14 Mart 2025

Cümə, 22:35

TİKANLI QIZILGÜL

Görünür, Saakaşvili inqilabın hərdən "Öz övladlarını ayağının altına alması" barədə köhnə həqiqəti unudur

Müəllif:

15.11.2007

ƏslindƏ, Gürcüstanda nə baş verir? Yəqin ki, dünyada yaşanan siyasi proseslərlə az da olsa maraqlanan hər kəsi hazırda bu sual düşündürür. Kənardan ikinci inqilab mərhələsinin yaşanması təsiri bağışlayan gərgin situasiyanın qısa xronologiyasına nəzər salaq.

Hər şey Mixail Saakaşvilinin antikorrupsiya siyasətinin davamı kimi, onun mətbuat katibi Dmitri Kitoşvilinin həbsindən başladı: Kitoşvili sabiq müdafiə naziri İrakli Okruaşvili ilə birgə korrupsiya fəaliyyətinə görə ittiham olunurdu. 

Öz növbəsində, əslində, hədəfdə özünün olduğunu anlayan eks-müdafiə naziri gözlənilmədən Saakaşvilinin ünvanına sərt ittihamlarla çıxış etdi və dövlət başçısını səs-küylü qətlləri sifariş verməkdə, xüsusilə də məşhur biznesmen, oliqarx Badri Patarkaseşvilinin fiziki məhvinin sifarişində günahlandırdı. 

Getdikcə hadisələr daha da gərginləşdi. Bu mərhələ Okruaşvilinin həbsi və gözlənilmədən (lakin tamamilə anlaşılan) əvvəlki mövqeyindən dönməsi, Gürcüstanın əsas müxalifətçi siyasi qüvvələrini özündə birləşdirən antiprezident koalisiyasının yaranması və onların gələn ilin yazında parlament seçkisinin keçirilməsi haqda tələblər irəli sürməsi ilə yadda qaldı. 

Prezident-sabiq nazir qarşıdurmasında adı hallandırılan biznesmen Patarkaseşvilinin müxalifətə maliyyə dəstəyi verməyə hazır olduğunu bəyan etməsindən sonra isə Tbilisidə  mitinqlər başladı. Bu zaman müxalifətin etiraz aksiyaları "İmedi" telekanalı vasitəsilə informasiya dəstəyi aldı. Getdikcə mitinq ehtirasları güclənməyə başladı, Okruaşvili ölkədən çıxarıldı (Münhenə göndərildi), nümayişçilərin dağıdılması üçün sərt tədbirlərə əl atıldı, onların liderləri Rusiyaya casusluq etməkdə günahlandırıldı, Moskvanın ünvanına Gürcüstanda stabilliyin pozulmasına yönəlik siyasət yürütmək ittihamları irəli sürüldü. 

Proseslərin finalı kimi, bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edildi, müstəqil telekanallar bağlandı, müstəqil jurnalistlərin informasiya toplamasına rəsmən qadağa qoyuldu. 

Etiraf etmək lazımdır ki, bu özünü demokratik adlandıran və qeyri-avtoritar ölkə üçün, ümumiyyətlə, xas olmayan hadisədir.

Əməllərinə görə, müttəfiqləri - Qərbin demokratik dövlətləri tərəfindən neqativ reaksiya ilə üzləşən Saakaşvili yanvarın 5-nə növbədənkənar prezident seçkisi təyin etməklə, sanki kompromisə getdi. 9 partiyanı özündə birləşdirən müxalifət hərəkatı isə seçkiyə vahid namizədlə qatılmağa qərar verdi və artıq bu namizədin adı da müəyyənləşdirildi: söhbət müxalifət hərəkatının liderlərindən olan Levan Qaçeçiladzedən gedir.

 

Ənənəvi sual: niyə?

Son illər Gürcüstan və Birləşmiş Ştatlar məlum "qızılgül inqilabı"ndan sonra yaranmış demokratiya ilə öyünürdü. ABŞ-ın həmin hadisələri dərhal öz aktivinə yazmaq cəhdi hamıya məlumdur. İndisə, Gürcüstanda baş verən biabırçı hadisələr zamanı baş verənlərə ən son reaksiya göstərən tərəf də məhz ABŞ oldu.

Müşahidəçilərin fikrincə, Gürcüstanda vəziyyətin gərginləşməsinə səbəb olan əsas iki faktor var. Birincisi, son dərəcə vacib, lakin əsas olmayan faktor Saakaşvili fenomeni ilə bağlıdır. Belə ki, hakimiyyətə gəldiyi vaxtdan indiyədək gənc lider etibar edəcəyi kifayət qədər kadr tapmaqda çətinlik çəkir.

 

Hər şeyi kadrlar həll edir?

Müxtəlif mərhələlərdə Mixail Saakaşvilinin bir çox silahdaşı onun inamını itirib və nəticədə, müxalifətin sıralarına qatılaraq prezidentə qarşı çıxan qüvvələrin əsas hissəsinə çevriliblər. Bunun səbəblərini izah etmək çətindir: çox az ölkədə hakimiyyətdəki kadrların belə rotasiyası ilə üzləşmək olar. Əgər Qərbin inkişaf etmiş ölkələrində hakimiyyətdaxili dəyişikliklər hamı üçün məlum olan səbəblər üzündən baş verirsə, Gürcüstanda bu və ya digər rotasiya daim birmənalı olmayan, kifayət qədər dumanlı xarakter daşıyıb. Bu sətirlərin müəllifinin söhbətləşdiyi əksər gürcü siyasətçiləri və ictimai xadimlər hesab edirlər ki, kadr siyasəti emosional və çox kobud adam olan Saakaşvilinin ən zəif cəhəti sayılıb və indinin özündə də belədir. Eduard Şevardnadzenin hakimiyyəti dönəmində mövcud olan müəyyən demokratik azadlıqlar və iqtidarın prezident kürsüsünü saxlamaq üçün zorakılığa əl atmaması hesabına hakimiyyətə gələn, ilkin mərhələdə bu azadlıqları özünə bayraq edən Saakaşvili tədricən qeyri-demokratik idarəetmə metodlarına tərəf yönəlməyə başlayıb. Bir çox siyasətçilər və jurnalistlər Gürcüstanın mətbuat aləmində yaşanan dəyişikliklərdən, müstəqil jurnalistlər üçün işləməyin çətin olmasından, bəzi müstəqil telekanalların isə hakimiyyətin ruporuna çevrilməsindən danışırlar.

Gürcüstan prezidenti yürütdü-yü siyasətlə və mövqeyilə razılaşmayanları gördükcə, gündən-günə daha çox hirslənirdi və bunu gizlətmirdi. Nəticədə, o, özü özünə müxalifət yaratdı və  birlikdə işləmək istəmədiyi siyasətçilərlə mütəmadi olaraq yollarını ayırmaqla, müxalifətin sıralarını gücləndirdi. Çox vaxt prezidentin öz komanda üzvü ilə yollarını ayırmasının səbəbləri anlaşılmaz qalırdı, göstərilən səbəblər isə yalnız təəccüb doğururdu. Boşalmış vəzifələrə isə gözəçarpmayan və çox asan idarə edilən adamlar təyin olunurdu.

İctimaiyyətin yürüdülən impulsiv kadr siyasətinə birmənalı olmayan münasibətini hiss edən Saakaşvili növbəti istefaları daha ciddi səbəblərlə əsaslandırmağa çalışdı və bu əsasən, "korrupsiya sindikatı"nın üstünün açılması kimi təqdim olunmağa başladı. Məsələn, Okruaşvililə bağlı baş verənlərdə də məhz ssenaridən istifadə olunub. Lakin Gürcüstanın məşhur ictimai xadimlərindən birinin bu sətirlərin müəllifinə söylədiyi kimi, ölkə əhalisi bu qalmaqallara heç də birmənalı yanaşmır. Bunun səbəbi isə sadədir: Saakaşvili hakimiyyətə gələndən dərhal sonra, "leqal reket"in əsasını qoymuşdu və bu reketin qurbanları Gürcüstanın keçmiş elitasına daxil olan sabiq məmurlar və biznesmenlər idi. Bu şəxslərdən, faktik olaraq, həbsdən qurtulmaq üçün nələrdənsə keçmək və öz bizneslərindən əl çəkmək tələb olunurdu. Odur ki İrakli Okruaşvilinin təhriki ilə 10 milyon dollar mənimsəməkdə günahlandırılaraq həbs olunmuş, dövlət başçısının sabiq mətbuat katibi Dmitri Kitoşvilinin bu korrupsiya əməliyyatı zamanı sadəcə "yuxarıdan" gələn sifarişi yerinə yetirməsi tamamilə mümkündür. 

Təbii ki, həbs olunanlar "qanuni reketlə" məşğul olduqlarını etiraf etmədilər. Amma bu hadisədən sonra Okruaşvili dövlət başçısına qarşı olduqca sərt ittihamlar səsləndirməyə başladı. O, Saakaşvilinin idarəçiliyini "əxlaqsızlıq, ədalətsizlik, respressiya, oğurluq, qolçomaqlıq və insanların qətlə yetirilməsi" ilə xarakterizə etdi. Sabiq nazirin sözlərinə görə, "əsas korrupsioner hakimiyyət başındadır" və artıq ölkədə korrupsiya "hakimiyyətin yuxarı eşalonu, Saakaşvilinin ailəsi və yaxın ətrafı üçündür".

İctimaiyyət çox yaxşı xatırlayır ki, Mixail Saakaşvilinin hakimiyyətdə ilk addımları Eduard Şevardnadzenin "ətrafı"ndakı şəxslərin var-dövlətinin əllərindən alınması idi. Amma indi artıq dövlət başçısının özünün və ətrafının adının korrupsiya qalmaqalında hallanması cəmiyyətdə böyük narazılıq doğurub. Özü də nəzərə alınsa da, Saakaşvilinin korrupsiyada ittiham olunan komanda üzvləri bir-bir həbsdən azad olunur, onda cəmiyyətin şübhələnməsi anlaşılır: görünür, vaxtilə Şevardnadzenin ətrafının qolçomaqlıqdan salınması ilə məşğul olan Saakaşvili öz prinsiplərinə indi də sadiq qalır...

Prezidentin fəaliyyəti nəticəsində gürcü müxalifəti vaxtilə Saakaşvilinin baş sponsoru olmuş, "qızılgül inqilabı"na maliyyə yardımı etmiş, indisə müxalifətin donoruna çevrilən biznesmen Badri Patarkaseşvilini qazanıb. O, yanvarın 5-də keçiriləcək prezident seçkisində Saakaşvilinin rəqibi də ola bilər. Əlbəttə ki, seçki keçirilərsə...

Bu siyahını genişləndirmək də olar. Əsas olanı odur ki, hazırda heç kəs birmənalı şəkildə kimin - prezidentin, yoxsa onun keçmiş ətrafının haqlı olduğunu söyləyə bilməz. Baş verənlərdən gürcü ictimaiyyətinin özləri üçün çıxardıqları nəticə isə sadədir: Saakaşvilinin səmimi dostları yoxdur. Bu isə qədim gürcü mentalitetinə əsasən, çox mənfi cəhət sayılır. 

Başlıcası isə prezident kadr seçə və onlarla işləyə bilmir və bu, onun kifayət qədər sosial-iqtisadi və siyasi problemləri olan dövlətin başındakı fəaliyyətinin effektivliyinə böyük şübhə yaradır. 

İndi isə siyasi faktor haqda da danışaq...

 

Başqasının atını yəhərləmək cəhdi

Hakimiyyətə gələn zaman və sonrakı illərdə Mixail Saakaşvili Qərbin tam dəstəyinə arxalanırdı. Və ilk mərhələdə, Cənubi Qafqazın bu ölkəsindəki demokratik dəyişikliklərə sevinən Qərb Gürcüstanı tələm-tələsik "əsl demokratik ölkə" kimi qəbul etəmyə başladı. Etiraf etmək lazımdır ki, xalqın da dəstəyini qazanmış Saakaşvili çox qısa zamanda müəyyən müsbət nəticələr əldə etməyi bacardı. Məsələn, hətta müxalifət də etiraf edir ki, xalq aşağı və orta səviyyələrdə rüşvət və bürokratik əngəllərdən qurtulub. Yəni, gürcülər mənzil istismar sahələrinin, yol polisinin və ya vergi orqanlarının rüşvət tələb etməsi halları ilə, demək olar ki, artıq rastlaşmırlar. Aşağı və orta səviyyələrdə rüşvət və korrupsiya, demək olar, sıfır səviyyəsindədir ki, bu da əhalini sevindirməyə bilməz. Bu, təbii ki, xalqın rifah halına da təsirsiz ötüşməyib. 

Amma daha yuxarı səviyyədə, məsələn, hökumət tərəfindən elan edilən tenderlərin keçirilməsində hələ də kifayət qədər qeyri-şəffaf durum qorunub-saxlanılır...

Saakaşvili Azərbaycanla siyasi-iqtisadi inteqrasiya prosesini uğurla davam etdirib, bununla da nəhəng enerji layihələrinin məntiqi sonluğa çatması mümkün olub. Yeri gəlmişkən, məhz bu səbəbdən Azərbaycanın dəstəyini alan Saakaşvili ölkəsinin Rusiya ilə iqtisadi əlaqələrin kəsildiyi, Kremllə münasibətlərin gərginləşdiyi, ölkənin enerji blokadasına salındığı bir vaxtda əhalinin enerji daşıyıcıları ilə təminatını həyata keçirə bilib.

Bundan başqa, Saakaşvili qısa müddətdə Acarıstan problemini həll edib, Gürcüstanın bu regionundakı separatizm meyllərini aradan qaldırıb və oranı Tbilisinin tam nəzarətinə götürüb.

Saakaşvili özünün "sevimli uşağı" olan ordunun maksimum gücləndirilməsi yolunu tutub (gürcülər zarafatla deyirlər ki, ordu Saakaşvilinin uzaqlıqda oynayıb doymadığı oyuncağa bənzəyir). 

Bir məqamı da qeyd etmək lazımdır ki, Qərb və NATO-ya hərbi-siyasi inteqrasiya xəttini prioritet seçən Saakaşvili bu istiqamətdə də kifayət qədər iş görməyə nail olub. Gələn ilin yazında Budapeştdə keçiriləcək NATO sammitində Gürcüstanın alyansa qəbulu məsələsi müzakirə edilməlidir. Hərçənd, ölkədə baş verən son hadisələr Budapeştdə sözügedən məsələnin müzakirəsini təxirə sala bilər, baxmayaraq ki ABŞ artıq çoxdan açıq şəkildə bəyan edib ki, Vaşinqton Tbilisinin alyansa qoşulmasına tərəfdardır.

Bütün bunlarla yanaşı, gürcü liderin məhz belə birtərəfli xarici siyasi kursu ölkənin Rusiya ilə münasibətlərinin son dərəcə gər-ginləşməsinə, faktik olaraq, sıfıra düşməsinə səbəb olub. Hazırda Moskva ilə Tbilisi arasında açıq-aşkar qarşıdurma yaşanır. Hətta Gürcüstanda baş verən son hadisələrə görə, Saakaşvili birbaşa Rusiyanı günahlandırıb və bu ölkənin Tbilisidəki səfirliyinin üç əməkdaşını Gürcüstandan çıxarıb. 

Bu haqda bir qədər sonra...

Bəzi müşahidəçilərin fikrincə, Gürcüstanda baş verən son hadisələrin kökündə məhz Saakaşvilinin Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin yox edilməsi istiqamətində atdığı ciddi addımlar durur. Məsələ heç də onda deyil ki, Moskva bununla Saakaşvili ilə haqq-hesab çəkməyə çalışır: gürcü liderin bütün bəyanatlarına, əminliyinə baxmayaraq, buna inananların sayı azdır. Məsələ ondadır ki, Gürcüstan prezidenti Qərbdən olan tərəfdaşlarından istifadə etmək, onları daxili siyasi problemlərinin həllinə cəlb eləmək fikrinə düşüb. Bunlar isə Rusiyanın regiondakı maraqları ilə birbaşa bağlı məsələlərdir. Moskva Cənubi Osetiya və Abxaziya separatçılarına dəstəyini gizlətməyə belə çalışmır və Kosovonun müstəqilliyi tanınacağı halda, bu iki bölgənin də tanına biləcəyinə işarə edir. Balaca Gürcüstan isə Rusiya ilə Avropa arasında gedən qızğın siyasi oyunda "kozır kart" olmaq fikrinə düşüb. Bu isə yalnız Qərbin onun maraq dairəsinə müdaxiləsindən narahat olan Moskvanı deyil, Ağ evi də hiddətləndirir.

Çünki amerikalılar və onların Qərbdəki müttəfiqlərinin onsuz da Rusiya ilə bağlı kifayət qədər problemləri var. Belə bir vaxtda Tbilisi Moskva ilə istənilən an lokal hərbi toqquşmalara səbəb ola biləcək açıq qarşıdurmaya getməklə, Qərbdən olan havadarlarına arxalanmaq istəyir. Qərb isə hazırda nəinki buna hazır deyil, üstəlik, lazımsız bir vaxtda Rusiya ilə təhlükəli oyunlara gedən gürcü liderinin əlində alətə çevrilmək istəmir.

Amerika və Avropanın Putin rejimilə münasibətlərdə yaşadıqları problemlər onsuz da kifayət qədər çoxdur. Söhbət Kosovo münaqişəsi, Ümumavropa təhlükəsizliyi, raketdən müdafiə sistemi və buna cavab olaraq, Rusiyanın Avropada adi silahlar haqda müqavilədən çıxması ilə bağlı yaşanan problemlərdən gedir. Buraya Avropanın Xəzəryanı dövlətlər hesabına Rusiyadan enerji asılılığını aradan qaldırmaq istəyini də əlavə etmək olar. Bunlarla paralel olaraq, Qərbin enerji daşıyıcılarını Rusiyadan kənar keçməklə, məhz bu marşrut üzrə nəql etməyə çalışdığı zamanda Gürcüstanda situasiyanın gərginləşməsi heç yerinə düşmür. Qərblə Rusiya arasında İran, İraq və ümumiyyətlə, Yaxın Şərq problemi ilə əlaqədar yaşanan problemləri isə xatırlatmağa belə ehtiyac yoxdur...

Bütün bunların fonunda Saakaş-vilinin Tbilisidə baş verənlərdə günahı Rusiyanın boynuna qoymaq cəhdi, yumşaq desək, qeyri-ciddi görünür. Ola bilər ki, Moskvanın gələcək üçün hansısa ehtiyat ssenarisi olsun. Amma məhz  gələcək üçün. Hazırkı mərhələdə isə ona Cənubi Osetiya və Abxaziya kimi təzyiq rıçaqları kifayətdir. Bundan başqa, Rusiyanın da başı amerikalılar və avropalılarla "mübahisələr"ə qarışıb. Üstəlik, Gürcüstanda Rusiyanın dəstək verərək, hakimiyyətə gətirə biləcəyi qüvvə də yoxdur. Ukraynadakı Yanukoviçdən fərqli olaraq...

Hazırkı gürcü müxalifətinin liderlərini Kremlə "işləmək"də ittiham etmək üçün adi məntiqdən kənar olmaq lazımdır. Bu həm də onu göstərir ki, iqtidarın başqa arqumentləri və faktları yoxdur və hakimiyyət hazırkı müxalifəti də vaxtilə Saakaşviləyə dəstək verənlərin - Qərbin müdafiə etdiyini anlayır və qorxur. 

Badri Patarkaseşvilini rusiyapərəstlikdə ittiham etmək olmaz - o, Rusiya ərazisinə gəlsə, dərhal həbs olunacaq. 

İrakli Okruaşvilinin isə müdafiə naziri olan zaman Cənubi Osetiya və Abxaziya məsələlərində Kremlin əsəbləri ilə necə oynadığı hələ yaddaşlardan silinməyib. 

Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiya haqda da eyni sözləri söyləmək olar. Onun atasının hakimiyyətinin devrilməsində Moskvanın əlinin olduğu məlumdur. 

Saakaşvili hakimiyyətinin sabiq xarici işlər naziri Salome Zurabeşvili də özünün anti-Rusiya baxışları ilə məşhurdur. Nəhayət, eyni sözləri gürcü müxalifətinin yeni vahid namizədi Levan Qaçeçiladze haqda da söyləmək olar - Gürcüstanın "şərab kralı" sayılan Qaçeçiladze Rusiyanın Gürcüstan şərabının idxalına qoyduğu qadağa ilə əlaqədar heç də az ziyan çəkməyib.

Siyahını uzatmaq da olar. Paradoksal səslənsə də, Saakaşvili rejiminin dəyişməsini rusiyalı politoloqlar da istəmir. Onların fikrincə, hazırkı prezidentin yerinə  gələn şəxs öz mandatının "əvəzini verməli olacaq". Bunun üçün ən yaxşı yol isə ictimaiyyətin diqqətini kənar düşmənlər və təhlükələrə yönəltməkdir - Gürcüstan üçün bu, ilk növbədə, Cənubi Osetiya və Abxaziyadır. Odur ki rusiyalı politoloqlar aktivində Acarıstana nəzarətin bərpası kimi nailiyyətin olduğu Saakaşvili ilə müqayisədə yeni prezidentin daha böyük problemlər yarada biləcəyini düşünürlər. Rusiya üçün Saakaşvili "pislərdən ən yaxşısıdır".

 

Yanvar: seçim anı

2008-ci il yanvarın 5-i. Dövlət başçısı nədən növbədənkənar prezident seçkisinin məhz bu tarixdə keçirilməsini qərara alıb? Axı Tbilisi mitinqlərinin eyforiyası bir-iki aya aradan qalxmayacaq və Saakaşvilinin xalqın 2004-cü ildə səs verdiyi azadlıq və demokratiya prinsiplərini tapdaması və dinc mitinqi dağıtması yanvarın 5-dək yaddaşlardan silinməyəcək.

Bəlkə, ona görə ki, məhz həmin gün onu rəsmən prezident elan ediblər? 

Yeri gəlmişkən, prezidentin öz izahı, yumşaq desək, insanda təbəssüm yaradır: Saakaşvili bildirib ki, "beş" rəqəmi onun üçün xoşbəxt rəqəmdir və o, məktəbdə oxuyan zaman daim beş almağa çalışıb... 

Dövlət başçısının məntiqinə adam lap mat qalır...

Bununla belə, Saakaşvili müxalifəti uzun seçkiqabağı marafonda kampaniya aparmaqla, öz mövqelərini tam möhkəmlətməsinədək məsələni həll etməyi düşünür. Müxalifət üçün həmin kampaniya hakimiyyət əleyhinə keçirilən ilk mitinqdən başlayıb. 

Bundan başqa, Saakaşvili müxalifətə Qərbin siyasi dairələrilə danışıqlar aparmaq və onların tam dəstəyini qazanmaq imkanını da vermək istəmir. 

Üstəlik, prezident seçkisi nə qədər gec olarsa, müxalifətin səyi nəticəsində əhali Saakaşvili hakimiyyətinin gördüyü yaxşı işləri o qədər unuda bilər. 

Prezident vaxtın onun əleyhinə işlədiyini yaxşı anlayır.

Üstəlik, yanvarın 5-də Qərbdə Saakaşvilinin əsas dayağı olan Corc Buş hələ də hakimiyyətdə olacaq. Buşun prezidentlik müddəti başa çatmaq üzrə olanda - payıza yaxın  onun başı daha çox ölkədaxili problemlərə qarışacaq.

Nəhayət, Saakaşvili yanvarda prezidentliyini bir daha təsdiqləməklə, "bir güllə ilə iki dovşan vurmaq istəyir". Bir tərəfdən, Qərbdəki tərəfdaşlarına onlarla danışıqlar aparmaq mandatına sahib şəxsin məhz özü olduğunu nümayiş etdirmək, digər yandan isə məhz yeni mandatla NATO-nun Budapeşt sammitinə gəlmək. Çünki həm Gürcüstan, həm də şəxsən Mixail Saakaşvili üçün son dərəcə vacib olan məsələ məhz Budapeştdə öz həllini tapmalıdır. Söhbət Gürcüstanın bundan sonra da, üstəlik, tam şəkildə Qərbə inteqrasiyasından gedir.

Lakin bir "əmma" da var. Məhz indi Rusiya Cənubi Osetiya və Abxaziyada vəziyyəti gərginləşdirməklə, Saakaşvilinin vəziyyətini son dərəcə ağırlaşdıra bilər. Bunun hətta təyin edilən prezident seçkisinin təxirə salınmasına səbəb olacağını da istisna etmək mümkün deyil. Saakaşvilinin şəxsi keyfiyyətlərini nəzərə alsaq, belə addımın atılması tamamilə mümkün görünür...

Gürcüstan müxalifətinə gəlincə, qarşıdan gələn seçkidə onun şansını qiymətləndirmək çox çətindir. Yanvaradək hələ xeyli vaxt var və Gürcüstan reallığını nəzərə alsaq, vəziyyət istənilən an dəyişə bilər. 

Bundan başqa, müxalifət vahid namizədini müəyyənləşdirsə də, onun "vahid olacağı" haqda hələ ki dəqiq fikir söyləmək olmaz: vacib faktor sayılan böyük maliyyə imkanlarına malik Bardi Patarkaseşvilinin, həmçinin son zamanlar narazı elektoratın müəyyən hissəsinin simpatiyasını qazana bilmiş İrakli Okruaşvilinin nə deyəcəklərini gözləmək lazımdır. Bu siyasətçilərin hər ikisi prezidentliyə namizədliklərini irəli sürə biləcəklərinə işarə ediblər.

İstənilən halda, Gürcüstanda 4 aparıcı oyunçunun iştirakı ilə gedən prosesləri diqqətlə izləyəcəyik. Söhbət Saakaşvili, onun müxalifəti, Qərbdən olan tərəfdaşlar və əlbəttə ki, Rusiyadan gedir.


MƏSLƏHƏT GÖR:

494