
ƏDALƏT VƏ İNKİŞAF SEÇKİLƏRİ
Türkiyə növbəti “demokratiya imtahanı”nı da uğurla keçdi
Müəllif: Rasim MusabƏyov, politoloq Bakı
İyulun 22-də Türkiyədə növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkilər prezident postuna öz namizədini seçmək cəhdində uğursuzluqla üzləşmiş hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) təşəbbüsü idi. Seçki kampaniyası olduqca gərgin şəraitdə keçdi və çoxminlik mitinqlərlə müşayiət olundu. Özü-özlüyündə, bu təbiidir: bu gün Türkiyə çox mürəkkəb siyasi böhran yaşayır. Özü də bu böhran terrorçu Kürd Fəhlə Partiyasının (PKK) aktivləşməsi, həmçinin ABŞ və Avropa İttifaqı kimi müttəfiqlərilə münasibətlərin gərginləşməsi fonunda baş qaldırıb...
İnamlı qələbə
Seçkilərdə 14 siyasi partiya və görünməmiş sayda (699) bitərəf namizəd (müqayisə üçün deyək ki, 2002-ci ilin seçkilərində cəmi 190 bitərəf namizəd iştirak etmişdi və onlardan yalnız 9-u deputat seçilmişdi) iştirak etdi. Bunun səbəbi isə siyasi partiyalara tətbiq olunan baryerdir: 10%-lik baryer əksər siyasi partiyaların parlamentə yolunu bağladığı halda, bitərəf namizəd üçün belə maneə yoxdur.
"Hürriyyət" qəzetinin hesablamalarına görə, seçkiqabağı təbliğat zamanı sərf olunan ümumi vəsait 1,2-1,4 milyard ABŞ dollarına çatır.
Seçkilər vətəndaşların aktivliyi şəraitində keçdi və hər hansı ciddi insident və ya qanun pozuntusuna rast gəlinmədi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, qeydə alınmış 42,5 milyon seçicinin 86%-dən çoxu seçkilərə qatıldı.
Seçkidən əvvəl keçirilən çoxsaylı rəy sorğularının nəticələri özünü doğrultdu və hakim ƏİP seçicilərin 46,7%-nin səsini qazanaraq, inamlı qələbə qazandı. Qeyd edək ki, bu, ölkədə çoxpartiyalı sistemin mövcud olduğu dövr ərzində bir partiyanın qazandığı ən yüksək faizlərdən biridir.
İkinci nəticəni Cümhuriyyət Xalq Partiyası (CHP) qazandı - 20,9%. Parlamentə düşməyi bacarmış üçüncü partiya isə seçicilərin 14,3%-nin səsini qazanmış Millətçi Hərəkat Partiyası (MHP) oldu.
Qeyd edək ki, deputatlar arasında qadınların sayı iki dəfə artdı. Amma buna baxmayaraq, onların sayı hələ də çox azdır və parlamentin cəmi 9%-ni təşkil edir. Müqayisə üçün deyək ki, İsveçdə deputatların 47%-i qadınlardır. Və hətta Azərbaycanda da bu göstərici Türkiyədən çoxdur - 12%.
Odur ki, aparıcı partiyaların parlamentdə qadınların sayını artırmaq haqda vədləri müəyyən qədər yerinə yetirilsə də, normal gender balansına hələ çox var.
Beləliklə, yeni parlamentdə qüvvələr nisbəti aşağıdakı kimidir: ƏİP - 340 yer (əvvəlki parlamentdə 363 idi), CHP - 112 yer (əvvəlki parlamentdə 178), MHP - 71 yer (əvvəlki parlamentdə təmsil olunmurdu) və bitərəflər - 27 yer (əvvəlki parlamentdə -9).
Maraqlıdır ki, hakim ƏİP və müxalifətçi CHP əvvəlki seçkilərlə müqayisədə daha çox səs qazandığı halda, onlara daha az mandat qismət oldu. Buna səbəbsə, Türkiyənin seçki sisteminin özəlliyidir. Deputat mandatları MHP-yə və bitərəflərə keçdi. Yeri gəlmişkən, bitərəf deputatların böyük əksəriyyəti - 24 nəfəri kürdpərəst Demokratik Cəmiyyət Partiyasının üzvləridir.
Amma seçkilərin əsas nəticəsi seçicilərin Rəcəb Tayyib Ərdoğana yenidən hökuməti formalaşdırmaq imkanı verməsindədir.
Güclü fundament
Seçkilərdə əvvəl həm Türkiyədə, həm də Azərbaycanda bir sıra siyasətçilər və analitiklər millətçilərin ciddi uğur qazanacağını proqnozlaşdırsa da, bu baş vermədi və MHP yalnız 3-cü yerlə kifayətlənməli oldu.
ƏİP-nin qələbəsi isə kifayət qədər inamlı təsir bağışladı. Bu qələbənin kökündə bu partiyanın hakimiyyətdə olduğu illər ərzində görülən işlər, yüksək səviyyədə qurulmuş təbliğat işi və inzibati resursdan ağılla istifadə dayanır.
Şühbəsiz, seçicilər Türkiyə iqtisadiyyatındakı inkişafı, illik inkişaf tempinin artımını (il ərzində orta hesabla 7%) məhz Ərdoğan hökumətinin zəhmətinin bəhrəsi hesab edirlər. Hazırda Türkiyə xaricə ixracın həcmini artırır, türk bazarı xarici investorlar üçün daha cəlbedici görünür, ƏİP-nin hakimiyyəti dövründə ölkənin milli gəliri 181 milyard dollardan 400 milyard dollara çatıb. Beynəlxalq Valyuta Fonduna borcun həcmi kifayət qədər azalıb, büdcə, faktik olaraq, kəsirsiz hala gətirilib, inflyasiya isə 10%-dən də aşağı həddə dondurulub.Əhalinin yaşayış səviyyəsi yüksəlib və ölkədə ancaq avtomobil satışının 4 dəfə artması da bunun göstəricisidir. Bu illər ərzində 6,6 min km avtomagistral tikilib, paytaxtı digər böyük şəhərlərlə birləşdirən yüksək sürətli dəmir yolu magistralı tikilir, fermerlərə subsidiyalar artırılıb, 39 yeni universitet açılıb və s.
Seçki kampaniyası zamanı ƏİP seçicilərə yalnız görülən işləri xatırlatmaqla kifayətlənməyib və görüləcək işlər haqda da çoxlu vədlər verib. Məsələn, hakim partiya seçicilərə sərmayədarları ağır vergilərlə yükləməməyi, orta və xırda sahibkarlığa yardımı, əhaliyə sosial yardımın artırılmasını, əlillərə yardımın artırılmasını və s. söz verib. 2013-cü ilədək adambaşına düşən gəlirin həcminin 10 min dollaradək artırılması, ümumi daxili məhsulun həcminin iki dəfə, turizmdən gəlirin 40 milyard dollaradək, ixracın isə 200 milyard dollara qədər artırılacağı nəzərdə tutulub.
ƏİP-nin seçki kampaniyasındakı əsas müddəalarından biri də Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində ölkədə ciddi konstitusion dəyişikliklərin ediləcəyi ilə bağlı vədlərdir. Ərdoğan ölkəyə "Vətəndaş Kompromisi Konstitusiyası" vəd etdi və vurğuladı ki, yeni sənəd müasir və aydın olmalıdır. ƏİP hesab edir ki, Konstitusiyada ordu ilə hökumətin münasibətləri Avropa normaları əsasında əks olunmalıdır. Çünki hazırkı Konstitusiya generalitetin ökənin siyasi həyatına müdaxiləsinə imkan verir. Əgər bu ideya reallaşsa, onda Milli Təhlükəsizlik Şurasının rolu kəskin şəkildə azaldılacaq.
Məlumat üçün bildirək ki, ƏİP-nin konstitusiya dəyişikliklərinə dair təşəbbüsünü Türkiyənin Sənayeçilər və Sahibkarlar İttifaqı da dəstəkləyib.
Bütün bunların nəticəsində, Ərdoğanın rəqibləri ona və onun partiyasına alternativ olaraq konstruktiv və vətəndaşlar üçün cəlbedici islahatlar proqramı təqdim edə bilmədilər. Onlar əsas səylərini Türkiyənin dünyəviliyinə olan təhlükə və ƏİP-nin islamlaşma siyasətinin qabardılmasına yönəltdilər. Qeyd edək ki, ölkə Konstitusiyasına əsasən, Türkiyənin sosial, iqtisadi, siyasi və hüquqi həyatında dini amilin iştirakı qadağan edilir. Bu prinsipə əsasən, öz siyasi məqsədlərinə çatmaq üçün vətəndaşların dini baxışlarından və hisslərindən istifadə etmək də qadağandır. Amma müxalifətin bütün səylərinə baxmayaraq, seçicilər islam təhlükəsinə dair bəyanatları şişirdilmiş hesab etdilər və əsas diqqəti ideologiyaya deyil, görülmüş konkret işlərə yönəltdilər.
Seçkilərin ilkin nəticələrinin elan olunmasından dərhal sonra, ƏİP lideri Ərdoğan bəyan etdi ki, Türkiyə demokratiya imtahanını uğurla verdi və bu, bütün dünya üçün örnək olmalıdır. "Seçkilərdə demokratiya qalib gəldi və xalq ictimai rəyin mərkəzi kimi məhz Ədalət və İnkişaf Partiyasını göstərdi", - deyən Ərdoğan öz seçiciləri qarşısındakı çıxışı zamanı bəyan etdi ki, "Bizim əsas məqsədimiz Türkiyəni qüdrətli və çiçəklənən dövlətə çevirməkdir və biz bu məqsəddən bir addım belə geri çəkilməyəcəyik". Baş nazir rəhbəri olduğu partiyanın daim Türkiyənin dünyəvi əsaslarını dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bəyan edib.
Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə Avropa İttifaqının bərabərhüquqlu üzvü olmaq istiqamətində səylərini bundan sonra da davam etdirməlidir.
Hər şey hələ irəlidədir
Beləliklə, seçkilər başa çatdı. Amma yerli və xarici müşahidəçilər bildirirlər ki, Türkiyədəki siyasi vəziyyət hələ uzun müddət sabit axara düşməyəcək. Onlar ölkəni "çox qaynar siyasi payız" gözlədiyini vurğulayır və bunu konstitusiya islahatlarına dair gözlənilən referendumla əlaqələndirirlər. Xatırladaq ki, referendumda islahatların lehinə səs verilsə, Türkiyədə dövlət başçısı birbaşa seçki yolu ilə 5 il müddətinə seçiləcək və ona ikinci dəfə də bu posta seçilmək hüququ veriləcək.
Deputatların səlahiyyət müddəti 5 ildən 4 ilədək azaldılacaq, 550 nəfərlik parlamentdəki kvorum isə hazırkı 367 səsdən 184 səsə endiriləcək.
Referendum payızın ortalarına təyin olunub, hələlik isə yeni parlament daha bir ciddi imtahan qarşısındadır - yeni prezident seçilməlidir. Hazırkı qanunvericiliyə görə, bunun üçün parlamentə 40 gün verilir. Amma yeni parlamentin də 40 gün ərzində prezident seçkisini başa çatdıracağına ümid çox azdır. Çünki hələlik hakim ƏİP prezident seçmək üçün tələb olunan 367 səsə malik deyil. Əgər Məclis bu dəfə də prezident seçkilərinə dair kompromisə gəlib qərar qəbul edə bilməsə, o, yenidən buraxılmalı və ölkədə növbəti dəfə seçkilər keçirilməlidir.
Yeni siyasi böhrandan yaxa qurtarmaq üçün müxalifət təşəbbüslə çıxış edib: prezident postuna namizədlər parlament üzvlərindən deyil, bitərəf və deputat olmayan şəxslər olsun. Bu zaman müxalifət xatırladır ki, hazırkı prezident Əhməd Nejdət Sezər də vaxtilə məhz siyasi partiya təmsilçilərinə alternativ olaraq bitərəflər sırasından namizəd olmuşdu.
Amma hələlik Ərdoğan yeni prezidentin kənardan seçilməsi ideyasını bəyənmir və çox güman ki, yenidən xarici işlər naziri Abdulla Gülün namizədliyi üzərində dayanacaq. Bunun üçün isə Ərdoğan parlamentdəki bitərəf deputatların dəstəyini almalı və digər partiyalardan da ƏİP-ə keçmələri təmin etməlidir.
Bununla belə, tərəflərin kompromis variant əldə edəcəyi də istisna olunmur. Söhbət yeni prezidentin müvəqqəti olaraq seçilməsindən, referendumdan sonra onu ümumxalq səsverməsi nəticəsində seçilmiş şəxsin əvəz etməsindən gedir.
Parlament və yeni hökumətin qarşısında duran əsas problemlərdən biri də çox ağrılı olan "kürd problemi"dir. Türkiyə hakimiyyəti və ilk növbədə, hərbi dairələr dəfələrlə bəyan ediblər ki, ABŞ və İraq rəhbərliyi Türkiyə ilə sərhəddə yerləşən kürd terrorçularını neytrallaşdırmasa, rəsmi Ankara bu problemi hərbi yolla həlli etmək əzmindədir.
İraq hakimiyyəti və yerli kürd rəhbərləri Türkiyənin bu planlarından olduqca narahatdırlar. Vaşinqton da Ankaranı bu mövqedən çəkindirməyə çalışır. Bütün bunlar Türkiyədə kürd separatçılarına dəstək kimi qəbul olunur və təbii ki ölkədə Antiamerika əhval-ruhiyyəsi getdikcə güclənir. Bu ilin əvvəlindən kürd terrorçuları tərəfindən Türkiyə Ordusunun 90-dan artıq hərbçisinin öldü-rüldüyü bir şəraitdə, "dözüm və dialoq"a çağırışla dolu "nəsihətləri" sakit dinləmək getdikcə çətinləşir.
Müşahidəçilər bir fakta da diqqət yetirirlər ki, son seçkilərdən sonra parlamentə kürd deputatları qayıdıblar. Nəzərə alsaq ki, indi artıq Məclisdə Millətçi Hərəkat Partiyası (MHP) da təmsil olunur, onda kürd deputatları ilə millətçilər arasında gərgin mübahisələrin və hətta əlbəyaxa döyüşlərin də olacağı ehtimalı realdır.
Bir sözlə, Ərdoğanın hökuməti addım-addım daxili və xarici ziddiyyətlərlə dolu düyünləri açmalı, çoxlu sayda problemləri həll etməlidir. ƏİP lideri hələlik özünü əsl siyasi xadim, çox məsuliyyətli və uğurlu siyasət yürütməyi bacaran siyasətçi kimi tanıdıb. Məhz buna görə, Türkiyə vətəndaşları yenidən öz gələcəklərini ƏİP ilə bağlayaraq, Ərdoğana yeni etimad krediti verdilər.
Türkiyədə keçirilmiş seçkilər beynəlxalq müşahidəçilər tərəfindən demokratik, azad və ədalətli adlandırıldı. Aparıcı dövlətlərdə ƏİP və onun lideri Ərdoğanın qələbəsinə reaksiya, əsasən, pozitivdir. Ərdoğana ilk təbrik göndərənlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev oldu. Axı inkişaf yolu ilə gedən güclü və sabit Türkiyə, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi deməkdir. Azərbaycan hökuməti Ərdoğan hökuməti ilə sıx tərəfdaş əlaqələri qurub və buna görə də heç bir fasilə vermədən bu əlaqələri daha da genişləndirmək imkanı var.
MƏSLƏHƏT GÖR: