
"QƏBƏLƏ TURİZMİ"
Amerika-Rusiya danışıqlarının hərbi iddialar və təhlükəsizliyə heç bir aidiyyəti yoxdur
Müəllif: Samir MİRZƏYEV Bakı
Sentyabrın ortaları, hƏtta bir il bundan əvvəldə ən anormal təxminlərdə təsəvvür belə oluna bilməyən bir hadisə ilə əlamətdar oldu: Amerika zabiti Rusiya fövqəlməxfi müdafiə sisteminin ən pünhan nöqtələrindən biri olan Qəbələ RLS ərazisinə qədəm qoydu. Rusiya ilə ABŞ arasında hərbi-siyasi qarşıdurmanın yeni yüksəliş mərhələsində Kremlin amerikalılara belə güzəştlərə getməyə hazır olması faktı sevindirici ola bilərdi... Bir yekə "əmma" olmasaydı. Əslində, elə əvvəldən bəlli olan son nəticədə amerikalı hərbçilərin bu radiolokasiya stansiyasına gəlişi sırf turist səciyyəli idi.
Axı hələ hərbi ekspertlər bu obyektlə tanış olmadan Vaşinqtonda yüksək səviyyəli məmurların Qəbələ RLS-in amerikalıların Çexiyada quraşdırmağı planlaşdırdıqları sistemi əvəz etməyə qadir olmaması barədə növbəti açıqlamalarından sonra bu səfəri başqa cür necə qiymətləndirmək olar? Amerikalılar, ən yaxşı halda, onu Şərqi Avropa raket əleyhinə müdafiə (RƏM) sisteminə əlavə kimi nəzərdən keçirə bilərlər. Bu isə Rusiyanı qane etmir və o, xarici işlər naziri Sergey Lavrov və onun müavini Sergey Kislyakın dililə növbəti dəfə bəyan etdi ki, Qəbələ RLS-dən birgə istifadə təklifi heç də bu obyektin amerikalıların Avropadakı RƏM sisteminə daxil olması demək deyil. Bunlar bir-birini istisna edən variantlardır.
Bununla belə, "Qəbələ turizmi" iki ölkənin xarici işlər və müdafiə nazirləri arasında 2+2 formulu əsasında danışıqların oktyabrın ortalarında Moskvada keçirilməsi nəzərdə tutulan növbəti raundu ərəfəsində baş tutub.
Görünür, sonda heç bir nəticə əldə edilməsə də, bir-birinə qonaq getmək tərəflərin xoşuna gəlib. Amerika raket əleyhinə müdafiə agentliyinin rəis müavini, briqada generalı Patrik O`Reyli bildirib ki, Kolorado, Alyaska və Kaliforniyadakı analoji RLS-lərlə tanış olmaq üçün Rusiya ekspertlərini ABŞ-a cavab səfərinə dəvət edib. "Gələn həftə bizdə raketlərin sınağı keçiriləcək və biz rusiyalı həmkarlarımızı müşahidəçi qismində dəvət etdik", - deyən amerikalı general onu da vurğulayıb ki, "Biz ballistik raketlərin mövcud və artmaqda olan təhlükəsinin qarşısının alınması məqsədilə qarşılıqlı səmərəli əməkdaşlıq imkanlarına inanırıq".
Ümid hələ də yaşayır?
Əslində, indi onu öldürmək tərəflərin heç birinə sərf etmir. Kremlin özünün, ilk baxışdan, son məqama dirənmiş təəssüratı bağışlayan mövqeyindən müəyyən siyasi imtiyazlar müqabilində çəkilməsinin dəfələrlə şahidi olmuşuq. Amma bu dəfə də belə bir şey mümkün olacaqmı?
Düzünə qalsa, Rusiya ilə ABŞ-ın RƏM məsələsində əməkdaşlığı üçün əsas maneə yalnız Kremlin böyük dövlətçilik ambisiyalarıdır. Kreml hesab edir ki, Amerika RƏM sisteminin üçüncü eşelonunun qurulması müstəsna olaraq Rusiyanın əleyhinə yönəldilib və onun... Qərb istiqamətində raket atəşi açmaq imkanlarına güclü zərbə endirir. Nə az, nə də çox!
Bir özünüz düşünün, axı əsasən müdafiə sistemi olan RƏM raket buraxılması barədə erkən xəbərdarlıq və onların havada olarkən məhvi üçün nəzərdə tutulub. Hətta amerikalıların biclik işlətdiklərini (bu, onlar üçün tamamilə təbiidir) və qitələrarası ballistik raketlərə sahib olduğunu hələ heç ən xoş yuxusuna belə gətirə bilməyən İrandan müdafiə olunmaqdan daha çox, Rusiya ərazisini izləmək niyyəti güddüklərini təxmin etsək belə, Moskvanın adekvat addımlar atması, məsələn, raketlərini Kubada yerləşdirməsi daha məntiqi olardı. Əminliklə demək olar ki, Fidel Kastro rejimi rusların raket əleyhinə sistemini can-başla qəbul edər və yerləşdirərdi. Həm də bu zaman bununla bağlı beynəlxalq müqavilələrə istinad hüquqi qüvvəyə malik olmayacaq, çünki amerikalılar özləri də hərbi sahədəki bütün razılaşma və müqavilələri artıq çoxdan və bilərəkdən pozurlar.
Moskvanın öz ballistik raketlərinin sayını artırması və onları incə şəkildə Qərbə istiqamətləndirməsi daha asan yoldur və Kreml də məhz belə edəcəyilə hədələyir. Belə olan halda, amerikalıların Polşada yerləşdimək fikrində olduqları 10 antiraket qoruduğu sahəyə yönələn tankı ov tüfəngi ilə durdurmaq fikrində olan bostan qoruqçusunu xatırladacaq.
Onu da demək lazımdır ki, bu qalmaqalda hər iki tərəfdən o qədər qeyri-səmimilik var ki, artıq hətta siyasi riyakarlıq müsabiqəsi elan etmək və əvvəlcədən iki qızıl medal hazırlamaq da olar.
Axı aydındır ki, bütün bu dirəşmələrin arxasında hərbi yox, müstəsna olaraq siyasi ambisiyalar dayanır. Hamı indiki böyük dövlətlərin nə bu gün, nə sabah, nə də gələcəkdə bir-birinə raket zərbələri endirmək fikrində olmadıqlarını çox gözəl dərk edir. Tarixin bu səhifəsi hələ keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərin əvvəllərində qapadılıb. O vaxt hamıya aydın oldu ki, Qərblə Rusiya arasında heç bir nüvə müharibəsi olmayacaq, çünki belə bir müharibədə qalibin olması fiziki baxımdan mümkünsüzdür. İndi bu fikir heç kimin ağlına belə gəlmir. Başqa şey düşünürlər: sürətlə silahlanma, ilk növbədə, iqtisadi savaşdır və kimin birinci, kimin isə ikinci olduğunu indi də, sonralar da məhz o müəyyənləşdirəcək. Bu, siyasi ambisiyalar savaşıdır, savaş naminə savaşdır və yeganə mütləq məqsədə çevrilərək, "düşmən dövlətini nüvə dalğası ilə məhv etmək" kimi xəstə təxəyyülləri artıq çoxdan əvəz edib. Problem ondadır ki, Rusiya hələ tam formalaşmayan psixikalı, qlobal, ümumbəşəri özünüeyniləşdirmə yolunda olan bir dövlətdir. SSRİ dağılandan sonra cəmi 16 yaşı olan bu dövlət həmin yaşlı böyüməkdə olan nəslin nümayəndələrinin yaşadıqları sarsıntıları keçirir, onlara xas olan natamamlıq, yekəxanalıq və özünütəsdiq istəkləri ona da xasdır. Amerikalılar da məhz onun bu zəif damarını məharətlə tutmaqla, Rusiyanı asanlıqla növbəti avantüraya - onun yenicə formalaşmağa başlayan iqtisadi skeletini dağıtmalı olan sürətlə silahlanmaya cəlb edirlər.
ABŞ ilə Rusiya arasında RƏM məsələsilə bağlı hələ də qalmaqda olan əməkdaşlıq imkanlarına qayı-darkən, qeyd etmək lazımdır ki, o, yalnız Kreml indiki mövqeyindən əl çəkdiyi halda reallığa çevrilə bilər.
Əməkdaşlıq o vaxt mümkündür ki, birincisi, Moskva amerikalıları öz planlarından imtinaya məcbur edə bilməyəcəyini aydın dərk edər və kənarda qalmaqdansa, müəyyən informasiyaya və cərəyan edən hadisələrə müəyyən təsir rıçaqlarına malik olmaq üçün bu yeni sistemə daha yaxın olmağa üstünlük verər.
İkincisi, Rusiya siyasətçilərində ayıq praqmatizm üstün gələrsə və onlar ölkənin uzunmüddətli sürətli silahlanmaya qoşulmaq üçün potensialı olmadığını, sonda bunun SSRİ kimi parçalanmaya məruz qalmaqla nəticələnə biləcəyini dərk edərlərsə. Axı tarix nə isə öyrətməlidir!
Üçüncüsü, Moskva ABŞ-Rusiya qarşıdurmasının yeni yüksəlişindən möhkəm narahat olan Avropa Birliyinin güclü dəstəyini əldə edə bilərsə.
Dördüncüsü, tərəflər elə bir qarşılıqlı məqbul ssenari barədə razılığa gələ bilsələr ki, bu zaman Rusiya istiblişmenti Avropada RƏM sistemilə bağlı indiki sərt mövqeyindən nə daxili, nə də xarici arenada pərt olmadan geri çəkilə bilsin, çünki qarşıdan gələn parlament və prezident seçkilərini nəzərə alaraq, bu, "putinçilər" üçün çox önəmlidir. Mümkündür, amma...
...İnanmaq olmur
Elə bircə ona görə ki, ABŞ administrasiyası və hərbi-sənaye kompleksi (HSK) bu oyuna ona görə başlamayıblar ki, Rusiyaya təhlükəyə sürükləyən yoldan belə asanlıqla çəkinməyə imkan versinlər. Üstəlik, rusiyalılar da çox gözəl dərk edirlər ki, bu önəmli məsələdə güzəştə getmək nüfuzun itirilməsinə və müvafiq olaraq, bütün siyasi cəbhələr boyu güzəştlərə gətirib çıxaracaq. Lakin Kreml bir sadə həqiqəti də dərk etməlidir: hazırkı mərhələdə Rusiya inkişaf baxımından onilliklərlə irəlidə olan ABŞ və bütövlükdə Qərbə qarşı heç bir parametrə görə duruş gətirə bilməz. Bu məsələdə təkcə karbohidrogenlərin köməyi kifayət etməz. O, mütləq yeni bir oyuna başlamalı, vaxt udmalı, bütün gücünü iqtisadiyyatın yüksəldilməsinə yönəltməlidir. Bir neçə onillikdən sonrakı siyasi oyunlarda bu, ən önəmli və ən güclü arqumentə çevriləcək. Qüdrətli iqtisadiyyata malik Rusiya bu gün itirdiyi mövqeləri sabah geri qaytarmaq iqtidarında olacaq (Kutuzovun 1812-ci il müharibəsində müvəqqəti geri çəkilməsilə analogiya aparmaq olar). Düzgün hesablanmış uzunmüddətli davranış strategiyası olarsa, heç nə - nə Avropaya bugünkü güzəştlər, nə qonşu dövlətlərdə, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərin itirilməsi Rusiyaya fövqəldövlət statusunu geri qaytarmağa mane ola bilməyəcək. Yalnız iqtisadi baxımdan çox güclü şəkildə möhkəmlənəndən, sivil, humanist və həqiqətən, demokratik dövlət imici qazanandan sonra Rusiya avtomatik şəkildə, elə böyük səy göstərmədən yenə dünya miqyaslı mərkəzlərdən, hətta qütblərdən birinə çevriləcək...
İndiki duruma gəldikdə, bir daha təkrar edirəm, bu sətirlərin müəllifi Moskva ilə Qərbin, RƏM də daxil olmaqla, bərabərhüquqlu əməkdaşlığının mümkünlüyünə o qədər də ümidli deyil. Siyasi baxımdan, bu, ilk növbədə, elə amerikalıların özləri üçün sərfəli deyil. Sabah belə bir şey baş verərsə, güman ki, müvəqqəti səciyyə daşıyacaq, məsələn, ASQMM və bir çox digər strateji razılaşmalarda olduğu kimi. Öz üstünlüyünü dərk edən Avropa və ABŞ Rusiyaya həmişə, bayağı ifadəmə görə üzr istəyirəm, "atıblar".
Yeri gəlmişkən, heç də təsadüfi deyil ki, lap bu günlərdə, amerikalılar Qəbələ RLS-də olandan dərhal sonra mətbuatda onların Gürcüstanda da antiraketlər quaşdırmaq fikrində olmaları barədə informasiya meydana çıxdı. Xəbər agentliklərinin bildirdiyinə görə, "keçən həftə Azərbaycanda Qəbələ RLS-dən istifadə imkanlarını araşdıran amerikalı mütəxəssislər" artıq bir neçə gündür ki, Gürcüstandadır. Gürcüstan KİV-lərinin versiyasına görə, indi ABŞ ekspertləri Acaırıstanda Qəbələ RLS tipli RLS inşa etmək imkanını araşdırırlar. "Qruzavianaviqasiya" xidmətinin başçısı Giorgi Karbelaşvili sentyabrın 25-də bu versiyanı nə təsdiq, nə də inkar etdi. "Mətbuatda amerikalılarla ABŞ RƏM elementlərinin Gürcüstanda yerləşdirilməsi, hansısa texnologiyaların quraşdırılması ilə bağlı aparılan danışıqlar barədə xəbərlər dolaşmaqdadır. Əlbəttə, amerikalı ekspertlərin gəlişi nə iləsə əlaqədardır və həftə ərzində amerikalılar Gürcüstanın avianaviqasiya imkanlarının genişləndirilməsi imkanlarını araşdırıblar", - deyən Karbelaşvili qeyd etdi ki, "Amerikalılar Batumidə aeronaviqasiya imkanlarının auditini keçirirlər və gördükləri onları valeh edib".
Belə bir informasiyanın nəticələrini çox gözləmək lazım gəlmədi. "Gürcüstan ərazisində ABŞ RƏM sistemi üçün RLS yerləşdirildiyi halda, o, Rusiyanın ölkənin Avropa hissəsində yerləşən strateji qüvvələrinə nəzarət üçün istifadə oluna bilər". Bu sözləri "İnterfaks" agentliyinə müsahibəsində raket əleyhinə müdafiə korpusunun keçmiş komandanı general-leytenant Nikolay Rodionov söylədi. General aydınlaşdırdı: "Şübhəsiz, belə bir stansiya ölkəmizin təhlükəsizliyi üçün təhlükə olacaq, çünki ondan ölkənin Avropa hissəsində yerləşən strateji raketlərin buraxılmasını izləmək mümkündür". Podionovun sözlərinə görə, ABŞ Gürcüstanda RLS tikmək qərarına gələrsə, yəqin ki, bu, çox yüksək dəqiqlikli - santimetrlik dalğalar diapazonunda işləyən stansiya olacaq. "Bu zaman radarın yanında istənilən tərəfə - həm İrana, həm də şimala, yəni Rusiya ərazisinə istiqamətlənən antenaların quraşdırılacağını istisna etmək olmaz", - deyə hərbi ekspert bildirib. O, ABŞ-ın Rusiya sərhədləri boyu radarlar tikilməsi praktikasını davam etdirəcəyini də istisna etmədi. "Bununla ABŞ ölkəmizin maraqlarına aşkar etinasızlıq nümayiş etdirir", - deyə Rodionov qeyd edib.
Təbii ki, ABŞ-ın Gürcüstandakı səfirliyi bu informasiyanı təkzib edərək bildirdi ki, amerikalıların Qəbələ və Gürcüstan missiyalarının ümumi heç nəyi yoxdur. Sentyabrın 26-da ABŞ səfirliyi bildirib: "Amerika eksperlərindən ibarət qrupun Avropada ABŞ raketdən müdafiə sistemi elementlərinin yerləşdirilməsinə aidiyyəti yoxdur". "Qruziya online" isə xəbər verir: "Bu, Batumi hava limanının texniki imkanlarının və təyyarələrin qəzasız enməsi zamanı onları qəbul etməyə nə dərəcədə hazır olmasının araşdırılması üçün nəzərdə tutulan səfər idi".
Lakin birincisi, amerikalıların birincidən sonra ikinci addımı da atacaqları istisna deyil və bəlkə də, bir müddət sonra biz, həqiqətən, yeni Rusiya-ABŞ qalmaqalından xəbər tutacağıq. Bəhanə isə ABŞ ilə Gürcüstanın sonuncunun ərazisində növbəti RLS tikmək, üstəlik, orada bir-iki Amerika bazası yerləşdirmək niyyəti barədə açıqlamaları olacaq. Bu gün hadisələrin göstərilən axarda inkişafını kim istisna edə bilər? Üstəlik, ABŞ Gürcüstanın NATO-ya qəbulu üçün fəal şəkildə lobbiçilik edir, Gürcüstan isə Rusiyanın acığına amerikalılarla hər cür hərbi əməkdaşlığa hazır olduğunu bildirir.
İkincisi, amerikalılar Kremlin Avropa RƏM sistemi məsələsində Kremlin yumşalması "təhlükəsilə" üzləşdikləri halda, Ağ ev, yəqin ki, yeni bir "manevr" edəcək ki, onun da yeganə məqsədi rusları yeni demarşlara, son nəticədə, sürətlə silahlanmaya təhrik etmək olacaq. Bunun təməlində isə ağılasığmaz, məsələn, "İranın ballistik raketlərinin təhlükəsi" (İran isə onları yaratmaqdan hələ Yer Marsdan uzaq olan qədər uzaqdır) kimi avamlığın dayandığı isə önəmli deyil. Əsas məsələ - son məqsəddir. Amerikalıların son məqsədi isə göz qabağındadır.
Lakin ümidimizi itirməyək, qoy o, axırıncı ölsün…
MƏSLƏHƏT GÖR: