14 Mart 2025

Cümə, 22:36

PRESEDENT OLACAQMI?

Serbiya ərazisinin bölünməsinə könüllü şəkildə razılıq verəcək, yoxsa onu buna məcbur edəcəklər?

Müəllif:

01.06.2007

Mayın ortalarında BMT Təhlükəsizlik Şurasında Serbiyanın əyaləti, 1999-cu ildən beynəlxalq protektoratda olan Kosovoya dair qətnamənin ilk qeyri-rəsmi müzakirəsi keçirilib. Qurum üzvləri iki sənədi nəzərdən keçirib - onlardan biri ABŞ və Avropa İttifaqı, digəri isə Rusiya tərəfindən təqdim olunub. Birinci sənəddə faktiki olaraq Kosovoya müstəqillik verilməsini nəzərdə tutan Axtisaari planı dəstəklənir. Həmin plana əsasən, ilkin mərhələdə bölgəyə beynəlxalq nəzarətdə olmaqla müstəqilliyin verilməsi ilə yanaşı, onun "az silahlanmış" ordu hissələri yaratması, həmçinin gerb, bayraq və himn kimi dövlət atributlarına malik olması nəzərdə tutulub. Bundan başqa, Kosovonun müstəqil xarici siyasət yürütməsi, BMT də daxil olmaqla, müxtəlif beynəlxalq qurumlara qəbulu da Axtisaari planının tərkib hissəsidir. Nəhayət, sənəddə qeyd olunur ki, bölgənin serb və alban hissələrinə bölünməsi və ya hansısa dövlətə birləşdirilməsi yolverilməzdir.

 

Maraqların mübarizəsi

Kosovonun özündə də Axtisaari planına qarşı çıxanlar olsa da, sənəd bölgənin parlamenti tərəfindən qəbul edilib. Mütəşəkkil Alban Milli Hərəkatının üzvləri planda açıq şəkildə "Kosovonun müstəqilliyi"ndən danışılmamasından narazıdırlar. Bu azmış kimi, səsvermədə bölgənin serb nümayəndələri də iştirak etməyib. 

Yeri gəlmişkən, qeyd edək ki, Axtisaari planına əsasən, Kosovonun serb əhalisi üçün parlamentdə, hökumətdə və yerli icra orqanlarında kvotanın ayrılması nəzərdə tutulub.

BMT nümayəndəsinin hazırladığı plan Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri tərəfindən də yekdilliklə dəstəklənsə də, Belqrad əks mövqe nümayiş etdirib.

Hər halda, artıq həmin planın qüvvəyə minməsi üçün onun BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi lazımdır. Elə əsas çətinliklər də bu məqamda üzə çıxıb. ABŞ-ın qurumdakı nümayəndəsi Zalmay Xəlilzadə Təhlükəsizlik Şurasının əksər üzvlərinin sənədi dəstəklədiyini bildirsə də, ekspertlər başqa fikirdədirlər. Belə ki, Axtisaari planı birmənalı şəkildə yalnız ABŞ, Böyük Britaniya, Fransa, Belçika və İtaliya tərəfindən dəstəklənir. Panama, Peru və Qətər hələ ki tərəddüd edir. Konqo, Cənubi Afrika, Qana, İndoneziya və Çin isə daha çox sənədin qəbul edilməməsinə tərəfdardır. Bundan başqa, Slovakiya və Rusiyanın səsvermədə birmənalı olaraq əks mövqe tutacaqları aydındır. Təhlükəsizlik Şurasının daimi üzvü olan Moskvanın istənilən məsələyə veto qoymaq hüququna malik olduğunu nəzərə alsaq, Rusiyanın səsi bu məsələdə daha vacibdir. Məsələ ondadır ki, danışıqların ilkin mərhələsindən sonra Moskva artıq veto hüququndan istfiadə edəcəyinə işarə vurub. Rusiya Belqradın Axtisaari planına qarşı çıxdığını əsas gətirərək bildirir ki, BMT Təhlükəsizlik Şurası problemin həllində bütün məqamları ölçüb-biçməlidir. Bu azmış kimi, Moskva münaqişənin həlli ilə bağlı özünün həll variantını da irəli sürüb. Onun fikrincə, Kosovoya dair BMT TŞ-nin vaxtilə qəbul etdiyi 1244 saylı Qətnamənin tələbləri yerinə yetirilməlidir. Xatırladaq ki, həmin sənəd Kosovoda "insan haqları və milli azlıqların hüquqlarının qorunması şərti ilə müxtəlif etnikli demokratiyanın yaradılmasını" nəzərdə tutur. Məsələ ilə bağlı Qərblə Rusiya arasındakı fikir ayrılıqları sonuncunun BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin fikirlərindən də açıq görünür. "Kosovo münaqişəsinin həlli ilə bağlı Rusiya və ABŞ-Avropa layihələri bir sıra məqamlarda ziddiyyət təşkil edir", - deyə diplomat qeyd edib. Onun fikrincə, Kosovoya müstəqilliyin verliməsinin "ciddi beynəlxalq fəsadları" olacaq: "İndiyədək heç vaxt hansısa dövlətin ərazisi olan muxtariyyata müstəqillik verilməsi təklif olunmayıb. Bu, dönüş nöqtəsidir və problem ciddi şəkildə müzakirə edilməlidir".

V.Çurkinin amerikalı həmkarı Z.Xəlilzadə buna cavab olaraq bildirib ki, onlar Kosovodakı serb azlığın hüquqlarının qorunmasını təmin etmək üçün sənədi Rusiyanın təklifləri ilə "möhkəmləndirməyə" hazırdırlar. Amma buna baxmayaraq, Moskvanın kompromisə getməyəcəyi ehtimalı daha çoxdur.

Maraqlıdır ki, Panama da faktiki olaraq, Rusiyanı dəstəkləyib. Bu ölkənin BMT-dəki təmsilçisi hesab edir ki, münaqişənin həlli istiqamətində albanlarla serblər arasında danışıqların daha altı ay davam etməsinə imkan yaradılmalı, həmçinin Kosovodakı milli azlıqların təhlükəsizliyinin təmin edilməsi üçün təhlükəsizlik standartları yaradılmalıdır. Vitali Çurkinin fikrincə, Panamanın bu mövqeyi BMT TŞ-nin digər üzvlərini "əməlli-başlı çaşdırıb".

Bütün baş verənlər göstərir ki, Kosovo ətrafında ciddi mübarizə gedir və bu, yalnız BMT çərçivəsi ilə məhdudlaşmır. Məsələ mayın 17-18-də Samarada keçirilən Rusiya-Aİ sammitində də müzakirə edilib. Tədbirin yekunlarına dair keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünya ictimaiyyətini hadisələrin gedişini sürətləndirməməyə çağırıb. Bundan bir qədər əvvəl isə Kosovo problemi ABŞ-ın dövlət katibi Kondoliza Raysın Moskvaya səfəri zamanı diqqət mərkəzində olub.

Bu məsələdə ən maraqlı tərəflərdən birinin də Avropa İttifaqı olduğuna şübhə yoxdur. Qurum problemin mümkün qədər tez həllinə çalışır və Kosovoda beynəlxalq nəzarətin məsuliyyətini öz üzərinə götürməyə hazırdır. Amma bununla yanaşı, Brüssel Serbiya və Rusiya ilə qarşıdurmadan da çəkinməyə çalışır.

Hazırda Aİ-yə sədrlik edən Almaniya Kosovo probleminin həllini özünün prioritetlərindən biri elan edib. Belqrad hesab edir ki, münaqişə ilə bağlı qətnamə "bir qədər yumşaldılmalı" və Kosovonun statusu məsələsi açıq saxlanılmalıdır. Bununla yanaşı, o, bölgədə KFOR (Beynəlxalq Təhlükəsizlik Qüvvələri) hissələrinin, polisin və Axtisaari planında nəzərdə tutulan sülhməramlı missiyanın yerləşdirilməsini də lazım bilir.

Onu da qeyd etmək lazımdır ki, Moskvanın mövqeyi BMT missiyasının Kosovoya səfərinin nəticələrinə dair hazırladığı hesabatda da dolayısı ilə dəstəklənib. Xatırladaq ki, missiya Serbiyanın Oraxovaç, Velika Noça və Qranaçisa anklavlarında olub və belə bir qənaətə gəlib ki, Kosovo rəhbərliyi çoxmillətli cəmiyyət qurmağa hazır oldugunu nə qədər bəyan etsə də, bu vədlərin reallaşdırılmasına hazır deyil. Serbiyann baş naziri Voislav Koştunisa da "Vesti-24" telekanalına müsahibəsində bunu təsdiq edib. Onun sözlərinə görə, Kosovoda serblərin haquqları kobud şəkildə pozulur, oradakı situasiya haqda danışan BMT nümayəndələri isə dünya ictimaiyyətini aldadır: "Serb qaçqınlar Kosovoya qayıtmırlar. Ən dəhşətlisi isə odur ki, qaçqınlar yalnız albanların yaşadığı rayonlara deyil, həmçinin serblərin məskunlaşdığı və hazırda yaşadıqları ərazilərə də qayıtmaqdan imtina edir. Bu, biabırçılıqdır. Bu yalnız Kosovonun müvəqqəti administrasiyası və beynəlxalq ictimaiyyət üçün deyil, həm də BMT-nin Kosovodakı missiyası və qurumun xüsusi nümayəndəsi Marti Axtisaari üçün biabırçılıqdır. Həqiqət ondan ibarətdir ki, orada serblər sərbəst şəkildə hərəkət edə bilmirlər. Həqiqət ondan ibarətdir ki, onların böyük hissəsi Kosovoya qayıtmayıblar. Həqiqət ondan ibarətdir ki, 150-dək monastır və kilsə dağıdılıb". 

Beləliklə, Serbiyanın mövqeyi dəyişməz olaraq qalır: Belqrad Kosovoya yalnız geniş müxtariyyatın verilməsinə razıdır.

 

Hər şey həll olunub?

Bütün bunlarla yanaşı, belə bir fikir səslənir ki, Kosovo problemi serblərin bunu istəyib-istəməməsindən asılı olmayaraq həll ediləcək. Sadəcə, görünür ki, hələlik onları, necə deyərlər, serblərin özləri üçün maksimum sərfəli olan vəziyyətə razılaşdırmağa çalışırlar. Məsələn, problemin qeyd olunan formada həllinin əvəzində Serbiyanın Avropa İttifaqına qəbuluna "yaşıl işıq yandırılması" vəd edilir. Belə fikir var ki, BMT Təhlükəsizlik Şurasının Kosovonun statusunu müəyyənləşdirməyəcəyi halda, albanlar bunu özləri edəcək və ABŞ, həmçinin Avropa İttifaqının əksər üzvləri bu faktı tanıyacaq. 

Bu isə heç də əsassız iddia deyil və bir sıra yüksək rütbəli beynəlxalq vasitəçilərin fikirləri də deyilənləri təsdiq edir. Məsələn, hələ aprelin ortalarında ATƏT-in baş katibi Mark Perren de Brişambo Avstriyanın "Der Standard" qəzetinə müsahibəsində bildirmişdi ki, "əgər Kosovo birtərəfli qaydada özünü müstəqil dövlət elan edərsə, bir sıra dövlətlər onu tanıya bilər". Axtisaarinin müavini Albert Rouen isə öz növbəsində əmindir ki, "Kosovo istənilən halda müstəqilliyini elan edəcək". "Məsələ ondadır ki, biz prosesin idarə olunan olmasını istəyirik, yoxsa hər şeyin xaotik şəkildə baş verməsinə üstünlük veririk?", - deyə diplomat qeyd edib. 

ABŞ-ın dövlət katibinin müavini Nikolas Börns də Rouenin fikirlərinə oxşar fikirlər səsləndirib. Onun fikrincə, "tarixin gedişinə mane olmaq çox çətindir". 

Nəhayət, ən sərt yanaşma ABŞ dövlət katibinin digər müavini Daniel Friddən gəlib: "Düşünürəm ki, Kosovonun istənilən halda müstəqilliyini elan edəcəyi ruslara aydındır. Bu, ya nəzarət və müşahidə altında baş verəcək, ya da əksinə. Fikrimcə, birinci variant serb xalqı üçün daha əlverişlidir. İkinci halda hadisələr serblər üçün dəhşətli xarakter ala bilər". Beləliklə, ABŞ və Aİ Rusiyanı inandırmağa çalışırlar ki, onun veto hüququndan istifadə etməsi bölgədə zorakılığın bərpasına yol açacaq. Bu mövqeyə Rusiyanın cavabı isə XİN başçısının müavini Vladimir Titovdan gəlib: "Kosovo ictimaiyyəti sadəcə müstəqillk əldə etməyəcəkləri halda qanlı toqquşmalar yaradacaqlarını söyləməklə dünya ictimaiyyətini hədələyir".

 

Alternativ variant yoxdur

Göründüyü kimi, situasiya hələ ki "dalana dirənib". 2007-ci ilin Kosovo üçün həlledici il olacağı haqda vədlər isə hələlik yalnız vəd olaraq qalır. Məsələn, bir sıra ekspertlər Kosovoda yaşayan serbləri də nəzərə almağı məsləhət bilirlər. Unutmaq olmaz ki, bölgədə yaşayan serblərin liderlərindən biri Kosovoya müstəqillik veriləcəyi halda, serblərin Priştina hakimiyyətinə itaətsizlik göstərəcəyini bəyan edib. Bu halda isə situasiya həqiqətən nəzarətdən çıxa bilər və nəticədə nəinki Balkan yarımadasında, ümumiyyətlə, Avropada sabitlik pozula bilər. Bununla yanaşı, bir faktı da nəzərə almaq lazımdır ki, Kosovonun statusunun müəyyənləşdirilməsinə dair aparılan danışıqlar Serbiyanın daxilində də situasiyanı kifayət qədər gərginləşdirir. Regiondakı müşahidəçilər bu fikirdədilər ki, ölkədə keçiriləcək növbəti seçkilərdə radikalların qalib gəlmə şansı xeyli yüksəkdir. Ölkə parlamentinin spikeri Tomislav Nikoliç də eyni fikirdədir. O, əmindir ki, prezident Boris Tadiç və baş nazir Voislav Koştunisanın (Demokrat Partiyası və Serbiya Demokrat Partiyasının liderləri) kompromisə getməsinin səbəbi "yalnız Qərbin təzyiqi və şantajıdır". Xatırladaq ki, Serbiya parlamentinə seçkidə Voislav Şeşelin rəhbərlik etdiyi müxalifətçi "Serbiya Radikal Partiyası" seçicilərin 30 faizdən artığının səsini qazanaraq qalib gəlib. Lakin demokratlar da birlikdə xeyli səs qazana bilib. Qeyd edək ki, qərbpərəst partiyalar Avropa İttifaqına can atırsa, ultraradikallar hesab edirlər ki, Qərb Serbiyaya yalnız bəla gətirir. Bundan başqa, "Serbiya Radikal Partiyası" Kosovoya istənilən dərəcədə müstəqilliyin verilməsinin qəti əleyhinədir. 

Amma Serbiyanın qərbpərəst partiyaları da, çətin ki, Axtisaari planı ilə razılaşsınlar. Çünki bu qərar onların siyasi məhvinə səbəb ola bilər. Sözügedən partiyaların bu addımı atmasına ölkə konstitusiyası da imkan vermir. Məsələ ondadır ki, ötən il keçirilən referendumda qəbul edilən konstitusiyaya əsasən, Kosovo Serbiyanın tərkib hissəsi hesab olunur. Konstitusiyaya yenidən baxılması kimi məsuliyyəti Serbiyanın hansısa partiyasının öz üzərinə götürəcəyi inandırıcı görünmür. Eyni zamanda Kosovonun statusunun qeyri-müəyən qalması da Serbiya dövlətini "içəridən yeyir". Məsələn, ABŞ-ın Belqraddakı səfiri Maykl Polt vaxtı ilə bəyan edib ki, müqavimətçi bölgənin statusu müəyyənləşməyənədək nə Belqrad, nə də Priştina Aİ-yə inteqrasiya haqda düşünə bilər. Bununla yanaşı, sonda serblərin özlərinin Avropa İttifaqından üz döndərmələri də mümkündür.

 

Separatçıların arzusu

Dünyanın bir çox ölkələrinin Kosovo ətrafında baş verənləri diqqətlə izləməsinin başqa bir səbəbi də var: Kosovo albanlarının taleyi həm Avropada, həm də ondan kənarda məskunlaşan etnik azlıqlara təsir edə bilər. Əgər kim üçünsə bu mümkündüsə, digəri üçün niyə mümkün deyil? Yaxud hansısa dövlətin ərazisi bölünürsə, digər dövlətlər hansı səbəbdən beynəlxalq qanunlarla qorunmalıdır? Bəzi KİV nümayəndələri artıq bildirirlər ki, hadisələrin bu cür gedişi Kipr, Fransa, Böyük Britaniya, İspaniya, Sloveniya və Rumıniya kimi ölkələrə öz təsirini göstərə bilər. Məlum olduğu kimi, bu ölkələrin ərazisində də ərazi və etnik problemlər mövcuddur.

Amma daha çox narahatlıq postsovet məkanındakı "dondurulmuş münaqişələr"lə bağlıdır. Məsələn, Dnestryanı bölgənin "prezident"i İqor Smirnov artıq ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarkerlə görüşündə bildirib ki, "Kosovo ilə müqayisədə Dnestryanı Respublikanın müstəqilliyinin tanınması üçün daha böyük əsaslar var". Buna oxşar fikirləri tanınmamış  "Abxaziya Respublikasının" "xarici işlər naziri" Sergey Şamba da səsləndirib. Onun fikrincə, "abxazların müstəqilliyə iddialılarının hüquqi və tarixi əsasları Kosovo albanları ilə müqayisədə daha güclü və əsaslıdır".

"Kosovo modeli", təbii ki, erməni separatçılarına da rahatlıq vermir və təəssüf ki, onları bu məsələdə Rusiya da dəstəkləyir. Məsələn, MDB Ölkələri İnstitutunun direktoru, Rusiya Dövlət Dumasının deputatı, "Vahid Rusiya" partiyasının Ali Şurasının üzvü Konstantin Zatulin rəhbərlik etdiyi institutun Ermənistan filialının açılışında çıxış edərkən bildirib ki, "Kosovo münaqişəsi və digər oxşar münaqişələrin həllilə bağlı aparılan müzakirələr Dağlıq Qarabağ münaqişəsinə də şamil edilməlidir və Rusiya bu məsələdə öz rolunu oynamalıdır". 

Rəsmi Bakı isə qeyd olunan fikirlərlə bağlı narahat deyil və qəti şəkildə əmindir ki, "Axtisaari planı" Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə oluna bilməz. Çünki əgər Kosovo münaqişəsində söhbət millətlərarası və bir dövlətin daxilində mövcud olan qarşıdurmadan gedirsə, Dağlıq Qarabağ münaqişəsi bir dövlətin digər dövlətə qarşı aqressiyası ilə bağlıdır və Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bütün dünya ictimaiyyəti tərəfindən də qəbul olunur. 

Bundan başqa, Serbiya və Çernoqoriya federativ dövlət idisə, Azərbaycan unitar quruluşa malikdir.

Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, "Kosovo presedenti"nin təkrarlanması cəhdi Rusiyanın mövqeyinə də təsir göstərə bilər. Hər halda Moskvanın Serbiyaya açıq dəstəyi yalnız "qardaş slavyan xalqına dəstək" məqsədi güdmür. Siyasətdə də biznesdə olduğu kimi, dostlar yox, maraqlar var. Moskva artıq dəfələrlə bəyan edib ki, Kosovoya müstəqillik verilməsi Rusiyanın MDB dövlətlərinin ərazilərində mövcud olan münaqişələrə münasibətinə birbaşa təsir göstərəcək. Söhbət əsasən Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemlərdən gedir. 

Beləliklə, Rusiyanın bu məsələlərlə bağlı prinsipial mövqeyini bir anda dəyişə biləcəyini gözləmək olar. Bu, bir sıra serb siyasətçilərin BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı gedən "vuruşma"nın Qərb ilə Rusiya arasında "al-ver" olması haqda səsləndirdiyi fikirləri bir daha təstiqləyir. Onu da unutmaq olmaz ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı maraqları ilə yanaşı, Çeçenistan, Dağıstan və Tatarıstan da var: bu respublikalarda zaman-zaman müstəqillik haqda fikirlər səsləndirilməyə başlayır. 

Beləliklə, Kosovo məsələsində Kreml üçün xeyli "mənfi" və "müsbətlər" var ki, rusiyalı siyasətçilər məhz bu səbəbdən onun haqqında danışarkən məsələnin "yaxşı-yaxşı ölçülüb-biçilməsinin" vacibliyini bildirirlər.

 

Pis, yoxsa daha da pis?

Hazırda əsas intriqa ondan ibarətdir ki, Serbiya öz ərazisinin bölünməsinə könüllü şəkildə razılıq verəcək, yoxsa onu buna məcbur edəcəklər? Birinci halda heç bir presedent olmayacaq, BMT isə öz aktivinə bir münaqişənin unikal ssenari əsasında sülh yolu ilə həllini yazacaq. Həqiqətən də məsələyə qərəzsiz və obyektiv yanaşsaq, Kosovonun hazırda Serbiyaya ziyanı daha çoxdur, nəinki xeyri. Bölgə hətta geniş muxtariyyat statusu qazansa belə, Belqrad oraya külli miqdarda maliyyə vəsaitləri ayırmalı olacaq. Əks halda, o, yenə ciddi qınaqlarla üz-üzə qalacaq. Serblərlə kosovolular arasında doğum sayının fərqindən isə heç danışmağa dəyməz. 

Digər tərəfdən, serblər Kosovonu öz dövlətçiliklərinin beşiyi, müqəddəs torpaq, əcdadlarının qanı axıdılmış ərazi hesab edirlər. Bu torpaqlar əllərindən alınacağı təqdirdə serblərin miili şüuru necə olacaq? Hazırkı vəziyyətin sonradan süni şəkildə başqa yerdə yaradılmayacağına zəmanət varmı? Kim zəmanət verir ki, sonradan Kosovo Avropada "sabit qeyri-stabil ərazi" olan və beynəlxalq yardım hesabına yaşayan Fələstin Muxtariyyətinin analoquna çevrilməyəcək? Artıq bəzi ekspertlər belə perspektivin mümkünlüyünü bildirirlər. 

Bütün bunlardan ən acınacaqlısı və mənasız olanı isə geosiyasi qarşıdurmadan, beynəlxalq gücsüzlükdən yenə də adi insanların- həm serblərin, həm də kosovoluların əziyyət çəkəcəyidir.

Marti Axtisaarinin fikrincə, əgər BMT TŞ mayda Kosovonun statusunu müəyyənləşdirə bilməsə, problem iyunda keçiriləcək "Böyük səkkizlik" sammitinin iştirakçılarının əsəblərini gərəcək və əhvallarını pozacaq. 

Beləliklə, düşünmək olar ki, qiyamçı serb əyaləti ətrafında maraqların mübarizəsi hələ öz apogeyinə çatmayıb.


MƏSLƏHƏT GÖR:

386