15 Mart 2025

Şənbə, 00:38

BÖYÜK SİYASƏTİN BÖYÜK QURBANI

Şimali Iraqda yaşayan Türkmənlərin taleyi ilə on illərdir ki, "siyasi oyun" oynanılır

Müəllif:

01.05.2007

Mərkəzi şəhəri Kərkük olan Şimali İraq bütün 20-ci yüzillik boyu Yaxın Şərqin xəritəsini özlərinin istədiyi kimi pozub, yenidən qurmaq istəyən Qərb siyasətçilərinin diqqət mərkəzində olub. 1926-cı il iyunun 5-də Osmanlı İmperiyasının hüquqi varisi olan Türkiyənin Kərkük və Mosulu Britaniya mandatı altındakı İraq hökumətinə verməsini nəzərdə tutan Ankara razılaşmasının imzalanmasından sonra isə Şimali İraq "dəhşətli nöqtə"yə çevrilib.

Həmin dövrdən Səddam Hüseyn rejiminin qurulmasınadək Türkiyə ilə İraq arasında heç bir ciddi böhran yaşanmamışdı. Bəzi problemlər ortaya çıxsa da, onların heç biri Kərküklə əlaqədar olmamışdı. Lakin ərəbmeylli siyasət yürüdən, digər millətdən olanlara, həmçinin, yerli cəmiyyətin üçdəbirini təşkil edən türkmənlərə qarşı etinasız yanaşan Səddamın hakimiyyətə gəlməsi ilə vəziyyət kökündən dəyişdi. Bu isə sonda Ankara-Bağdad münasibətlərinə mənfi təsir göstərməyə bilməzdi.

Beləliklə, 1990-cı ildən başlayaraq, Türkiyə Şimali İraqda yaşayan nəinki türkmənlərin, həmçinin, kürdlərin dəstəklənməsini nəzərdə tutan məqsədyönlü siyasət yürütməyə başladı. Bununla da Ankara həmin əhalinin İraqın tərkibində, onu parçalamamaq şərti ilə, mədəni status əldə etmək istəyinin qarşısını almağa çalışdı.

Səddam Hüseyn rejiminin devrilməsindən sonra isə, Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasına və "coğrafi əsaslarla muxtariyyət" yaradılmasının qarşısını almağa səy göstərir. Amma Vaşinqton Ankara ilə əməkdaşlıqda başqa strategiyaya üstünlük verərək, İraqın daxilindəki "oyun-çular"ın mövqeyini əsas götürüb. Amerika komandanlığını dəstəkləyən müxtəlif iraqdaxili qruplaşmalara dəstək verən Vaşinqton bununla İraqa tam nəzarəti ələ keçirməsi qarşısında yarana biləcək bütün maneələri aradan qaldırmağa, həmçinin, "türkmən faktoru"nu "zərərsizləşdirməyə" çalışıb.

 

Unudulmuş xalq

1991-ci il İraqın tarixində dönüş ili oldu. Belə ki, Küveytə daxil olma və "Səhrada fırtına" əməliyyatı ABŞ tərəfindən dəstəklənən şiələrin və kürdlərin üsyan etməsinə impuls verdi və bunun cavabı özünü çox gözlətmədi. 1991-ci ilin martında Səddam Hüseyn üsyançıların elitar təbəqəsini yatırmaq qərarı verdi və yüz minlərlə şiə və kürd yaraqlıları olan "peşmerqlər" Türkiyə və İrana qaçdı. Nəticədə, İraqın şimalı Bağdadın nəzarət edə bilmədiyi əraziyə çevrildi ki, kürdlər də şimal rayonlarında təhlükəsizlik zonası yaratmaq qərarına gəldilər (şimalın 36-cı paraleli İraq təyyarələrinin uçuşu üçün bağlı elan olundu). 

Beləliklə, kürdlərə məxsus iki siyasi qüvvə - Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası və İraqın hazırkı prezidenti Cəlal Tələbaninin liderliyi ilə fəaliyyət göstərən Kürdüstan Vətən Partiyası ölkənin şimalına nəzarəti ələ aldı. Qərb isə öz növbəsində istənilən "anti-Səddam" hərəkatlarına "yaşıl işıq" yandırdı ki, nəticədə, 1992-ci il mayın 19-da İraqın şimalında kürd hökumətinin formalaşdırılması məqsədilə seçki keçirildi. Artıq iyunun 4-də kürd parlamenti yaradıldı və ilkin dövrlərdə deyildiyi kimi, o, İraqın kürd vətəndaşları adından fəaliyyətə başladı.

İraqın cənubundakı şiələr kürdlərə göstərilən səviyyədə dəstək ala bilmədiyindən, həmin rayonlara nəzarət yenidən Səddam Hüseynin əlinə keçdi. Bu kontekstdə ABŞ və Qərbin yerini İran tutdu və o, İraq şiələrinə əlindən gələn dəstəyi göstərməyə başladı. Türkmənlərə gəlincə, onlar heç bir dəstək almayaraq, nəticədə, siyasi çəkilərini tamamilə itirdilər. 

Ankaranın dəstəyilə yaradılmış İraq Türkmənləri Cəbhəsinin bölgədə elə bir ciddi nüfuzu yoxdur. Əslində, Ankara da türkmənləri heç zaman ciddi qüvvə saymadığından, onlara böyük dəstək verməyib və problemi Vaşinqton və Bağdadla dialoq vasitəsilə çözməyə çalışıb. Əgər 1980-ci ilədək Türkiyə rəsmiləri bu və ya digər dərəcədə türkmən mövzusuna toxunurdusa, İraqda Səddam Hüseyn hakimiyyətinin qurulmasından sonra Ankara onları "unutmağa" üstünlük verdi.

 

Referendum olsun, ya olmasın?

Beləliklə, Qərbin dəstəyi nəticəsində kürd qruplaşmaları artıq İraqın şimalına nəzarəti tam ələ alıb. Kürdlərin fikrincə, hazırda onlar üçün yeganə "minus" özlərinin konstitusiyasının olmamasıdır və onun 2007-ci ilin sonuna planlaşdırılan referendum nəticəsində qəbul edilməsi planlaşdırılır. Kürd liderləri qanunsuz referendum keçirməklə Kərkükün statusu ilə bağlı yaşanan problemi istədikləri kimi həll etməyə çalışır. Bu şəhərin əhalisinin böyük əksəriyyətinin isə türkmənlər olduğu məlumdur. Baxmayaraq ki İraq Konstitusiyası ölkənin ayrıca bir ərazisində referendumun keçirilməsini qadağan edir, kürd liderlər ölkənin şimalında belə səsvermə təşkil edərək, Kərkükü elan edəcəkləri dövlətin paytaxtına çevirmək fikrindədirlər. Lakin İraq Konstitusiyasının 140-cı maddəsi ilə ölkənin şimalında demoqrafik situasiyanın tamamilə dəyişdirilməsinə "yaşıl işıq yandırılıb". Həmin maddədə deyilir: "İraq əhalisinin siyahıya alınması və Kərkük kimi problemli ərazilərin statusunun müəyyənləşdirilməsi prosesi 2007-ci il dekabrın 31-dək referendum yolu ilə başa çatdırılmalıdır". Kürdlər isə regionun demoqrafik xəritəsini dəyişmək məqsədilə siyahıyaalma ərəfəsində türkmənləri doğma torpaqlarından sıxışdırıb-çıxarmaq üçün əllərindən gələni edirlər.

ABŞ-ın İraq kürdlərinə əsas dəstəyi ölkənin şimalına müəyyən sayda hərbi qüvvənin toplanması olardı ki, bu, insan tələfatının qarşısını ala bilərdi. Lakin kürdlərin kor-koranə şəkildə dəstəklənməsi, türkmənlərin isə tamamilə diqqətdənkənar qalması bölgədə ciddi böhranın yaranmasına səbəb olub. Nəticədə, Vaşinqton İraqın şimal əyalətləri ilə bağlı siyasəti haqda yenidən düşünməli olub və bu, Bekker-Qamilton cütlüyünün Kərkükə dair hazırlayaraq, prezident Corc Buşa təqdim etdiyi məruzədə əksini tapıb. Qeyd edək ki, sənəddə İraq Konstitusiyasının 140-cı maddəsindən "istifadə edilməməsinin vacibliyi" qeyd olunub. "Kərkük İraqın kiçik modelidir və bu şəhər hansısa kiçik etnik qrupa verilərsə, regionda qarşısı alınmayacaq kataklizmlər yaşanacaq", - deyə məruzədə bildirilir.

Bundan başqa, ABŞ yaxşı anlayır ki, Şimali İraqda vəziyyət qarışacağı halda, Türkiyənin məsələyə müdaxiləsi qaçılmaz olacaq və bu, onsuz da çətin idarə olunan ölkədə xaosa gətirib çıxaracaq. Hələlik Vaşinqtonun NATO-da müttəfiq olduğu Türkiyə Ordusu ilə özünün dəstəklədiyi kürdlər arasında toqquşmaların başlanacağı halda, Ankaraya qarşı hansı addımları atacağı məlum deyil. Unutmaq olmaz ki, indiyədək Türkiyə Ordusunun Şimali İraqda keçirdiyi antiterror əməliyyatlarında bitərəf mövqe tutan "peşmerqlər" də Məsud Bərzaninin simasında bundan son-ra "Ankara ilə vuruşmağa hazır olduqlarını" bəyan edirlər. 

Buş administrasiyası isə Türkiyə Silahlı Qüvvələrinin bölgədə hərbi əməliyyatlara başlamasına mənfi münasibətini dəfələrlə açıqlayıb. Maraqlıdır ki, Vaşinqton bununla yanaşı, Ankaranın terroçu Kürd Fəhlə Partiyası (PKK) ilə birdəfəlik qurtulmaq istəyini anladığını da bildirir. Məsələn, Dövlət Departamentinin rəsmisi Tom Keysi martın 11-də verdiyi açıqlamada bildirib ki, "ABŞ Türkiyə əsgərlərini İraq ərazisində görmək istəmir". 

Amma hələ ki Kərkükün statusu ilə bağlı noyabra təyin olunan referendumun təxirə salınmasını tələb edən Ankaranın, əks halda, proseslərə hərbi müdaxiləsini istisna etmək olmaz.

Ağ ev üçün daha bir neqativ məqam Türkiyə ilə İranın Şimali İraqla bağlı mövqelərinin tam üst-üstə düşməsidir. Vaşinqton İraq kürdlərini "İran Kürdüstanı ilə birləşməyə" sövq edir ki, bu da həm Ankaranın, həm də Tehranın milli maraqlarına ziddir. Belə ki, sərhədlərində Kürdüstan dövlətinin yaradılması nə Türkiyəyə, nə də İrana lazımdır. Hər iki dövlət bu halda onların İraqla sərhəd ərazilərindəki kürdəlrin sıx məskunlaşdığı rayonlarda daimi münaqişə ocağının yaranacağına əmindir. Ankara ilə Tehranın belə reaksiyası isə Ağ evi qane etmir və ABŞ-ın kürdlərə dəstəyinin zəifləməsinə gətirib çıxara bilər. Hadisələrin ehtimal edilən inkişafı isə Kərkükə "daxili muxtariyyət"in  verilməsi ola bilər.

Qeyd edək ki, Kərkük və ona bitişik ərazilər həm də zəngin neft ehtiyatları ilə diqqəti özünə cəlb edir. Belə ki, Şimali İraqda artıq işlənən yataqlardakı "qara qızıl" ehtiyatının 12 milyard barreldən artıq olduğu məlumdursa, ümumi neft ehtiyatının 20-25 milyard barrelə çatdığı bildirilir. Nəzərə alsaq ki, 1927-ci ildə Kərkük yaxınlığında ilk yataq işə düşdükdən sonra, indiyədək buradan dünya bazarına çıxarılan neftin həcmi cəmi 7-8 milyard barreldir, onda gələcəkdə bu ərazilərdən çıxarılacaq, "qara qızıl"ın əhəmiyyəti məlum olur. Beləliklə, Qərbin Şimali İraqın yeraltı resurslarına marağına şübhə yoxdur.

 

Sərf etməyən həqiqət

"Türkmən" sözü beynəlxalq lüğətə İraq türklərinin hazırkı Türkiyənin sakinlərindən fərqləndirilməsi məqsədilə britaniyalılar tərəfindən gətirilib. Qeyd edək ki, 2 min nəfərlik turk ailələrindən ibarət ilk qrup İraq ərazisinə bizim eranın 676-cı ilində, Əməvilərin hakimiyyəti dövründə gəlib. Kütləvi köç isə 11-ci əsrin ilk yarısında, Səlcuqlar hakimiyyəti dövründə başlanıb. 1055-ci il dekabrın 15-də Toğrul xanın başçılıq etdiyi türk ordusu Bağdada daxil olaraq, həmin əraziləri imperiyanın tərkibinə birləşdirib. Bundansonrakı əsrlər ərzində, 1918-ci ilədək İraq türklərin nəzarətində olub. Amma bu müddətdə bəzi dövrlərdə, məsələn, 1734-cü ildə Nadir şahın Kərkükü İrana birləşdirməsi zamanı Şimali İraq müvəqqəti olaraq türklərin nəzarətindən kənar qalıb. Amma bu, uzun çəkməyib və 12 il sonra İran həmin əraziləri yenidən Osmanlı İmperiyasına qaytarmaq məcburiyyətində qalıb.

Birinci Dünya müharibəsindən sonra Osmanlı İmperiyasının dağıldığı vaxt isə Britaniya ordusu İraqın bu bölgəsini öz nəzarətinə götürüb və Osmanlı rəhbərliyini İraqla sərhədi müəyyənləşdirməyə məcbur edib. Lakin Lozanna razılaşması da türk-İraq sərhədini dəqiq göstərməyib və yalnız 1926-cı il iyunun 5-də Ankara ilə London arasında mehriban qonşuluq haqda saziş imzalanıb və bu sənəddə Türkiyənin Kərkükü və Mosula nəzarəti britaniyalılara verməsi də öz əksini tapıb. Həmin razılaşmada İraq türkmənləri üçün heç bir zəmanət nəzərdə tutulmayıb.

1927-ci il dekabrın 14-də Britaniya İraqı kral Veysəlin başçılığı altında müstəqil dövlət kimi tanıyıb və bu status 1958-ci il iyulun 14-dək davam edib. Məhz bu tarixdə general Əbdülkərim dövlət çevrilişi nəticəsində hakimiyyətə gələrək İraqı respublika elan edib. Daha sonra Əbdülsəlim və Əbdülrəhman Arif qardaşlarının hakimiyyəti 1968-ci il iyulun 17-də yenə də çevriliş yolu ilə sona çatıb və həmin vaxtdan əvvəlcə qeyri- rəsmi, 1979-cu il iyulun 16-dan isə qanuni şəkildə İraqa rəhbərlik Səddam Hüseynin əlinə keçib.

İraqın bütün müasir tarixi dövründə orada yaşayan türkmənlərin sayı bilərəkdən gizlədilib və rəsmi Bağdad bütün mümkün vasitələrlə əhalinin "türk hissəsini" assimilyasiya etməyə çalışıb. Siyahıya almalar zamanı onların sayı qəsdən ya gizlədilib, ya da dəyişdirilib. Yalnız üç dəfə - 1922, 1957 və 1981-ci illərdə türkmənlər də siyahıya alınıblar.

1990-cı illərin sonlarınadək bildirilirdi ki, türkmənlər İraq əhalisinin cəmi 2 faizini təşkil edir və bütün rəsmi sənədlərdə də məhz bu rəqəm əks olunub. Nəticədə, rəsmi Bağdadın statistikası da düz gəlmirdi. Məsələn, İraq əhalisinin 1981-ci ildə keçirilmiş son siyahıya alınması nəticəsində Mosulda 1 milyon 227 min, Kərkükdə 567 min, Ərbildə isə 632 min insanın yaşadığı qeyd olunub və vurğulanıb ki, bu üç şəhərin əhalisinin yalnız üçdəikisini türkmənlər təşkil edir. Həmin dövrdə İraqın ümumi əhalisi 13 milyon 670 min nəfər, şimal ərazidə yaşayanların isə 3,5 milyonadək olduğu açıqlanıb. Əgər türkmənlərin əhalinin 2 faizini təşkil etməsi haqda məlumata inansaq, bu o deməkdir ki, Şimali İraq əhalisinin hər 100 nəfərindən cəmi 8-i türkməndir. Amma tükrkmənlərin İraqda ən böyük üstünlüyə malik etnik qruplardan olduğuna heç kəsin şübhəsi yoxdur.

Qeyd edək ki, hələ İraqda monarxiya rejimi olarkən, burada yaşayan türkmənlərin sayı 500 mindən artıq olub (1957-ci il). 1959-cu ildə keçirilən siyahıya alınmanın nəticələri də bunu sübut edir. Həmin sənəddə ölkədə 567 min türkmənin yaşadığı göstərilib. Bundan başqa, 1960-cı ildə Kərkük əhalisinin 95%-nin türkmən olduğu da rəsmən etiraf edilib. Amma bir müddət sonra bu statistika gizlədilib.

XX əsrin 60-cı illərinin sonlarında ölkənin şimalının demoqrafik xəritəsinin dəyişdirilməsi məqsədilə İraqın mərkəzi vilayətlərindən yüz minlərlə ərəb ailəsi ölkənin şimalına, həmçinin Kərkükə köçürülüb. Səddam Hüseynin hakimiyyəti dövründə bu kurs daha  geniş vüsət alsa da, rejimin çökməsindən sonra vəziyyət bir qədər dəyişib. Bu dəfə köçürülən ərəbləri kürdlər əvəz etməyə başlayıb. Bununla yanaşı, hər il təbii şəkildə əhalinin sayının 3,5% artıdığını nəzərə alsaq, artıq 1997-ci ildə bölgədə yaşayan türkmənlərin sayının 2,5 milyon nəfəri ötdüyü üzə çıxar. 

Hətta Səddam Hüseynin türkmənləri ərazidən sıxışdırıb-çıxarmağa yönəlmiş məqsədli siyasəti də burada vəziyyəti köklü şəkildə dəyişməyə kömək etməyib. ABŞ-ın İraqa daxil olmasınadək Şimali İraq əhalisinin 60%-ni türkmənlər təşkil edib. 2003-cü ildən başlayaraq isə Amerikanın iştirakı ilə ölkənin şimalına 230 min kürd köçürülüb və nəticədə, hazırda türkmənlərin digər etniklərə nisbəti 40%-dək azalıb.

Bütün bunlara baxmayaraq, hətta Qərb mənbələri də etiraf edir ki, İraqın şimalında yerləşən Kərkük, Mosul və Ərbil şəhərlərində yaşayan türkmənlərin sayı 3 milyondan artıqdır. Unutmaq olmaz ki, kürd Cəlal Tələbaninin İraq prezidenti seçilməsi də türkmənlərə mənfi təsirini göstərib. Belə ki, 2007-ci il martın əvvəlində rəsmi Bağdad Şimali İraqdan ölkənin digər ərazilərinə köçən hər bir ərəb ailəsinə 15 min dollar pul ayrılmasına qərar verib. Hazırda Şimali İraqda məskunlaşan kürdlərin sayı isə, müxtəlif məlumatlara görə, türkmənlərdən 1,5 dəfə artıqdır və təxminən, 4,5-5 milyon nəfərə çatır.


MƏSLƏHƏT GÖR:

440