta baş nazir Serj Sarkisyanın namizədliyini irəli sürüb. Onların hakim koalisiyadakı müttəfiqi olan "Çiçəklənən Ermənistan" partiyası da qarşıdan gələn seçkidə hazırkı hökumət başçısına dəstək verəcəyini bəyan edib. 

Bununla yanaşı, Ermənistanın sabiq dövlət başçısı Levon Ter-Petrosyan ali kürsü uğrunda mübarizə aparmaq niyyətini açıq şəkildə ortaya qoyub. 

Əlbəttə ki, iddiaçıların siyahısı bu iki nəfərlə məhdudlaşmır. S.Sarkisyan və L.Ter-Petrosyanla yanaşı, prezidentlik uğrunda yarışa "Yeni zaman" partiyasının "qalmaqallı" lideri Aram Karapetyan, sabiq baş nazir, Milli-Demokrat Partiyasının rəhbəri Vazgen Manukyan da qoşulublar. Bundan başqa, Ermənistan parlamentinin sabiq spikeri, "Orinas Yerkir" partiyasının lideri Artur Baqdasaryan və "daşnaksütun"un nümayəndəsinin də (onun adı partiyanın qurultayında müəyyənləşəcək)  namizədliklərini irəli sürəcəkləri gözlənilir. "İrs" partiyasının sədri, sabiq xarici işlər naziri Raffi Ovanesyanın da prezidetlik uğrunda yarışa qatılacağı istisna edilmir. 

Qeyd edək ki, adı son çəkilən üç partiya hazırkı parlamentdə təmsil olunur.

Bütün bunlarla yanaşı, qarşıdan gələn prezident seçkisi ərəfəsində əsas intriqanı Ter-Petrosyanın yarışa qoşulması yaradıb. Bunadək isə hakim elitanın elə ilk turdaca asanlıqla, necə deyərlər, beynəlxalq qaydaların qorunması, yəni, demokratiya görüntüsü yaratmaqla qələbə qazanacağına şübhə yox idi. Lakin, artıq situasiya yalnız iddiaçılar üçün yox, həm də seçicilər üçün fərqli istiqamətə yönəlib. Belə ki, sabiq prezident yeni oyun qaydaları diqtə etmək üçün həm siyasi, həm də maliyyə və insan resurslarını səfərbər etmək iqtidarındadır. Artıq seçicilərdə seçki kampaniyasına maraq oyanıb. Çünki onların gözləri qarşısında nəticəsi əvvəlcədən məlum olan darıxdırıcı ssenari əvəzinə, əsl siyasi proseslər yaşanmağa başlayıb. Bu isə vətəndaşlar üçün də olduqca əhəmiyyətli məsələdir.

Əlbəttə ki, bu, ilk növbədə, siyasi baxımdan fəal insanlara aiddir. Çoxları isə əmindirlər ki, "Ter-Petrosyan ağıllı adamdır və uğur qazanacağına yüz faiz əmin olmasaydı, proseslərə qatılmazdı". 

Levon Ter-Petrosyan da, öz növbəsində, belə bir fikir formalaşdırmağa çalışır ki, o, qələbə qazanmaqda israrlıdır. Artıq çoxsaylı insanların iştirak etdiyi mitinqlər, mətbuat konfransları, həmçinin siyasi qüvvələrin liderləri ilə bir neçə müzakirələr raundu sabiq dövlət başçısının aktivindədir. Burada söhbət həm müttəfiqlərdən, həm də hakimiyyətin özbaşınalığına yol verməmək üçün səylərin birləşdirilməsi istiqamətində danışıqlar aparılan digər qüvvələrdən gedir. 

Ter-Petrosyanın görüşləri və danışıqları arasında ən çox diqqət çəkəni onun "daşnaksütun"un lideri Vazgen Manukyanla bir araya gəlməsidir. Çünki Ermənistan Ümummilli Hərəkatı zamanı onların münasibətləri, demək olar ki, düşmən münasibəti olub.

Oktyabrın 26-da Levon Ter-Petrosyan seçki kampaniyasının başlanmasından sonra ikinci mitinqini keçirib. Təxminən, 20 min insanın iştirak etdiyi aksiyada o, xalqı "mövcud rejimə son qoymağa" çağırıb. O, hazırkı prezident Robert Köçəryanın üzrxahlıqla bağlı dediklərinə də münasibət bildirib: xatırladaq ki, Köçəryan vaxtilə yol verdiyi səhvlərə görə L.Ter-Petrosyanın xalqdan üzr istəməli olduğunu bəyan edib. 

Ter-Petrosyan xalqdan, həqiqətən də, üzr istəyib. Lakin bunu Köçəryan və Sarkisyan kimi şəxsləri siyasətə gətirdiyi üçün edib və bu səhvinin aradan qaldırılması üçün əlindən gələni edəcəyini bildirib.

Elə həmin mitinqdə 2003-cü ilin prezident seçkisində ikinci tura çıxmağı bacarmış Xalq Partiyasının lideri Stepan Dəmirçyan da bəyan edib ki, qarşıdan gələn seçkidə Ter-Petrosyanı dəstəkləyəcək. Dəmirçyan bu qərarını sabiq prezidentin birləşdirici potensiala malik olması ilə izah edib. Hakimiyyətin müxtəlif ideologiyaya malik siyasi qüvvələrin birliyinin mümkünsüzlüyü haqda təbliğat tezisinə toxunan S.Dəmirçyan vurğulayıb ki, bəzilərini abırsızlıq, varlanmaq istəyi, digərlərini isə layiqli ölkədə yaşamaq arzusu birləşdirir. Xatırladaq ki, bundan əvvəl Liberal-Proqressiv Partiya, Mühafizəkar Partiya, "Qnçak" Sosial-Demokrat Partiyası, "Vətən və Namus" patiyası, həmçinin bir sıra ictimai təşkilatlar və Ermənistanın tanınmış şəxsləri də seçkidə məhz Levon Ter-Petrosyanı dəstəkləyəcəklərini açıqlayıblar.

Ölkə əhalisi arasında keçirilən sosioloji sorğular isə artıq seçicilər arasında da sabiq dövlət başçısını dəstəkləyənlərin sayının artıdığını göstərir. Bununla yanaşı, onun reytinqi hələ ki nəinki Serj Sarkisyandan, hətta bir sıra digər namizədlərdən də aşağı səviyyədədir. Buna baxmayaraq, hazırkı hakimiyyətin məhz Ter-Petrosyanın prezidentlik uğrunda yarışa qoşulmasından təşvişə düşdüyü hiss edilir. Hökumətin təbliğat maşınına nəzər saldıqda bunu hiss etmək mümkündür. Ermənistanda istisnasız olaraq, bütün telekanalların dövlətin nəzarətində olduğu və yalnız onun sifarişini həyata keçirdiyi məlumdur. Bu gün isə ölkədə teleekranların "liderləri" baş nazir Serj Sarkisyan və eks-prezident Levon Ter-Petrosyandır. Fərq ondadır ki, birinci şəxs haqda birmənalı olaraq müsbət, ikincisi haqda isə yalnız mənfi məqamlar nümayiş olunur.

Köhnə sovet dövrünə xas olan bu cür yanaşma isə onun təşkilatçılarını sonda pis vəziyyətdə qoya bilər.  Çünki teleekranlarda manipulyasiya tamam əks effekt verir - əhalinin proseslərə marağını daha da artırır və müxalifətə mübarizəni başqa müstəvidə aparmaq imkanı verir. Yerevan KİV İnstitutunun direktoru Aleksandr İskəndəryan da bu fikirdədir: "Əgər hakimiyyət televiziya reportajları vasitəsilə nəsə əldə etmək istəsələr - bu isə istisna deyil - onda mübarizə küçələrə çıxacaq, mübarizə meydanı rolunu isə kütləvi aksiyalar oynamağa başlayacaq. Kifayət qədər təcrübəli siyasi xadim olan Ter-Petrosyan isə belə meydanda özünü tam arxayın hiss edir".

Hələ ki hadisələr elə bu cür inkişaf edir. Levon Ter-Petrosyan narazı elektoratı hərəkətə gətirmək niyyətində olduğunu gizlətmir. Ermənistanda siyasi partiyaların çoxdan müflis durumda olduğunu, xalqın isə onların liderlərinə inamı itirdiyini nəzərə alsaq, bu işin öhdəsindən yalnız müxalifəti öz ətrafında birləşdirən, yeni simalarında iştirak etdiyi ciddi komanda yaradan Ter-Petrosyan gələ bilər. Onun üçün ən başlıcası seçki marafonunu ikinci tura keçirməyə nail olmaqdır. Bu halda Ermənistan vətəndaşları üçün seçim etmək asanlaşacaq, müxalifət əlavə resursları və daxili dəstəyi səfərbər etmək, həmçinin xarici dəstək qazanmaq imkanı əldə edəcək. 

Kriminal əyalət cütlüyü olan Köçəryan-Sarksyan birliyinə gəlincə, onların sabiq dövlət başçısına qarşı siyasi qanqsterlik vasitəsinə əl atmaları elə onların özləri üçün intihar olardı. Bununla yanaşı, cütlüyün Ter-Petrosyanın qarşısını almaq üçün başqa vasitələri də qalmır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 62 yaşlı Ter-Petrosyan xarizmatik, intellektual və ölkənin ən böhranlı dövrdə idarəedilməsi təcrübəsinə malik şəxsdir. Şəxsən mən 1990-cı illərin əvvəllərində Azərbaycan prezidentinin məsləhətçisi və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlarda Bakının əsas təmsilçisi olan zaman bir neçə dəfə onunla görüşmüşəm və deyə bilərəm ki, Ter-Petrosyan ağıllı, mahir siyasətçi, yaxşı ünsiyyət qurmağı bacaran şəxsdir. Siyasi rəqiblərinin sabiq prezidenti Dağlıq Qarabağı "satmaq cəhdi"ndə ittiham etməsinə baxmayaraq, əslində o, Ermənistanın maraqlarını Köçəryan-Sarkisyan cütlüyü qədər müdafiə edəcək. Sadəcə Ter-Petrosyan "imkanlarının hüdudları"nı yaxşı görür, Ermənistanın inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini anlayır. Məhz bu üzdən o, yalançı sülh danışıqları aparmaq yox, kompromis vasitəsilə konkret nəticələr əldə etməyə hazırdır.

Siyasi situasiyanı çalxalamaq istəyən müxalifətdən fərqli olaraq, hakim elita və onun namizədi olan Serj Sarkisyan seçki kampaniyasının maksimum sakit keçməsində, finalda qələbəsinin əvvəlcədən təmin olunmasında maraqlıdır. Onlar üçün əsas məqsəd qeyri-demokratik addımları tənqid hədəfinə çevirmədən qarşıya qoyulan hədəfə çatmaqdır. Üstünlük isə təbii ki, hakim elitanın əlində olan inzibati imkanlara  - radio və televiziya efirlərində manipulyasiyalara, seçicilərin birbaşa və ya dolayısı ilə ələ alınmasına verilir.

Hakim komanda əsasən, siyasi satqınlardan və ikiüzlü texnokratlardan ibarətdir, onlar isə öz növbəsində həm ailə, həm də işgüzar əlaqələr baxımından yerli "oliqarx-sahibkar"larla bağlıdırlar. Onların kriminal mahiyyəti və intellektual baxımından aşağı səviyyədə olduqları məlumdur. Kənardan bu komanda monolit və çox güclü görünsə də, əslində, kifayət qədər zəifdir. Çünki burada Sarkisyan-Köçəryan xəttində də parçalanma mümkündür. Belə ki, onların hər birinin yalnız ümumi deyil, həm də özəl maraqları var. Əgər müxalifətin gücü hakimiyyətin qorunub saxlanması üçün problem yaradacaq dərəcədə artarsa, hakim elitanın daxilində hər kəs, ilk növbədə, özü haqda düşünməyə başlayacaq. 

Nəhayət, Köçəryanın özünün də prezident səlahiyyətlərini yerə qoyduqdan sonra zəmanətə ehtiyacı var. Bu məsələdə isə Sarkisyana, yoxsa Ter-Petrosyana daha çox bel bağlamaq doğrudur sualı hələ ki açıq qalır. 

Hər halda o, vaxtilə ölkənin ilk prezidentinə qarşı kifayət qədər loyal münasibətdə olub. Ter-Petrosyan siyasətdən tam kənarlaşdırılsa və ya özü kənarlaşsa da, Köçəryan rejimi tərəfindən təqib olunmayıb və ona hörmətlə yanaşılıb. 

Eyni zamanda, Serj Sarkisyan da məğlubiyyətlə üz-üzə qalacağı təqdirdə, Ter-Petrosyana hakimiyyətin bölüşdürülməsini təklif edə, bununla da parlament çoxluğuna arxalanaraq, hökumət başçısı postunu özündə saxlaya bilər.

Bu yerdə müxalifət və hakimiyyət qüvvələrinin bərabər olacağı halda, tərəflərdən hansınısa dəstəkləməklə, prosesdə həlledici rol oynaya biləcək "daşnaksütun"u da hesabdan silmək olmaz. Daşnaklar yaxşı təşkilatlanıblar, yaxşı maliyyə və siyasi resurslara, həmçinin beynəlxalq əlaqələr və dəstəyə malikdirlər.

Beləliklə, Ermənistanda seçki kampaniyası hələ yalnız başlanğıc mərhələsindədir və bütün mümkün kombinasiyaları indidən hesablamaq çətindir. Bəzi əlamətlərə əsasən, demək olar ki, Ermənistanın siyasi həyatında inersiya fazası bitmək üzrədir və ölkə dəyişikliklər zolağına qədəm qoyur. Artıq siyasi kursun təftişi və hökumət komandasının yeniləşdirilməsinin vaxtının çatdığı şübhə doğurmur.

Qeyd edək ki, Ermənistan konstitusiyasına görə, ölkə başçısı 5 il müddətinə seçilir. Ter-Petrosyan isə seçicilərdən cəmi 3 il istəyir və bu müddətin ona Köçəryan-Sarkisyan cütlüyünün on illik hakimiyyətindən sonra "Avgi tövləsi"ni təmizləmək üçün kifayət olduğunu bildirir. Sabiq prezidentə bu imkanın verilib-verilməyəcəyi və onun vədini necə reallaşdıracağı məsələləri hələ ki açıq qalır.


MƏSLƏHƏT GÖR:

494