
MƏQRİBDƏN TƏHLÜKƏ
Əlcəzair və Mərakeşdə törədilən partlayışlar qərbin xüsusi xidmət orqanlarını narahat edib
Müəllif: Eldar PAŞAYEV Bakı
Son iki həftə ərzində partlayışlar seriyası Mərakeşin Kasablanka şəhərini və Əlcəzair paytaxtını əməlli-başlı silkələyib. Aprelin 11-də Əlcəzairin baş nazirinin dəftərxanası və üç polis məntəqəsi qarşısında işə salınan partlayıcılar ciddi təlaşa səbəb olub. Bundan cəmi bir gün sonra daha bir terror aksiyasının qarşısı alınıb. Aprelin 14-də isə partlayış səsləri artıq Kasablankanın mərkəzində, diplomatik missiyalar və sinaqoqun yerləşdiyi ərazidə eşidilib. Əlcəzairdə törədilən partlayışlara görə məsuliyyəti "İslam Məqribində Əl-Qaidə" (İMƏ) qruplaşması öz üzərinə götürüb. Xatırladaq ki, bu qruplaşma 10 ildən artıqdır fəaliyyətdədir və bu müddətin böyük hissəsində onlar "Salafitin təbliğat və cihad qruplaşması" (STCQ) adı ilə tanınıb.
Qeyd edək ki, bu təşkilat Əlcəzairdə 1992-ci ildə keçirilmiş parlament seçkisində "İslam Xilas Cəbhəsi"nin qələbəsindən sonra fəaliyyətə başlamış "Silahlı İslam Qruplaşması"ndan (SİQ) 90-cı illərin sonlarında qoparaq yaranıb. O vaxt ölkənin hərbi komandanlığının islamçılara qarşı sərt müxalifətdə dayanması onların hakimiyyətə gəlməsinə imkan vermədi və bununla da ölkədə vətəndaş müharibəsinin əsası qoyuldu. Rəsmi statistikaya əsasən, tərəflər arasında qarşıdurmanın yaşandığı illər ərzində ölkədə, ən azı, 200 min insan bu nifaqın qurbanına çevrilib. Radikallara qarşı mübarizədə böyük təcrübə qazanmış, sonradan hətta Müqavimətçilərə Qarşı Mübarizənin Koordinasiya Komandanlığını yaradan Əlcəzair hökuməti hələ də, bu mənada, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyib. Radikal müxalifət isə öz növbəsində parçalanıb və nəticədə, "Silahlı İslam Qruplaşması" "doğulub". Onlar ötən əsrin 90-cı illərində, hətta Avropa ərazisinə də (xüsusilə Fransa) gəlib çıxa bilmişdilər. Xatırladaq ki, 90-cı illərin ortalarında Fransada törədilmiş səs-küylü terror aksiyalarına görə məsuliyyət məhz SİQ-in üzərindədir. Həmin vaxt Əlcəzairdə Air France təyyarəsini qaçıran və onu Eyfel qülləsinə çırpmağı planlaşdıranlar da (tanış ssenari deyilmi?) məhz bu qruplaşmanın terrorçuları olub.
Ötən illər ərzində Fransanın xüsusi xidmət orqanları təşkilatın ayrı-ayrılıqda bir neçə qruplaşmasını zərərsizləşdirə bilib.
Bir qədər sonra SİQ-in parçalanması nəticəsində STCQ meydana gəlib və Əlcəzairdə islamçıların şüarı məhz bu qruplaşmaya keçib. Onun əsas "uğuru" kimi ölkədə 2005-ci ildə Milli Birlik Xartiyasının qəbulu ilə milli barışığın əldə edilməsi prosesinin pozulmasını göstərmək olar. Həmin vaxt qruplaşma sifarişli qətllər, hərbi patrulllara hücumlar və polis məntəqələrinin hədəfə götürülməsi kimi əməlləri mütəmadi olaraq həyata keçirib. STCQ eyni zamanda Əfqanıstanda, Somalidə, Sudanda, Livanda və Çeçenistanda baş verən proseslərdən də kənarda qalmamağa çalışıb. Bütün bu dövr ərzində həm Əlcəzair, həm də xarici ölkə mətbuatında qruplaşmanın "Əl-Qaidə" ilə tədricən yaxınlaşdığına dair məlumatlar yer alıb.
Nəhayət, Nyu-Yorkda törədilmiş məşhur 11 Sentyabr terrorunun altıncı ildönümündə - 2006-cı il sentyabrın 11-də STCQ rəsmən "Əl-Qaidə"nin tərkibinə daxil olduğunu və bundan sonra "İslam Məqribində Əl-Qaidə" adlanacağını bəyan edib. Qeyd edək ki, bu məlumatı dünyanın "bir nömrəli terrorçu"su Üsəma ben Ladenin "sağ əli" Ayman əl-Zəvaxiri şəxsən açıqlayıb. STCQ-nin başçısı Əbu Musab əl-Vadud isə ona göstərilən bu "ehtiram"ı yüksək qiymətləndirərək, "Əl-Qaidə" rəhbərliyinə sədaqətini nümayiş etdirməyə çalışıb. "Əsas odur ki, biz inanclı insanlarıq, dinə, doktrinaya, üzvlərimizin üsul və fəaliyyət formalarına, rəhbərlərimizə və dini liderlərimizə inanırıq", - deyə əl-Vadudun ekstremistlərə məxsus bir neçə saytda yerləşdirilən müraciətində bildirlir.
Hazırda İMƏ-nin əsas məqsədi Əlcəzairin klerikal dövlətə çevrilməsinə nail olmaqdır. Qeyd edək ki, "Əl-Qaidə" ilə yanaşı qruplaşmaya Afrikanın digər ölkələrindən (Əlcəzair hökuməti bu işdə əsasən Sudanı günahlandırır), həmçinin, Avropa və Yaxın Şərqdən olan "dostları" köməklik göstərir.
Beləliklə, İMƏ "Mərakeşin Silahlı İslam Qruplaşması" ilə yanaşı, Şimali Afrika ekstremizminin özünəməxsus mərkəzi sayılır. İndi isə bu terrorçuların "böyük oyunlar oynamaq" qərarına gəlməsi ilə bağlı narahatlıq yaranıb. Əlcəzairdə mayın 17-də keçirilməsi nəzərdə tutulan parlament seçkisi ərəfəsində onların fəallaşdıqları göz qarşısındadır. Aprelin 11-də terror aksiyalarının hədəflərindən biri olan Əlcəzairin baş naziri Əbdüləziz Belhadəm də buna əmindir.
Qeyd edək ki, sentyabrda Mərakeşdə də parlamentin yeni tərkibi müəyyənləşəcək. İslamçıların çox güclü mövqeyə malik olduğu Misirin də bu ölkəyə qonşu olduğunu unutmaq olmaz. Xatırladaq ki, Misirdə keçirilən son seçkidə müxalifətçi "Müsəlman qardaşlar" qruplaşması ciddi uğur əldə edib. İyunda Məsləhət Şurasına (parlamentin yuxarı palatası) keçiriləcək seçkidə də hərəkat öz namizədləri ilə mübarizəyə qatılmaq fikrindədir.
Daha bir vacib məqam ben Ladenin köməkçisi Ayman əl-Zəvaxirinin 2001-ci ildə "Müsəlman qardaşlar"dan ayrılaraq "Əl-Qaidə"yə qoşulan "Misir İslam Cihadı" qruplaşmasının lideri olmasıdır.
Somali və Sudanda da vəziyyət ürəkaçan deyil. Görünür, radikalların ilkin hədəfi Məqrib dövlətlərinin ən zəif yerlərinə zərbələr endirilməsi, situasiyanın gərginləşdirilməsi və bundan sonra hakimiyyətin ələ keçirilməsi üçün təşkil edilmiş və məqsədyönlü fəaliyyətə başlanılmasıdır. Diqqətçəkən məqam ondan ibarətdir ki, islam fundamentalizminin radikal qüvvələri bu və ya digər ölkədə parlament seçkisində qələbə qazanmaq iqtidarındadırsa, demək, onlar əhali arasında böyük rəğbətə malikdirlər. Belə olan halda, həmin ölkələrdə hazırda hakimiyyətdə olan qüvvələr silahlı mübarizə ilə yanaşı, insanların nə üçün radikalların tərəfini tutması ətrafında da düşünməlidirlər. Amma bu, başqa bir söhbətin mövzusudur.
Unutmaq olmaz ki, ərəb Məqribinə daxil olan ölkələrdə kübar hakimiyyətlərin devrilməsi imkanları Şimali Afrika radikallarının yarada biləcəyi yeganə təhlükə deyil. Belə ki, İMƏ-nin mütəmadi olaraq əcnəbilərə qarşı terror aksiyaları həyata keçirdiyini xatırlatmağa xüsusi ehtiyac yoxdur. Bu qruplaşmanın yaraqlıları indiyədək Saxarada turistlərdən ibarət qrupu girov götürüb, 2006-cı ildə Əlcəzair yaxınlığında amerikalılara məxsus yük maşınını, bu ilin martında isə Rusiyanın "Stroytransqaz" şirkətinin mütəxəssislərini aparan avtobusu partladıb. Bundan başqa, əl-Zəvaxiri "Əl-Qaidə"nin məqribli "həmkarlarının" təşkilata Qərbə qarşı fəaliyyətdə də köməklik göstərəcəyini bəyan edib.
Məlum olduğu kimi, əlcəzairli və mərakeşli terrorçular öz fəaliyyətlərində, əsasən, Fransa və İspaniyanın ərəb icmasının üzvlərinə arxalanırlar (2004-cü ildə İspaniyadakı dəhşətli partlayışların "Mərakeşin Silahlı İslam Qruplaşması" tərəfindən törədildiyini xatırlatmaq kifayətdir).
Beləliklə, Şimali Afrika ölkələrinin ərazisində Avropa, hətta ABŞ-da hədəfləri müəyyənləşdirmiş terrorçuların bazalarının (üzvlərin cəlb edildiyi, öyrədildiyi və koordinasiya edildiyi yerlər) yerləşdiyi tamamilə inandırıcıdır.
Nəhayət, Məqribdə törədilən terror silsiləsi ekstremistlərin yeni regional birliyindən xəbər verir. Beynəlxalq koalisiyanın İraqda təhlükəsizliyin təmin edilməsi və nəhayət, Əfqanıstanda "Taliban" hərəkatına son qoyulması istiqamətində səmərəsiz fəaliyyətlə məşğul olduğu bir vaxtda, Avropa ölkələrinə asanlıqla gəlib çıxa biləcək yeni gərginlik ocağı yarana bilər. Terrorçuluq üzrə fransalı mütəxəssis Jan-Lui Bryuqer hesab edir ki, "Şimali Afrikanın terrorçu qruplaşmaları "Əl-Qaidə" bayrağı altında birləşir".
Europol isə öz növbəsində bildirir ki, onun ideoloji təbliğatı son zamanlar nəzərəçarpacaq dərəcədə güclənib və kəskinləşib. Lokal silahlı qruplaşmalar belə bir nəticəyə gəlirlər ki, bir-birləri ilə ittifaq yaratmaqla onlar qarşıya qoyulan məqsədə daha tez, həmçinin, az xərclə çata bilərlər. Bu isə son dərəcə təhlükəli tendensiyadır və qlobal terrorizmin xarakterini bir daha üzə çıxarır.
MƏSLƏHƏT GÖR: