15 Mart 2025

Şənbə, 00:41

ANKARADA BU YAY İSTİ KEÇİR

Türkiyədə daxili siyasi situasiyanın konstitusiyadan kənara çıxmaması son dərəcə vacibdir

Müəllif:

15.06.2007

İstənilən demokratik quruluş üçün ənənəvi və qaçılmaz olan partiyalararası mübarizə Türkiyədə geniş miqyaslı siyasi böhrana çevrilib. Bu həm də Ankaranın Avropaya inteqrasiya perspektivinin pisləşməsi, həmçinin, Kürd Fəhlə Partiyası (PKK) terrorçularının fəallığının artması fonunda baş verir.

 

Seçkiqabağı kampaniya

Türkiyədə daxili siyasi atmosfer aprelin sonları, mayın əvvəllərindən qarışmağa başladı. Ölkənin hazırkı prezidenti Əhməd Nejdət Sezərin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq parlamentə yeni dövlət başçısının seçilməsi proseduruna start verildi. Lakin seçkidə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan yeganə namizəd, xarici işlər naziri Abdulla Gül lazımi səsi toplaya bilmədi. Buna səbəb isə parlamentdə azlıqda olan müxalifətçi deputatların qurumun iclasını iki dəfə boykot etməsi və bununla da Gülün namizədliyinin səsə qoyulmasına imkan verməməsidir. Çətin situasiyada qalan deputatlar isə hazırkı qanunvericiliyə əsasən, ölkədə növbədənkənar parlament seçkisi elan etdilər və o, iyulun 22-nə təyin olundu. 

Eyni zamanda, AKP Türkiyə Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan təkliflər də irəli sürdü. Həmin sənədə əsasən, ölkədə prezidentin parlament yox, xalq tərəfindən seçilməsi, həmçinin, parlamentin fəaliyyət müddətinin 5 ildən 4 ilə endirilməsi nəzərdə tutulub. Lakin bu sənədə veto qoyularaq, Böyük Millət Məclisinə (BMM) qaytarılsa da, deputatlar mayın 28-i və 31-də iki oxunuşdan sonra əvvəlki mövqelərini bir daha nümayiş etdirdilər. 

Qeyd edək ki, Türkiyə qanunlarına əsasən, prezident eyni sənədə iki dəfə veto qoya bilməz. Beləliklə, Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan layihə ratifikasiya edilməzsə, məsələ ümumxalq referendumuna çıxarılmalıdır. Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan isə hesab edir ki, sözügedən referendumun növbədənkənar parlament seçkisi ilə eyni gündə keçirilməsi mümkündür.

Xatırladaq ki, qanun layihəsinə parlamentin 370 üzvü səs versə də, müxalifət, onunla həmrəy olan nüfuzlu hərbçilər, universitet dairələri və prezident Sezər məsələnin məhkəmə yolu ilə çözülməsinə qərar verdilər. Məsələ ondadır ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) liderləri sözügedən dəyişikliklər paketinin qəbulu zamanı bir sıra ciddi qanun pozuntularına yol verildiyini iddia edirlər. 

CHP-nin parlament fraksiyası rəhbərinin müavini Topuzun sözlərinə görə, parlamentin səlahiyyət müddətinin azaldılması ilə bağlı qanuna dəyişikliyə dair layihənin qəbul edildiyi vaxt, ümumiyyətlə, BMM-də kvorum olmayıb. "Sənədin qəbuluna Konstitusiyanın tələbinə uyğun olaraq  367 deyil, 366 deputat səs verib. Odur ki sənədi qəbul edilmiş saymaq olmaz", - deyə Topuz qeyd edib. 

Bu əsasla müxalifət Konstitusiya Məhkəməsinə yeni müraciət hazırlayır. Bu qurumla Ərdoğan hökuməti və hakim AKP arasında münasibətlər isə onsuz da gərgindir. Belə ki, Konstitusiya Məhkəməsinin sədri Ərdoğanı onun rəhbərlik etdiyi qurumu təhqir etməkdə günahlandıraraq onun barəsində məhkəməyə müraciət edəcəyini açıqlayıb. Xatırladaq ki, mayın 29-da Türkiyənin baş naziri parlamentdə çıxışı zamanı Konstitusiya Məhkəməsinin fəaliyyətini "biabırçılıq" adlandırıb. Ərdoğanın fikrincə, yeni prezidentin seçilməsi prosesinin pozulmasına məhz bu qurumun qərarı səbəb olub.

Bütün bunlarla yanaşı, ölkədə seçkiqabağı kampaniya getdikcə qızışmaqdadır. Parlament seçkisində iştirak etmək fikrində olan siyasi partiyalar artıq öz namizədlər siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Hələlik belə partiyaların sayı 15-dir. 

Ümumilikdə qarşıdan gələn seçki nəticəsində Türkiyə parlamentinin tərkibində xeyli dəyişikliyin olacağı gözlənilir. Məsələn, hazırda hakim partiyanı BMM-də təmsil edən 351 deputatdan 150-nin adı AKP-nin yeni namizədlər siyahısına salınmayıb. CHP-nin 149 deputatından isə 66-sı kənarda qalıb. 

Bundan başqa, yeni parlamentdə qadınların sayının nəzərəçarpacaq dərəcədə artacağı gözlənilir. Belə ki, hakim partiyanın siyahısında 62, müxalifət namizədləri sırasında isə 52 qadın namizədin adına rast gəlinir. Müstəqil namizədlər arasında da zərif cinsin nümayəndələrinin sayı kifayət qədərdir.

Seçkiqabağı keçirilən sosioloji sorğularda hakim AKP-nin şəriksiz liderliyi davam edir. "Doğru Yol" və "Ana Vətən" partiyaları birləşmə haqda ümidverici bəyanatlar səsləndirsələr də, eks-baş nazir Məsud Yılmazın namizədliyi ilə bağlı razılığın əldə edilməməsi onların yenidən ayrı-ayrı yolla getmələrinə səbəb olub. Beləliklə, sağçı partiyaların parlamentə düşmək üçün keçilməli olan 10 faizlik baryeri aşacaqları belə şübhə doğurur.

CHP ilə Demokratik Sol Partiya (DSP) isə müzakirələrdən sonra iki təşkilatın bir ad altında birləşməsi ideyasını təxirə salaraq namizədlərin razılaşdırılması və qarşılıqlı dəstək haqda yekdil fikrə gəliblər. Sorğulara əsasən, bu partiyaların seçkidə ikinci və üçüncü yerləri tuta biləcəkləri ehtimal olunur. 

Yeni parlamentə düşə biləcək dördüncü partiya kimi Milli Hərəkat Partiyasının (MHP) adı çəkilir. 

Beləliklə, hətta AKP hazırkı mövqelərini qoruyub-saxlasa və ya lap daha da gücləndirsə belə, onun yeni parlamentdə neçə mandata sahib çıxması rəqib partiyaların baryeri aşıb-aşmayacağından asılı olacaq. 

İstənilən halda, yerli və beynəlxalq müşahidəçilər ötən seçkidəki vəziyyətin təkrarlanması ehtimalının az olduğunu düşünürlər. Söhbət AKP-nin seçicilərin üçdə birinin səsini qazanaraq parlamentdə birpartiyalı hökumətin formalaşdırılması üçün kifayət edəcək çoxluğu əldə etməsindən gedir.

 

Birtərəfli hərəkət

Qeyd etmək lazımdır ki, Ərdoğan hökumətinin ölkədə iqtisadi-maliyyə sabitliyi yaratması ilə yanaşı, daha bir uğuru da var ki, bu da Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci ilin oktyabrından başlanan danışıqlardır. Onsuz da uzun proses olan bu məsələ (ekspertlərin qiymətləndirmələrinə görə, proses minimum 10-15 il vaxt aparacaq) Ankaranın Aİ-nin üzvü olan Kipr Respublikasını tanımaqdan imtina etməsi və onun üzünə özünün həm dəniz, həm də hava limanlarını açmaması üzündən daha da qəlizləşib. Məhz bu səbəbdən ötən ilin dekabrında Aİ-nin sammitində qurum Türkiyə ilə inteqarsiyaya dair danışıqların 35 maddəsi üzrə dialoqun dondurulmasına qərar verib. 

Aİ-nin sədri olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bir müddət əvvəl bildirib ki, qurum Ankara ilə iyunun sonlarında yalnız üç maddə üzrə danışıqları bərpa etməyə hazırdır.

Türkiyənin Avropaya inteqrasiyasının tərəfdarları üçün sevindirici olmayan daha bir məqam Nikolya Sarkozinin Fransa prezidenti seçilməsidir. Hələ seçkiqabağı kampaniyada Aİ-də Türkiyəyə yer olmadığını bəyan edən Sarkozi prezident seçildikdən sonra da bu mövqeyini bir daha təsdiqləyib. Onun Aİ-yə alternativ kimi Aralıq Dənizi Cəmiyyətinin yaradılması ideyası isə tək Ankarada deyil, həmçinin Təl-Əvivdə, Qahirədə və digər paytaxtlarda, yumşaq desək, soyuq qarşılanıb. 

Ankara ilə Brüssel arasında uçurumun dərinləşdiyini göstərən daha bir məqam EUFOR komandanlığının Türkiyənin Aİ-nin sülhməramlı qüvvələri üzərində idarəetmə hüququnu tanımamasıdır. Buna cavab olaraq Ankara bir müddət əvvəl Avropa İttifaqı sülhməramlılarının tərkibinə verdiyi xüsusitəyinatlılardan ibarət briqadanı geri çağırıb. Xatırladaq ki, həmin briqada aviasiya və gəmilərlə təchiz edilərək daha da gücləndirilmişdi. Bununla da Türkiyə açıq şəkildə göstərib ki, onun Brüssellə münasibətləri birtərəfli hərəkətlərə yol ola bilməz.

Nəzərə alsaq ki, hərbi məsələlər hələ də NATO tərəfindən koordinasiya edilir (hətta əməliyyatlar Aİ-nin bayrağı altında keçirildikdə belə), yaranmış böhranın aradan qaldırılması üçün alyansın baş katibi Yap de Hoop Sxefferin Ankaraya gözlənilən səfəri maraq doğurmaya bilməz. Türkiyə ilə Avropa İttifaqı arasındakı siyasi məsələlərə gəlincə, tərəflər dialoqu davam etdirir. Aİ-nin genişlənmə məsələləri üzrə ali komissarı Oli Ren mayın 5-də İstanbulda "Türkiyə və Aİ: Birlikdə Avropanın vahid enerji siyasətinə" mövzusunda keçirilən konfransda çıxış edərkən Ankaranı Avropaya inteqrasiya üçün nəzərdə tutulan demokratik dəyişikliklərdən imtina etməməyə, əsasən qanunun aliliyi və əsas azadlıqlar sahəsində islahatlara daha böyük diqqət ayırmağa çağırıb. O, Avropa İttifaqının Türkiyəni terrorla mübarizədə dəstəklədiyini də bəyan edib. "Avropa İttifaqı son zamanlarda Türkiyədə həyata keçirilən terror aksiyalarını pisləyir. Qurum terrorla mübarizə məsələsində sizin tərəfinizdədir", - deyə komissar qeyd edib.

 

Terrorçulara qarşı atəş!

PKK terrorçularının həyata keçirdikləri terror aksiyaları Türkiyə üçün elə ciddi problemə çevrilib ki, o həm daxili siyasi böhranın yaranmasına, həm də Avropaya inteqrasiya məsələsində çətinliklərin üzə çıxmasına səbəb olub. Son günlərin xronikası həqiqətən də ciddi təhlükədən xəbər verir. Mayın 22-də Ankarada "Anafartalar" adlı böyük ticarət mərkəzinin girişində kamikadzenin özünü partlatması nəticəsində yeddi nəfər həlak olub, yüzədək insan isə yaralanıb. Xüsusi xidmət orqanlarının səyi nəticəsində bunun ardınca daha iki terror aksiyasının qarşısını almaq mümkün olub və məlum olub ki, həmin partlayışları PKK üzvü olan qadın kamkadzelər törətməyə hazırlaşırmış. Həbs edilən qadınların üzərində 4 kq A- 4 tipli plastik partlayıcı götürülüb ki, cəmi bir neçə gün əvvəl Ankaradakı ticarət mərkəzində həyata keçirilən partlayışda da məhz həmin tipli qurğudan istifadə edildiyi məlum olub.

Daha sonra Pulumur şəhərciyindəki blok-postu kürd yaraqlılarının atəşə tutması nəticəsində Türkiyə ordusunun yeddi əsgəri həlak olub, daha yeddisi isə yaralanıb. Buna cavab olaraq türk ordusu "Çəkic" adı altında genişmiqyaslı antiterror əməliyyatlarına başlayıb. Əməliyyata 50 minlik ordu hissəsi cəlb olunub ki, onlar Türkiyənin 11 əyalətində zirehli texnika, hərbi vertolyot və təyyarələrin dəstəyi ilə terrorçuların zərərsizləşdirilməsinə başlayıblar. Türkiyə Ordusu Baş Qərargahının məlumatına görə, toqquşmalar nəticəsində 15 terrorçu qətlə yetirilib, yeddi yaraqlı həbs olunub. Lakin terrorçuların Şimali İraqın dağlıq rayonlarında yerləşən bazalarının zərərsizləşdirilməsi məqsədi ilə keçirilən reydlər İraq Kürdüstanının regional hökuməti ilə Ankara arasında münasibətlərin xeyli pisləşməsinə səbəb olub. 

Eyni sözləri Türkiyə-ABŞ münasibətləri haqda da söyləmək olar.

Hər halda, Türkiyə hökuməti artıq xeyli müddətdir ki, İraq kürdlərinin muxtariyyətlərini genişləndirmək məqsədi ilə atdığı addımları müşahidə edərək, bunların Türkiyədə yaşayan kürdlər üçün təhlükəli nümunə ola biləcəyindən ehti-yatlanır. Ankara həmçinin zəngin neft ehtiyatlarına malik olan Kərkük şəhərinin kürd rayonlarının tərkibinə qatılması planından da narahatdır. Belə ki, bu, müstəqil İraq Kürdüstanının yaradılması planının iqtisadi fundamentinin qurulmasına səbəb olar ki, Ankarnın fikrincə, bu halda regionda tarazlıq pozula bilər. Bu səbəbdən diplomatik demarş və təbliğat vasitələrilə kifayətlənməyən Türkiyə İraqla sərhəd boyunca hərbi qüvvələr toplayaraq, bu ölkənin ərazisindəki kürd terrorçularının bazalarına zərbələr endiriləcəyi ilə hədələyir.

Türkiyə Baş Qərargahının rəisi Yaşar Böyükanıt bəyan edib ki, "artıq ordu belə bir əməliyyata başlamağa hazırdır. Lakin  yekun qərar öklənin siyasi rəhbərliyi tərəfindən verilməlidir". 

Lakin bu plandan ABŞ ciddi şəkildə narahatdır və hesab edir ki, türk ordusunun Şimali İraqa girməsi nəinki vəziyyəti düzəltməyəcək, hətta situasiyanı daha da qəlizləşdirəcək. ABŞ-ın dövlət katibi Kondoliza Rays bir müddət əvvəl bu mövqeyi açıq şəkildə ortaya qoyub.

Bundan başqa, əməliyyatlara başlanacağı təqdirdə Türkiyənin Şimali İraqdakı biznes maraqları da zərər çəkə bilər. Eyni zamanda hadisələrin bu cür inkişafının Avrovada Türkiyənin imicinə mənfi təsir göstərəcəyi də məlumdur. Bu səbəbdən də güman edilir ki, Türkiyə problemin həlli istiqamətində köhnə taktikanı davam etdirəcək: zaman-zaman İraq ərazisinə daxil olaraq vertolyotların köməyi ilə terrorçular və onların bazalarını məhv etmək və yenidən Türkiyə ərazisinə qayıtmaq.

Eyni zamanda Türkiyədə ABŞ-a qarşı narazı münasibət də artmaqdadır və buna səbəb Vaşinqtonun İraq ərazisində PKK-nı zərərsizləşdirə bilməməsidir. Məhz bu məqam NATO üzvü olan iki müttəfiq arasında ciddi narazılığın yaranmasına səbəb olub. Xatırladaq ki, hələ ötən il Corc Buş administrasiyası ölkənin Hərbi Hava Qüvvələrinin sabiq generalı Cozef Ralstona PKK məsələsində amerikalılar, türklər və kürdlər arasında vasitəçilik etmək səlahiyyətlərini verib və bu işi məhz ona həvalə edib. Lakin bir çox yerli analitiklərin fikrincə, aparılan dialoq lazımi nəticələri verməyib. Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Bürənt Əlirza bu haqda belə düşünür: "ABŞ Tüyrkiyənin narahatlığını başa düşür, lakin onlar çox çətin durumda qalıblar. Çünki Vaşinqton barışması mümkün olmayan tərəfləri barışdırmağa çalışır. Tərəzinin bir rərəfində onların Ankara ilə çoxdankı yaxın münasibətləri, digər gözündə isə ABŞ üçün İraq kürdləri ilə münasibət kimi son dərəcə vacib olan məqam dayanır".

İstənilən halda, qardaş Türkiyə çox çətin vəziyyətə düşüb. Belə ki, onun iki strateji tərəfdaşı - ABŞ və Aİ ilə münasibətləri eyni vaxtda "dalana dirənib". İraqda vəziyyətin qeyri-müəyyən olaraq qalması, PKK terrorçularının fəallığının artması isə istənilən an Ankara ilə Vaşinqton arasında münasibətlərdə daha ciddi böhran yaşanmasına gətirib çıxara bilər. Şübhəsiz ki, belə bir mərhələdə daxili siyasi sabitliyin qorunub-saxlanması, parlament seçkisinin demokratik və şəffaf keçirilməsi, işlək hökumətin formalaşdırılması və yeni prezidentin seçilməsi son dərəcə vacibdir. Yalnız tam legitim və xalqın dəstəyinə sahib olan dövlət Türkiyənin bu gün üzləşdiyi problemlərlə mübarizə apara, ölkəni demokratiya və inkişaf yolunda inamla irəliyə daşıya bilər.


MƏSLƏHƏT GÖR:

443