15 Mart 2025

Şənbə, 00:34

FƏLƏSTİNSAYAĞI İKİHAKİMİYYƏTLİLİK

Problemin qansız həlli yolu varmı?

Müəllif:

01.08.2007

İyulun 20-də İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərinin, demək olar ki, bütün əhalisi mərkəzi meydanda yerləşən Fələstin Milli Administrasiyasının (FMA) başçısı Mahmud Abbasın  iqamətgahının ətrafına toplaşmışdı. İsrailin baş naziri Ehud Olmertin Abbasa dəstək olaraq həbsxanalardan azad etdiyi 255 nəfər keçmiş məhbusu gətirən avtobus da elə buraya gətirildi. Azadlığa buraxılanların əksəriyyti  həbs müddəti başa çatmaq üzrə olan FƏTH hərəkatının üzvləridir. Baxmayaraq ki onların bəziləri həbsxanaya terrorçu fəaliyyətə görə düşmüşdü (məsələn, 2001-ci ildə İsrail nazirini qətlə yetirmiş, Fələstin Azadlığı Xalq Cəbhəsinin ikinci şəxsi olan Abdel Rahim Mallux kimi), İsrail tərəfi əfv olunmuşların heç birinin birbaşa yəhudilərin qətllərində iştirak etmədiyini bildirir.

Qüdsdə qeyd edirlər ki, İsrailin atdığı bu addım ABŞ-ın dəstəklədiyi və Mahmud Abbasın mövqelərinin möhkəmlənməsinə yönəlmiş planın tərkib hissəsidir. Xatırladaq ki, ötən ay HƏMAS təşkilatının silahlılarının Qəzza sektorunu ələ keçirməsindən sonra, Mahmud Abbasın fələstinlilər arasında nüfuzu kəskin şəkildə aşağı düşüb.

Əslində, Fələstində ikihakimiyyətlilik Yasir Ərəfatın ölümündən dərhal sonra - parlament seçkilərində radikal HƏMAS təşkilatının qələbəsilə başlamışdı. Əksər müşahidəçilər üçün HƏMAS-ın bu uğuru şok idi. Bundan sonra "hakimiyyət bölgüsü" və koalisiyalı hökumətlərin formalaşdırılması prosesi başladı. Amma bütün bunlar bu il iyunun ortalarında HƏMAS-ın Qəzzada silahlı üsyanı və hakimiyyət çevrilişi ilə nəticələndi. 

"Biz Qəzzanı itirdik" - iyulun 14-də Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın köməkçilərindən birinin Qərb diplomatlarına söylədiyi bu fikir iyunun 1-də dünyanın bütün aparıcı KİV-lərində yer almışdı. Hələ iyunun 13-ü axşam saatlarında çoxları belə düşünürdü ki, FATH yaranmış vəziyyəti dəyişmək iqtidarındadır.   "Reuters" iddia edirdi ki, FƏTH-ın ordusu HƏMAS-ın silahlı dəstələrindən daha çoxsaylı və hazırlıqlıdır. Amma təəssüf ki, artıq bir gün sonra hamı üçün aydın oldu ki, Qəzza uğrunda həlledici döyüş islamçıların qələbəsilə başa çatıb.

Bundan sonra isə muxtariyyət FƏTH və HƏMAS arasında faktik olaraq bölüşdürüldü. Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın təşkil etdiyi yeni hökumətdə HƏMAS üzvlərinə yer olmadı. Yeri gəlmişkən, bunun üçün Abbas özünə parlamentin razılığı olmadan belə hökumət üzvlərini təyin etmək hüququ verən fərman imzaladı və tezliklə müstəqil siyasətçi və iqtisadçı Salam Fayad baş nazir təyin olundu (əvvəlki hökumətdə o, maliyyə naziri postunu tuturdu). Bundan başqa, maliyyə və xarici işlər nazirlərinin funksiyaları da S.Fayada həvalə olundu. 

Bütün bunlarla yanaşı, M.Abbas HƏMAS-ın silahlı dəstələrini qeyri-qanuni elan etdi.

Fələstinin yeni Nazirlər Kabineti dərhal ciddi beynəlxalq dəstək aldı. Beynəlxalq vasitəçilərdən ibarət Yaxın Şərq "kvarteti" Mahmud Abbasın hökumətin buraxılması və fövqəladə vəziyyətin elan edilməsi haqda addımlarını legitim və tam məqsədəuğyun hesab etdi.  Öz növbəsində, Birləşmiş Ştatlar vaxtilə HƏMAS hökumətinə qarşı tətbiq olunmuş sanksiyaları aradan götürdü. Bu isə yeni hökumətə milyonlarla dollar yardımın bərpa olunması deməkdir. 

Nəhayət, İsrail də yeni hökumətə münasibətini açıqladı. "İslamçıların iştirak etmədiyi yeni hökumət sülh istiqamətində yeni imkanlar açır. Biz bundan əvvəl olmayan imkanlar əldə etdik. HƏMAS-ın iştirakçısı olmadığı hökumət bizim üçün tərəfdaşdır", - deyə İsrailin baş naziri Ehud Olmert qeyd edib.

Amma iyunun ortalarında baş vermiş dramatik hadisələrdən sonra, münaqişə, faktik olaraq, "gözləmə mərhələsi"nə çatdı. FƏTH Qərb sahilində, HƏMAS isə Qəzzada möhkəmlənir. Özü də islamçılar yeni hökuməti tanımaqdan imtina edirlər.

Analitiklər belə hesab edirlər ki, Fələstindəki hadisələri kənardan izləmək, kimin - FƏTH-in, yoxsa HƏMAS-ın fələstinlilər üçün daha firavan həyat təmin edəcəyini gözləmək taktikası cəlbedici görünsə də, Fələstin reallıqlarında o qədər də effektli olmayacaq. 

İstənilən halda, ABŞ prezidenti Corc Buş bu ilin payızında Yaxın Şərqdəki sülh prosesinə dair beynəlxalq konfrans təşkil etmək fikrindədir. Bundan başqa, Amerikanın Fələstin administrasiyasına maliyyə yardımı bu il daha da artırılaraq, 190 milyon dollara çatdırılacaq. Bu təşəbbüslə Buş Yaxın Şərq nizamlanmasına həsr olunmuş xüsusi mətbuat konfransında çıxış edib.

C.Buş bəyan edib ki, ABŞ "kvartet"dəki tərəfdaşları - Avropa İttifaqı, Rusiya və BMT ilə məsləhətləşmələri davam etdirir və problemdən dinc yolla çıxmağın yollarını arayır. "Mən payızda iki dövlətin (İsrail və Fələstin) yaradılması ideyasını dəstəkləyən, zorakılığa qarşı çıxan, İsrailin mövcud olmaq hüququnu tanıyan və indiyədək əldə olunmuş bütün razılaşmalara sadiq olan ölkələrin iştirakı ilə beynəlxalq konfrans çağıracağam", - deyə ABŞ prezidenti Ağ evdəki çıxışı zamanı bəyan edib.

Buşun sözlərinə görə, ABŞ-ın HƏMAS təşkilatına münasibəti dəyişməz qalacaq: "Siz legitim Fələstin hökumətini tanımalı, Qəzza sektoruna humanitar yardımın çatdırılmasına şərait yaratmalı, silahlı dəstələrinizi buraxmalı, zorakılıqdan imtina etməli, İsrailin mövcud olmaq hüququnu tanımalı və indiyədək tərəflərin imzaladığı bütün razılaşmalara sadiq qalmalısınız", - deyə Buş HƏMAS-a çağırışında vurğulayıb.

İsrail də prezident Buşun təkliflərini dəstəkləyib. Amma HƏMAS "sionistlərin məqsədlərinə xidmət edən" bu planı dəstəkləməkdən imtina edib. "Biz yalnız sionist düşmənin maraqlarına xidmət edən Amerika konfransı ideyasını pisləyirik",- deyə Qəzzada islamçıların rəsmi nümayəndəsi İsmail Radvan bəyan edib. Onun sözlərinə görə, bu forum əslində Mahmud Abbasa daha çox təzyiq göstərmək, onu daha çox güzəştlərə məcbur etmək və nəticədə, Qəzza sektoru ilə Qərb sahili arasındakı parçalanmanı daha da dərinləşdirərək, fələstinlilər arasında qarşıdurmanı artırmaq məqsədi daşıyır.

HƏMAS Mahmud Abbasın islamçılarla danışıqlara başlamaqdan imtina etdiyi bir vaxtda belə bir forumun keçirilməsi təşəbbüsündən təəssüfləndiyini bəyan edib. Hərəkatın mövqeyi belədir ki, hazırda əsas məqsəd FƏTH-lə HƏMAS arasında dialoqun bərpasına nail olmaqdır. Qeyd edək ki, bu bəyanatla Doxada HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Halid Maşal çıxış edib. 

Buna baxmayaraq, HƏMAS artıq anlayır ki, tam təcrid olunmuş vəziyyətdə uzun müddət qala bilməyəcək. Elə X.Maşalın özü də etiraf edir ki, Qəzzada hakimiyyəti ələ keçirmiş HƏMAS bir sıra taktiki səhvlərə yol verib. "Baş verənlər biabırçılıqdır. Amma bu səhvlər ayrı-ayrı insanların səhvləridir və bizim siyasətimizə ziddir", - deyə Maşal vurğulayıb.  

Onun sözlərinə görə, HƏMAS öz hərəkətlərinə görə "üzr istəməyə hazırdır". Amma bununla belə, Maşal FƏTH-i Məkkə razılaşmaları əsasında danışıqları bərpa etməyə çağırıb. Xatırladaq ki, bu ilin fevralında Məkkədə qəbul olunmuş proqram sənədi Fələstin liderləri arasında dialoqun bərpasını nəzərdə tutur. "Əsas problem ondadır ki, qarşı tərəf istənilən danışıqlar ideyasını rədd edir", - deyə islamçıların siyasi lideri vurğulayıb və əlavə edib ki, "Qəzzada hakimiyyətin ələ keçirilməsindən sonra Mahmud Abbasın atdığı bir çox addımlar qeyri-qanuni olub".

Mahmud Abbas isə öz sərt mövqeyindən dönmək fikrində deyil. O artıq parlamentə və milli administrasiyasının başçısı postuna növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib. Ramallah şəhərində keçirilən Fələstin Azadlıq Təşkilatının forumunda çıxış edən M.Abbas bildirib ki, "biz növbədənkənar seçkilər keçirəcəyik və bunun üçün Qəzzada və ya xaricdə oturanların razılığını gözləmək niyyətində deyilik". Abbasın köməkçilərinin sözlərinə görə, seçkilərin dəqiq vaxtı haqda hələlik qərar qəbul olunmayıb, amma onların 2007-ci ilin sonu və ya 2008-ci ilin əvvəlində keçiriləcəyi gözlənilir. 

Yeri gəlmişkən, əvvəlcə 30 günlüyə formalaşdırılmış Salyam Fayadın başçılıq etdiyi hökumətin səlahiyyətləri yeni parlament seçkilərinə qədər uzadılıb.

Beləliklə, kənardan vəziyyət sabit görünsə də, əslində Fələstində durum çox gərgindir və hər an "partlaya" bilər. Belə görünür ki, HƏMAS özünün superradikallığından imtina etməyə və siyasi arenanı tərk etməyə hazırlaşmır. Şübhə yoxdur ki, növbədənkənar seçkilərdən sonra formalaşdırılacaq hökumət də islamçılar tərəfindən tanınmayacaq. 

Öz növbəsində, dünya birliyi də çətin ki Qəzza sektorunda hazırkı "Həməsistan" formalı rejimin mövcudluğuna dözsün. 

Ona görə də əsas məsələ yaranmış ikihakimiyyətlikdən qansız çıxış yolunun tapılıb-tapılmayacağıdır.

İstənilən halda, fələstinlilər üçün bir-bitinə atəş açmaq elə də ciddi problem kimi görünmür. 


MƏSLƏHƏT GÖR:

460