
YEREVAN VƏ VAŞİNQTON ÜÇÜN "İRAN İMTAHANI"
Entoni Qodfrinin bəyanatı ABŞ siyasətinin "qütbləşməsi"ndən xəbər vermir ki?
Müəllif: Tofiqxanım QASIMOVA Bakı
İran ətrafında vəziyyət dünya ictimaiyyətini gərginlikdə saxlamaqda davam edir. Bunda, müəyyən mənada, BMT və digər dövlətlərin MAQATE müfəttişlərinin İranın nüvə obyektlərində yoxlamaları bərpa etməsi üçün Tehrana ciddi təzyiq göstərə bilməməsinin də rolu var.
Eyni zamanda, "mollakratiya" rejiminin nüvə silahı əldə edəcəyindən narahat olan digər dövlətlər də müxtəlif tədbirlərə əl atır. Hələlik İrana qarşı hərbi əməliyyatlara başlanmasına dair yekun qərar qəbul edilməsə də, Vaşinqton "antiiran cəbhəsi"nin qurulmasını davam etdirir, Tehrana qarşı iqtisadi və maliyyə sanksiyalarını gücləndirir. Ağ ev artıq bəyan edib ki, ABŞ yaxın vaxtlarda İranın neft yataqlarının işlənməsinə dair müqavilə imzalayan neft şirkətlərinə qarşı sərt sanksiyalar tətbiq edə bilər. Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə, Vaşinqton yalnız yerli şirkətləri deyil, İranla işgüzar əməliyyatlarda payı 20 milyon dollardan yüksək olan istənilən şirkəti cəzalandıra bilər. "Biz belə bir qanunun mövcudluğunu nəhəng neft və qaz şirkətlərinin nəzərinə çatdırmışıq. Bildirmişik ki, bu qurumlar sərhədi keçərsə, həmin qanun işə düşə bilər", - deyə ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndələrindən olan Nikolas Börns bildirib.
Əksər müşahidəçilər Börnsün açıqlamasını Vaşinqtonun Tehrana iqtisadi təzyiqləri artırmasının göstəricisi kimi qiymətləndiriblər. Bir məqam xüsusilə diqqət çəkir: ABŞ-ın bu bəyanatı Avropanın "Shell", "Repsol" və "Total" da daxil olmaqla, bir neçə nəhəng şirkətinin İranın qaz yataqlarının işlənməsinə dair milyardlarla dollar dəyərində olan müqavilələr imzalamasının mümkünlüyünü müzakirə etdiyi vaxtda verilib. Bundan başqa, Çin və Malayziyanın enerji qrupları da İrana maraq göstərir.
Ekspertlər daha bir məqama diqqət çəkir. Sözügedən qanun ABŞ-da çoxdan qüvvədə olsa da, Vaşinqtonda neft şirkətlərinə qarşı real sanksiyalara hələ də rast gəlinmir. Lakin indi situasiya dəyişib: demokratların nəzarət etdiyi ABŞ Konqresi İranla əməkdaşlıq edən şirkətlərin sıxışdırılması üçün Corc Buş administrasiyasına ciddi təzyiq göstərir. Bundan başqa, hazırkı iqtisadi sanksiyalar bir müddət əvvəl KİV-də yer alan "İranda hərbi əməliyyat keçirmədən sabitliyin pozulması planı"na aiddir.
Bütün bunlarla yanaşı, bir müddət əvvəl ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Entoni Qodfri kifayət qədər maraqlı bəyanatla çıxış edib. Onun sözlərinə görə, ABŞ Ermənistandakı Atom Elektrik Stansiyasının (Metsamor AES) yenisi ilə əvəzlənməsini vacib sayır. Diplomat xatırladıb ki, Vaşinqton AES-in təhlükəsinin azaldılması proqramı çərçivəsində Ermənistanla əməkdaşlıq etsə də, bu, lazımi nəticəni verməyib və Metsamor AES-in yenisi ilə əvəz edilməsinin vacibliyi qüvvədə qalıb. Müvəqqəti işlər vəkilinin sözlərinə görə, hazırda Vaşinqton bu məsələnin həllində optimal variantın tapılması üçün Ermənistan rəhbərliyi ilə müzakirələr aparır.
Formal olaraq, Qodfri seysmik zonada yerləşən Metsamor AES-in potensial ekoloji təhlükəsi haqda danışıb. Lakin elə həmin mətbuat konfransında o daha bir bəyanat səsləndirib ki, bu da ABŞ-ın sözügedən stansiya ilə bağlı narahatlığına başqa prizmadan yanaşılmasını mümkün edir. Amerikalı diplomatın bildirdiyinə görə, Vaşinqton Ermənistanın İranla energetika sahəsində əməkdaşlığı genişləndirməsindən narahatdır. O, ölkəsinin İranın beynəlxalq öhdəliklərə əməl etməsinə nail olmaq məqsədi ilə digər dövlətlərlə əməkdaşlıq etdiyini də vurğulayıb. "BMT Təhlükəsizlik Şurasının iki qətnaməsi xarici dövlətlərin İranla əlaqələrinin məhdudlaşdırılmasına və bu ölkəyə investisiya qoyuluşunun qadağan edilməsinə yönəlib", - deyə Entoni Qodfri bildirib. - "Biz narahatlığımızı Ermənistan hökumətinə bütün səviyyələrdə bildirmişik. Bununla yanaşı, Vaşinqton Yerevanın Tehranla İran-Ermənistan qaz kəmərinin tikintisindəki əməkdaşlığını şəffaf həyata keçirməsini yüksək qiymətləndirir. Ermənistan hakimiyyətinin bu əməkdaşlığın perspektivini səmimi qiymətləndirməsi də təqdirəlayiqdir. Bundan başqa, ABŞ Ermənistan hökumətinin İranın beynəlxalq öhdəliklərə əməl etməsi istiqamətində dünya birliyi ilə əməkdaşlığını dəstəkləyir".
Diplomatın açıqlamalarına Ermənistan rəsmilərinin reaksiyası dərhal gəlib. Parlamentin vitse-spikeri, "daşnaksütun" partiyasının büro üzvü Vaan Ovanesyan bildirib ki, bu məsələdə narahatlığa əsas, hətta ciddi əsas var. O vurğulayıb ki, E.Qodfrinin ABŞ-ın İran-Ermənistan əməkdaşlığından narahatlığı haqda açıqlaması Yerevanı Tehranla münasibətlərdə daha ehtiyatlı olmağa çağırmaqdır. "Lakin Ermənistan suveren dövlətdir və kiminlə hansı münasibətləri qurmağı o, milli maraqlarına uyğun şəkildə özü seçməlidir", - deyə vitse-spiker qeyd edib.
Ovanesyan onu da əlavə edib ki, indiyədək dünya ictimaiyyəti Ermənistan-İran əməkdaşlığına anlaşıqlı yanaşıb və buna səbəb beynəlxalq aləmin blokadada olan dövlətin əməkdaşlıq üçün geniş imkanlarının olmadığını anlamasıdır: "Ermənistan kütləvi qırğın silahlarının yayılmamasını nəzərdə tutan, demək olar ki, bütün beynəlxalq sənədləri imzalayıb və bu istiqamətdə Yerevan nöqsansız siyasət yürüdür. Odur ki ABŞ-ın bu məsələdə narahatlığına heç bir səbəb yoxdur".
O, İranın ünvanına səsləndirilən ittihamların hələ sübuta yetirilmədiyini də əlavə edib.
Ermənistanın xarici işlər naziri Vardan Oskanyan isə sanki vəziyyəti düzəltməyə çalışaraq jurnalistlərə bildirib ki, onun ölkəsi ilə ABŞ arasında Yerevan-Tehran əməkdaşlığına dair heç bir problem yoxdur. Nazirin sözlərinə görə, Ermənistanın bütün ölkələrlə, xüsusilə qonşuları ilə münasibəti yaxşı və şəffafdır və bu baxımdan, narahatlığa heç bir səbəb yoxdur. V.Oskanyan E.Qodfrinin sözügedən bəyanatını konkret olaraq hansı kontekstdə səsləndirdiyini bilmədiyini söyləyib: "Ermənistanla ABŞ arasında bütün məsələlərə dair dialoq mövcuddur. Həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrinə dair. Bütün məsələlər məhz bu çərçivədə müzakirə olunur". XİN başçısı Yerevanla Vaşinqton arasında hansısa gərginliyin yaranması haqda fikirləri qəti şəkildə təkzib edib.
Buna baxmayaraq, bir məqam artıq çoxdan hamıya məlumdur: diplomatiyada çalışdığın ölkədə mətbuat konfransı keçirərək, həmin dövlətin siyasətindən narahatlıq ifadə etmək çox ciddi jest hesab olunur. Belə bir jest yalnız o zaman edilir ki, problemi danışıqlar yolu ilə məxfi şəkildə həll etmək səyləri nəticəsiz qalıb.
Bundan başqa, baxmayaraq ki ABŞ-da "energetika" anlayışına nüvə sahəsi də daxildir, formal olaraq Yerevanı İrana nüvə texnologiyası verməkdə heç kim ittiham etməyib. Bu məqamda aydın olur ki, indiyədək Azərbaycan mətbuatında da dəfələrlə yer alan bir fakt - Rusiya və İranın nüvə mütəxəssislərinin Metsamor AES-dəki erməni həmkarlarının vasitəçiliyi ilə əlaqə qurması Vaşinqtonun diqqətindən kənarda qalmayıb.
Nəhayət, Ermənistanın Yaxın Şərq radikalları ilə köhnə dost olduğu da hamıya məlum olan faktdır. ASALA-nın "Hizbullah" və "İslami-cihad" tipli qruplaşmalarla əməkdaşlığı buna bariz sübutdur və belə hallar kifayət qədərdir. Hər halda, Livanın, demək olar ki, hər gün partlayışlar baş verən xristian məhəllələrində heç vaxt qurbanlar arasında yerli ermənilərin olmaması da diqqətçəkən haldır. İranlı ultraradikal Mahmud Əhmədinejatı da heç kim yerli ermənilərin sıxışdırılmasında ittiham etmir.
Nəhayət, daha bir diqqət çəkən məqam Ermənistanın Ərəb Dövlətləri Liqasına "xüsusi dəvəti"dir.
Ermənistanla İranın yaxın münasibətlərindən daim həm region, həm də Azərbaycan mətbuatı yazır. Lakin bu haqda açıq narahatlıq nadir hallarda səsləndirilir. Belə narahatlıq 90-cı illərin sonlarında ABŞ-ın Ermənistandakı o zamankı səfiri Maykl Lemmonun dilindən səsləndirilmişdi. İndi isə Vaşinqton yenidən Yerevan-Tehran münasibətlərindən narahatlığını ifadə edirsə, bu, minimum düşünməyə əsas verir. Məhz bu məqamdan ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətinin "polyarizasiyası" başlaya bilər və Vaşinqton Azərbaycanla Ermənistana "bərabər yanaşma"ya son qoya bilər. Hər halda, elə həmin ərəfədə Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSİS) Rusiya və Avroasiya Proqramının direktoru Kori Velt Ermənistanın "PanArmenian" agentliyinə müsahibəsində sensasion bəyanat səsləndirib: onun sözlərinə görə, ABŞ-dakı erməni lobbisi heç də həmişə erməni xalqının maraqlarına uyğun fəaliyyət göstərmir. "Erməni lobbisinə gəlincə, deyə bilərəm ki, onların fəaliyyəti heç də həmişə erməni xalqının maraqlarına xidmət etmir. ABŞ Konqresi Ermənistana səfir təyin etsəydi, Türkiyə ilə münasibətlərin daha da yaxınlaşması məsələsinə daha həssas yanaşsaydı, Vaşinqtonun Yerevana diqqəti daha böyük olardı. Unutmaq olmaz ki, Birləşmiş Ştatlar İraqla münasibətlərdə yeni mərhələyə qədəm qoyur. Mən "erməni soyqırımı"nın (dırnaq işarəsi bizə məxsusdur - red.) qəbulunun Ermənistan və ABŞ-ın erməni icması üçün vacibliyini anlayıram. Amma əgər bu məqsəd ABŞ-Ermənistan və ABŞ-Türkiyə münasibətlərinin fundamental elementləri ilə toqquşursa, bu, hamıya ziyandır", - deyə Velt qeyd edib.
Yeri gəlmişkən, bu gün erməni lobbisinin Türkiyədən daha çox ABŞ və Ermənistanın özünə problem yaratmasına dair fikirlər həm regional, həm də Azərbaycan mətbuatında çoxdan yer almaqdadır. Bundan başqa, hələ 90-cı illərin ortalarında bir çox azərbaycanlı politoloqlar, xüsusilə Vəfa Quluzadə bildirirdi ki, Yelisey çöllərində gəzintiyə çıxan, Sakit okeanın sahilindəki villasında istirahət edən ermənilər üçün "milli ruh" haqda uzun-uzadı danışmaq asandır. Amma Ermənistanda yaşayan və ölkənin problemləri ilə üz-üzə qalan ermənilər anlamalıdırlar ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan iqtisadi problemlərin həlli qeyri-mümkündür.
Son illər ABŞ-ın Ermənistanı Rusiyanın təsiri altından çıxartmaq, həmçinin, Yerevan-Ankara dialoquna yol açmaq üçün səylərini artırdığı da şübhə doğurmur. Bunun fonunda ermənilərin "erməni soyqırımı" məsələsində iddialarını davam etdirmələri, təbii ki, rəsmi Vaşinqtonun maraqlarına uyğun gəlmir. Hətta açıq desək, bu məsələnin erməni xalqının maraqlarına cavab vermədiyi də ortadadır.
Lakin Vaşinqton hələ indi ilk dəfə olaraq bu "maraqlar münaqişəsi"ni öz adı ilə çağırmağa qərar verib.
Qeyri-rəsmi, daha dəqiqi, yarırəsmi səviyyədə olsa belə.
MƏSLƏHƏT GÖR: