14 Mart 2025

Cümə, 22:36

TEHRAN-2007: ESTAFET BAKIYA VERİLDİ

Problemli məsələlər gündəmdə qaldı və bir ildən sonra yenidən müzakirə olunacaq

Müəllif:

01.11.2007

Sentyabrın 16-da keçmiş İran şahının əski şəhərkənarı iqamətgahında, Tehranın şimalında yerləşən "Sadabad"da Xəzəryanı dövlətlərin ikinci sammiti keçirilib. Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri iştirak ediblər. 2002-ci ildə Aşqabadda keçirilən sammitdən fərqli olaraq, bu görüş konstruktiv atmosferdə keçib. Tərəflərin Xəzərin hüquqi statusu və istifadəsilə bağlı prinsipial mövqelərində yaxınlaşma baş verməsə də, 5 dövlət 25 bənddən ibarət birgə bəyannamə imzalamağa nail olub. Sənəddə sahilyanı dövlətlərin gələcəkdə Xəzərin hüquqi statusuna dair tam əhatəli konvensiyada əksini tapacaq prinsipləri yer alıb.

Azərbaycan prezidenti İlham Əliyevi Tehrana səfərdə xarici işlər naziri Elmar Məmmədyarov, onun müavini, prezidentin Xəzərin statusu ilə bağlı aparılan danışıqlardakı xüsusi nümayəndəsi Xələf Xələfov, həmçinin Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov müşayiət ediblər. 

Sammitdəki çıxışında İ.Əliyev sahilyanı dövlətlərin ekoloji sahədə əməkdaşlığının vacibliyini qeyd edib. Prezident hesab edir ki, dünya okeanına çıxışı olmayan sahilyanı ölkələrə azad tranzit imkanlarının verilməsi də vacibdir. Dövlət başçılarının növbəti görüşünün Bakıda keçiriləcəyini nəzərə alan İlham Əliyev burada sammitin daimi katibliyinin açılmasını təklif edib.

İran prezidenti Mahmud Əhmədinejad isə diqqəti, əsasən, Xəzəryanı regional əməkdaşlıq təşkilatının yaradılması məsələsinə yönəldib. O, ölkəsinin Xəzərin bərabər bölünməsilə bağlı digər dövlətlər tərəfindən qəbul edilməyən mövqeyini dolayısı ilə bir daha təsdiqləyərək bildirib ki, dənizin resursları bütün sahilyanı ölkələrə məxsusdur. 

Təhlükəsizlik məsələsinə də xüsusi toxunan Əhmədinejad hesab edir ki, silahlanmanın sürətlənməsinə və regionda digər dövlətlərin hərbi mövcudluğuna yol verilməməlidir.

Rusiyanın dövlət başçısı Vladimir Putin qeyd edib ki, Xəzər məkanı başdan-başa dövlət sərhədləri, sektorlar və xüsusi zonalarla qapadılmamalıdır. Kreml sahibinin fikrincə, onlar dəniz məkanının nə qədər az hissəsini tutarsa və Xəzəryanı dövlətlər suyun nə qədər böyük hissəsindən birgə istifadə edə bilərsə, daha yaxşı olar. Putin Xəzərdə, Qara dənizdə olduğu kimi, KASFOR operativ fəaliyyət üzrə birgə hərbi-dəniz qrupunun yaradılmasını təklif edib. O, Xəzəryanı dövlətlərin birinə qarşı hərbi əməliyyatların keçirilməsi üçün digərinin öz ərazisindən istifadəyə imkan verməməsini nəzərdə tutan razılaşmanın əldə edilməsini yüksək qiymətləndirib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev, öz növbəsində, dənizdən nərə balığı ovu ilə bağlı kvotaya yenidən baxılmasını təklif edib. Qeyd edək ki, hazırda Rusiyaya 45, İrana 27, Qazaxıstan, Türkmənistan və Azərbaycana isə 28%-lik kvota ayrılıb. 

Xəzərdə azad tranzitin yaradılmasının vacibliyini də qeyd edən N. Nazarbayevin fikrincə, bu yalnız gəmilərə deyil, həm də boru xətlərinə aid edilməlidir. Dövlət başçısı hesab edir ki, boru xəttinin tikintisinə dair qərar xətti öz ərazisindən keçirəcək dövlət tərəfindən verilməlidir. 

Nazarbayev Xəzərdə hərbi-dəniz fəaliyyətinin yalnız sərhəd patrulları ilə məhdudlaşdırılmasını da təklif edib.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedova gəlincə, o, ümumi və yadda qalmayan çıxış edib. Berdımuhammedov yalnız mübahisəli ərazilərdə neft yataqlarının işlənməməsinin vacibliyini bildirib, bu zaman da konkret olaraq hansı yataqlardan danışdığını dəqiqləşdirməyib.

Sammitdə qəbul olunan bəyannamədə isə bildirilir ki, Xəzər dənizi və onun resursları ilə bağlı suveren hüquq yalnız Xəzəryanı dövlətlərə məxsusdur. Tərəflər hesab edir ki, dənizin hüquqi statusu müəyyənləşdirilənədək, gəmiçilik və balıqçılıq fəaliyyəti yalnız Xəzəryanı dövlətlərin bayrağı altında həyata keçirilməlidir.

Xəzər sularının yalnız dinc məqsədlər üçün istifadəsinə dair razılıq da əldə edilib. Məhz bu səbəbdən qarşılıqlı inamın yaradılması və möhkəmlənməsi, regional təhlükəsizlik və sabitliyə nail olunmasına çalışmaq, həmçinin qarşılıqlı münasibətlərdə hərbi yola əl atmaqdan çəkinmək lazımdır. Sahilyanı dövlətlər qeyd ediblər ki, kənar ölkələrə heç bir halda öz ərazilərindən tərəflərdən hər hansı birinə qarşı hərbi əməliyyatın keçirilməsi üçün istifadəyə imkan verilməyəcək. Bundan başqa, prezidentlər etiraf ediblər ki, Xəzərin təbii ehtiyatları, xüsusilə nərə populyasiyası ilə bağlı təcili birgə qərarların verilməsinə ehtiyac var. 

Sammit iştirakçıları təbiətin mühafizəsi sahəsində regional əməkdaşlığı nəzərdə tutan hüquqi bazanın yaradılması istiqamətində səylərin davam etdiriləcəyini də bildiriblər. Onlar Xəzərin və onun resurslarının istifadəsi zamanı dənizdə ətraf mühitə və sahilyanı dövlətlərə dəyən zərərə görə məsuliyyət prinsipini də təsdiqləyiblər.

Bəyannamədə bilavasitə Xəzərin problemlərinə aid olmayan, lakin İranın nüvə proqramı ətrafında yaranmış situsiya ilə əlaqədar aktuallığını saxlayan məsələlərə də toxunulub. Bu baxımdan, sammit iştirakçıları nüvə silahının yayılmamasına dair müqaviləni beynəlxalq təhlükəsizlik və sabitlik üçün vacib şərt saydıqlarını bəyan ediblər. Onlar bu müqavilənin iştirakçısı olan hər bir dövlətin tədqiqatlar aparmaq, dinc xarakterli nüvə enerjisi əldə etmək və ondan istifadə etmək hüqüqlarının olduğunu bildiriblər.

Göründüyü kimi, prezidentlərin çıxışından, həmçinin, bəyannamənin məzmunundan görünür ki, tərəflər onsuz da mövcud beynəlxalq hüquq və ya ikitərəfli razılaşmalarla tənzimlənən məsələlərdə yekdil fikirdədirlər. Bununla yanaşı, Xəzərin resurslarının bölüşdürül-məsinə aid olmayan  prinsipial məsələlərdə fikir ayrılığı hələ də qalır. Belə ki, əgər Rusiya prezidenti V.Putin sammitdə birgə hərbi-dəniz qrupunun yaradılmasını təklif edibsə, Qazaxıstan lideri Nazarbayev, faktik olaraq, Xəzər məkanının demilitarizasiyasının tərəfdarı kimi çıxış edib. 

Transxəzər boru xətləri məsələsində də yekdil fikir yoxdur. Azərbaycan və Qazaxıstan hesab edir ki, bu, boru xəttinin ərazisindən keçəcək dövlətlərin işidir. Tehranla Moskva isə əksinə, hesab edirlər ki, bunun üçün bütün sahilyanı ölkələrin razılığının alınması vacibdir. Onlar bunu ekoloji risk və Xəzərin hələ bölüşdürülməməsi ilə əsaslandırır. Lakin bu arqumentlər adi tənqidə də dözmür.

Əvvəla, heç kim həmin boru xətlərinin artıq çoxdandır Xəzərdə neft daşıyan tankerlərdən daha təhlükəli və riskli olduğunu sübut etmək gücündə deyil. İkincisi, Xəzərdə artıq on illərdir ki, neft və qaz kəmərləri mövcuddur. Hələ Sovet İttifaqı dönəmindən mövcud olan həmin kəmərlər sahili "Bahar", "Neft Daşları", "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqları ilə birləşdirir. Üçüncüsü, Xəzər əsasən elə Rusiyanın özü tərəfindən çirkləndirilir və bu, Volqanın çirkab axınına çevrilməsi ilə edilir. 

Bu çay vasitəsilə il ərzində dənizə yüz minlərlə ton neft məhsulları, kimyəvi preparatlar, sənaye və kənd təsərrüfatı tullantıları, kanalizasiya axıntıları daxil olur. 

Dördüncüsü, Rusiya özü artıq Qara dənizin dibi ilə "Mavi axın" qaz kəmərini inşa edib və paralel olaraq, Baltik dənizinin dibi ilə qaz nəql edəcək daha bir belə boru xəttinin çəkilməsini planlaşdırır. Üstəlik, Moskva bu layihələri Xəzəryanı dövlətlərin heç biri ilə razılaşdırmağı lazım bilməyib. Burada isə böyük ölçü, dərinlik və İkinci Dünya müharibəsi dövründən qalan partladılmamış döyüş sursatı üzündən təhlükə risqi daha böyükdür.

İlk baxışdan, Xəzəryanı dövlətlərin Tehran sammitinin nəticəsiz olmasına dair fikir yarana bilər. Lakin bu belə deyil. Xatırladaq ki, sahilyanı ölkələrin prezidentlərinin 2002-ci ildə Aşqabadda keçirdikləri birinci sammitdə tədbir iştirakçıları ümumiyyətlə, heç bir məsələdə razılıq əldə edə bilməmişdilər. Həmin sammitdə Azərbaycanın prinsipial mövqeyindən narazı olan Türkmənbaşının "...Xəzərdən qan iyi gəlir" bəyanatı da unudulmayıb. 

Tehran sammitinin atmosferi isə tamamilə fərqli olub. Tədbir iştirakçılarının ümumi olsa da, birgə bəyannamə imzalamalarının özü artıq kifayət qədər müsbət amildir. Belə ki, indiyədək Tehran və Moskva Xəzərin hüquqi statusundan danışılarkən onun əvvəlki qaydada saxlanmasında israr edirdilər. Söhbət bu iki dövlət arasında ötən və ondan əvvəlki əsrin əvvəllərində bağlanan müqavilədən gedir. Artıq bu iddiaya son qoyulub. Qazaxıstan prezidenti də bunu açıq şəkildə ortaya qoyaraq, SSRİ ilə İran arasında imzalanmış razılaşmanın tarixin bir hissəsi olduğunu söyləyib.

İran görüşü haqda Bakının mövqeyini xarici işlər nazirinin müavini Xələf Xələfov belə izah edib: "Sammitdə imzalanan bəyannamə danışıqların davam etdirilməsi üçün ciddi baza yaradıb. Hazırkı atmosferdə Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanı tam razılaşdırmağa nail olacağıq". Məsələ ilə bağlı xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun fəaliyyətinin davam etdiriləcəyini deyən X.Xələfov dənizin dibinin bölüşdürülməsi məsələsinə toxunaraq, bu məsələnin ikitərəfli danışıqlar nəticəsində çözüləcəyini bildirib.

Tehran sammitində iştirakla bağlı Rusiya rəhbərliyinin də öz məntiqi olub. Fikrimcə, Kremlin buna razılıq verməsində məqsəd, Putinin İrana səfərini ört-basdır etmək olub. Çünki bu kontekstdə, yəni sammit çərçivəsində edilən bu səfər, İranla Rusiya arasında enerji və silahlanma məsələsində əməkdaşlıqdan və Tehranın nüvə proqramından təşviş keçirən dünya birliyinə qarşı açıq-aşkar meydan oxumaq kimi qəbul edilməyəcəkdi. 

Putin İran mətbuatına bildirib ki, Rusiya Buşəhr AES-in tikintisini başa çatdırmaq fikrindədir. Lakin Kreml sahibi ölkəsinin oraya yanacaq nəqli ilə bağlı konkret müddət göstərməyib. "Kommersant" qəzetinin yazdığına görə, tərəflər arasında Rusiyanın İranın Hərbi Hava Qüvvələrinin qırıcılarına turboreaktiv mühərriklər verməsi haqda razılaşma ilə sonuclanan danışıqlar da baş tutub.

Beynəlxalq müşahidəçilər Putinin İrana səfəri ərəfəsində Fransa prezidenti Nikolə Sarkozi və Almaniya kansleri Angela Merkellə görüşdüyünü xatırladır. Bu görüşlər və aparılan danışıqlar nəticəsində Putinin inadcıl Əhmədinejad hakimiyyətini nüvə proqramı ilə bağlı kompromislərə getməyə dəvət etdiyi istisna edilmir.

Sammit ərəfəsində daha bir maraqlı məqam Rusiya xüsusi xidmət orqanlarının Putinin İranda sui-qəsdlə üzləşə biləcəyinə dair məlumatın üstünü açması olub. Məlumatı etibarlı mənbələrə istinadən "İnterfaks" yayıb. Tehranda buna oxşar hadisə yaşanmasa da, informasiya Putinə İrana səfərinin müddətini qısaltmağa əsas verib və o, gecəni Almaniyada keçirərək, islam respublikasına yalnız səhər, sammitin açılışı ərəfəsində gəlib.

Tehran sammitindən İranın islam rejiminin də müəyyən dividendlər əldə etdiyi ortadadır. Qəbul olunan bəyannamədə təhlükəsizlik məsələsi və İranın dinc xarakterli nüvə proqramı hüququna verilən dəstəklə yanaşı, Əhmədinejad hökuməti öz həyəcanlı xalqına və dünyaya ölkəsinin beynəlxalq təcrid vəziyyətində olmadığını nümayiş etdirib. Bununla yanaşı, rəsmi Tehran Xəzərlə bağlı əvvəlki mövqeyini yumşaltmayıb və yenə də 20%-lik paya iddia edir.

İstənilən halda, Tehran sammiti başa çatıb və estafet Bakıya verilib. Bu isə Azərbaycanın üzərinə həm təşkilatçı ölkə, həm də İran və Türkmənistanla fikir ayrılıqlarının qaldığı bir ölkə kimi böyük məsuliyyət qoyur. Məsələ ondadır ki, məhz Bakının Tehran və Aşqabadla fikir ayrılıqlarının qalması Xəzərin hüquqi statusuna dair yekun konvensiyanın imzalanmasına imkan vermir. Bakı sammiti gələn ilə planlaşdırılsa da, hələ onun baş tutacağı konkret tarix razılaşdırılmayıb. Bu, yalnız Xəzəryanı ölkələrin prezidentlərinin iş qrafikindən deyil, həm də tərəflərin mövqeyində yaşanacaq yaxınlaşmalardan asılıdır. Qarşıda inadcıl müzakirələr gözlənilsə də, razılığın əldə ediləcəyinə inam qalmaqdadır. Hər halda, sülh, təhlükəsizlik və əməkdaşlıqdan Xəzəryanı ölkələrin hər biri qazanardı.



MƏSLƏHƏT GÖR:

355