
YUNAN YOLAYRICI
Afina borc bataqlığından çıxa və birləşmiş Avropanın tərkibində qala biləcəkmi?
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Borcu qaytarmalı, yoxsa qaytarmamalı? Yunanlar üçün ötən bazar günü bu suala cavab vermək Şekspirin Hamletinin "Olum, ya ölüm" monoloqundakı suala cavab tapmaqdan daha vacib idi.
Avropa sivilizasiyasının beşiyi, dünyada demokratiyanın banisi olan Yunanıstan öz adını müasir Avropanın da tarixinə yazdırdı. Amma bu dəfə onun adı tarixə heç də müsbət mənada yazılmadı. Ölkə tarixində ilk dəfə Aİ üzvləri və inkişaf etmiş ölkələr sırasında Beynəlxalq Valyuta Fonduna (BVF) ödəmələr üzrə defolt yaşadı. Ölkənin referenduma getməsinə məhz bu səbəb oldu. Referendumda yunanlar beynəlxalq kreditorların yeni borclarla bağlı şərtlərini ya qəbul, ya da rədd etməli idilər.
Yunanıstan iqtisadiyyatında problemlər dünən, yaxud hətta 2008/2009-cu illər böhranından da başlamayıb. "Oxford Analytica Greece: Austerity package fails to convince" məruzəsinə əsasən, İkinci Dünya müharibəsinin başa çatmasından sonra Yunanıstan hər zaman tarixi yardımlardan yararlanıb. "İlk dəfə bu, Marşall planı, daha sonra silahlanma üçün ABŞ-ın dotasiyaları, nəhayət, Aİ tərəfindən kütləvi maddi yardım olub. Bütün bunlar Yunanıstanda siyasi və iqtisadi asılılıq mədəniyyəti yaradıb", - deyə məruzə müəllifləri bildirirlər.
Yunanıstan hətta 2001-ci ildə avrozonaya büdcə kəsiri və xarici borcun səviyyəsilə bağlı məlumatları təhrif etməklə qoşulub. Çünki bu göstəricilər Maastrixt razılaşmasına uyğun deyildi (ÜDM-in 60%-dən çox borc və 3%-i qədər büdcə kəsiri). Doğrudur, bu məsələdə digər namizəd ölkələrə effektiv islahatların nəticələrini nümayiş etdirmək məqsədilə Afinanı valyuta ittifaqına qəbul edən Aİ rəhbərliyi də məzəmmət oluna bilər. Axı, hələ 1999-cu ildə Yunanıstanın avrozonaya daxil olmaq istəyi Aİ tərəfindən rədd edilmişdi. Bunun üçün Yunanıstandan tələb olunan islahatlar isə kağız üzərində qalırdı.
Avronun tətbiqindən sonrakı ilk illərdə Yunanıstanın göstəriciləri artsa, inflyasiya azalsa da, ölkə kifayət qədər aşağı faizlə xarici kreditlər almaqda idi. Bununla yanaşı, Yunanıstanda iqtisadi modelin restrukturizasiyası baş vermədi.
İşçilərin hüquqları nöqteyi-nəzərindən Yunanıstan sosialist məkanı sayıla bilər. Ölkədə son zamanlaradək ildə 14 maaş ödənilir, pensiyaçılar ayda 1400 avrodan artıq pensiya ala bilirdilər. Bundan başqa, son dövrlərədək Yunanıstanda çoxsaylı sosial əlavələr ödənilirdi. Məsələn, mərhum dövlət qulluqçularının və hərbçilərin subay qızlarına pensiya ödənilirdi. Yunanıstanın "Kathemerini" qəzetinin məlumatına görə, bütün bunların nəticəsində 2000-ci illərin ortalarında ölkə dünyada adambaşına düşən "Porsche Cayenne" avtomobillərinin alışında birinci yerə yüksəlmişdi. Ölkədə körpələrin 50%-dən çoxu özəl klinikalarda doğulurdular, halbuki belə məkanlarda doğuş 10 min avrodan baha başa gəlirdi. Bununla yanaşı, Yunanıstanda işçi qüvvəsinin əhəmiyyətli bir hissəsi ölkə iqtisadiyyatının, təxminən, 40%-ni təşkil edən dövlət sektorunda çalışırdı. Vergi yığımı sahəsində isə vəziyyət heç də ürəkaçan deyildi. "Kommersant" qəzetinin məlumatına görə, kiçik sahibkarlar, həkimlər, hüquqşünaslar bəyannamələrdə qazanclarının 12 min avronu ötmədiyini göstərirdilər və bu, onlara vergi ödəməmək imkanı verirdi. 1967-ci ilin Konstitusiyasına görə, Yunanıstanda beynəlxalq dəniz yük daşımaları sahəsindən vergi tutulmur. Halbuki dünyanın ən nəhəng kommersiya donanması Yunanıstandadır. Bu sahə ölkədə ÜDM-in, təxminən, 7%-ni təşkil edir. Bu cür əyriliyi digər sektorlarda da tapmaq mümkün idi.
Bütün bunların nəticəsində Yunanıstan 2008/2009-cu il böhranından sonra ayağa qalxa bilmədi. 2010-cu ildə 110 milyard avro yardım istəyən yunanlar cəmi 2 il sonra daha 130 milyardlıq yardıma ehtiyaclarının olduğunu bəyan etdilər. Üstəlik, ikinci yardım paketinin ayrılması zamanı onun, təxminən, 100 milyard avroluq borcu silindi. Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası və Avropa Mərkəzi Bankının timsalında 3 kreditor Yunanıstana kreditin ayrılması üçün qənaətcil iqtisadiyyatla bağlı sərt tələblər irəli sürdülər. Onlar Afinadan iqtisadiyyatın restrukturizasiyasını, kütləvi ixtisarlar və özəlləşdirmə yolu ilə dövlət sektorunun iqtisadiyyatdakı rolunun azaldılmasını da tələb edirdilər. Afina isə bu tələblərə əməl etməyə xüsusi maraq göstərmirdi.
"Doing Business" reytinqində Yunanıstan hətta iqtisadiyyatda böhran islahatlarından sonra belə, 189 ölkə arasında 61-ci yerdədir. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzvləri arasında sonuncu yerdir. Ümumdünya İqtisadi Forumunun rəqabət qabiliyyətli ölkələr reytinqində isə Yunanıstan 144 ölkə arasında 81-ci pillədə yer alır.
Nəticədə, böhran plana uyğun olaraq 2015-ci ilədək uzandı. Amma indi mübarizə son dərəcə sərt olacaq. Yunanıstanın Aleksis Siprasın başçılıq etdiyi yeni solçu hökuməti 320 milyard avroya çatmış dövlət borcunun bir hissəsinin silinməsini, qalan məbləğin restrukturizasiyasını və yeni kreditlərin ayrılmasını tələb edir. Doğrudur, indi yunanlar yeni kreditləri yalnız köhnə borcun ödənilməsinə yönəldəcəklərinə söz verirlər. Afina yeni ayrılacaq məbləğin indiyədək olduğu kimi, büdcə kəsirinin ödənilməsinə xərclənməyəcəyini deyir.
Yeri gəlmişkən, Afinanın əsas kreditorlarından olan BVF etiraf edib ki, Yunanıstanın borcunun bir hissəsi silinməzsə, bu ölkə yaşaya bilməyəcək. Bundan başqa, hətta bundan sonra belə, Yunanıstanın 60 milyard avroyadək yardıma ehtiyacı var. Məbləğin 50 milyardı yaxın 3 ildə ayrılmalıdır. BVF-nin hesabatında bildirilir ki, qurum əvvəlki yardım proqramlarının reallaşdırılması zamanı Yunanıstan iqtisadiyyatında presedentsiz işsizliyə (25%-dən çox) aparıb çıxaracaq bu dərəcədə dərin tənəzzülün yaşanacağını hesablamayıb.
Nəticədə, Sipras kreditorlarla razılaşma məsələsini referenduma çıxarıb və əhalinin 60%-i hökumətin sərt qənaət tədbirlərindən imtina qərarını dəstəkləyib. Üstəlik, onları son həftə ərzində bankların bağlanması, ölkənin avrozonanı, hətta Aİ-ni tərk etmək riskinin olması belə, narahat etməyib. Referendumun nəticələrinin açıqlanmasından sonra Sipras yaxın günlər ərzində kreditorlarla razılığa gəlmək niyyətini açıqlayıb. Onun tələskənliyi tamamilə anlaşılandır - ölkədə, demək olar ki, pul yoxdur və artıq bu həftə pensiyaçılara belə, ödəniş etmək üçün vəsait tapılmayacaq.
Bəs, Avropa İttifaqı nə qədər üzüyola olacaq? Bu, hələ ki, məlum deyil. Hələ referendum ərəfəsində Aİ-nin bütünlükdə elitası kreditorlar razılaşmadan imtinanın Afina üçün dəhşətli nəticələr verəcəyini deyirdilər. Əsas təhlükə Yunanıstanın avrozonadan kənarlaşması, sonda isə ümumiyyətlə, Aİ-dən kənarda qalması göstərilir. Bundan başqa, Yunanıstanı humanitar fəlakət də gözləyir. Məsələ ondadır ki, ölkədə hətta yanacaq, ərzaq və tibb ləvazimatlarının alınması üçün pul yoxdur.
Afina isə avrodan imtina etmək niyyətində deyil. Ölkənin maliyyə naziri Yanis Varufakisin sözlərinə görə, indi Yunanıstanın milli valyutası olan drahmanı çap etmək üçün çap dəzgahları belə, yoxdur. Yeri gəlmişkən, Varufakis artıq vəzifəsindən istefa verib. Nazirin istefa bəyanatında bildirilir ki, bu qərar "avrozonanın bəzi üzvlərinin onun maliyyə nazirlərinin iclaslarında iştirakını arzuolunmaz sayması" ilə bağlıdır.
Yunanlar ölkənin Aİ-dən zorla kənarlaşdırılacağı təqdirdə, məhkəməyə üz tuta biləcəklərini də deyirlər. Çünki ölkələrin avrozonadan kənarlaşdırılması üçün hüquqi mexanizm mövcud deyil. Beləliklə, sanki pat vəziyyəti yaranır.
Yunanıstan, yəqin ki, 2012-ci il ssenarisinin təkrarlanacağına ümid edir. O zaman Afinaya yeni yardım ayrılmış, ölkənin borcunun bir hissəsi isə silinmişdi. İndi isə vəziyyət fərqlidir. O zaman Avropa yalnız Yunanıstanı deyil, həm də uzun böhrandan sonra yenicə ayağa qalxmış öz iqtisadiyyatını xilas etmişdi. Həmin illərdə risk zonaları arasında Portuqaliya, İspaniya, İslandiya, Kipr, hətta İtaliya da var idi. Aİ-nin istənilən iqtisadiyyatının iflası zəncirvari reaksiyaya yol aça, bütünlükdə dünya iqtisadiyyatı üçün mənfi fəsadlara səbəb ola bilərdi. İndisə Aİ-nin və avrozonanın iqtisadiyyatı xeyli güclənib. Əksər ekspertlər Yunanıstanın avrozonadan kənarlaşmasının qlobal problemlərə səbəb olmayacağını düşünür. Digər tərəfdən Yunanıstan, ümumilikdə, Aİ üçün başağrısına çevrilə bilər. Çünki hər şeyin Afinanın istəyinə uyğun gedəcəyi təqdirdə, bu təcrübədən yararlanmaq istəyən başqa dövlətlər də meydana çıxa bilər.
Referendumdan sonra JPMorgan və Barclays analitikləri Yunanıstanın avrozonadan çıxmasına əsas ssenari hesab edirlər. Bu, onsuz da, minimumadək ucuzlaşmış və dollarla eyni dəyərə yaxınlaşmaqda olan avronun kursunun daha da düşməsilə nəticələnə bilər.
Avropada bütün baş verənlərdən sonra Sipras hökumətinin bütünlükdə istefaya gedəcəyini düşünürdülər. Sipras özü də səsvermədən əvvəl xalqın kreditorlarla razılaşmalar paketini dəstəkləyəcəyi təqdirdə, istefaya gedəcəyini vəd etmişdi. Bu halda Avropa öz şərtlərini yeni hökumətə qəbul etdirəcəyini düşünürdü. Lakin hələlik bu ssenarini unutmaq lazım gələcək.
Dünyadakı mövcud vəziyyəti təhlil etsək, kreditorlardan ibarət üçlükdən başqa, kiminsə Yunanıstanı xilas edəcəyini düşünmək mümkün deyil. Siprasın Rusiyanın ünvanına reveranslarına baxmayaraq, Moskva, çətin ki, Yunanıstana yardım göstərmək gücündə olsun. Çünki hazırda rusların özü Qərbin maliyyə sanksiyaları ilə üz-üzədir. Üstəlik, Afinanın reveransları da sözdən əmələ keçmir. Yunanıstan 2015-ci ilin yanvarında və iyununda Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması haqda qərarı təsdiqləyib. Halbuki onun 1 səsi vəziyyəti dəyişə bilərdi - belə qərarların qəbulu üçün Aİ üzvlərinin hər birinin razılığı tələb olunur.
Əlbəttə, Yunanıstanı imkanlarını nəzərə almadan yaşamaqda nə qədər desəniz məzəmmət etmək olar. Amma onu da unutmaq lazım deyil ki, aralarında BVF-nin xüsusi fərqləndiyi maliyyə institutlarının yardım proqramları bəzən mənfi nəticələr də verə bilir. Axı, BVF-nin kredit ayıran zaman irəli sürdüyü əsas şərtlərdən biri kommunal xidmətlərə görə tariflərin artırılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi, büdcə kəsirinin aradan qaldırılması və iqtisadiyyatın idarə olunmasında bazar relsinə çıxmanı nəzərdə tutan digər tədbirlərdir.
BVF belə proqramları 1990-cı illərin ortalarında Azərbaycanda da reallaşdırıb. Ölkə, ümumilikdə, bu qurumdan, təxminən, 580 milyon dollar kredit alıb, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid istiqamətində bir sıra islahatlara imza atıb. Lakin o zaman ki, qaz və elektrik enerjisinə görə tariflərin artırılması məsələsi sərt şəkildə qoyulub, ölkə rəhbərliyi yeni kreditlərdən imtina edib və fondun yalnız texniki tövsiyə yardımını qəbul etməyə başlayıb. Azərbaycan iqtisadiyyatının hazırkı durumu 2005-ci ildə qəbul edilmiş qərarın doğruluğunu göstərir. O zamandan ölkədə ÜDM yüksək templərlə inkişaf edir, üstəlik, Bakı BVF-dən götürdüyü bütün kreditləri ödəməyə macal tapıb.
Yunanıstanda hadisələrin gedişi Azərbaycan üçün də xüsusi maraq kəsb edir. Çünki Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəmərinin (TAP) başlanğıc nöqtəsi məhz Qədim Elladadır. Afinada qarışıqlığın yaşanması nəzəri baxımdan bu layihənin reallaşdırılması tempinə də öz təsirini göstərə bilər. Amma bunun üçün, hələ ki, zaman var: TAP vasitəsilə qaz nəqli 2020-ci ildə başlamalıdır.
İndi Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA operatorunun SOCAR tərəfindən alınmasına dair anlaşma da müəyyən təhlükə qarşısındadır. Azərbaycan şirkəti hələ 2013-cü ildə DESFA-nın 66%-nin özəlləşdirilməsinə dair tenderdən qalib çıxıb və onun 400 milyon avroluq aktivinin alınmasına dair razılaşma imzalanıb. SOCAR bunun üçün yunanlara avans da ödəyib. Lakin bir müddət sonra məsələyə müdaxilə edən Avropa Komissiyası bu razılaşmanın rəqabətə təsirini yoxlamaq qərarına gəlib. Qurumun yoxlamaları 2015-ci ilin sonlarınadək başa çatmalıdır.
Bu araşdırmanın gedişində Sipras hökumətinin də rolu az olmayıb. Yunanıstanın enerji naziri Panayotis Lafazanis DESFA-nın yalnız 49%-ni satmaqda maraqlı olduqlarını açıqlayıb. SOCAR isə bununla razılaşmaq fikrində deyil. Qurumun rəhbəri Rövnəq Abdullayev "R+"a açıqlamasında bildirib ki, SOCAR yunan şirkətinin 49 yox, 66%-nin satışı ilə bağlı keçirilmiş tenderdə qalib olub. "Artıq avans da ödənilib və onlara bank zəmanəti verilib. Bu məsələdə yunan tərəfilə heç bir problem yoxdur. Problem Avropa İttifaqı ilədir. Hazırda biz Aİ-nin antiinhisar orqanları ilə razılaşmanın əldə edilməsilə məşğuluq", - deyə R.Abdullayev qeyd edib. Bununla yanaşı, Yunanıstan satılan payın azaldılmasında israr edərsə, bu, tamamilə fərqli şərtlərlə yeni danışıqların predmeti ola bilər.
Hələlik əsas diqqət Yunanıstanın borc bataqlığından çıxmağa, birləşmiş Avropanın tərkibində qalmağa nail olub-olmayacağı məsələsinə yönəlib. Çoxsaylı proqnozlara baxmayaraq, bu böyük oyunun nə ilə bitəcəyi hələ də bəlli deyil.
MƏSLƏHƏT GÖR: