
DÜŞMƏNLƏRİN ACIĞINA DOSTLARI SEVİNDİRMƏK
Ədalət və inkişaf partiyası Türkiyədə sabitlik və inkişafı təmin etmək gücündədir
Müəllif: Rasim MusabƏyov, politoloq Bakı
Belə təsəvvür yaranır ki, Türkiyədəki növbədənkənar parlament seçkilərindən sonra ölkədəki siyasi böhran aradan qaldırılıb. Seçicilər Rəcəb Tayyip Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasına (ƏİP) dəstəyi nəinki bir daha təsdiqlədilər, hətta daha da artırdılar. Son illər ərzində ilk dəfə olaraq hakim partiya seçkilərdə bu cür inamlı qələbə qazanaraq, seçicilərin az qala yarısının səsini alır.
ƏİP bir daha sübut etdi ki, onun Türkiyənin siyasi arenasına çıxışı və möhkəmlənməsi təsadüfi konyukturanın deyil, düşünülmüş, dövrün tələblərinə cavab verən siyasətin və savadlı menecmentin nəticəsidir. Təsadüfi deyil ki, partiya ilə yanaşı, onun lideri Ərdoğan da yerli və xarici analitiklərin diqqət mərkəzindədir. Onlardan bəziləri hələ də sıravi vətəndaşları islam çevrilişi və Türkiyənin dünyəvi əsaslarının süqutu ilə qorxudur. ƏİP-in konservativ-mərkəzçi istiqamətdə dəyişdiyini iddia edən digər analitiklər isə bu partiyaya müxtəlif "ləqəblər" qoymaqdansa, onun fenomeninin mahiyyətini dəqiq analiz etməyə çağırırlar.
Bəs görəsən, qarşıdan gələn illər ərzində Türkiyəni idarə edəcək ƏİP-in mahiyyəti, əslində, nədir? Türkiyənin Azərbaycanın təbii müttəfiqi və strateji tərəfdaşı olduğunu nəzərə alsaq, bu sualın cavabı Bakı üçün də böyük önəm daşıyır.
ƏİP-in yaradılması və hazırkı uğurunu haqlı olaraq Rəcəb Tayyip Ərdoğanın adı ilə bağlayırlar. Aşağı təbəqələrdən çıxmış, həyatın çətinliklərini görmüş Ərdoğan təhsilini ali islam məktəbində alıb, sonra isə Mərmərə Universitetinin iqtisadiyyat fakültəsini bitirib. ƏİP-in digər liderləri kimi, Ərdoğan da siyasətə Nəcməttin Ərbakanın rəhbəri olduğu "Rifah" Partiyasından gəlib. "Rifah"ın hökumət təşkil etməyə başladığı vaxtlarda Ərdoğan artıq 2 il idi çoxmilyonluq İstanbulun meri vəzifəsini tuturdu. İslamçıların hökuməti hakimiyyətdə cəmi 1 il qala bildi və prezidentlə ordunun təzyiqləri altında istefaya getdi. Bundan sonra Konstitusiya Məhkəməsinin qərarı ilə "Rifah", sonra isə onun varisi sayılan "Fəzilət" partiyalarının fəaliyyəti qadağan edildi, Ərdoğanun özü isə 1999-u ildə "dini dözümsüzlük təbliğ etdiyi üçün" 4 ay müddətinə həbs olundu.
2001-ci ilin yayında Türkiyənin islamçı qüvvələrində parçalanma baş verdi. Nəcməttin Ərbakanın birtərəfli qaydada islam dünyasına yönəlmiş siyasətindən imtina edən Rəcəb T. Ərdoğan və onun tərəfdarları yeni Ədalət və İnkişaf Partiyasını təsis etdilər. Yeni partiyanın qarşıya qoyduğu məqsəd isə Türkiyənin Avropa İttifaqına qəbuluna nail olmaq idi. Əslində, ƏİP Avropa və Latın Amerikasının əksər ölkələrində fəaliyyət göstərən xristian-demokrat partiyalarının analoquna çevrildi. ƏİP-in ideoloqlarından biri, parlamentin sabiq spikeri Bülənt Arınç bu partiyanı "konservativ-demokrat" kimi xarakterizə edərək vurğulamışdı ki, özü-özlüyündə İslam ƏİP-in ideoloji platformasını təşkil etmir.
Ərdoğan və onun silahdaşları əsas diqqəti böhran keçirən Türkiyə iqtisadiyyatının praktiki problemlərinin həllinə, dövlət idarəçiliyinin debürokratikləşdirilməsinə və korrupsiya ilə mübarizəyə yönəltdilər. Bundan başqa, ənənəvi partiyalardan məyusluq keçirən seçicilərin hesabına ƏİP-in elektorat bazasının genişləndirilməsi kursu götürüldü. İslam dəyərlərini əsas götürən ƏİP, eyni zamanda vətəndaşların azadlığı və demokratik hüquqlarının genişləndirilməsini də əsas məqsəd elan etdi. Məsələn, qadınların ictimai yerlərdə çarşabla gəzmək hüququnun tanınmasına tərəfdar olan ƏİP, eyni zamanda onların aktiv şəkildə siyasi proseslərə cəlb olunmasını da vacib sayır. Təsadüfi deyil ki, son seçkilərdə ƏİP-dən seçilən qadın millət vəkillərinin sayı, "dünyəvi" partiyalardan parlamentə düşən qadınlardan qat-qat çoxdur və onların heç də hamısı çarşabla gəzmir.
Amma ƏİP-in seçkiqabağı platformasındakı əsas müddəa ölkənin Avropa İttifaqına üzvlüyü və özəl türk biznesinə dəstək məsələləri oldu.
Qeyd edək ki, hazırda türk iqtisadiyyatında öz maraqları ətrafında birləşmiş iki qrup mövcuddur. Onlardan birincisi daxili bazara istiqamət götürən, o qədər də effektli olmayan dövlət sektorudur. Bu qrupa daxil olanlar Sənayeçilər və Sahibkarlar İttifaqında birləşərək, ənənəvi partiyalara dəstək verirlər.
İkinci qrupa isə xarici bazarlarda rəqabətə tab gətirə biləcək məhsulların istehsalını vacib sayan dinamik özəl sektor daxildir. Bu biznesin nümayəndələri dövlətin iqtisadiyyata lazımsız müdaxiləsi və korrupsiyanın səviyyəsindən narazılığını açıq şəkildə ortaya qoyurlar. Yeni Sənayeçilər və Sahibkarlar İttifaqında birləşən bu biznes-qruplar seçkilərdə ƏİP-ə lazımi maliyyə yardımı ayırmışdı və hakim partiyanın uğurunda bu amil də az rol oynamadı.
Ərdoğan hökuməti tamamilə yeni iqtisadi model qurmağa nail olub. Bu modeli Qərb ekspertləri "islam protestantizm iqtisadiyyatı" adlandırırlar. Hökumət dövlət aparatının saxlanmasına sərf olunan xərcləri azaldıb, korrupsiyanın səviyyəsi xeyli aşağı düşüb. Biznes üçün tam şəffaf şərait yaradılıb və onun təhlükəsizliyi təmin olunub. Bundan əlavə, ƏİP seçkilər zamanı çox uğurlu təbliğat kampaniyası qurmağı bacarıb. ƏİP ağır, lakin yüksək gəlir gətirən işi "halal", kapitaldan qeyri-effektiv istifadəni isə (məsələn, banklardakı hesabların dondurulmasını) "haram" kimi tədim edib.
Məhz bu siyasətin nəticəsində Türkiyənin Ümumdaxili Məhsulu iki dəfə artıb, inflyasiya isə 3 dəfə azaldılıb. Ölkənin xarici borcu xeyli azalıb, qızıl ehtiyatlarının həcmi isə rekord səviyyəyə çatdırılıb. Qeyd etmək lazımdır ki, ƏİP-in hakimiyyəti dövründə yalnız makroiqtisadi göstəricilər deyil, konkret sosial vəziyyət də müsbətə doğru dəyişib. Bu vaxt ərzində ölkədə maaş və təqaüdlər artıb, islamçı biznesmenlər sayəsində sosial sahədə dövlət qayğısı daha da artırılıb. Bu biznesmenlər texniki və peşə məktəblərini, universitetləri maliyyələşdirirlər, istedadlı uşaqların nüfuzlu Qərb ali məktəblərində təhsilinə şərait yaradırlar, infrastruktur obyektlərin tikintisinə vəsait ayırırlar. "İslam həmrəyliyi" şüarı altında həyata keçirilən bütün bu layihələr birbaşa ƏİP-in iştirakı ilə həyata keçirilir və təbii ki, əhalinin bu partiyaya olan inamını və rəğbətini daha da artırıb.
Ərdoğanın yeni hökumətinin gələcək sosial-iqtisadi siyasətinin konturları da artıq indidən görünür. 2007-ci il iyunun 21-də rəsmi "Official Gazette" qəzetində hökumətin təsdiqlədiyi 2008-2010-cu illər üçün qısamüddətli proqram dərc olunub. Proqrama görə, 2008-ci ildə iqtisadi inkişafın orta templəri 5,5%, 2009 və 2010-cu illərdə 5,6% təşkil edəcək.
Bundan başqa, 2008-ci ildə Türkiyənin ümumdaxili məhsulunun həcmi 720 milyard lirə, 2009-cu ildə 791 mlrd lirə, 2010-cu ildə isə artıq 870 milyard lirəyə çatdırılacaq. Adambaşına düşən gəlirə gəlincə, 2008-ci ildə bu göstərici 6,5 min, 2009-cu ildə 7 min, 2010-cu ildə isə 7,5 min dollar nəzərdə tutulub.
Bu dövr ərzində ölkədə əlavə 1,4 milyon iş yerinin açılması planlaşdırılıb. Bundan başqa, proqram 3 il ərzində idxalın həcminin ixracı üstələməsini və birbaşa xarici sərmayələrin artırılmasını da nəzərdə tutur. Özəlləşdirilmə nəticəsində tütün sənayesinin, elektrik enerjisi, neft-kimya və telekommunikasiya sistemlərinin tam liberallaşdırılması planlaşdırılıb. Dövlətin şəkər istehsalında və limanların idarəçiliyində istifadəsi də minimuma endiriləcək.
Öz siyasətini reallaşdırarkən, Rəcəb T. Ərdoğan ƏİP-in savadlı kadr potensialına arxalanır. Partiyada və hökumətdə ikinci şəxs sabiq xarici işlər naziri və prezidentliyə keçmiş namizəd Abdulla Güldür. İxtisasca iqtisadçı olan Gül Londonda təhsil alıb. Uzun illər beynəlxalq maliyyə institutlarında işləyib (İslam İnkişaf Bankının vitse-prezidenti olub). Sərbəst şəkildə ingilis və ərəb dillərində danışır. A.Gül 1991-ci ildə ilk dəfə "Rifah" Partiyasından millət vəkili seçilib, 1996-97-ci illərdə isə Ərbakan hakimiyyətində dövlət naziri vəzifəsini tutub.
ƏİP-in iqtisadi proqramını "Merrill Lynch"in Yaxın Şərq və Afrika üzrə keçmiş direktoru Mehmet Şimşək hazırlayıb.
Partiyada bu cür yüksək təhsilli və təcrübəli peşəkarlar az deyil. Eyni zamanda, Ərdoğan digər partiyalardakı savadlı və təcrübəli kadrlar üçün də ƏİP-in qapılarını açıq elan etdi. Məsələn, seçkilər ərəfəsində Tansu Çillər hökumətində təhsil naziri postunu tutmuş Mehmet Sağlam da ƏİP-ə üz tutdu (ona yeni hökumətdə də yüksək vəzifə vəd olunub). Vaxtilə "Doğru Yol" Partiyasının yüksək səlahiyyətli funksionerlərindən olan Reha Şamuroğlu, sabiq daxili işlər naziri Ülki Quney, Xalq Cümhuriyyət Partiyasının sabiq baş katibi Ərtoğrul Günay və digərləri də ƏİP-ə keçiblər.
Ərdoğan daim Türkiyənin dünyəviliyinə sadiqliyini vurğulayır və özünü daha çox qərbyönümlü konservator kimi təqdim edir. Bununla belə, ortadoksal kamalçılar, generalitetin bir hissəsi və qərbyönümlü partiyalar Ərdoğana və onun hökumətinə açıq şübhə ilə yanaşırlar. Bu şübhələri artırmaq üçün mətbuatda mütəmadi olaraq ƏİP-in hazırladığı və həyat yoldaşına xəyanətə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi xatırladılır.
Qeyd edək ki, seçkiqabağı platformasında ƏİP Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində yeni Konstitusiyanın qəbulunu da vəd edib. Yeni Konstitusiyanın müasir Avropa standartlarına daha çox cavab verəcəyi bildirilir. Söhbət hərbçilərlə hökumət arasında münasibətlərin dəyişməsindən və gələcəkdə generalitetin ölkənin siyasi həyatına müdaxiləsinə yol verməməkdən gedir. Halbuki hərbçilər məhz özlərini dünyəvi dövlətin və qərbyönümlü siyasətin təminatçıları hesab edirlər. Ciddi fikir ayrılıqlarına baxmayaraq, bu gün Türkiyədə ötən əsrin 50-70-ci illərinin hərbi çevrilişləri və hətta 1997-ci ilin "çevriliş"inin (Ərbakan hökumətinin buraxılması) təkrarlanması real görünmür. ABŞ-ın qonşu İraqda kürdlərə verdiyi dəstək Türkiyədə ciddi narazlıq doğurub və Vaşinqtonla NATO-nun dəstəyinə bel bağlayan generalitetin nüfuzunu aşağı salıb. Son vaxtlar ordunu tərk edən qərbyönümlü zabitlərin sayı artıb, onları isə daha çox "millətçi" generallar əvəz edirlər.
Türkiyənin xarici siyasi orientasiyasının Qərbdən İslam Dünyasına tərəf yönəlməsi ehtimalına gəlincə, hələlik ƏİP-in siyasəti belə düşünməyə əsas vermir. Amma Brüssel müxtəlif bəhanələrlə Türkiyənin Avropa İttifaqına qəbulunu ləngitməkdə, Vaşinqton isə kürdlər və erməniləri şirnikləndirərək, onların Türkiyə əleyhinə fəaliyyətinə şərait yaratmaqda davam edərsə, Ankaranın xarici siyasi orientasiyasında müəyyən dəyişikliklərin baş verəcəyini istisna etmirəm. Təsadüfi deyil ki, bu günlərdə ABŞ-ın narazılıqlarına rəğmən, İranın qaz yataqlarının Türkiyə şirkətləri tərəfindən işlənməsi və Avropaya nəqlinə dair razılaşma imzalanıb. Ankara özünün artan gücünü və əhəmiyyətini anlayır və öz müttəfiqlərinə qarşı loyallıq müqabilində, özünün milli maraqlarının da nəzərə alınmasını istəyir.
Ölkədəki siyasi proseslər isə öz axarı ilə davam edir. Yeni parlamentin ilk iclasının açılışı qalmaqalsız ötüşüb. ƏİP üzvü olan qadınlar ilk iclasa çarşabsız gəliblər, kürdyönümlü Demokratik Cəmiyyət Partiyasının üzvləri isə türk dilindəki andiçmə mərasiminə qatılıblar. Düzdür, mətbuat parlamentin açılış iclasına nə prezidentin, nə də Baş Qərargah rəisinin qatılmadığına diqqət yetirir.
Hər halda, artıq parlamentin rəhbərliyi seçilib, ƏİP lideri Rəcəb T. Ərdoğana isə yeni hökuməti formalaşdırmaq tapşırılıb. Bundan sonra isə yeni prezidentin seçilməsi ətrafında qızğın diskussiyalar gözlənilir. Əgər müxalifət bu dəfə də kvorumu poza bilsə, dövlət başçısının seçilməsi məsələsi konstitusiya islahatlarına dair oktyabrın 21-nə təyin olunmuş referendumadək açıq qalacaq.
Hadisələrin necə inkişaf edəcəyindən asılı olmayaraq, Türkiyənin siyasi elitası və ictimaiyyəti düşmənlərin acığına dostları sevindirərək, yetkinlik və siyasi uzaqgörənlik nümayiş etdirdilər. Azərbaycan isə qardaş Türkiyədə sabitliyi təmin edən və ölkəni irəli apara bilən ƏİP kimi siyasi qüvvə və Rəcəb Tayyip Ərdoğan kimi liderin olmasına yalnız sevinə bilər.
MƏSLƏHƏT GÖR: