15 Mart 2025

Şənbə, 00:34

CAVAB EFFEKTİ

Rusiya ABŞ-ın radiolokasiya "qapaq"ının altında qalmamaq üçün əlindən gələni edir

Müəllif:

15.08.2007

İyulun son günlərində prezidentlər Corc Buş və Vladimir Putinin təşəbbüsü ilə yaradılmış Raket Əleyhinə Müdafiə (RƏM) üzrə Rusiya-Amerika İşçi Qrupunun ilk iclası keçirildi. Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Kislyak, qarşı tərəfin nümayəndələrinə isə dövlət katibinin silahlanma və beynəlxalq təhlükəsizlik üzrə müavini səlahiyyətlərini icra edən Con Rud rəhbərlik edirdi.

 

Gözlənildiyi kimi...

RƏM-ə dair növbəti danışıqlar raundu, əvvəlcədən də proqnozlaşdırıldığı kimi, nəticəsiz bitdi. Prinsipcə, əgər məsələ ətrafında prezidentlər və xarici işlər nazirləri belə dil tapa bilmirlərsə, üçüncü dərəcəli məmurların bir masa arxasındakı söhbətlərindən nə gözləmək olardı ki? 

Kreml növbəti dəfə xarici işlər naziri Sergey Lavrovun dili ilə ictimaiyyətə çatdırdı ki, RƏM-ə dair danışıqların ilk raundunda Birləşmiş Ştatlar Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemi quraşdırmasının zəruriliyinə dair sübutlar təqdim edə bilməyib. "Biz öz mövqeyimizə təsir göstərə biləcək inandırıcı faktlar eşitmədik", - deyə XİN başçısı jurnalistlərə bildirdi.

Dəfələrlə xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatları Çexiya və Polşada RƏM radarlarının quraşdırılmasını İran tərəfdən gələn təhlükə ilə əsaslandırmağa çalışır. Öz növbəsində, ABŞ-ın Şərqi Avropada yeni sistem quraşdırmaq planlarına qarşı çıxan Rusiya bunun müqabilində amerikalılara Azərbaycanın Qəbələ rayonunda yerləşən radiolokasiya stansiyasından və Rusiyanın Armavir şəhərində tikilən analoji obyektdən birgə istifadəni təklif edir.

Sergey Lavrovun sözlərinə görə, tərəflər sentyabrın birinci yarısında Moskvada keçirilməsi planlaşdırılan danışıqların ikinci raunduna hazırlaşacaqlar, oktyabrın əvvəlində isə "2+2" formatında - Rusiya və ABŞ-ın xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə danışıqlar prosesi başlayacaq.

"ABŞ-a gedən nümayəndə heyətində ətraflı və yazılı şəkildə hazırlanmış təkliflər var idi. Onlar müzakirə olundu və ətraflı araşdırılması vacib sayıldı", - deyən S.Lavrov əlavə edib ki, amerikalılar Çexiya və Polşada RƏM elementlərinin yerləşdirilməsi ideyasından əl çəkmirlər. "Biz bir daha bəyan etdik ki, hansısa addımı atmazdan əvvəl,  təhlükələrin xarakterini birlikdə analiz etmək lazımdır", - deyə XİN başçısı qeyd edib.

 

Üçüncüyə ehtiyac yoxdur

Bir fakta diqqət yetirmək istərdik: ABŞ-dakı danışıqlarda Rusiyanın nümayəndə heyətinə başçılıq edən XİN başçısının müavini Sergey Kislyak, Birləşmiş Ştatlara getməzdən əvvəl Azərbaycana baş çəkərək, ölkə rəhbərliyilə danışlıqlar aparmışdı. Və təbii ki, Bakıdakı danışıqların əsas mövzusu Qəbələ RLS ilə bağlı idi. İlk baxışdan belə təsəvvür yaranır ki, bu məsələ ətrafında əlavə müzakirələrə ehtiyac yoxdur. Axı, "böyük səkkizlik"in iyunda keçirilmiş sammiti zamanı da, ondan sonra da birmənalı şəkildə bəyan edilmişdi ki, Azərbaycan Rusiya ilə ABŞ-ın Qəbələ RLS-dən birgə istifadəsinə razıdır və bununla bağlı üçtərəfli danışıqlara hazırdır.

Amma məsələ bunda deyil. Məlum olduğu kimi, 2012-ci ildə Rusiyanın Qəbələdəki RLS-dən icarə müddəti başa çatır. Birləşmiş Ştatlar isə Polşa və Çexi-yada RƏM sisteminin quraşdırılmasını təxminən elə həmin vaxtlar başa çatdırmağı düşünür. Bundan əlavə, son vaxtlar Vaşinqton Qəbələ RLS-in Azərbaycana məxsus olduğunu xüsusilə vurğulayır və açıq şəkildə bəyan edir ki, bu obyektdən istifadə etmək istəsə, məhz rəsmi Bakı ilə danışıqlar aparacaq. Beləliklə, Ağ ev açıq şəkildə eyham vurur ki, əgər hərbi-strateji nəzarət obyekti olan Qəbələ RLS-dən istifadəyə zərurət yaransa belə, bu məsələni birbaşa Azərbaycanla həll edə bilərlər və necə deyərlər, "üçüncü" tərəfə heç bir ehtiyac yoxdur. 

Yəni, Kreml amerikalılarla "bazarlığa" gedərkən, əslində ona məxsus olmayan və çox güman ki, 2012-ci ildən sonra birdəfəlik əlindən çıxacaq obyektdən istifadə etməyə cəhd göstərir. Bunu hər iki tərəf anlayır. Buna baxmayaraq, Rusiya artıq bu "kart"ı "poker masası"nın üzərinə qoyub. Və çox güman ki, S.Kislyak Bakıya səfəri zamanı bir daha vəziyyəti öyrənmək, bundan sonra da "Qəbələ tuzu"ndan istifadənin mümkün olub-olmadığını araşdırmaq niyyəti güdürdü.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, son illəri Rusiya da hədər verməyib və ABŞ-la NATO-nun öz sərhədlərinə yaxınlaşdığını nəzərə alaraq, artıq öz ərazisində - Armavir şəhəri yaxınlığında müasir RLS tikməyə başlayıb.  Və Qəbələ RLS-in bir arqument kimi zəiflədiyi bir vaxtda, ruslar Armavirdəki obyektdən də "kart" kimi istifadə etmək qərarına gəliblər. 

Çox güman ki, Amerikanı Şərqi Avropada RƏM sistemi quraşdırmaqdan çəkindirməyə çalışan Rusiyanın əsas arqumenti bundan sonra məhz Armavir RLS olacaq. Bunu dolayısı ilə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tom Keysi də təsdiqləyib. Onun sözlərinə görə, Vaşinqtonda aparılan danışıqlar zamanı prezident Putinin iyulun 7-də irəli sürdüyü əlavə təklif ətrafında daha geniş müzakirə açılıb. Bununla belə, T.Keysi Birləşmiş Ştatların bu məsələ ilə bağlı siyasətində dəyişiklik olmayacağını növbəti dəfə bəyan edib: "Mən ABŞ prezidentinin səsləndirdiyi fikri bir daha bəyan etmək istəyirəm: biz hesab edirik ki, "izqoy" dövlətlər və onların potensial ballistik raketləri, gələcəkdə isə ola bilsin, hətta ballistik nüvə raketləri də real təhlükə doğurur, özü də yalnız ABŞ və Avropa üçün deyil, elə Rusiyanın özü üçün də. Hesab edirik ki, bu təhlükənin qarşısını almaq yollarını birgə aramalıyıq. Bir daha təkrar edirəm: biz bununla bağlı əlaqələrin  davam edəcəyini gözləyirik".

Vaşinqtonun öz ideyalarından imtina etmək fikrində olmadığını rusiyalı politoloqlarla yanaşı, hərbi mütəxəssislər də yaxşı anlayırlar. Rusiyanın "MiK" informasiya-analitik agentliyinə müsahibəsində Geosiyasi Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov bildirib ki, amerikalıların planlarına qarşı səslənən fərziyyələrə bənzər arqumentlər effekt vermir. Yəni, məsələn, "İranın Avropa paytaxtlarına çatan raketləri yoxdur" arqumentinə cavab olaraq, qarşı tərəf deyir ki, "Bu gün olmasa da, sabah ola bilər". Ona görə də Putin dostu Corcu çıxılmaz vəziyyətə salmaq üçün başqa gedişə əl atdı: yaxşı, biz sizin arqumentlərinizi qəbul edirik və İran problemini həll etmək üçün daha sadə, ucuz, hətta deyərdim, Amerika üçün pulsuz bir vasitə təklif edirik. Yəni, Çexiyada yeni radar qurmaqdansa, Azərbaycanın Qəbələ rayonunda mövcud olan RLS-dən istifadə edin".

 

Aktiv tədbirlər

Olduqca cəsarətli addımdır. Amma elə bir o qədər də risklidir. Axı əgər amerikalılar gözlənilmədən bu təkliflə razılaşsalar, onda Moskva onları Rusiya dövlətinin ən vacib və məxfi obyektlərindən birinə buraxmalı olacaq. 

Bununla bağlı xatırlatmaq yerinə düşər ki, ötən əsrin 50-ci illərindən etibarən SSRİ amerkalıları cavabsız nüvə zərbəsinə olan monopoliyadan məhrum edib. Özü də doktrina kimi ABŞ-a qabaqlayıcı nüvə zərbəsinin deyil, məhz qarşı-cavab zərbəsinin vurulmasını qəbul edib  (yeri gəlmişkən, amerikalılar hələ də doktrina səviyyəsində birinci olaraq nüvə silahından istifadə hüququndan imtina etməyiblər).

O vaxtlar raket hücumu ilə bağlı çox mürəkkəb bir xəbərdarlıq sistemi yaradılmışdı. Bir neçə elementdən ibarət olan bu sistemə radiotexniki kəşfiyyat kompleksləri (onlar ABŞ-ın strateji qüvvələrinin hücumunu əvvəlcədən müəyyənləşdirmək imkanı verir), orbital kosmik qruplaşma (onlar kontinentlərarası ballistik raketlərin və sualtı qayıqlardakı raketlərin startından dərhal xəbər tutmağa imkan verir) və nəhayət, yerüstü ayırdetmə vasitələri (üfuqi radiolokasiya və komplekslər) daxil idi.

Bütün bu mənbələrdən gələn informasiyalar Baş Qərar-gahın Mərkəzi Komandanlıq Məntəqəsində toplanır, operativ qaydada analiz edilir və qarşı-cavab zərbəsinə dair təkliflərlə birlikdə dövlət rəhbərliyinə məruzə olunur. Konferens-rabitə sistemində (prezident, müdafiə naziri, Baş Qərargah rəisi) qərar qəbul edilir və strateji qüvvələrə müvafiq əmr verilir. Bütün bunlar avtomatik rejimdə (prezidentin "nüvə çemodanı") baş verir, düşmənin raketlərinin startından sonra cəmi 3-6 dəqiqə ərzində qərar qəbul edilir. 

Vaxtilə bu cür effektli alqoritm ən aqressiv "nüvə başları"nı da sakitləşməyə məcbur edirdi.

Lakin son 20 ildə Rusiya ordusundakı strateji və adi qüvvələrdə aparılan islahatlar nüvə qarşısıalınma sisteminin tam deqradasiyasına səbəb oldu. Amma hər halda, bu sistem tamamilə məhv edilməyib. Görünür, Birləşmiş Ştatlar Rusiyanın nüvə potensialının özü-özünə məhv olmasını gözləmək istəmir. Və Vaşinqton Rusiyanın nüvəsiz dövlətə çevrilməsi üçün aktiv tədbirlərə əl atır.

Məlum oluduğu kimi, Milli RƏM sisteminin yaradılması haqda qərarı ABŞ-ın Milli Təhlükəsizlik Şurası hələ 1996-cı ildə qəbul edib. Yeni sistem ilk zərbə ilə Rusiyanın nüvə silahlarının əsas hissəsini məhv etməyə, həmçinin qarşı-cavab və ya cavab zərbələri zamanı düşmənin raketlərini neytrallaşdırmağa imkan yaradacaq. Amerikalılar antiraketlərin sınaq proqramının hazırlanmasına başladılar, aktiv şəkildə lazer silahlı kosmik platformaların yaradılması və "Boinq-747" təyyarələrinə müvafiq lazerli sistemin quraşdırılması üzərində işləyirlər. İlk zərbədə istifadə ediləcək raketlərin diapazonu genişləndirilib, hava və dənizdə qanadlı raketlərin sayı artırılıb. 2009-cu ilədək 7 ədəd "Boinq-747" təyyarəsinin lazer silahı ilə təchiz edilməsi, 2012-ci ilədək orbitə 10 min km məsafəni vurmaq gücündə olan 16 kosmik platformanın çıxarılması planlaşdırılır. Bu dövr ərzində qanadlı raketlərin sayı artıq 7 minə çatdırılacaq.

Düşmənin cavab zərbəsi zamanı raketləri "yaxalamaq" üçün isə amerikalılar qarşı tərəfin raketlərinin startı, trayektoriyası və hədəfləri haqda tam informasiyaya malik olmalıdır. Bunun üçün Rusiyanın bütün ərazisi radiolokasiya "qapağı" ilə örtülməlidir. Radiolokasiya stansiyalarının (o cümlədən, Çexiyadakı elementlərin də) funksiyası məhz bundan ibarətdir. Bütün bunlar ABŞ prezidentinin 1999-cu il iyulun 23-də imzaladığı 106-38 saylı qanunla həyata keçirilməkdədir.

 

Buz, axır ki tərpəndi! 

Necə düşünürsünüz, doğrudanmı, Corc Buş Qəbələdə birgə fəaliyyət müqabilində bütün bu qlobal planlardan imtina edə bilər? Şəxsən mən inanmıram. Digər tərəfdən, milyardlarla dollar dəyərində sifariş almış ABŞ-ın hərbi-sənaye kompleksi də buna imkan verməz. Xüsusilə də nəzərə alsaq ki, Qəbələ RLS-in əsas funksiyası - nüvə qayıqlarındakı ballistik raketlərin və Hind okeanındakı akvatoriyalardan uçan qanadlı raketlərin startını izləmək, həmçinin Aralıq dənizi regionunda vəziyyətə nəzarət etməkdir. Başqa vəzifələr isə o qədər də önəmli deyil.

Bununla da belə nəticəyə gəlmək olar ki, Qəbələ RLS ABŞ-ın planlarına uyğun gəlmir və o, gec-tez məhv ediləcək (fiziki və ya siyasi mənada). Odur ki Amerikanın Avropadakı RƏM sistemi müqabilində Qəbələ RLS-dən birgə istifadə ilə bağlı heç bir bazarlıq baş tutmayacaq.

Buna baxmayaraq, ABŞ və Rusiyanın hərbi-siyasi oyunu hələ təzə-təzə başlayır: indi baş verənlər, hələ yalnız "məşq"dir. Xüsusilə də nəzərə alsaq ki, Avropada adi silahlı qüvvələrin birtərəfli qaydada məhdudlaşdırılması haqqında Müqavilədən çıxmaqla Moskva artıq məsələyə nə qədər ciddi yanaşdığını nümayiş etdirib. Rusiyanın növbəti addımı orta və qısa radiuslu raketlərin yayılmamasına dair müqavilədən çıxmaq ola bilər. Əgər Moskva buna getsə, onsuz da amerikalıların addımlarından narazı qalan Avropa əməlli-paşlı panikaya düşəcək. 

Qeyd edək ki, ABŞ-ın özündə də Buşun siyasətinə qarşı çıxanlar az deyil. Müdafiə nazirinin təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın quru qoşunlarının ehtiyatda olan general-leytenantı Robert Qard bəyan edib ki, Polşa və Çexiyada RƏM sisteminin elementlərinin quraşdırılmasına dair planlar Ağ evin hərbi-strateji səhvidir və Vaşinqton Avropada RƏM formalaşdırmaq planlarını dondurmalıdır. Vaşinqtonda yaydığı hesabatda general-leytenant Qard bildirib ki, Çexiyadakı potensial radarı Rusiyanın müdafiə sahəsinə müdaxilə adlandıran Vladimir Putin tam haqlıdır. "Buş administrasiyasının  Avropada yerləşdirmək istədiyi RƏM kompleksi, artıq Alyaska və Kaliforniyada mövcud olan sistemə əlavədir. Rusiya iyulun 14-də rəsmən Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında Müqavilədən çıxdığını bəyan edib.  Kremlin siyasi məsləhətçilərindən biri isə bildirib ki, növbəti addım kimi, Moskva orta və qısa radiuslu raketlərin yayılmamasına dair Müqavilədən çıxdığını bəyan edə bilər. Bütün bunlar bizim avropalı müttəfiqlərimizi narahat edir", - deyə general Qard yazır.

"Putin həmçinin təklif edir ki, RƏM sisteminin raketləri Türkiyə və ya İraqda yerləşdirilsin, Çexiyadakı radarın əvəzinə isə Qəbələ RLS-dən istifadə olunsun. Çünki Putin tam haqlı olaraq, Çexiyadakı potensial radarların Rusiyaın müdafiə zonasına müdaxilə etmək gücündə olduğunu bildirir", - deyə müdafiə nazirinin keçmiş köməkçisi yazır.

General-leytenant onu da xatırladır ki, Ağ evin NATO-nun iştirakı olmadan birbaşa Polşa və Çexiya ilə ikitərəfli danışıqlara getməsi "bütün Avropa qitəsində ciddi qorxu hissi və NATO-da parçalanmaya səbəb olub". Odur ki general Qard Buş administrasiyasına "NATO-dakı müttəfiqlərimiz və Rusiya ilə məsləhətləşmədən, RƏM sistemi dalınca qaçmamağı" tövsiyə edir.

Qeyd edək ki, general-leytenant Qard ABŞ silahlı qüvvələrində 31 il qulluq edib, Harvard Universitetində politologiya üzrə elmlər doktoru dərəcəsinə yiyələnib. Pentaqon rəhbərinin aparatındakı vəzifəsindən əlavə, həmçinin Milli Müdafiə Universiteti - ABŞ-ın əsas hərbi ali məktəbinin prezidenti postunu da tutub.

...Bütün bunlara baxmayaraq, təhlükəli oyunlar davam edir və yaxın perspektivdə onlara son qoyulacağı inandırıcı görünmür. Çox güman ki, yaxın gələcəkdə biz bu "oyun"a qoşulan "oyunçular"ın sayının daha da artacağının şahidi olacağıq. Bu siyahı, məsələn, Çinin və nüvə silahına malik olan digər ölkələrin hesabına genişlənə bilər. 

Amerikalıların addımları yalnız cavab addımlarına gətirib çıxaracaq. Və bu məsələdə günahkarların axtarılması "birinci nə olub - yumurta, yoxsa toyuq" kimi tapmacaya cavab axtarmaq qədər mənasız işdir... 


MƏSLƏHƏT GÖR:

379