
QƏBƏLƏ QAMBİTİ
Bu siyasi şahmat oyununda kim nəyi qurban verir?
Müəllif: Samir XÜRRƏMİ Bakı
ABŞ-ın raketdən müdafiə sistemlərinin (RMS) Şərqi Avropada yerləşdirilməsi məsələsi xeyli müddətdir ki, gündəmdən düşmür və yəqin ki, hələ uzun müddət düşməyəcək. Bununla yanaşı, Amerika ilə Rusiyanın Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə məsələsi fəal şəkildə müzakirə olunur. Lakin bunun mümkünlüyünə inananların sayı o qədər də çox deyil. Qəbələ RLS-dən birgə istifadəyə israr etməklə, ABŞ-ın Çexiya və Polşada RMS yerləşdirməsi planından imtinasına nail olmağa çalışan Kreml də, Moskvanın təklifinin sadəcə "siyasi qambit" olduğunu bilən, istənilən halda Şərqi Avropada RMS yerləşdirilməsi planından imtinanı düşünməyən Vaşinqton da sözügedən məsələnin reallaşacağına inanmır.
İki həftə əvvəl, yəni sentyabrın ilk günlərində Bakıda Azərbaycan, ABŞ və Rusiyadan olan ekspertlər arasında üçtərəfli görüş keçirilməli idi. Lakin müəyyən səbəblərdən ekspertlərin məsələni yerində müzakirə etməsi üçün keçiriləcək həmin görüş sentyabrın ortalarınadək təxirə salındı. Həmin vaxt üç ölkə ekspertlərinin Azərbaycanın 2012-ci ilədək Rusiyaya icarəyə verdiyi RLS-ə baş çəkməsi də nəzərdə tutulur. Bu, Rusiya ilə ABŞ prezidentlərinin Avstraliyada Asiya - Sakit Okean İqtsiadi Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində baş tutan son görüşündə də qeyd edilib.
Lakin bir neçə gün əvvəl Rusiyanın Parisdəki səfirliyində keçirilən ikitərəfli görüşdə Amerika Moskvaya RMS sahəsində əməkdaşlığa dair yeni təkliflər verib. ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik və silahların yayılmaması üzrə köməkçisi Con Xudun sözlərinə görə, görüşdə Rusiya ABŞ-ın irəli sürdüyü təklifləri öyrənməyə razılıq verib. Danışıqların növbəti raundu isə bu il oktyabrın 3-də Moskvada baş tutmalıdır. "Biz ayrı-ayrı komponentlərin necə ola biləcəyi haqda daha dəqiq müzakirələr aparmaq istərdik", - deyə müzakirələrin yekunu ilə bağlı bəyanatla çıxış edən Xud bildirib. Dövlət Departamentinin nümayəndəsi ölkəsinin Rusiyaya verdiyi təkliflərin nədən ibarət olduğunu açıqlamasa da, qeyd edib ki, Vaşinqton Moskvanın "RMS sahəsindəki imkanlarından istifadə etməyə və onları müdafiə sistemi ilə bağlı ümumi plana daxil etməyə hazırdır".
ABŞ-ın irəli sürdüyü yeni təkliflərin nədən ibarət olduğu açıqlanmasa da, Vaşinqtonun kompromis variant təklif etdiyini düşünmək olar: Avropada RMS istənilən halda yaradılır, lakin Rusiya RLS-i də ümumi müşahidə sisteminə qoşulur. Öz ərazilərinin yaxınlığında Amerikaya məxsus raketlərin olmasını qəti istəməyən və "Çexiya-Polşa planı"nın baş tutmaması üçün bütün imkanlarından istifadə edən Moskvanın bu təkliflə razılaşıb-razılaşmayacağı məlum deyil.
Situasiya kifayət qədər paradoksaldır. Bir yandan tərəflər Qəbələ RLS-dən məhz Moskvanın təklif etdiyi formada birgə istifadə şansının olmadığına əmindirlər və bunu bir neçə gün əvvəl Rusiyanın yüksək rütbəli hərbi məmuru da bir daha bəyan edib. Üstəlik, Amerikanın mövqeyi də tam aydındır. Digər tərəfdən, Rusiya Kosmik Ordusunun komandanı, general-polkovnik Vladimir Popovkinin də bəyan etdiyi kimi, əgər Moskva Qəbələni və ümumiyyətlə, ölkədən kənarda olan bütün RLS-ləri tərk etməyə hazırlaşırsa, onda müzakirələr nə haqda aparılır? Üstəlik, Rusiya tərəfi yaxın zamanlarda Armavirdə istifadəyə veriləcək RLS-in Qəbələdəki stansiyanı tam əvəzləyəcəyini, hətta daha güclü olacağını da bəyan edib. Yəni Qəbələ RLS-in vacibliyinin aradan qalxmaqda olduğu artıq bu gün məlumdur.
Bundan başqa, sözügedən stansiyanın əsas çatışmazlıqlarından biri onun İranın yaxınlığında yerləşməsidir. Yəni İran ərazisindən raket buraxılacağı təqdirdə, Qəbələ RLS onun uçuş istiqamətini çox qısa vaxtda müşahidə edə bilər. Bu baxımdan, Rusiyanın İrandan bir qədər aralıda yerləşən Armavir stansiyasından birgə istifadə haqda təklifi daha cəlbedici görünür. Amma ABŞ-ın Avropada RMS yerləşdirməkdən imtina etməyəcəyi təqdirdə, Moskva öz ərazisində yerləşən son dərəcə vacib, strateji və gizli obyektdən Vaşinqtonla birlikdə istifadəyə razılaşacaqmı?
Hər halda, danışıqlar davam edir
Danışıqların mənası nədir? Səbəb sadədir: tərəflər açıq qarşıdurmaya getmək istəmir və heç olmasa, "pis oyunda gözəl mina"nın görüntüsünü qoruyub saxlamaq istəyir. Başqa sözlə, ABŞ və Rusiya yeni silahlanma yarışına start verilməsi haqda açıq bəyanatlar səsləndirmək istəmir. Lakin tərəflər arasında siyasi qarşıdurma artıq xeyli müddətdir ki, bütün "cəbhəboyu" davam edir: enerji və RMS məsələsindən tutmuş, Kosovo münaqişəsinədək. İki ölkə arasında bu məsələlərdən heç birinə dair nəinki yekdil rəy yoxdur, hətta hansısa məqamda üst-üstə düşən fikirlər belə mövcud deyil.
Moskva üçün RMS-lə bağlı aparılan hazırkı danışıqlar müəy-yən məna daşıyır. Məqsəd isə heç də Vaşinqtonu fikrindən döndərmək deyil: bu ideyanın perspektivsizliyi hamıya məlumdur.
Birincisi, son illər "iqtisadi əzələlərini şişirdən" Moskva yaxşı anlayır ki, onun üçün hələ tammiqyaslı silahlanma yarışına start verməyin zamanı yetişməyib. Çün-ki Rusiya faktik olaraq buna hazır deyil və "yarış"a rəsmi start verilməsi ölkənin iqtisadi stabilliyinə zərbə olacaq.
İkincisi, Kreml danışıqlar kartından istifadə etməklə, ABŞ-la onun avropalı müttəfiqləri arasında nifaq salmağa çalışır: aydındır ki, Avropa ölkələri Rusiyanın raketlərini Köhnə Dünyaya istiqamətləndirməsindən məmnun ola bilməzlər.
Nəhayət, üçüncüsü, RMS kartından tədricən istifadə etmək lazımdır ki, seçkilər ərəfəsində "Qərb imperialistləri"nə biabırçı məğlubiyyət görüntüsü yaranmasın. Yəni ABŞ-la idarəolunan qarşıdurma Rusiyanın hakim elitasına əlavə xal toplamaq və ölkə daxilində reytinqini yüksəltmək imkanı verir.
Prosesdə Amerikanın mövqeyi də müəyyən qədər Moskvanın mövqeyinə oxşardır. Seçkiqabağı dövr yaşayan ABŞ da dialoq görüntüsü yaratmaqla ölkə daxilində, həm də nəzarətdən çıxmış Konqresin fonunda mövqelərini tamamilə itirməməyə çalışır. Bundan başqa, Ağ ev üçün Avropa dövlətlərinin narazılığı və NATO daxilində parçalanma heç də arzuolunan deyil.
Üstəlik, Rusiyanın qorxunc və güclənən Çinlə hərbi-siyasi müttəfiqliyə vadar edilməsinin nə mənası var? Məlumdur ki, Çin də Potomak sahillərindəki "qırğı"ların mövcudluğundan narazıdır.
Məhz bu səbəblərdən qarşılıqlı münasibətlərdə hətta artmaqda olsa belə, ümumilikdə süst sayılacaq gərginlik hər iki tərəfə sərf edir.
"Qəbələ çətiri" Bakıya gərəkdirmi?
Bakı, bəlkə də, özü istəmədən bu siyasi oyunların mərkəzinə düşüb və baş verənlər hakimiyyət üçün əlavə "başağrısı"ndan başqa bir şey deyil. Faktik olaraq, baş verənlər Azərbaycan hakimiyyətinin çətinliklə qurduğu balanslaşdırılmış siyasəti təhlükə altına salır. Özü də təhlükə Azərbaycanın bu və ya digər addımlarına birdən-birə üç tərəfin - Qərbin, Rusiyanın və İranın reaksiyasından doğur. Razılaşın ki, olduqca çətin dilemmadır.
Bu günədək Azərbaycan hər üç tərəfin maraqları ilə məharətlə oynayaraq imtahandan alnıaçıq çıxıb. Lakin əsas sınaq hələ qarşıdadır: o, Qəbələ RLS-in gələcək taleyinə aydınlıq gəldikdən sonra yaşanacaq.
Birinci variant. Rusiya ilə ABŞ Qəbələ RLS-dən birgə istifadəyə dair razılığa gəlir. Etiraf edək ki, bu, ən az ehtimal olunan variant olsa da, hər halda, hələ ki gündəmdən çıxmayıb. Amerika hərbçilərinin Azərbaycan ərazisinə gəlmək cəhdi açıq-aşkar İran əleyhinə yönəlib və Tehran buna olduqca sərt reaksiya verəcək. Düzdür, müəyyən mərhələdə Azərbaycan məhz Rusiyanın vasitəçiliyi hesabına İranla münasibətləri tam korlamaya bilər. Söhbət Moskvanın Qəbələ RLS-dən İrana qarşı istifadə olunmayacağına verə biləcəyi zəmanətdən gedir. Amma bu, yalnız ilkin mərhələdə mümkündür.
Məlumdur ki, Putinin amerikalıları İranın şimal sərhədinə dəvət etməsi Tehran tərəfindən sevinclə qarşılanmayıb. Lakin indiyədək Tehranın məsələyə sərt reaksiya verməməsi onunla bağlıdır ki, bu ölkə Moskva ilə Vaşinqtonun İrana qarşı hər hansı koalisiya yaratmasını qeyri-mümkün hesab edir. Amma bir daha təkarlayırıq ki, vəziyyət hələlik yalnız ilkin mərhələdə belədir. Bəs sonra nə olacaq? Sonrakı mərhələlərdə Tehranın necə mövqe tutacağı məlum deyil. Bəlkə o, Rusiya və Azərbaycanı "dostluğa xəyanət"də günahlandıracaq?
Bu situasiyada Azərbaycanın üzləşə biləcəyi ən minimal təhlükə İran-Naxçıvan sərhədlərinin bağ-lanması, bu regiona elektrik enerjisi verilişinin dayandırılması, iqtisadi blokada, eyni zamanda Ermənistana İranın dəstəyinin artırılması ola bilər. Bir daha qeyd edək ki, bu, ən minimumudur.
Tarix göstərib ki, Rusiya indiyədək dəfələrlə etdiyi kimi, strateji tərəfdaşını asanlıqla sata bilər. İran da bu "qara siyahı"da növbəti dövlət ola bilər...
İkinci variant. Bir müddətdən sonra Rusiya Qəbələni tərk edir və onu amerikalılar əvəz edir. Məlumdur ki, ruslar olmadan Qəbələ RLS sadəcə dəmir-beton parçasına çevriləcək. Çünki qurum məhz Rusiya texnologiyası üçün nəzərdə tutulub və onsuz RLS-in fəaliyyəti mümkün deyil. Bu o deməkdir ki, amerikalılara özlərinin stansiyaları və bazaları lazım gələcək. Bu isə mollakrat rejimi ilə açıq qarşıdurma olacaq və İran bunu Azərbaycana bağışlamayacaq.
Əlbəttə, bu halda ABŞ tərəfindən müəyyən iqtisadi və siyasi imtiyazlar əldə ediləcək, ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində də hansısa dəstək mümkündür (lakin fakt deyil - red.). Amma Rusiya və müsəlman dünyası ilə münasibətlərin pisləşməsi nəticəsində iqtisadi və siyasi itkilər heç də bundan az olmayacaq. Üstəlik, nəzərə alsaq ki, müsəlman dünyasının müəyyən dairələrinin terrorçuluğa meyli göz qabağındadır ...
Üçüncü variant. ABŞ ilə Rusiya razılığa gələ bilmir, Moskva tədricən Qəbələ RLS-dən imtina edərək qüvvələrini Armavirə çəkir. Amerikalı hərbçilərin Azərbaycana girməsi isə Bakının etirazı üzündən baş tutmur. Nəticədə Bakı Rusiya ilə siyasi münasibətdə tutarlı arqumentlərdən birini itirir.
Beləliklə, bir tərəfdən, sanki Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir. Digər tərəfdən isə, Bakı müəyyən iqtisadi-siyasi imtiyazlardan məhrum olur və getdikcə daha yüksək səviyyəyə qalxan enerji layihələri fonunda, Azərbaycana qarşı təhlükələr daha da artır. Çünki artıq bundan sonra Azərbaycanın bütün addımları Rusiyada daha böyük qısqanclıqla qarşılanacaq.
Fikrimizcə, Azərbaycan üçün sonuncu variant daha qəbulolunandır. Amma ilk variantda da müsbət məqamlar var. Çünki həmin halda Azərbaycanın əhəmiyyəti həm Rusiya, həm də Qərb üçün artmış olacaq. Unutmayaq ki, Moskva Qəbələ RLS-dən birgə istifadəni yalnız ABŞ-ın Avropada RMS yerləşdirmə planından imtina edəcəyi halda mümkün sayır.
Amma hər halda, Moskva öz tələblərindən əl çəkərək Vaşinqton ilə əməkdaşlığa gedərsə, Azərbaycanın iki nəhəng dövlətin köməyilə Ermənistanı işğal olunmuş torpaqları qaytarmağa "razı salmaq" üçün yaxşı şansı yaranacaq. Çünki Avropada RMS yerləşdirilməsi və ABŞ-la qarşıdurmanın aradan qaldırılması ilə müqayisədə, Rusiya üçün Ermənistanla tərəfdaşlıq o qədər də vacib məsələ deyil.
Amma bir daha qeyd etmək istərdim ki, birinci variantın baş tutması ehtimalı çox azdır.
Latış təcrübəsi bizə də uyğun gəlir
Beləliklə, hazırkı mərhələ Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və rəsmi Bakı hər hərəkəti, sözü və addımında diqqətli olmalıdır. Çünki lazımi vəziyyətdə məharətli oyun qurulsa, fövqəldövlətlərin maraqları arasında balans qurmaqla daha çox xeyir əldə etmək olar, nəinki onlardan birinin tərəfinə "əyilməklə"... Amma bu, ən çətin və təhlükəli yoldur və burada əsasən yalnız öz gücünə arxalanmaq lazım gəlir. Oyunun ABŞ, Rusiya və İran kimi müxtəlif, bir-birinə tamamilə zidd ölkələrlə, həm də qlobal məsələlərlə bağlı oynandığı zaman təhlükəlilik dərəcəsi daha da artır.
Əlbəttə ki, daha bir yol da var: Gürcüstanın seçdiyi yolla getmək, ABŞ-a tam şəkildə yaxınlaşmaq, öz ərazilərində ona kart-blanş vermək və siyasi-hərbi təhlükəsizlik sahəsində Vaşinqtonun həm bizim, həm də özünün maraqlarının təmin edilməsi ilə məşğul olmasına şərait yaratmaq.
Amma bu zaman Rusiya və İranla dostluq münasibətlərinin pozulması və nəticədə yaranacaq siyasi və iqtisadi fəsadlarla üzləşəcəyimiz şübhəsizdir.
Bir sözlə, Azərbaycanın itirə biləcəyi çox şey var...
Sonda onu da qeyd etmək lazımdır ki, tarixin müəyyən dövründə Azərbaycan Qəbələ RLS-dən siyasi və iqtisadi üstünlüklər əldə edə bilib. Hazırda da belə bir imkan yaranıb. Lakin artıq "Qəbələ qambit"i özünün məntiqi sonluğuna yaxınlaşır və qalan müddət ərzində bir tərəfdən səhvə yol verməmək, digər yandan isə ondan maksimum yararlanmaq lazımdır.
Məncə, biz Qəbələ RLS-dən latışların SSRİ-nin dağılmasından sonra istifadə etdikləri kimi yararlansaq, gələcək nəsil bizdən narazı qalmayacaq. Stansiyanın ləğv edilməsi onun mövcudluğu zamanı qazandığımız yaxşılıqların ən yaxşısı olardı...
MƏSLƏHƏT GÖR: