
BÖYÜK SAMMİTİN BÖYÜK PROBLEMLƏRİ
G8 liderlərinin almaniya görüşü iqlimin müzakirəsi, Putinin qəbələ rls-lə bağlı təklifi və bağırsaq infeksiyası ilə yadda qaldı...
Müəllif: Eldar PAŞAYEV Bakı
"Böyük səkkizlik" ölkələrinin (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Yaponiya və Kanada) iyunun 6-8-də Almaniyanın Xayleqendamm kurort şəhərində keçirilən sammiti 13 sənədin qəbulu ilə başa çatıb. Bu, ilk vaxtlarda altı üzvü olan birliyin artıq 33-cü toplantısı idi. Xatırladaq ki, son olaraq bu təşkilata Rusiya üzv olub (rəsmən 1998-ci ildə) və ötən il ilk dəfə olaraq Sankt-Peterburqda onun sammitinə ev sahibliyi edib.
Müxtəlif bədbin proqnozlara baxamayaraq, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin budəfəki görüşü kifayət qədər sakit ab-havada, kənar müşahidəçilər üçün hətta kifayət qədər maraqlı keçib. Üstəlik, Fransanın yeni prezidenti Nikolya Sarkozi və Yaponiyanın baş naziri Sindzo Abenin toplantıya ilk dəfə qatılmaları da maraqlı məqamlardan biri olub. Eyni zamanda sammitdə zərif cinsin nümayəndəsinin iştirakı da ilk dəfə idi baş verirdi. Söhbət Almaniya kansleri Angela Merkeldən gedir.
Afrika, iqtisadiyyat, ekologiya...
Sammitin əsas mövzularından biri Afrika ilə bağlı olub. G8 ölkələrinin liderlərinin öz görüşlərində ənənəvi olaraq "qara qitə"nin problemlərini müzakirə etdikləri məlumdur. Amma bu müzakirələrin sözügedən qitənin sakinlərinə hansısa xeyir gətirdiyini söyləmək mümkün deyil. Eyni zamanda, bu dəfə vəziyyətin bir qədər fərqli olacağına ümid var. Belə ki, Afrikada QİÇS, vərəm və malyariya ilə mübarizə məqsədi ilə bu qitəyə 60 milyard dolların ayrılması nəzərdə tutulub. Həmçinin donor ölkələr Afrika dövlətlərinin rəhbərlərindən hökumətlərin fəaliyyətinin effektivliyini artırmağı, korrupsiya ilə mübarizəni gücləndirməyi tələb edir.
Yaponiyada keçiriləcək növbəti sammitdə hər iki tərəf öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qarşılıqlı hesabatla çıxış etməlidir.
Dünya iqtisadiyyatına gəlincə, bu məsələdə G8 liderləri yaranmış disbalansın "yumşaq şəkildə" korrektə edilməsi haqda razılığa gəliblər. Əsas diqqət isə iqlim və enerji effektivliyi kimi istiqamətlərə yönəldilib. İlk olaraq sammitin ev sahibi Almaniya həmkarlarına üzərlərinə 2050-ci ilədək sənaye qazı tullantılarını iki dəfə azaltmağa dair öhdəlik götürməyi təklif edib. Berlinin daha bir təklifi 2020-ci ilədək yaşayış və nəqliyyat sektorlarında enerji effektivliyinin 20% artırılmasına dair öhdəlik götürülməsi ilə bağlı olub. Lakin iqlimin qorunması ilə bağlı konkret öhdəliklərin qəbuluna yenə də nail olunmayıb. Yekun bəyannamədə sadəcə Avropa ölkələri qrupunun 2050-ci ilədək qaz tullantılarını 50% azaltmaq istəyi əksini tapıb.
Əslində, bu sahədə hansısa irəliləyişin olacağını da heç kim gözləmirdi və kifayət qədər ciddi problem olan bu məsələ ilə bağlı ümumi rəyin əldə edilməsi özü müşahidəçilər tərəfindən nailiyyət kimi qəbul olunur.
Artıq "səkkizlik" ölkələrinin ətraf mühitin mühafizəsi nazirlikləri BMT çərçivəsində razılığa gələrək, Kiotsk müqaviləsinin əvəzlənməsinə nail olmalıdırlar. Ən əsası isə odur ki, havaya sənaye qazı tullantıları üzrə "lider" olan ABŞ da sözügedən sənədin hazırlanmasında iştiraka razılıq verib. Yeri gəlmişkən, xatırladaq ki, Vaşinqton hələ də Kiotsk razılaşmasını imzalamayıb.
Bununla yanaşı, alimlər bildirir ki, havanın hərətinin 1990-cı illə müqayisədə 1,5-2,5 dərəcə yüksəlməsi Yer kürəsində yaşayan bütün canlıların üçdə birini məhv olma təhlükəsi ilə üz-üzə qoyacaq, milyarddan artıq insan su qıtlığı problemi, quraqlıq, görünməmiş fırtınalar və digər təbii fəlakətlərlə qarşılaşacaq.
Sensasiyasız
G8 sammitinə qayıdaraq qeyd edək ki, Almaniyada Xayleqendamm prosesinə start verilib. Prosesin mahiyyəti birlik ölkələrinin Çin, Hindistan, Braziliya, CAR və Meksikanı daha sıx əməkdaşlığa çağırmasından ibarətdir. Xatırladaq ki, hazırda Çin ümumi daxili məhsulun həcminə görə dünyada dördüncü yeri tutur. Hindistan bu göstərici üzrə 10-cu yerdə qərarlaşıb. Bundan başqa, bu nüvə ölkələri dünyada əhalisinin sayına görə də ilk yerləri tutur. Bu, ərazisinə görə də ən böyük dövlətlərdir. Belə bir xarakteristika ilə hesablaşmamağın çətin olduğu aydındır. Məhz bu səbəbdən iki il ərzində keçiriləcək görüşlərin yekununda sözügedən dövlətlərlə əməkdaşlığın necə davam etdirilməli olduğuna dair məruzə hazırlanacaq. Bəzi ekspertlər hətta düşünür ki, Xayleqendamm prosesi "səkkizlik"in genişləndirilməsi istiqamətində ilk addımdır.
İstənilən halda, aydındır ki, G8-in liderləri qlobal problemlərin həlli kimi yükü yalnız öz çiyinlərində daşımağı bacarmırlar və istəmirlər.
"Böyük səkkizlik"in ən "qaynar" beynəlxalq problemlərlə bağlı bəyanatları, gözlənildiyi kimi, heç bir sensasiya yaratmayıb. Liderlər İranın nüvə proqramını davam etdirəcəyi halda ona qarşı "əlavə tədbirlər" görülməsini məqsədəuyğun sayıblar. Şimali Koreyadan nüvə başlıqları daşımağa qadir olan raketlərin sınağına son qoyulması tələb olunub.
Sudanla bağlı vəziyyətə gəlincə, "səkkizlər" Xartuma qarşısında seçim qoyublar: o ya Darfurdakı münaqişənin aradan qaldırılmasına istiqamətlənən beynəlxalq səyləri dəstəkləməli, ya da ciddi sanksiyalarla üzləşməlidir.
Təbii ki, beynəlxalq ictimaiyyət Kosovo münaqişəsi ilə bağlı müzakirələri də diqqətlə izləyirdi. Lakin "səkkizlik" bu məsələdə də ciddi nailiyyət əldə etməyib və münaqişə ilə bağlı dünyanın aparıcı dövlətlərinin fikirlərindəki ziddiyyət yenə də qalmaqdadır. Hazırda bu məsələdə əsas problem bölgəyə müstəqillik verilməsinin beynəlxalq presedent yaradıb-yaratmayacağıdır. Bu halda dünyanın münaqişə yaşanan digər ölkələrində, həmçinin postsovet ölkələrində də analoji vəziyyətin yarana biləcəyi təhlükəsi ortadadır. İlk növbədə, əlbəttə ki, söhbət çoxdan Gürcüstandan ayrılmağa çalışan Cənubi Osetiya və Abxaziyadan gedir. Maraqlıdır ki, G8 sammitindən bir gün sonra Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi sammitdə Rusiya prezidenti Vladimir Putin gürcü həmkarı Mixail Saakaşvili ilə görüşdə Kosovo modelinin Gürcüstana da təsir edə biləcəyinə işarə vurub. "Beynəlxalq hüququn əsas prinsiplərinə dair diskussiyalarda Sizin bizim mövqeyimizə diqqət verəcəyinizə şübhə etmirdik. Bu, ilk növbədə Balkanlara aiddir. Amma bilirsiniz ki, biz həmişə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipindən çıxış etmişik. Təəssüf ki, bu prinsipi dağıtmağa çalışırlar. Bu isə, əlbəttə ki, bzim üçün postsovet məkanında problemlərin meydana çıxmasına səbəb olur", - deyə Kreml sahibi qeyd edib. Yeri gəlmişkən, Serbiyanın Nazirlər Kabinetinin başçısı Voislav Koştunisanın da Sankt-Peterburqa gəldiyini qeyd edək.
Şərqi Avropanın əvəzinə Cənubi Qafqaz
Bütün bunlarla yanaşı, sammitin mərkəzi hadisəsi, təbii ki, Rusiyanın "izqoy" ölkələrə qarşı Vaşinqtonla səylərini birləşdirmək istəyidir. Belə ki, V.Putin C.Buşla təkbətək görüşü zamanı Vaşinqtona Hava Hücumundan Müdafiə (HHM) sistemlərini Şərqi Avropada deyil, Azərbaycanda - Qəbələ RLS-də yerləşdirməyi təklif edib. Antiraketlərə gəlincə, Putin hesab edir ki, onları ya Türkiyədə, ya da İraqda yerləşdirmək mümkündür. Xatırladaq ki, indiyədək Vaşinqtonun dostyana bəyanatlarına baxmayaraq, Moskva ABŞ-ın Çexiya və Polşada HHM sistemlərinin yerləşdirilməsi planına əsəbi reaksiya verib, hətta öz raketlərini Avropaya tərəf istiqamətləndirə biləcəyini açıqlayıb. İndi isə Moskva Amerikaya alternativ variant təklif edib. Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun sözlərinə görə, Vaşinqton Putinin təklifinə maraqla yanaşıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə hesab edir ki, "Moskva və Vaşinqton Qəbələ RLS-lə bağlı müzakirələrin aparıldığı müddətdə Şərqi Avropada HHM sitemlərinin yaradılması haqda danışıqları dondurmalıdır". "Bu mərhələdə fərziyyəyə əsaslanan təhlükələr haqda Azərbaycandakı stansiyada kifayət qədər informasiya var. O, etibarlı xəbərdarlıq qurğusudur, qarşıya qoyulan bütün məqsədləri yerinə yetirir və bizim maraqlarımıza cavab verir. Ona görə də bu stansiyanın informasiyalarından birgə istifadə ABŞ-ın Avropada HHM sistemləri yerləşdirməsi, həmçinin kosmik komponentlərin genişləndirilməsi zərurətini aradan qaldıracaq", - deyə nazir qeyd edib. Qəbələ RLS-in Rusiya və ABŞ tərəfindən birgə istifadəsinə Azərbaycanın razı olub-olmaması haqda sualı cavablandıran Lavrov bildirib ki, Vladimir Putin bu təklifi səsləndirməzdən əvvəl Azərbaycan tərəfi ilə bu haqda söhbətləşib və Bakı məsələ ilə əlaqədar öz razılığını verib. Lakin Qərbdə heç də hamı Lavrovun nikbinliyini bölüşmür. Məsələn, NATO-nun baş katibi Yap de Hoop Sxeffer hesab edir ki, "Azərbaycandakı Qəbələ RLS təhlükə yaradan ölkəyə çox yaxın ərazidə yerləşir və bu səbəbdən hələ ki məsələyə hansısa qiymətin verilməsi tezdir".
Xatırladaq ki, Qəbələ RLS-in "uzaqgörmə" qabiliyyəti 6 min kilometri əhatə edir. Stansiya hər sutka ərzində 10 min kosmik obyekt haqda informasiya ötürür.
Maraqlıdır ki, Putinin amerikalılara təklifi ilə əlaqədar dünyada ikili mövqe var. Onların bir hissəsi hesab edir ki, Rusiya prezidenti amerikalı həmkarı üzərində "möhtəşəm bir qələbə qazanıb". "The Financial Times Deutschland" qəzeti yazır ki, "ehtiraslı cüdoçu olan Putin idmanın bu növünün "güzəştə gedərək qələbə qazanmaq" prinsipindən istifadə edib və gözlənilmədən amerikalı həmkarının kürəyini yerə vurub". Başqaları isə əmindir ki, Kreml sahibi ABŞ-a güzəştə gedərək faktiki olaraq onun Cənubi Qafqaza gəlməsinə razılıq verib. Üçüncü mövqe sahibləri də var və onların fikrincə, Qəbələ RLS ABŞ-ın həqiqi niyyətlərinin müəyyənləşdirilməsi üçün lakmus vərəqi rolunu oynayır. Belə ki, Buş Rusiyanın "maraqlı təklif"indən imtina edərsə, Şərqi Avropada quraşdırılması planlaşdırılan radarların Moskvaya qarşı atılan addım olduğu üzə çıxacaq. Bu halda Kremlin istənilən cavab addımı atmaq imkanları yaranacaq. Yox, əgər Buş həmkarının təklifi ilə razılaşarsa, bununla da Putinin Ağ ev sahibinə qalib gəldiyini söyləmək mümkün olacaq...
Moskvanın Azərbaycandan icarəyə götürdüyü Qəbələ RLS-i itirə biləcəyi isə, deyəsən, onu maraqlandırmır. Bəzi məlumatlara görə, Rusiya artıq tezliklə öz ərazisində yeni nəsil kosmik RLS-in inşasına başlanmasına dair qərar qəbul edib. Bakıya gəlincə, ABŞ-Rusiya danışıqları bir daha Azərbaycanın regionda dünya ölkələrinin maraqlarının mərkəzində yerləşdiyini, Avropanın ümumi təhlükəsizliyinin məhz onun mövqeyindən asılı olduğunu göstərib.
Buş tab gətirmədi
Qeyd etmək lazımdır ki, Xayleqendamm sammiti xoşagəlməzliklərlə də yadda qalıb. Bu xoşagəlməzlik antiqlobalistlərin etiraz aksiyaları ilə yox, ABŞ prezidenti Corc Buşun səhhəti ilə bağlıdır. Belə ki, sammitin gedişində özünü pis hiss edən Ağ ev sahibinin bağırsağında hansısa qeyri-müəyyən infeksiya aşkar olunub. Bundan sonra mədə pozğunluğu sammitdə akkreditə olunmuş onlarca jurnalistin orada işləməsinə də mane olub.
Yeri gəlmişkən, KİV təmçilçilərinin naxoşluğu Buşun səhhətində yaranan problemin keyfiyyətsiz ərzaqlardan yox, bayağı qidalanmadan yaranması haqda fikirlərin əsassız olduğunu göstərib.
Ümumiyyətlə, görünür,"Böyük səkkizlik" ölkələrinin görüşlərində Corc Buşun bəxti gətirmir. G8-in 2005-ci ildə Şotlandiyada keçirilən sammitində o, velosipedlə polis əməkdaşını vurmuşdu. Nəticədə, asayiş keşikçisi dabanından zədə alaraq xəstəxanaya yerləşdirilmişdi.
Lakin bu dəfə Buşun bəxti bir qədər az gətirib. Nəticədə o hətta Afrika qitəsinin probleminin müzakirə edildiyi səhər toplantısını buraxmalı olub.
Onun Fransanın prezidenti Nikolya Sarkozi ilə görüşü də konfrans zalından prezidentin şəxsi apartamentinə keçirilib. Bu məqamda sammitdə iştirak edən jurnalistlər kiçik bir zarafatı "dövriyyəyə buraxmağı" da unutmayıblar: guya Buşun sifətində poloni-210 ilə zəhərləndirilmənin bütün simptomları hiss edilib (söhbət "Litvinenko məsələsi"ndə məşhur olan maddədən gedir). Beləliklə, guya təbdir iştirakçılarından hansısa Buşu inadkarlığına görə cəzalandırmaq qərarına gəlib...
Hər halda, orada nə baş verməsindən asılı olmayaraq, "bağırsaq infeksiyası" və "Xayleqendammda keçirilən G8 sammiti" ifadələri daim "qonşu" olacaqlar.
Sonda zarafatı kənara qoyaraq, demək olar ki, belə görüşlərin xeyri orada ümumi məqsədlərin, həmçinin dünyanın böyük dövlətlərinin ümumi oriyentirinin müəyyənləşdirilməsidir. Bu səbəbdən də dünyanın digər dövlətləri "səkkizlik"in sammitini diqqətlə izləyir.
Qeyd edək ki, "səkkizlər" növbəti dəfə 2008-ci ildə Yaponiyada bir araya gələcəklər. O vaxtadək hansı dəyişikliklərin olacağını isə zaman göstərər...
MƏSLƏHƏT GÖR: