15 Mart 2025

Şənbə, 00:45

"MÖHKƏM ÖZÜL" ÜZƏRİNDƏ DURĞUNLUQ

Major bəyanatlara baxmayaraq, Azərbaycan-Rusiya münasibətlərində ciddi problemlər yaşanır

Müəllif:

01.06.2007

Yuxarı səviyyədə keçirilən Azərbaycan-Rusiya danışıqları ölkəmizin siyasi həyatında həmişə vacib hadisə sayılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya mayın 21-22-də baş tutan səfəri də istisna olmadı. Qeyd edək ki, bu səfər iki yubileyin arasında baş tutdu: diplomatik əlaqələrin qurulmasının 15 illiyi (4 aprel 1992-ci il) və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizliyə dair Dövlətlərarası Razılaşmanın imzalanmasının 10 illiyi (3 iyul 1997-ci il). 

Səfər ərəfəsində Rusiya rəsmiləri Azərbaycana yaxın və uzaq perspektiv üçün Moskvanın strateji və vacib tərəfdaşı kimi baxdıqlarını bildirir, qarşılıqlı münasibətlərin hörmət, etibar və bərabər hüquqlar əsasında qurulduğunu bəyan edirdilər. Bu atmosfer qonağın Azərbaycan prezidenti, baş nazir və xarici işlər naziri ilə görüşlərində də qorunub. Qeyd edək ki, həmin görüşlərdə ikitərəfli iqtisadi və siyasi münasibətlərin, həmçinin regional və beynəlxalq situasiyanın vacib məqamları müzakirə olunub. Amma artıq bu gün ikitərəfli münasibətlər üçün yalnız hansısa atmosferin mövcudluğu kifayət etmir.

İki ölkə rəsmiləri arasında keçirilən görüşlərdə əsas müzakirə obyektinin Dağlıq Qarabağ münaqişəsi olduğu heç kəsə sirr deyil. Bu baxımdan, tərəflər arasında aparılan danışıqlar prosesinə ciddi təsir imkanlarına malik ölkənin xarici işlər nazirinin dilindən hansı yeni bəyanatların səsləndiriləcəyi maraqla gözlənilirdi. Onu da xatırladaq ki, S.Lavrovun Bakı səfəri ərəfəsində Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Andrey Kamınin Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişikliyin olmadığını bildirdi. "Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişənin həllində əsas məsuliyyət Azərbaycan və Ermənistan tərəflərinin üzərinə düşür. Rusiya isə münaqişə tərəflərini qane edən həll variantını dəstəkləməyə, kompromis variantın əldə olunacağı təqdirdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır", - deyə Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinin rəhbəri qeyd etdi. 

Bu mövqedə, əlbəttə ki, təzə fikir yoxdur. Maraqlıdır ki, S.Lavrovun səfərinin yekunlarına dair Azərbaycan XİN-də keçirilən mətbuat konfransında Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrinin fəaliyyətinə müsbət qiymət verib. Bu mövqe Sergey Lavrovu qane edib və o bildirib ki, "siyasi iradənin olacağı halda hər iki tərəf qəbulolunan razılıq əldə edə bilər". Qonaq bildirib ki, Moskva Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün iyunda Sankt-Peterburqda keçiriləcək iqtisadi forum çərçivəsində baş tutmasında çox maraqlıdır. Amma bu məqamda ortaya belə bir sual çıxır: Moskvanın bu dərəcədə "balanslaşdırılmış" mövqeyi danışıqlar prosesində irəliləyişə nail olmağa imkan verəcəkmi? Hər halda, Rusiyanın Ermənistan və Azərbaycanın bərabər məsuliyyəti haqda tezisi Yerevanın xeyrinə oynanılan oyundur. Çünki məhz Ermənistan tərəfində münaqişənin həlli, sülh prorsesinin irəliləməsi üçün siyasi iradə yoxdur.

Bakıda aparılan danışıqlarda iqtisadi-ticari münasibətlərin inkişafına da böyük diqqət ayrılıb. İkitərəfli münasibətlərdə iqtisadi əlaqələrin xüsusi əhəmiyyət kəsb etdiyini Lavrovun Azərbaycan səfəri ərəfəsində Rusiya XİN-nin rəsmisi də dilə gətirib. O bildirib ki, iki ölkə arasında ənənəvi sahə olan yanacaq-enerji deyil, digər sahələrdə də əməkdaşlıq üçün yaxşı perspektivlər var.

Lakin problem ondadır ki, bu gün iki ölkə arasındakı münasibətlərin nə "ənənəvi", nə "qeyri- ənənəvi" sahələrində real nailiyyətlər və "çox şey vəd edən perspektivlər" yoxdur. Bu ilin ilk rübünün yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 340 milyon dollar təşkil edib (Azərbaycanın Statistika Komitəsinin məlumatına görə) ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə daha azdır. Bu tendensiya qorunub saxlanarsa (hələlik alternativ ssenari üçün şərait yoxdur), 2007-ci ildə ticarət dövriyyəsi bir il əvvəlkindən az olacaq (2006-cı ildə bu rəqəm 1,5 milyard dollar olub). 

Göründüyü kimi, Azərbaycanın Rusiya qazını almaqdan imtinası iki ölkə arasında ticarət əlaqələrinin məhz bu məsələdən asılılığını üzə çıxarıb - Rusiya qazı daha ucuz olarkən iki ölkə arasında ticarət dövriyyəsi daha yüksək idi.

Mayın 22-də Bakı Dövlət Universtitetindəki çıxışı zamanı S.Lavrov bu prosesə başqa don geyindirməyə çalışaraq qeyd edib ki, "biz xammal ticarətinin üstünlüyünü azaldaraq diqqəti iqtisadi əməkdaşlığın, həmçinin yüksək texnologiyalar sahəsində əlaqələrin effektivliyinin artırılmasına yönəltmişik". 

Bu yerdə cənab Lavrovun fikirlərinə düzəliş etməli oluruq - xammal ticarətindən Rusiya yox, Azərbaycan "uzaqlaşıb". Belə ki, qaz idxalından imtina edən Bakı bununla öz ticarət strukturlarının Rusiyanınkılarla nəzərəçarpacaq dərəcədə bərabərləşməsinə nail olub. "İqtisadi əməkdaşlığın effektviliyi" tezisinə gəlincə, bu, Rusiya hökuməti və biznesmenlərinin Azərbaycanla əməkdaşlığa belə passiv yanaşdığı bir şəraitdə sadəcə mümkün deyil. 

Bu yerdə Rusiya hökumətinin 1999-cu ildən etibarən tətbiq etdiyi məhdudiyyətləri də unutmaq olmaz (söhbət dövlətlərarası sərhədin Dağıstan ərazisində Azərbaycan məhsullarına 100 faizlik nəzarətdən gedir). Bu məqam Azərbaycan məhsullarının Rusiyaya ixracını kifayət qədər azaldır.

Sözügedən sahəyə aid daha bir neqativ məqam Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyan ölkələrin siyahısında 12-ci yeri tutmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin ilk rübündə bu rəqəm 480 min AZN olub ki, bu da həmin dövrdə ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyanın 0,1%-dən bir qədər artıq edir. Bu rəqəmlər Rusiya hökuməti və şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymaq istəyində olmadığını açıq şəkildə göstərir. Həm də bu, hər iki ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyi bir dövrə təsadüf edir. Bütün bunların fonunda iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci toplantısının bir ildən artıqdır ki, toplana bilməməsi tam xarakterik görünür. Həqiqətən də, əməkdaşlıqla bağlı danışıqlar predmeti yoxdursa, toplantı keçirməyin nə mənası var? 

Bir maraqlı məqamı da qeyd edək ki, S.Lavrov Bakıdan Vyanaya uçub ki, orada rusiyalı biznesmenlər bir gün ərzində avstriyalı həmkarları ilə ümumi dəyəri 3 milyard dollardan artıq olan 32 müqavilə imzalayıblar.

S.Lavrovun Bakı səfəri zamanı beynəlxalq və regional təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri də diqqət mərkəzində saxlanılıb. Lakin burada da vəziyyət idealdan uzaqdır. Məsələ ondadır ki, Bakı ilə Moskva regional energetika sahəsində əməkdaşlığa, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyə müxtəlif cür yanaşırlar. MDB, GUAM və NATO kimi qurumların rolu və əhəmiyyəti haqda da iki ölkənin fikirləri üst-üstə düşmür. Rusiyanın "Kommersant" qəzetinin məlumatına görə, Lavrov Bakıya səfəri zamanı Azərbaycanı Xəzərdə "Kasfor" hərbi-dəniz qrupunun operativ əməkdaşlıq proqramına aktiv şəkildə qoşulmağa çağırıb. Lakin ideya Azərbaycan tərəfindən rədd edilib. Belə ki, Bakı bu məsələyə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələr kontekstində baxır. 

Moskva Vaşinqtonun Cənubi Qafqazda Hava Hücumundan Müdafiə (HHM) elementləri yerləşdirmək haqda açıqlamasından da narahatdır. "Kommersant"ın yazdığına görə, ABŞ-ın bu ideyasını rəsmən qəbul etməsə də, onu təkzib də eləməyib. Bu məqamda Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığına dair hökumətlərarası komissiyanın da praktiki olaraq fəaliyyət göstərmədiyini əlavə edək ki, bu da öz növbəsində Bakının "strateji tərəfdaşına" etibar etmədiyini göstərir. 

Qəzet Bakının qərbpərəst mövqeyindən əl çəkəcəyi halda Rusiyanın Azərbaycana ucuz qiymətlərlə silah satmağa hazır olduğunu da bildirir. Amma bu məqamda ortaya sual çıxır - Azərbaycan keyfiyyəti şübhə doğuran silah (Rusiyanın Ermənistana satdığı silahlardan bizə verməyəcəyi aydındır) əldə etmək üçün niyə Qərblə əməkdaşlıqdan imtina etməlidir? Hər halda, ABŞ, NATO və Qərb ilə yaxınlaşmaqla həm onların siyasi dəstəyini, həm müasir silahları, həm də yüksək texnologiyaları əldə etmək mümkündür.

Bir çoxları hesab edir ki, bu gün Azərbaycanla Rusiya yalnız humanitar sahədəki əməkdaşlığın səviyyəsi ilə öyünə bilər. S.Lavrovun Bakıda bildirdiyi kimi, Rusiya ölkənin ali məktəblərinin Azərbaycandakı filiallarını artırmağı, Rusiyada Azərbaycan dilini tədris etməyi planlaşdırır. XİN başçısının sözlərinə görə, Moskva bir müddət əvvəl yaradılmış MDB-nin Humanitar Əməkdaşlıq Şurası çərçivəsində də Bakı ilə əməkdaşlıq etməyi nəzərdə tutur. Amma məhz humanitar sahədə Rusiya Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən məsələlərə hörmətsiz, hətta etinasız yanaşır. Buna misal kimi, aprelin 22-də Rusiyanın RTR telekanalının "Vesti" proqramında qondarma "Dağlıq Qarabağ Respublikası"na həsr olunmuş reportajı xatırlamaq kifayətdir. Xatırladaq ki, həmin proqramda bir sıra digər saxtakarlıq və yalanlarla yanaşı, Naxçıvanın Azərbaycana məxsusluğu da şübhə altına alınıb. Kremlin ölkə telekanalları üzərində ciddi nəzarətinin olduğunu nəzərə alsaq, belə "səhv"in təsadüfi olduğu inandırıcı görünmür.

Yeri gəlmişkən, elə həmin humanitar sahədə artıq xeyli vaxtdır ki, digər bir problem də hiss olunmaqdadır. Azərbycan çoxlu sayda orta məktəb və universtitetlərdə rus dilinin tədrisi haqda daim ağız dolusu danışır. Bu fakt həqiqətən də Azərbaycan xalqı və rəhbərliyinin rus dili və mədəniyyətinə nə dərəcədə hörmətlə yanaşdığının göstəricisidir. Amma artıq Moskvanın da cavab addımları atmasının zamanıdır. Belə ki, Moskvada yarım milyon azərbaycanlının yaşamasına baxmayaraq, paytaxtda cəmi bir (!) Azərbaycan məktəbi fəaliyyət göstərir.

Beləliklə, hazırda Rusiya-Azərbaycan əməkdaşlığı ,bir tərəfdən, S.Lavrovun "möhkəm özül" və "kamil strateji tərəfdaşlıq" haqda major bəyanatı, digər tərəfdən isə, Rusiyanın Azərbaycana inamsız və hörmətsiz münasibəti arasındakı uyğunsuzluq arasında qalıb. Çıxışlarından birində Rusiya XİN-in başçısı məşhur amerikalı politoloq Riçard Haasın "ABŞ-ın fəaliyyət göstərməsi üçün digər böyük dövlətlərin razılığına ehtiyacı yoxdur. Amma onun uğur qazanması üçün həmin dövlətlərin dəstəyi lazımdır" fikrinə istinad edib. Bu gün həmin fikirləri Rusiya-Azərbaycan münasibətlərinə də aid etmək olar. Rusiyanın bizim regionumuzda istədiyi kimi fəaliyyət göstərməsi üçün onun Azərbaycanın razılığına ehtiyacı yoxdur. Amma Moskvanın bu bölgədə uğur qazanması üçün Bakının dəstəyi vacibdir.


MƏSLƏHƏT GÖR:

298