
FAŞİZM, ERMƏNİÇİLİK VƏ YƏHUDİLƏRİN SOYQIRIMI
Erməni quldur dəstələrinin yəhudilərin planlı şəkildə qırılmasında əli olduğuna dair faktlar aşkarlanıb
Müəllif: Rövşən MUSTAFAYEV, siyasi elmlər doktoru, professor Bakı
Erməni etnokorporasiyası dünyanın ən müxtəlif xalqlarına qarşı etdiyi bütün cinayətlər arasında indiyədək yalnız birini tamamilə ört-basdır edə bilmişdi - yəhudilərin kütləvi şəkildə məhv edilməsini. İki əsrdən sonra ermənilərin qədim yəhudilərə qarşı fitnələrinin nədən başlandığını, hətta təxmin etmək belə çətindir: bu məsələni aydınlaşdıra bilən mühüm sənədlər əlçatmaz arxivlərdə saxlanılır.
Bununla belə, arami versiyalı tarix aşkar kleptomaniya simptomlu iki erməninin adlarını qoruyub-saxlayıb: Qriqori Vartapet və Karapet Dionisi. Onları elə belə də adlandırırdılar. Təxminən, XIX əsrin əvvəllərində yaşamış bu iki işbaz erməni qriqorianlığı Ön Asiya ölkələrində amerikalı missionerlərin kifayət qədər yaxşı maliyyələşdirdikləri protestantlığa bir göz qırpımında dəyişdilər. Yəqin ki, bu şübhəli Karapetlə Vartapeti öz davamçıları sırasında görsəydilər, Martin Lüterlə Jan Kalvinin goru çatlayardı. Həqiqətən, o vaxt kimin ağlına gələrdi ki, söhbət İsa yolunda və onun naminə ciddi "cəfa çəkən" erməni "əzabkeşlər"indən gedəcək!
"Gənc protestantlar"ın məqsədi çox təhlükəli, hətta iblisanə idi: Qüdsdə İsanın qəbrini türklərdən xilas etmək (?). O vaxta qədər bu qəbir üçün heç bir təhlükə olmaması isə Vartapetlə Karapeti tamamilə maraqlandırmırdı. Əsas məsələ qlobal bir təhlükə uyduraraq, özlərini xristianlığın müqəddəs əşyalarının kafirlər - yəhudilər və müsəlmanlardan xilaskarları qismində təqdim etmək idi. Layihənin gerçəkləşdirilməsinə dair ən müxtəlif variantlar, hətta İsanın qəbrinin oğurlanaraq, okeanın o tayına - Amerikaya aparılması da müzakirə edilirdi. Aydındır ki, müqəddəs torpağın mömin sakinləri - yəhudilər, müsəlmanlar və ilkin xristianlar bu qəddar niyyətin gerçəkləşməsinə imkan vermədilər. Bir sözlə, onlar başabəla protestantlar- Vartapetlə Karapeti qovdular və onların nəyə görə "əzab çəkdikləri" qaranlıq qaldı.
Ermənilərin yəhudilərə qarşı elan olunmamış müharibəsinə dair başqa faktlar da var.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun 1918-ci ildə yəhudilərin erməni quldur dəstələri tərəfindən kütləvi qırğını barədə bu yaxınlarda aşkar etdiyi faktlar böyük ictimai əks-səda doğurdu. İnstitutun bu hadisələrlə bağlı 2006-cı ilin aprel ayında göndərdiyi sorğuya Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri cənab İhiilov Semyon Borisoviçdən rəsmi məktub alınıb.
AMEA İnsan Haqları İnstitutunun direktoru,
İnsan Haqları Üzrə Beynəlxalq Elmi Şuranın sədri,
professor R.F.Mustafayevə
Hörmətli cənab Rövşən Mustafayev!
Azərbaycan tarixinin faciəli və kədərli səhifələrini vərəqləyərkən və araşdırarkən hər dəfə belə bir faktla üzləşirik ki, azərbaycanlı qardaş və bacılarımızla yanaşı, yəhudi icmasının da nümayəndələri birgə Vətənimizi qəsb etməyə can atan düşmənlərimizin qurbanına çevrilirdilər. Mən 1918-1919-cu illərdə Azərbaycan xalqına qarşı soyqırım zamanı yəhudilərin də kütləvi qırğınına dair əvvəllər geniş ictimaiyyətə məlum olmayan faktları hələ 1980-ci illərdə aşkar etmişdim. Şahid xatirələri və ayrı-ayrı sənədli faktlara görə, azərbaycanlılarla yanaşı, 3 000 nəfərə qədər yəhudi də həlak olmuşdu.
İndiyə qədər 81 nəfər günahsız öldürülən yəhudinin adını sənədlərlə müəyyənləşdirmək mümkün olub. Hər il martın 31-i - 1918-1919-cu illərdə Azərbaycan xalqının soyqırımının xatirə günü biz öldürülən yəhudi uşaq, qadın və kişilərinin də ruhu üçün dualar oxuyuruq.
Hazırda birgə Vətənimizin - Azərbaycanın başqa yerlərində də kütləvi məzarlıqların aşkarlanması və həlak olanların adlarının müəyyənləşdirilməsi üçün işləri davam etdiririk.
Məktuba "qansızların əlilə 19 iyar 5679-cu ildə Quba şəhərində qətlə yetirilən" mülki yəhudi əhalisi nümayəndələrinin siyahısı əlavə edilib. Məktub arami dilindən tərcümə olunduqdan, qurbanların siyahısı olan mətnlər, həmçinin onların xatirəsi üçün səsləndirilən Xaşkavot duası identifikasiya edildikdən dərhal sonra institutda aşağıdakı tərkibdə ekspert komissiyası yaradıldı: millət vəkili Yevdo Abramov, AMEA İHİ direktorunun müavinləri Araz Qurbanov və Musa Musayev, tarixçi Moşe Bekker, İnsan Haqları üzrə Beynəlxalq Elmi Şuranın komissarı Rəşad Rzaquliyev, AMEA İHİ elmi katibi Nüşabə Əşrəfova, jurnalist, dağ yəhudiləri icması sədrinin müavini Semyon Şalmeyev. Sinaqoqların arxivlərində və qohumları 1918-ci ilin həmin qanlı günlərində cövlan edən ermənilərin qurbanı olmuş dağ yəhudilərindən instituta daxil olan çoxsaylı müraciətlər üzərində çox ağır bir iş başlandı.
Erməni quldur dəstələri tərəfindən mülki əhalinin kütləvi qırğın faktlarının araşdırılması üzrə ilk Azərbaycan Respublikası dövründə yaradılan Fövqəladə Komissiyanın protokollarında günahsız öldürülən daha bir neçə yəhudinin adını tapdıq. Bütün siyahılarda həlak olmuş uşaq, qadın və qocaların adları var. Yevdo Abramov fərdi pensiyaçı Yakov İlyiç Abramovun şəxsi arxivində yəhudilər arasında qurbanlar barədə yeni məlumatlar aşkarladı. Bu kağızları kommunist rejimi dönəmində qoruyub-saxlaya bilmiş Y.İ.Abramov nə vaxtsa həqiqəti öz xalqına çatdıracağına, günahsız qurbanların adlarının kədər və yaddaş xatirə lövhəsinə yaza biləcəyinə ümidini itirmirdi.
Amazaspın erməni quldur dəstələrinin yəhudiləri kütləvi şəkildə qətlə yetirdikləri yer Şimi çökəkliyi idi: insanları dəstə-dəstə bura gətirir, onları dəhşətli təhqir və işgəncələrə məruz qoyur - qızları və uşaqları zorlayır, qocaların, yeniyetmələrin burunlarını və qulaqlarını kəsir və sonra öldürürdülər. Meyitləri elə burada - Şimi çökəkliyində atıb gedirdilər...
İnstituta Bakı şəhərinin yəhudi ziyalılarından, Quba rayonunun yəhudi sakinlərindən daxil olan məktublarda tarixi həqiqəti bərpa etməyə can atdığımıza, "günah"ları yalnız erməni olmamaları olan insanların adlarının xatirələrdə yaşadılmasına çalışdığımıza görə bizə minnətdarlıq və ürəkağrısı var. Məşhur fotojurnalist Semyon Şalmeyevin məktubunda onun babasının - Qubanı erməni quldur dəstələrindən müdafiə edənlərdən biri olmuş Asaf Şalmeyevin taleyindən danışılır. Məktubda qeyd edilir: "Sovet hakimiyyəti orqanlarında yüksək vəzifələr tutmuş erməni millətçilərinin intiqamından ehtiyatlanan Asaf Şalmeyev Qubanı tərk etmək və doğma qəsəbəsinin müdafiəsində iştirakını ömrünün axırına qədər gizlətmək məcburiyyətində qalıb. Babamın ehtiyat etməsi üçün əsas da var idi. Müdafiə döyüşlərinin iştirakçısı olanlardan birini daşnaklar öz evindəcə diri-diri yandırmışdılar. Qocaların xatırladığına görə, həmin əzabkeş yəhudinin adı İosif idi". Qubada yaşayan Dağ Yəhudiləri İcmasının sədri, respublikada böyük nüfuz və hörmət sahibi olan Boris Semanduyevin məktubunda bütün dünya yəhudilərinə 1918-1919-cu illərdə yəhudi soyqırımı faktlarını pisləmək çağırışı ünvanlanıb: "Dağ yəhudiləri erməni quldur dəstələrinin Qafqazın başqa xalqlarına qarşı törətdikləri çoxsaylı cinayətləri də pisləyirlər". Bizə o dövrün faciəvi hadisələrinə həsr olunmuş xüsusi elmi sessiya təşkil olunması barədə də çoxsaylı xahişlər də ünvanlanır. Sessiyanın ilk toplantısı 21 aprel 2006-cı ildə AMEA İHİ-də keçirilib. Forumun nəticələrinə görə, onun iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevə məktubun mətnini qəbul ediblər. Məktuba əlavə olunan 28.04.2006-cı il tarixli rəsmi sənəddə "Azərbaycan yəhudiləri" Dini İcmasının ravvini Meir Bruk yazır: "Ümumdünya Yəhudi Konqresinin rəhbərliyinə. Bu məktubla Dağ Yəhudiləri İcmasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanda yaşayan xalqlara qarşı Azərbaycan ərazisində erməni quldur dəstələri tərəfindən 1918-1919-cu illərdə törədilən soyqırımın qurbanı olmuş yəhudilərin xatirəsinin əbədiləşdirilməsi barədə 21 aprel 2006-cı il tarixli müraciəti göndərilir. Bu materialı nəzərə almağınızı xahiş edirəm". Daha sonra Azərbaycanın yəhudi icmasının nümayəndələrinin AMEA İnsan Haqları İnstitutundakı toplantısında qəbul olunan məktubun mətni açıqlanır.
Azərbaycan Respublikasının Prezidenti,
Əlahəzrət İlham Heydər oğlu Əliyevə
Möhtərəm cənab Prezident!
Azərbaycanda yəhudi icmasının tarixi Azərbaycan xalqının tarixilə sıx bağlıdır. Biz dövlətimizin taleyinə düşən bütün sevinc və kədəri bərabər bölüşürük.
Bu gün Azərbaycanın yəhudi icmasının 30 mindən çox üzvü var. Bu, yəhudilərin Qafqazda ən böyük icmasıdır. Möhtərəm cənab Prezident, mədəni və dini ənənələrimizin inkişaf etdirilməsi və qorunub- saxlanması üçün malik olduğumuz geniş imkanlara görə Sizə hər birimiz adından minnətdarlığımızı bildiririk.
Yəhudilərin Azərbaycandakı həyatını araşdırarkən 1918-1919-cu illərdə Azərbaycan xalqına qarşı törədilən və 1939-1945-ci illərin Xolokosta yol açan soyqırım zamanı yəhudilərin kütləvi qırğınına dair əvvəllər məlum olmayan faktlar aşkarlamışıq. Sənədlərə və şahid ifadələrinə görə, azərbaycanlılarla yanaşı, erməni quldur dəstələrinin əlilə 3 000 nəfərə qədər yəhudi də qətlə yetirilib.
Hazırda AMEA İnsan Haqları İnstitutunun fəal yardımı sayəsində etnik qətllərin qurbanı olmuş yəhudilərin adlarının müəyyənləşdirilməsi üzrə ciddi iş aparılır. Hər il martın 31-i - 1918-1919-cu illərdə Azərbaycan xalqının soyqırımının xatirə günü biz öldürülən yəhudi uşaq, qadın və kişilərinin də ruhu üçün dualar oxuyuruq.
Hazırda birgə Vətənimizin - Azərbaycanın başqa yerlərində də kütləvi məzarlıqların aşkarlanması və həlak olanların adlarının müəyyənləşdirilməsi üçün işləri davam etdiririk.
Möhtərəm cənab Prezident! Azərbaycan xalqının yüksək tolerantlığını unutmayaraq və yəhudilər üçün müqəddəs olan "Heç kim və heç nə unudulmur" prinsipindən çıxış edərək, müvafiq dövlət strukturlarına tarixi həqiqətlərin bərpasında bizə yardımçı olmaları barədə göstəriş və günahsız qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi üçün Quba rayonunda stela quraşdırılmasına icazə verməyinizi xahiş edirik.
Azərbaycanın yəhudi icması adından bu müraciəti Dağ Yəhudiləri İcmasının sədri İhiilov Semyon Borisoviç, Milli Məclisin deputatı Abramov Yevdo Sosunoviç, Avropa Yəhudiləri İcmasının nümayəndəsi Bekker Moisey Vladimiroviç, Dağ Yəhudiləri İcmasının İdarə Heyətinin üzvü Şalmeyev Semyon Qriqoryeviç və Dağ Yəhudiləri İcmasının digər görkəmli fəalları imzalayıblar.
II Dünya müharibəsi dövrünə aid arxiv materialları erməni etnokorporasiyasının (ilk növbədə, erməni beynəlxalq terror təşkilatı "daşnaksütun"un) hitlerçi rejimlə fəal əməkdaşlığına dəlalət edən şəhadətnamələr var. Avstriyalı tədqiqatçı E.Fayqlın fikrincə, erməni cəza dəstələrinin fahistlər tərəfində çıxış etməsi, "şübhəsiz, yəhudiləri məhv etmək məqsədi güdürdü".
Digər bir tədqiqatçının - S.Uimsin məlumatına görə, Üçüncü Reyxin yəhudilər və polyakların məhv edilməsi siyasətinin həyata keçirilməsində ermənilərin 50-dən artıq nümayəndəsi (əsasən, peşəkar qatillər, qarətçilər, fırıldaqçılar, kriminal aləmin nümayəndələri) iştirak edirdi.
Ermənilərin faşist komandanlığının xüsusi cəza və təxribat dəstələrinə cəlb olunması sistemi hələ II Dünya müharibəsindən əvvəl formalaşmağa başlamışdı. L.Sergeyevə görə, gələcək SS qruppenfüreri və gestaponun (gizli dövlət polisi) rəisi Henrix Müller erməni beynəlxalq terror təşkilatı "daşnaksütun"un üzvləri və fəallarından agentura şəbəkəsi yaratmaq məqsədilə Bakıya səfər etmişdi. O, Azərbaycan paytaxtında 17 oktyabr 1938-ci ildə "Krup və Ko" şirkətinin - müharibə illərində ölüm düşərgələri şəbəkəsinə malik olan və Nürnberq prosesində dünya və bəşəriyyətə qarşı cinayət törətməkdə təqsirli bilinən şirkətin - mütəxəssislərindən ibarət nümayəndə heyətinin tərkibində "mühəndis Krauze" adı altında olmuşdu.
Berlinə qayıdan H.Müller bilavasitə rəisi H.Himlerə hesabat vermişdi: "Bakıya səfərimdən sonra deyə bilərəm ki, "daşnaksütun" millətçi təşkilatından olan agentlərimizin bütün məlumatları təsdiqini tapır". Arxivlərdə "mühəndis Krauze"nin "daşnaksütun"un sadəcə nəzarət etdiyi yox, həm də kadr baxımından, demək olar ki, bu təşkilatın peşəkar qatil və kriminal aləmin üzvü olan üzvlərindən ibarət DTK-nın (o vaxt NKVD - müəl.) yerli şöbəsinin "aşkar himayə etdiyi" yerli erməni terrorçuları ilə görüşləri barədə məlumatlar da qalmaqdadır. Yeri gəlmişkən, keçən əsrin 30-cu illərində azərbaycanlı, yəhudi, gürcü ziyalılarına qarşı kütləvi repressiyaları Stalin hakimiyyətinin bayrağı altında elə məhz həmin idarə yerinə yetirirdi.
Kommunist sözçülüyü ilə pərdələnərək, dəyişməkdə olan geosiyasi durumu nəzərə alan ermənilər dünya arenasında get-gedə güclənməkdə olan hitlerçi hökumətlə ittifaq bağlamaq üçün tələsik yollar axtarmağa başladılar. H.Müllerin "daşnaksütun" erməni terror təşkilatına marağı onlar üçün reyxin düz özəyinə birbaşa yol açırdı. Nasistlər qarşısında kölə kimi quyruq bulayan erməni nümayəndələri yüksək rütbəli hitlerçiləri sadiq olduqlarına və yəhudilərə nifrət etdiklərinə inandırmaq üçün and içməyə belə hazır idilər.
Sənədlərə əsasən, Bakıda olarkən H.Müller və onun iki əməkdaşı Şarlottenburqda Türkiyənin görkəmli ictimai xadimi Tələt paşanın qətlinə görə həbs olunmuş Soqomon Tehliryanın yaxın qohumları ilə görüşüblər. Yeri gəlmişkən, Almaniya gizli polisinin dəstəyi və kommunist rejiminin rəhbərlərindən biri, "daşnaksütun" partiyasının üzvü Anastas Mikoyanın köməyilə S.Tehliryan həbsxanadan azad edilmiş (Berlin məhkəməsi gözlənilmədən ona bəraət vermişdi) və... Sovet İttifaqına deportasiya olunmuşdu. S.Tehliryanın dosyesinin materiallarından görünür ki, gestaponu Bakıdakı qohumu, erməni beynəlxalq terror təşkilatı "daşnaksütun"un fəalı Serjik Movsesyana calayan da elə məhz o olmuşdu. S.Movsesyan bu görüşdən əvvəl artıq qətllər və terror aktları silsiləsinin iştirakçısı olduğundan, onun "xidmətləri" "mühəndis Krauzeni" tamamilə qane etmişdi. Bu adam isə müharibənin axırlarında belə bir açıqlama vermişdi: "Mənim idarəmin rəhbərliyi altında və iştirakı ilə həbsxanalarda, həbs düşərgələrində və aynzatsqruplar tərəfindən 6 milyon yəhudi, 5,7 milyon hərbi əsir, SSRİ-dən 3,3 milyon həbs düşərgəsi sakini, SSRİ ərazisində 700-800 min adam məhv edilib".
Hitlerçi və daşnakmənşəli qatillərin 1938-ci ildə baş tutan görüşü gestaponun gələcək şefi H.Müllerdə unudulmaz təəssürat doğurdu və onda belə bir əminlik yaratdı ki, bütün Qafqazda erməni beynəlxalq terror təşkilatının üzvlərindən yaxşı agentura tapmaq mümkün deyil.
Səciyyəvidir ki, Almaniyanın faşist rejiminə sığınan erməni ideoloqlarından birinin - Berlin Universitetinin professoru Artaşes Abegyanın nasistlərin "Volkscher Beobachter" adlı rəsmi qəzetində məqalə ilə çıxış etməsi də bu dövrə təsadüf edir. Almaniyanın hitlerçi hökumətinin "irqi zövq"ünə uyğun olaraq, məqalədə "ermənilərin hind-Avropa mənşəli" olmaları və bununla əlaqədar, semitlərə barışmaz münasibət bəslədikləri sübuta yetirilirdi. "Daşnaksütun" üzvü, Reyxin 6-cı təhlükəsizlik idarəsinin agenti Ohanes Dəvəcyanın sözlərilə desək, bu qəbildən olan materiallar nasist rejiminin elitasını ermənilərin nümayəndələrini əməkdaşlığa daha fəal şəkildə cəlb etməyə inandırmaq məqsədi güdürdü. A.Asatryanın Almaniyada çap olunan kitabı da eyni ruhda yazılmışdı. Kitabda Adolf Hitlerin simasında ari irqinin üstünlüyü təbliğ edilir, guya ermənilərin də bu irqin bir qolu olduqları təbliğ edilirdi. Müəllif "alman-erməni" ittifaqı formulunda israrlıdır və xəstə təxəyyülündən çıxış edərək, onun bəşəriyyətin inkişaf tarixinə aydınlıq gətirə biləcəyini iddia edir.
Bu qəbildən olan kvazietnososial sxemlərin inandırıcı olması və gerçəkləşdirilməsi məqsədilə erməni beynəlxalq terror təşkilatı "Daşnaksütün"ün Bolqarıstan ərazisində xüsusi hərbi kurs keçmiş 40 üzvü könüllü şəkildə Reyxə qoşuldu və faşist bayrağı altında yəhudilər və qaraçılara - "alman xalqının qanını içən oğru və tənbəllərə" qarşı repressiyalarda iştirak etdilər. O dövrdə erməni millətçiliyinin carçısı uşaq, qadın və qocaların qatili Qaregin Ter-Arutunyanın (quldur təxəllüsü Njde) Bolqarıstanda yaratdığı "Tseqakron" (hərfi tərcüməsi - "irq qarşısında səcdə... erməni gerçəkliyinin faşizmi") təşkilatı oldu. Yəhudilərdən təcrid olunmaq üçün bütün tədbirləri də elə məhz Njde görmüşdü: o, "antropoloq və tarixçilərin şəhadətlərini nümunə gətirir, təki erməniləri semit elan etməsinlər". Bunun üçün Njde Almaniyanın məşhur alimləri və nasist rəhbərliyilə fəal şəkildə əlaqələr qurur.
Ermənilərin faşist rejimilə əlaqələr qurmaq səyləri öz bəhrəsini verdi. İrəvan Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin materiallarına görə, müharibə əvvəli üçün A.Hitlerə gestaponun şefi H.Müller və gələcək işğal olunmuş şərq əraziləri naziri Alfred Rozenberq tərəfindən hazırlanmış arayış təqdim edildi və orada "guya ermənilərin ari mənşəli olmaları və bərabərhüquqlu müttəfiq kimi tanınmalarının zəruriliyi etiraf edilirdi". A.Hitler onun üzərinə bir gün sonra dərkənar qoydu və həmin andan etibarən ermənilər "ari qaçqınları" (?) adlandırılan kateqoriyaya aid edilir və müvafiq sənədlər alırdılar. II Dünya müharibəsinin başlaması ərəfəsində "alman Reyxinə, təxminən, 27 000 erməni qulluq edirdi ki, bunlardan 3 000 nəfəri SS və almanların "Abver" kəşfiyyat xidmətində idilər".
MƏSLƏHƏT GÖR: