15 Mart 2025

Şənbə, 00:42

SÜLH İSTƏYİRSƏNSƏ, MÜHARİBƏYƏ HAZIR OL

Səudiyyə planı regiona uzunmüddətli sakitlik gətirə biləcəkmi?

Müəllif:

15.04.2007

Ərəb Dövlətləri Liqasının (ƏDL) Ər-Riyadda keçirilən sammiti, həmçinin, üç yük-səkrütbəli siyasətçi xanımın Yaxın Şərqə səfəri Fələstin-İsrail münaqişəsini yenidən dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirib. Artıq bu münaqişənin yaxın bir neçə il ərzində həll olunacağına dair ehtiyatlı proqnozlar da səslənməyə başlanıb. Amma bununla yanaşı, hələ də bədbin proqnozlar daha çoxdur. Ekspertlərin fikrincə, tərəflər dialoqa hazır olduqlarını bəyan etsələr də, sülh razılaşmasının əldə olunması ehtimalı son dərəcə aşağıdır. Çünki problemin həllinə dair "resept"in əsas müddəalarına dair fikir ayrılıqları çoxdur.

 

Mübahisəli təklif

Söhbət hələ 2002-ci ildə hazırlanmış və ƏDL üzvlərinin bu yaxınlarda Səudiyyə Ərəbistanında keçirilən toplantısı ərəfəsində qəbul olunan Səudiyyə planından gedir. Xatırladaq ki, 5 il əvvəl Vaşinqton ərəb dövlətlərinin təşəbbüsünü rədd etmişdi. Həmin vaxt bütün diqqət ABŞ, Avropa İttifaqı, BMT və Rusiyanın himayəsi ilə hazırlanan və ərəb-İsrail münaqişəsinin mərhələli həllini nəzərdə tutan "Yol xəritəsi" planına dikilmişdi. Təəssüf ki, həmin sənəddə nəzərdə tutulan həll variantı tam iflasa uğradı. Çünki lap əvvəldən planın əsas tələblərindən birinə - Fələstin Muxtariyyəti tərəfindən terror dalğasının qarşısının alınmasına dair tələbə əməl olunmadı. Muxtariyyətdə HƏMAS-ın hakimiyyətə gəlməsindən sonra isə sülhə ümidlər, ümumiyyətlə dəfn olundu. Məsələ ondadır ki, bu hərəkatın liderləri öz maraqlarının təmin olunması üçün mübarizənin ektremizm formasından imtina etməyi ağıllarına belə gətirmirlər. 

Məhz vəziyyətin bu cür "dalana dirənməsi" Səudiyyə planının yenidən üzə çıxmasına səbəb olub. Amma, görəsən, bu plan özündən əvvəlkindən uğurlu olacaqmı? Axı çox vaxt kağız üzərində ideal şəkildə razılaşdırılan məsələlər, reallıqda xeyli maneələrlə üzləşir.

Beləliklə, ƏDL sammitində razılaşdırılan sənəddə bildirilir ki, İsrail 1967-ci ildəki sərhədləri bərpa edərsə (söhbət Suriyanın Qolanskie yüksəkliyi, İordan çayının qərb sahili və Qəzza zolağının İsrail tərəfindən işğalından əvvəlki sərhədlərindən gedir), ərəb dünyası onun mövcudluğunu tanıya bilər. 

Bununla yanaşı, Təl-Əviv fələstinli qaçqınlar və onların gələcək nəsillərinin məsələsini "ədalətli şəkildə" çözməli, həmçinin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətini tanımalıdır. Bu şərtlərə əməl olunacağı təqdirdə, münaqişə sona çatmış hesab olunacaq və ƏDL İsraillə normal münasibətlər quracaq. 

Xatırladaq ki, hazırda dünyadakı 22 ərəb ölkəsindən yalnız Misir və İordaniya İsraillə diplomatik əlaqələr qurub.

Qeyd olunan təkliflərə İsrailin ilk reaksiyası xeyli sərt olsa da, sonradan baş nazir Ehud Olmert qəflətən yeni planda sülh razılaşması üçün real şansların olduğunu görüb. O, Təl-Əvivin hətta "ciddi və ağrılı güzəştlər"ə getməyə hazır olduğunu da bildirib: "Mən ərəb dövlətlərinin rəhbərlərinin nəzərinə çatdırıram ki, əgər Səudiyyə Ərəbistanının kralı mülayim ərəb ölkələrinin liderlərini bir araya gətirərək, mənim və Fələstin Muxtariyyətinin rəhbərinin iştirakı ilə toplantı keçirsə, hazırladıqları təklifləri bizə təqdim etsə, hər ikimiz dinləmələrə qatılmağa və öz fikirlərimizi bölüşməyə hazırıq. Məncə, artıq diplomatik prosesi irəli aparmaq üçün fövqəladə səylər göstərməyin vaxtı yetişib... Mən gələcəyə nikbinliklə baxıram". 

Olmert hesab edir ki,  yaxın 5 ildə regiondakı ərəb dövlətləri, o cümlədən, Suriya ilə də sülhün əldə olunması üçün real imkanlar var. "Qaarets" qəzetinə müsahibəsində Ehud Olmert bunları söyləyib: "İndiyədək İsraili dünyanın başlıca problemi sayan, lakin  yanıldıqlarını anlayan dövlətlər bloku yaranmaqdadır. Bu, dünyaya baxışda inqilabi dəyişiklikdir". 

Yeri gəlmişkən, xatırladaq ki, Fələstin-İsrail münaqişəsinə dair son beynəlxalq konfrans 1991-ci ildə Madriddə keçirilmişdi və o zaman yalnız iki tərəf arasında müəyyən müddətə atəşkəs əldə etmək mümkün olmuşdu.

Beləliklə, Olmert ərəb ölkələri ilə sülh danışıqlarına başlamağa hazır olduğunu ortaya qoyub. Ən əsası isə, onun bu bəyanatı Vaşinqton tərəfindən birmənalı şəkildə dəstəklənir. "İsrail ilə ərəb dövlətlərinin, ən azı, təkliflərini səsləndirmək, hazırki situasiya ilə bağlı fikir mübadiləsi aparmaq, sülh danışıqlarının irəliləməsi üçün yollar axtarmaq məqsədi ilə bir araya gəlmək ideyasının yaranması pozitiv hadisədir", - deyə ABŞ Dövlət Departamentinin rəsmisi Şon Makkormak bildirib. 

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana da sülhün əldə olunacağına inamını ifadə edib. Onun fikrincə, "Ərəb Dövlətləri Liqası uzun illər ərzində ilk dəfədir ki, sülh prosesində daha fəal rol oynamaq qərarına gəliblər".

 

Qaçqınlar məsələsi

Bütün bunlarla yanaşı, müxtəlif ölkələrdən olan çox sayda ekspert və siyasətçilər, həmçinin, İsraildəki bir sıra dairələr Olmertin bəyanatına müəyyən şübhə ilə yanaşırlar. Axı Təl-Əviv əvvəlkitək Fələstin hökumətilə danışıqlar aparmaqdan imtina edir.  Və nə vaxtsa İsrailin Fələstinlə danışıqlara razılıq verməsi məsələsi həll olunsa belə, vacib olan digər problem - qaçqınlar probleminin həllinə ümid, demək olar ki yoxdur. Olmert "The Jerusalem Post" qəzetinə müsahibəsində bu haqda fikrini son dərəcə qəti şəkildə bildirib: "Mən İsrailin qaçqınlara görə məsuliyyət daşımasını heç cür qəbul etməyəcəyəm. Vəssalam!". 

Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Yaxın Şərq regionunda 4 milyona yaxın fələstinli qaçqın və onların nəsilləri (digər məlumata görə, onların sayı daha artıqdır) məskunlaşıb. Onlar İsrail ilə ərəb ölkələri arasında 1948-ci ildə baş verən müharibə nəticəsində qaçqın düşüblər. Xatırladaq ki, münaqişəyə səbəb ərəblərin BMT-nin Fələstinin bölünməsi ilə bağlı planını tanımaqdan imtina etməsi idi. Hazırda həmin qaçqınların əksəriyyəti İordaniya və Suriyada, 400 mini isə Livanda məskunlaşıb. Beynəlxalq münasibətlər üzrə mütəxəssislərin fikrincə, onların hamısının İsrailə qayıtması yəhudi dövlətinin mövcudluğunu sual altında qoya bilər. Məsələ ondadır ki, artıq indi İsraildə yarım milyondan artıq ərəb yaşayır (ümumi əhalinin sayı 7,1 milyon nəfərdir). Odur ki ərəb qaçqınların İsrailə axışacağı halda, yəhudilərin burada azlıqda qalacaqlarını hesablamaq çətin deyil. Bununla yanaşı, ərəb əhalisinin yəhudilərə nisbətən daha sürətlə artmaqda olduğu da məlumdur. Məsələn, 1949-cu ildə İsraildə cəmi 156 min ərəb var idisə, indi onların sayı yarım milyondan artıqdır. Bu isə o deməkdir ki, 60 il ərzində bu ölkədə ərəblərin sayı düz 10 dəfə artıb. 

Qaçqınlarla bağlı problemin pul kompensasiyasının ödənilməsi yolu ilə həlli də real görünmür. Hələ 2003-cü ildə keçirilmiş sosioloji sorğunun nəticələri göstərir ki, bu variantla qaçqınların cəmi 10 faizi razıdır. Yerdə qalanlar isə vaxtilə tərk etdikləri ərazilərə qayıtmağa üstünlük verirl?r.

 

Qadın "desantlar"

Bununla yanaşı, şübhə yoxdur ki, qeyd olunan plan hələ yalnız hazırlanma mərhələsindədir və çox güman ki, Qərbin təzyiqi ilə bu sənəd İsrail üçün daha "yumşaq" hala salınacaq. Brüssel və Vaşinqton yaxşı anlayır ki, uzunillik tarixi olan Fələstin-İsrail münaqişəsi həll edilmədən Yaxın Şərqdə müsbət dəyişikliklərə nail olmaq mümkün deyil. Bu günlərdə regiona səfər etmiş "qadın desantlar"ın səyləri də məhz buna yönəlmişdi. 

Söhbət martın sonlarında ABŞ-ın dövlət katibi Kondoliza Rays, Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Almaniya kansleri Angela Merkelin Yaxın Şərqə səfərindən gedir. Maraqlıdır ki, üç siyasətçinin hər biri münaqişələrlə dolu olan Yaxın Şərqdə vəziyyətin nizamlanmasına müxtəlif cür yanaşır. K.Rays hazırda ABŞ administrasiyasının xarici siyasətinin əsas bələdçisidir. Nəsə qeyri-adi hadisə baş verməsə, Corc Buşun prezidentlik müddəti başa çatana qədər Raysın da öz kürsüsünü qoruyub-saxlayacağına şübhə yoxdur. 

Vəzifəsinə görə, ABŞ-ın üçüncü şəxsi olan Nensi Pelosi isə əksinə, Vaşinqtonun xarici siyasətinin 2008-ci ildən sonra necə olacağını göstərməkdədir. Pelosinin Yaxın Şərq turnesi zamanı Suriyaya da baş çəkməsi bunu bir daha sübut edib. 

Nəhayət, Angela Merkel dünyaya birləşmiş Avropanın səsini eşitmək imkanı yaradır. Unutmaq olmaz ki, hazırda məhz Almaniya Avropa İttifaqına sədrlik edir.

Adıçəkilən xanımlardan ilk olaraq Yaxın Şərqə Kondoliza Rays səfər edib. Səfər ərəfəsində Vaşinqtonun xarici siyasətinin prioritetlərini açıqlayan dövlət katibinin sözlərinə görə, regionda sülhə nail olunması və müstəqil Fələstin dövlətinin yaradılması bu prioritetlər sırasına daxildir. Bu mövqe tamamilə anlaşılandır: ABŞ-a İraq problemini həll etmək və İran məsələsilə ciddi şəkildə məşğul olmaq üçün etibarlı arxa lazımdır. Yeri gəlmişkən, gələn ayın əvvəlində Raysın yenidən bu regiona səfər edəcəyi gözlənilir.

Dövlət katibinin ardınca, demək olar ki, eyni vaxtda Angela Merkel və Nensi Pelosi Yaxın Şərqə baş çəkdi. Məlum olduğu kimi, fələstinlilər xüsusilə Almaniya kanslerinə ümid bəsləyir. Onlar hesab edir ki, məhz Merkelin vasitəsilə diplomatik təcrid vəziyyətindən çıxmaq və muxtariyyətə tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılmasına nail olmaq mümkündür. Xatırladaq ki, HƏMAS-ın hakimiyyətə gəlməsindən sonra muxtariyyata tətbiq olunan sanksiyalara görə, fələstinlilərin yaşayış səviyyəsi günü-gündən daha da ağırlaşır. Martda Qəzzanın şimalında yerləşən Ümm-Nəsir yaşayış məntəqəsində baş vermiş dəhşətli hadisə isə hələ də yaddaşlardan silinmir. Burada kanalizasiya sisteminin sıradan çıxması nəticəsində, kəndin 3 min sakini çirkab altında qalıb. Onların sırasında uşaqlar da var. Muxtariyyət rəsmilərinin bildirdiyinə görə, ötən ilin yanvarında Fələstində HƏMAS-ın hakimiyyətə gəlməsindən sonra Qəzza zolağında kanalizasiya sisteminin bərpası ilə bağlı bir sıra layihələr dondurulub və muxtariyyətə beynəlxalq yardımlar dayandırılıb. 

Təəssüf ki, kanalizasiya sisteminin dağılması Fələstində mövcud olan yeganə problem deyil və muxtariyyətin, demək olar ki, bütün infrastrukturu bərbad vəziyyətdədir. Sakinlər daim elektrik enerjisi və su təchizatı ilə bağlı ciddi problemlər yaşayır. Fələstində əhalinin əksəriyyətini uşaqların təşkil etməsi vəziyyəti daha da ağırlaşdırır.

Fələstinlilərin normal yaşayışının təmin olunması üçün bir sıra şərtlərə əməl etmələri vacibdir. Muxtariyyət lideri Mahmud Abbasla görüşdən sonra Merkel bəyan edib ki, bundan sonra yalnız zorakılıqdan imtina edən və İsraili tanıyan fələstinli siyasətçilərlə dialoq mümkün olacaq. 

Onu da qeyd edək ki, kansler Səudiyyə planını "fələstinlilərlə israillilər arasında sülhün əldə olunmasının təməl daşı" adlandırıb.

Öz növbəsində, Pelosi səylərini regiondakı proseslərə, o cümlədən, ərəb-İsrail münaqişəsində ciddi təsir imkanlarına malik Suriya ilə İsrail arasında dialoqun baş tutmasına yönəldib. Lakin Qərbdən gələn nümayəndələr münaqişə tərəflərinin bir-birinə bəslədikləri total inamsızlıq fonunda istəklərinə nail ola biləcəklərmi? Bu sualın cavabı hələ naməlum qalır.

Deyilənlərə sübut kimi, ƏDL-in baş katibi Əmir Musanın İsrailin baş naziri Ehud Olmertin fikirlərini qeyri-ciddi çağırış adlandırmasını göstərmək olar. "Son zamanlar İsrail tərəfindən bir neçə çağırış səsləndirilib. Lakin biz onlardan heç birini ciddi çağırış və ya İsrailin siyasətində hansısa dəyişikliyin göstəricisi saya bilmərik", - deyə Qahirədə keçirdiyi mətbuat konfransında Əmir Musa bildirib. 

Öz növbəsində, dialoqa hazır olduğunu bildirən İsrail rəhbərliyi paralel olaraq HƏMAS yaraqlılarının fəallaşacağından ehtiyat edir. Məsələ ondadır ki, bu hərəkat son zamanlar öz sıralarına daha 10 min nəfər cəlb edib. İsrailin xüsusi xidmət orqanlarının məlumatına görə, HƏMAS hərbi hazırlıqda Livanın "Hizbullah" hərəkatının təcrübəsinə əsaslanır. Məhz bu səbəbdən yaxın vaxtlarda İsrail ordusu Qəzza zolağında yeni genişmiqyaslı əməliyyata başlaya bilər.


MƏSLƏHƏT GÖR:

421