14 Mart 2025

Cümə, 22:35

KİM- KİMİNLƏ VƏ KİMƏ QARŞI?

Ukraynada parlament seçkiləri başa çatsa da, ölkənin "narıncılar" və "ağ-mavilər"ə bölünməsi təhlükəsi hələ də qalır

Müəllif:

15.10.2007

Ukrayna prezidenti Viktor Yuşşenkonun Ali Radanın (parlament) buraxılması barədə qərarından sonra təyin edilən növbədənkənar parlament seçkiləri baş tutdu. Xatırladaq ki, növbədənkənar seçki qərarı siyasi qüvvələr arasında ciddi mübahisələrə səbəb olsa da, bir müddətdən sonra baş nazir Viktor Yanukoviç və onun rəhbərlik etdiyi Regionlar Partiyası prezidentin qərarı ilə razılaşmalı oldu. Hərçənd, maraqlıdır ki, parlamentin buraxılmasına dair qərar hələ də ölkənin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməyib. 

Növbədənkənar seçki haqqında razılığın əldə edilməsilə Ukraynanı yarım ildən artıq müddətdə gərginlikdə saxlayan siyasi böhranın sona yaxınlaşdığı təsəvvürü yaransa da, seçkinin gedişatı göstərdi ki, ölkənin "narıncılar" və "ağ-mavilər"ə bölünməsi təhlükəsi hələ də qalmaqdadır.

Ukraynanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkidə səsvermə hüququ olan əhalinin 62,4%-i iştirak edib. Onlardan 34,35%-i Regionlar Partiyasına, 30,73%-i Yuliya Timoşenkonun Blokuna (YTB), 14,16%-i prezidenti dəstəkləyən "Bizim Ukrayna - Xalq Özünümüdafiə" Blokuna (BU-XÖ) səs verib. Kommunistlər 5,38, Litvinin Bloku isə 3,96% səs toplayıb. Sosialistlər isə Ali Radada təmsil olunmaq üçün tələb edilən 3%-lik baryeri aşa bilməyərək, yeni parlamentdən kənarda qalıblar. İlk olaraq belə təsəvvür yaranır ki, səslərin bu formada paylanmasında təəccüblü heç nə yoxdur və ölkənin parçalanması haqda fikirlər Ukraynanı sevməyən qüvvələr tərəfindən ortaya atılmış şişirtmədən başqa bir şey deyil. Lakin məsələ toplanılan faizlərdə yox, qarşı-qarşıya dayanan siyasi qüvvələrin əsasən "öz regionları"ndan dəstək almasındadır. Son illər olduğu kimi, bu dəfə də "narıncılar"a Qərb və Mərkəz, "ağ-mavilər"ə isə Şərq və Cənub səs verdi.

Ötən parlament seçkisilə müqayisədə əhalinin siyasi fəallığının 5% aşağı düşməsi də diqqət çəkir. Yerli və əcnəbi müşahidəçilərin fikrincə, bununla seçicilər ilyarım əvvəl yol verdikləri səhvi təkrarlamadılar: o vaxt onların kiçik partiyalara verdikləri səslər faktiki it-bat oldu. Bu dəfə isə onlar artıq parlamentə düşmək şansı olan partiyalara səs verməyi lazım bildilər. Bu qeyri-sabit elektoratın böyük hissəsinin səsini Timoşenkonun tərəfdarları əldə etdi. Nəticədə, ötən seçkilə müqayisədə, YTB-yə verilən səslərin miqdarı təxminən 1,5 dəfə artdı və əslində, seçkinin əsl qalibi elə bu bloku saymaq olar. 

Baş nazir V.Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyası isə əvvəlki seçkidə olduğu kimi, yenə də finişə birinci çatdı və hətta ötəndəfəki nəticəni bir qədər də yaxşılaşdırdı. Amma YTB-nin kəskin şəkildə irəliləməsi, həmçinin "regionçular"ın müttəfiqi olan sosialistlərin parlamentə düşə bilməməsi, çox güman ki, Yanukoviçin müxalifətdə qalması ilə nəticələnəcək.

Siyasi analitiklər hələ seçkinin nəticələrini analiz etməkdə olsalar da, YTB-nin uğuru aşkardır. Bu uğuru kifayət qədər fəal və təsirli seçki kampaniyası ilə əlaqələndirilər və bu işdə də əsas rolu, şübhəsiz ki, Yuliya Timoşenko oynayıb. O, baş nazir postundan kənarlaşdırıldıqdan sonra, Ukraynanın yaşadığı problemlərə görə məsuliyyət daşımaması faktından yaxşı istifadə edə bildi. Seçki kampaniyası zamanı Timoşenko eyni kəskinliklə həm prezident Yuşşenkonu, həm də Yanukoviç və Regionlar Partiyasını tənqid edirdi. Bu tənqidlərin fonunda, Timoşenkonun istənilən seçicini ələ almaq məharəti ona seçkidə kifayət qədər xal qazanmağa imkan verdi.

Beləliklə, seçkilərdən sonra Ali Radada qüvvələr nisbəti belədir: Regionlar Partiyası - 176 deputat, YTB 156 deputat, "BU-XÖ" - 72 deputat, UKP - 27, Litvinin Bloku - 20 deputat. 

Yaradılacaq parlament çoxluğuna dair proqnozlar müxtəlifdir. Onların arasında ən realı isə YTB və "BU-XÖ" Blokunun iştirakı ilə "narıncı koalisiya"nın yaranacağı ehtimalıdır. Məsələ bundadır ki, onlar birlikdə parlamentdə 228 deputatla təmsil olunurlar, bu isə ümumilikdə 450 yerə malik Ali Radada çoxluq deməkdir. 

Amma təbii ki bu birliyin möhkəm olmadığı da ortadadır. Odur ki hakim koalisiyaya parlamentdə 20 deputatla təmil olunacaq Litvinin Blokunun da qoşulması ona əlavə möhkəmlik verərdi. 

Lakin unutmaq olmaz ki, hazırda Litvinlə, "narıncılar"la yanaşı, Regionlar Partiyası da danışıqlar aparır. Vaxtilə Ali Radanın spikeri olmuş Litvin təbii ki yenidən bu nüfuzlu və mötəbər vəzifəyə sahib çıxmaq istərdi. Lakin bu dəfə spiker postu çətin ki ona qismət olsun. Belə ki, "narıncı" çoxluq bu vəzifənin "BU-XÖ" Blokunun rəhbəri Lutsenkoya və ya prezidentin digər silahdaşlarından birinə həvalə olunmasını istəyir. 

Bundan başqa, Litvin hakim koalisiyaya qoşulmaq üçün bir sıra şərtlərini irəli sürür. O, vergi və gömrük orqanlarına rəhbərliyin, həmçinin bir neçə qubernator vəzifəsinin öz silahdaşlarına verilməsini istəyir. Bu isə çətin ki Yuliya Timoşenkonu qane etsin: Timoşenko ölkənin bütün iqtisadi postlarına öz adamlarını təyin etmək, prezidentin blokuna isə yalnız güc strukturlarını həvalə etmək fikrindədir. 

Odur ki "narıncı koalisiya"dakı potensial müttəfiqlər və tərəfdaşlar arasında "bazarlaşma" davam edir.

Digər versiyalardan biri Litvinin Bloku, Regionlar Partiyası və kommunistlərin birləşdiyi koalisiyadır ki, bu da nisbətən daha az real görünür. Məsələ ondadır ki, Yanukoviçin tərəfdarlarının gözündə Litvinin reputasiyası o qədər də yaxşı deyil. Onlar hesab edir ki, vaxtilə prezident kürsüsünün Yanukoviçə deyil, Yuşşenkoya qismət olmasında Litvinin birbaşa məsuliyyəti var. Çünki prezident seçkisinin ikinci turunun nəticələrinin ləğvinə məhz Litvin yol açmışdı.  

Digər tərəfdən, axı regionçularla birləşmək Litvinin nəyinə lazımdır? Nə üçün o buna getməlidir? Müxalifətdə oturaraq, Yuşşenko ilə Timoşenkonun gec-tez parçalanacağını gözləmək, sonra da kommunistlər, regionçular və prezidenti dəstəkləyən deputatların bir hissəsini özündə birləşdirən müvəqqəti hökumət qurmaq üçün? Axı belə olarsa, Timoşenkonun çağırışı ilə YTB-dən olan deputatların yenidən öz səlahiyyətlərini donduracağı və bununla da, təkrarən növbədənkənar seçkilərin keçiriləcəyi şübhə doğurmur. Seçkiqabağı kampaniya isə uzun marafondur və Litvinin Blokunun növbəti dəfə də Ali Radaya düşəcəyinə zəmanət yoxdur.

Bütün baş verənlərin fonunda prezident V.Yuşşenkonun durumu kifayət qədər çətindir. O, öz tərəfdarları qarşısında qoyduğu hədəfə - YTB-dən az səs toplamamaq - çata bilmədi. Nəticədə, prezident parlamentdə "BU-XÖ"dan iki dəfə çox mandat əldə etmiş Y.Timoşenkonun simasında yenidən müttəfiq-rəqib qazandı və istər-istəməz YTB ilə hesablaşmalıdır. Çünki 2005-ci ildə qüvvəyə minən konstitusiya dəyişikliyinə görə prezidentin baş naziri təyin etmək hüququ yoxdur. Artıq dövlət başçısı yalnız parlamentin dəstəklədiyi namizədin təyinatı məsələsinə baxa bilər. 

Bundan başqa, hökumətin qurulmasında prezidentin rolu böyük deyil və "kvotaya" əsasən, dövlət başçısı yalnız xarici işlər, müdafiə nazirləri, həmçinin Təhlükəsizlik Şurasının rəhbərini müəyyənləşdirə bilər. 

Konstitusiya Məhkəməsi də artıq prezidentin nəzarətindən çıxıb.

Yuliya Timoşenko isə yenidən hökumətə rəhbərlik etməyə çox yaxındır. Lakin onun bu postu tutacağı halda orada nə qədər qalacağı məlum deyil. Prezidentin əksər dostları və işgüzar tərəfdaşları Timoşenkonu bəyənmir və ondan qorxurlar. Onlar üçün Yanukoviç daha təhlükəsizdir. Regionçuların lideri "yad" olsa da, yola gətirilən və sözünün üstündə durandır. Hər halda o, baş nazir olduqdan sonra keçmiş rəqibləri ilə "məhvedici mübarizə" aparmayıb. Bu səbəbdən də Yuşşenko öz ətrafının təkidilə Regionlar Partiyası, "BU-XÖ" və YTB-nin iştirakı ilə geniş koalisiyanın yaradılması haqda danışır. Aydındır ki, belə koalisiyanın yaranacağı halda baş nazir siyasi yox, sadəcə texniki fiqura çevriləcək və bu postun Yanukoviç və ya Timoşenkoya yox, kompromis namizədə (məsələn, Azarova) həvalə edilməsi mümkündür.

Viktor Yuşşenko üçün parlament koalisiyası və hökumətin quruluşu yalnız hazırkı vəziyyətlə bağlı deyil, həmçinin ona yaxın biznes-maliyyə qruplarının maraqları, eyni zamanda ikinci müddətə prezident seçilməsi perspektivi baxımından vacibdir. Geniş koalisiyanın yaranması prezidentin səlahiyyətlərinin artırılması, həmçinin onun xalq tərəfindən yox, parlament vasitəsilə seçilməsi ilə əlaqədar qanunların Ali Radada qəbulunu təmin edə bilər. 

Lakin YTB Regionlar Partiyası ilə koalisiyanı yaxına belə buraxmır və bu halda radikal müxalifətə keçəcəyini bildirir. 

Üstəlik, prezidentin fraksiyasının üzvlərinin ən azı yarısı da Y.Timoşenkonun bu mövqeyini dəstəkləyir. 

Ona görə də Yuşşenkonun maraqları baxımından və hətta ölkədəki siyasi sabitlik naminə geniş koalisiya ideyası cəlbedici görünsə də, hazırkı şəraitdə onun reallaşması çox çətindir.

Bundan başqa, Yuşşenkoya gələcək prezidentlik kampaniyasında idarəedilməz və iddialı Yuliya Timoşenko ilə müqayisədə, Regionlar Partiyası ilə "işləmək" daha rahat olardı. Yanukoviçin uzun müddətə baş nazir postunu tutmasının müqabilində o və ya Rinat Axmetovun komandasından kimsə prezident seçkisində ölkənin Şərq və Cənubunda Yuşşenkoya böyük dəstək verilməsinə nail ola bilər. 

Lakin belə kombinasiya son dərəcə risklidir. Çünki seçicilər siyasi satqınlığı sevmir və bu halda Yuşşenko həm Ukraynanın qərbində, həm də şərqində dayaqlarını tamamilə itirə bilər. Buna misal kimi ötən il spiker postuna "narıncı maraqlar"ı satan və sonda parlamentə belə düşə bilməyən Aleksandr Morozun aqibətini göstərmək olar.

Beləliklə, Yuşşenko və silahdaşlarının "narıncı" koalisiyadan üz döndərməsi mümkün olmayacaq. Odur ki onların ümidi yalnız seçkiqabağı kampaniya zamanı böyük vədlər verən Yuliya Timoşenkonun vədlərinə əməl etmək məcburiyyəti ilə üzləşməsinə qalır. Timoşenkonun məhz həmin vədlərə görə seçkidə bu qədər səs topladığı şübhə doğurmur. Hər halda, seçki ərəfəsində seçicilərə hər şeyin qaydaya salınacağı haqda vəd verməklə, bunların reallıqda əksini tapması tamamilə fərqli məsələlərdir. Xatırladaq ki, YTB və "BU-XÖ" əhaliyə təxminən 40 milyard dollar pul "paylamağı" boyun olublar. Özü də bu vəsait büdcədə nəzərdə tutulmayıb və onun haradan tapılacağı böyük sual doğurur.

Ukraynada "narıncı koalisiya"nın qurulmasını Qərb-də də səbirsizliklə gözləyirlər. Onlar məhz bu halda Kiyevin NATO-ya qəbulu ilə bağlı rəsmi müraciətlə çıxış edəcəyini düşünürlər. Timoşenko hökumətinin çoxdan qarşısına hədəf kimi qoyduğu məsələ - Avropa İttifaqı ilə xüsusi münasibətlərin yaradılması məsələsinə də xüsusi diqqət ayıracağı gözlənilir.

Məhz bu məqamlar, xüsusilə NATO ilə əlaqə məsələsi Moskvada ciddi narahatlıq yaradır. Timoşenkonun Rusiya ilə sıx əməkdaşlığa nail olmaq fikrini açıqlamasına baxmayaraq, Moskva ona o qədər də inanmır. Rusiyanın əlində olan təzyiq rıçaqlarından istifadə etməsi də bunları bir daha təsdiqləyir. Hər halda, "Qazprom"un Ukraynanın aldığı qaza görə 1,3 milyard dollar borcunun olduğunu xatırlatmasını başqa cür anlamaq olmur. Bu bəyanatdan dərhal sonra Yanukoviç hökumətinin neft naziri Bayko Moskvaya səfər edərək, sanki məsələni yoluna qoydu. Amma istənilən halda, qış ərəfəsində qaz nəqlinin dayandırılacağı və ya "mavi yanacaq"ın qiymətinin "kəllə-çarxa" qalxacağı ilə bağlı təhlükədən heç kəs sığortalanmayıb. Hazırda qazın 1 min kubmetrinin qiyməti 130 dollardır. Gələn il bu rəqəmin 160 dollara yüksələcəyi gözlənilir. Qiymətin 180 dollara qalxacağı halda, Ukrayna sənayesinin qaz işlədən sahələri rentabelliyini itirəcək və fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. "Qaz şantajı"nın işə yaramayacağı təqdirdə isə digər iqtisadi təzyiq rıçaqlarından istifadə ediləcəyini, həmçinin viza məhdudiyyətlərinə əl atılacağını, ölkənin cənub-şərqində və Krımda separatizmin və regionçuluğun qızışdırılacağını gözləmək olar. Bu cür vəziyyətdə Kremlin hansı vasitələrə əl atması Gürcüstanın timsalında məlumdur. Odur ki bizə yalnız Kiyev və Moskvanın siyasi mübahisələrdə bir-birinə yaxın iki slavyan xalqlarının taleyinin ortada olduğunun unutmayacağına, Rusiya ilə Ukraynanın münasibətlərinin açıq qarşıdurma səviyyəsinə çatmayacağına inanmaq qalır.

Moskvanın Ukraynada keçirilən seçkilərə marağı yalnız inteqrasiya konteksti ilə məhdudlaşmır. Çünki Rusiyanın özündə də parlament seçkilərinə çox az vaxt qalır və iki seçki arasında müəyyən paralellərin aparılacağı qaçılmazdır. 

İlk baxışdan, Ukraynadan fərqli olaraq, Rusiyada (hətta ölkə prezidenti Vladimir Putinin "Vahid Rusiya"nın seçki siyahısına rəhbərlik etmək qərarından əvvəl də) hakim partiyanın seçkidə qələbə çalacağı çözülmüş məsələ sayılırdı. Amma ola bilsin ki, bu, sadəcə görünən üstünlükdür. Çünki Ukraynada vəziyyət kənardan xaos kimi görünsə də, bu ölkədə fəal siyasi proseslər yaşanır, Ukrayna iqtisadiyyatı isə "neft dopinqi" olmadan da inkişafdadır. Rusiyada isə "şaquli hakimiyyət və idarəolunan demokratiya"nın qurulmasından sonra siyasət tamamilə inzibatiləşib. Kənardan belə sistem möhkəm təsir bağışlasa da, əslində o, əlverişli neft qiymətləri konyukturuna və Vladimir Putinin şəxsi nüfuzuna əsaslanan zərif bir sistemdir.

Ukraynada keçirilən seçki və nəticədə yaradılacaq "narıncı" koalisiya Azərbaycan üçün də maraq kəsb edir. Bu ölkə Azərbaycanın vacib iqtisadi tərəfdaşına çevrilib, ölkələrimiz GUAM çərçivəsində siyasi baxımdan qarşılıqlı fəaliyyətdədir, həmçinin iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq inkişaf etdirilir ki, bu da Bakı üçün böyük əhəmiyyət daşıyır. Bakı ilə Kiyev NATO və Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin qurulmasında da əməkdaşlıq edir. Ölkələrimiz "Odessa-Brodı-Qdansk" neft kəməri kimi böyük layihəni reallaşdırmaq fikrindədirlər. Bu isə perspektivdə Ukrayna, Litva və Polşanın aldığı neft mənbələrinin diversifikasiyası və ARDNŞ-in bu ölkələrdə neft məhsullarının satışı şəbəkəsinə cəlb edilməsi deməkdir.

Son seçkidə Ukraynadakı Azərbaycan diasporunun nümayiş etdirdiyi fəallığı da qeyd etmək lazımdır. Diaspor üzvlərindən 5-i ölkənin müxtəlif blokları və siyasi partiyalarının seçki siyahısına daxil edilmişdi. Nəticədə Oleq Meydanoviç Babayev (o, heç vaxt Azərbaycanda yaşamayıb və əslən Kurskdandır) YTB-dən Ali Radanın deputatı seçildi. 

Daha bir azərbaycanlı - Eduard Zeynalov "BU-XÖ" Blokunun seçki siyahısında 76-cı yerdə qərarlaşmışdı. Bu, ondan yuxarıdakı namizədlərin bu və ya digər səbəbdən mandatından imtinası halında ona deputat olmaq imkanı yaradır. 

İstənilən halda, Ukrayna hökumətinin tərkibindən və ona rəhbərlik edəcək şəxsin kimliyindən asılı olmayaraq, Bakı ilə Kiyev arasında tərəfdaşlıq və əməkdaşlıq daha da inkişaf edir. Çünki iki ölkənin münasibətləri üst-üstə düşən milli maraqlar əsasında qurulur.



MƏSLƏHƏT GÖR:

367